Məhkəmə qərarları › İş №2-1(105)-258/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-258/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-258/2025 14.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X5 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Dizaynerlər İttifaqı Rayonlararası Xüsusi Təmir Quraşdırma Tresti Sumqayıt Quraşdırma İdarəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Sənaye zonasında yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli e-2-1(118)-3635/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İş materiallarına əlavə edilmiş : -Sumqayıt şəhər XDS-nin xx.xx.1993-cü il tarixli 32 saylı qərarından görünür ki, Rayonlararası Xüsusi Təmir Quraşdırıma Tresti Sumqayıt Təmir Quraşdırma İdarəsinə Sumqayıt “Əlvanmetal” İstehsalat Birliyinin şimalındakı ərazidə təsərrüfat sahəsi yaratmaq məqsədi ilə 0,10 ha torpaq sahəsi ayrılmışdır. -Sumqayıt Təmir Quraşdırma İdarəsinin xx.xx.1993-cü il tarixli 1k nömrəli əmrindən götünür ki, X7 Rayonlararası Xüsusi Təmir Quraşdırıma Tresti Sumqayıt Təmir Quraşdırma İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. -Azərbaycan Dizaynerlər İttifaqı “Dizayn” X3 Rayonlararası Xüsusi Təmir Quraşdırıma Trestinin xx.xx.1995-ci il tarixli 08 saylı əmrindən görünür ki, Trest “Dizayn” X1 tabeliyindən çıxaraq birbaşa Azərbaycan Dizaynerlər İttifaqının tabeliyinə keçmiş sayılmışdır. - xx.xx.2005-ci il tarixli “Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə” nin surəti, Azərbaycan Dizaynerlər İttifaqı Rayonlararası Xüsusi Təmir Quraşdırma Tresti Sumqayıt Quraşdırma İdarəsi vergi ödəyicisi kimi VÖEN ********** qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubu onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışı kerçirilən zaman sözügedən torpaq sahəsinin 11.6 m kənar məsafəsindən yüksək gərginlikli elektrik xəttinin keçdiyi və mühafizə zolağına düşdüyü müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi" qaydaları nəzərə alınmalıdır. Bundan başqa torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq müqavilə təqdim edilməmişdir. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin alınması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Sənaye zonasında yerləşən 0,10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpağa dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Sumqayıt şəhəri, Sənaye zonasında yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, XDS İK-nin 8 sentyabr 1993-ci il tarixli 32 saylı qərarına əsasən Sumqayıt şəhəri, X10 Torpaq komissiyasının 14 №-li “6” sentyabr 1993-cü il tarixli protokolu əsas götürülərək Rayonlararası Xüsusi Təmir Quraşdırma Tresti Sumqayıt Təmir Quraşdırma İdarəsinə Sumqayıt “Əlvanmetal” İB-nin şimalındakı ərazidə təsərrüfat sahəsi yaratmaq məqsədilə 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin üzərində qeyri-yaşayış sahəsi inşa etmişdir. Obyekt idarənin rəhbəri X4 mülkiyyətindədir. İddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması məqsədi ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin müraciətinə imtina cavabı verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasını müəyyənləşdirmək üçün müayinə baxışı keçirilərkən sözügedən torpaq sahəsinin 11.6 metr kənar məsafəsindən yüksək gərginlikli elektrik xəttinin keçdiyi və mühafizə zolağına düşdüyü müəyyən olunmuşdur. Bundan başqa torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq müqavilə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, e-2-1(118)-3635/2024 nömrəli nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin olduğu halda cavabdeh qanunsuz olaraq müraciətinin təmin olunmasından imtina etmişdir. Bundan başqa "xxxx" ASC tərəfindən məhkəmə sorğusuna cavab olaraq daxil olmuş 01 iyul 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi "xxxx" ASC-yə məxsus 110 kVt-luq “Sumqayıt” elektrik verilişi xəttinin kənar məftillərindən 23 metr məsafədə, mühafizə zonasından kənarda yerləşir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli müayinə aktında torpaq sahəsinin faktiki ölçüsünün 0.1596 ha olduğu; təyinatının sənaye sonası torpaqlarına aid olduğu; müayinə zamanı mübahisəli halın aşkarlanmadığı qeyd edilmişdir. Cavabdehin imtina cavabının dəlilləri "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmadığından iddia əsaslı hesab edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazda göstərdiriyi dəlillərlə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, müvafiq işin düzgün və ədalətli araşdırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilməlidir. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində işə cəlb edilməsi barədə İdarənin xx.xx.2024-cü il tarixli 3-21-3-31/2-4350/2024 saylı vəsatətinə məhkəmə tərəfindən münasibət bildirilməmişdir. İddiaçıya “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi tövsiyyə edilmişdir. Belə ki, iddia olunan torpaq sahəsi dövlət əmlakıdır və dövlət əmlakı kimi yalnız istinad olunan qanunun tələblərinə uyğun özəlləşdirilə bilər. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən qeyri-yaşayış binası ilə bağlı sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə imtina bildirişində və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında qərar qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə və üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6 izahat verərək, apellyasiya şikayətini müdafiə etdilər və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etdilər. İddiaçının və üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil məkəməyə teleqram ünvanlayaraq işə baxılmasını təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq X11 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (....) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər ... Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. ... Maddə 11.1 . Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Maddə 23.1 Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları : Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: - müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; - hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; - məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; - vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu : Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; (…) Maddə 4. Qanunun tətbiq dairəsinin məhdudlaşdırılması 4.0. Bu Qanun aşağıdakılara şamil edilmir: 4.0.1. torpaq fondunun özəlləşdirilməsi (özəlləşdirilən müəssisə və obyektlərin altında yerləşən, habelə fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilən obyektlərin yerləşdiyi dövlət torpaq sahələri istisna olmaqla); 4.0.2. dövlət mənzil fondunun özəlləşdirilməsi; 4.0.3. faydalı qazıntı yataqlarının özəlləşdirilməsi; 4.0.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi halları. Maddə 15. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərarın qəbul edilməsi 15.1. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. 15.2. Özələşdirmə haqqında qərarda obyektin özəlləşdirilməsinin məqsədəuyğunluğu əsaslandırılır və üsulları göstərilir. Müəyyən səhm zərfinin dövlət mülkiyyətində saxlanılması məqsədəuyğun hesab edildiyi halda, bu barədə həmin qərarda qeyd olunur. 15.3. Özəlləşdirmə obyekti barədə qərar çıxarılarkən, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək baxımından obyektin əhəmiyyəti, ölkənin iqtisadi maraqları, obyektin sahə xüsusiyyətləri və yerli əhəmiyyəti nəzərə alınır. 15.4. Dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edildikdən sonra qanunvericiliyə uyğun olaraq özəlləşdirmə komissiyası yaradılır. 15.5. Özəlləşdirmə komissiyası ən geci üç ay müddətində müəssisənin (obyektin) özəlləşdirilməsi planını işləyib hazırlamalıdır. 15.6. Özəlləşdirmə komissiyası öz işinə müstəqil ekspertləri və auditorları cəlb edə bilər. 15.7. Özəlləşdirmə planında özəlləşdirilən müəssisənin (obyektin) satışı qaydası və üsulu, satış müddəti, obyektin ilkin (start) qiyməti göstərilir. Özəlləşdirmə planı dövlət əmlakının satıcısı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 291 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (dövlət tərəfindən yaradılan sənaye, yaxud texnologiyalar parkları, sənaye məhəllələri və aqroparklar, habelə turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə” təsdiq edilmişdir. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 12 fevral 2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, 25 aprel 2025-ci il tarixli qərardadı ilə X7 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Hazırki iş üzrə iddia tələbi Sumqayıt şəhəri, Sənaye zonasında yerləşən 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpağa dair çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, Sumqayıt şəhəri Sənaye zonasında yerləşən mübahisəli torpaq sahəsi üzərində ümumi sahəsi 138.3 kv m olan əmlak kompleksinin X4 (iddiaçı müəssisənin rəhbəri) mülkiyyətinə verilməsi barədə Azərbaycan respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2005-ci il tarixli 005497 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında" Əsasnamədən:

1. Bu Əsasnamə Azərbaycan Respublikasının "Torpaq məcəlləsinə", "Torpaq islahatı haqqında", "Torpaq vergisi haqqında", "Yerin təki haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası qanunlarına, "Azərbaycan Respublikasında 1995 - 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı"na və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin (bundan sonra "Torpaq sahələri") fiziki və hüquqi şəxslərə satılması qaydalarını müəyyən edir.

2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur.

4. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır.

6. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır.

10. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektin) qiyməti və onun altında yerləşən torpaq sahəsinin qiyməti ayrılıqda müəyyənləşdirilir.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti) əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər.

12. Torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətiçisi Dövlət Xidmətinə aşağıdakı sənədləri təqdim edir... (sənədlərin siyahısı sadalanır). Məhkəmə kollegiyashı hesab edir ki, iddia olunan torpaq sahəsi özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsi olduğundan satınalma obyektidir və iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etmək (özəlləşdirmək) məqsədi ilə aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməlidir. İddiaçının iddia etdiyi torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda qeyd edilən əsasların hər hansı biri mövcud olmamışdır. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, mübahisəli torpaq sahəsinin 11.6 m kənar məsafəsindən yüksək gərginlikli elektrik xətti keçir və mühafizə zolağına düşür. Bununla bağlı kollegiya qeyd edir ki, iddia tələbi digər əsaslara görə təmin edilməməli olduğundan prosessual qənaət prinsipindən irəli gələrək həmin dəlilə münasibət bildirmək zərurəti yoxdur. Odur ki, məhkəmə kollegiyası qeyd olunanları məcmu halında qiymətləndirərək hesab edir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası hazırkı mübahisə üzrə hesab edir ki, cavabdehin imtinası və apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Bununla bağlı apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, e-2-1(118)-3635/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı Azərbaycan Dizaynerlər İttifaqı Rayonlararası Xüsusi Təmir Quraşdırma Tresti Sumqayıt Quraşdırma İdarəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, Sənaye zonasında yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar