Məhkəmə qərarları › İş №2-1(105)-259/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-259/2021

15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-259/2021 15.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X2 və cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli “Vergilərin Hesablanması” barədə **********972500 saylı qərarın qanunsuz və əsassız hesab edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli “Vergilərin Hesablanması”barədə **********972500 saylı qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-168/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq, “cavabdeh tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli “Vergilərin Hesablanması barədə **********972500 saylı qərarın qanunsuz və əsassız hesab edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş xx xxxxxx 2019cu il tarixli “Vergilərin Hesablanması”barədə **********972500 saylı qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-168/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. (hakim İsmayıl Quliyev) Məhkəmə qərarı rəsmi qaydada xx xxxxxx 2020-ci il tarixdə tərəflərə göndərilsə də, iddiaçının nümayəndəsi və vəkili İsmayılov Ceyhun Zöhrab oğlu xx xxxxxx 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, qərarın şəxsən ona təqdim edilməsini və ya “ünvan 1 ünvanına göndərilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-168/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı xx xxxxxx 2021-ci il tarixdə şəxsən İsmayılov Ceyhun Zöhrab oğluna təqdim edilmişdir. İddiaçı MMC qərardan xx xxxxxx 2021-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi X4 birinci instansiya məhkəməsinin qərarının iddiaçı tərəfə xx xxxxxx 2021-ci il tarixdə təqdim edildiyini və apelyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ərzində verildiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzürə məhkəmə vasitəsilə verilir. Həmin Мəcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. İş materiallarından görünür ki, mübahisələndirilən qərarın surəti xx xxxxxx 2020-ci il tarixli müşayiətedici məktubla tərəflərə göndərilmiş və iddiaçının hüquqi ünvanına (ünvan 3) göndərilmiş məktub xx xxxxxx 2020-ci il tarixdə Babayev soyadlı şəxsə təqdim edilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti xx xxxxxx 2020-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında izahatında bildirmişdir ki, mübahisələndirilən məhkəmə qərarı müəssisənin hüquqi ünvanına göndərilsə də, MMC ünvan 3 ünvanında fəaliyyət göstərmir, həmin ünvan iddiaçının təsisçisinin ünvanıdır və qərarı alan şəxsi tanımırlar. İddiaçının göstərilən dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzürə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzürə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzürə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı rəsmi qaydada təqdim edildiyindən, yəni qərar iddiaçının iddia ərizəsində özünün göstərdiyi, eləcə də hüquqi ünvanı olan “ünvan 3” ünvanına göndərildiyindən və həmin ünvanda qərar rəsmi qaydada təqdim edildiyindən iddiaçı tərəfindən apelyasiya şikayəti verilməsi müddəti üzürsüz səbəbdən buraxılmışdır. Bundan başqa, kollegiya qeyd edir ki, məhkəmə tərəfindən göndərilmiş digər bildirişlər də, Babayev soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Belə ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli məhkəmə bildirişi də xx.xx.2021-ci il tarixdə həmin şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Analoji hal birinci instansiya məhkəməsində də olmuşdur. Bu onu deməyə əsas verir ki, həmin şəxsin sənədi qəbul etməsi davamlı baş vermişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 85.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyindən apelyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir, bu səbəbdən həmin şikayət üzürə apelyasiya mümkün sayılmamalı və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 85, 87-ci maddələrini rəhbər tutaraq qərara aldı: Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-168/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarından İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya mümkün sayılmasın və apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan, inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar