Məhkəmə qərarları › İş №2-1(105)-259/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-259/2024

24.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-259/2024 24.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X2 ibarət tərkibdə, X19 qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X3 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “şəhadətnamənin, torpaq sahəsi üzərində mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2-1(118)-72/2023 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Qusar bəldiyyəsinin 25 yanvar 2002-ci il tarixli, 1/4-10 nömrəli qərarına əsasən Qusar şəhərinin baş planına uyğun olaraq Ş.Piroğlanov küçəsindən 900 kv.metr torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün İddiaçı satılması qərara alınmışdır. Qusar bəldiyyəsinin 25 yanvar 2002-ci il tarixli, 1/4-10 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X6 verildiyi göstərilən 0,09 ha torpaq sahəsinə dair DTXK-nin Qusar rayon şöbəsi tərəfindən həmin şəxsin adına 08 aprel 2006-cı il tarixli, JN-068F, KOD 30101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Daha sonra sözügedən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında 0,09 ha torpaq sahəsi, habelə həmin torpaq sahəsində yerləşən sahəsi 114.7 kv.m. olan fərdi yaşayış evi üzərində X3 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 17 oktyabr 2019-cu il tarixdə qeydiyyata alınaraq, MH seriyalı, ********** nömrəli, **********40-10301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra, X10 12 mart 2020-ci il tarixli, 4Ə-619 reyestr nömrəli, “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” nə əsasən mülkiyyətində olan 0,09 ha torpaq sahəsi və fərdi yaşayış evini X7 bağışlanmışdır. Sözügedən 0,09 ha torpaq sahəsi və yaşayış evi üzərində X4 mülkiyyət hüququ dövlət reyestrində 19 mart 2020-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı 24 avqust 2021-ci il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək X3 adına JN-068F, KOD 30101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 17 oktyabr 2019-cu il tarixli, **********40-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Həmin orqan 24 avqust 2021-ci il tarixli, **********32 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas оlan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar şəhəri, Ş.Piroğlanov küçəsində yerləşən fərdi yaşayış evinə dair X3 adına hazırlanmış çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Qusar bələdiyyəsinin 25 yanvar 2002- ci il tarixli, 1/4-10 nömrəli qərarı ilə ona satılmış 0,09 ha torpaq sahəsinə dair X3 adına verilmiş JN-068F KOD 30101004 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhədatnamənin və həmin şəhadətnamə əsasında onun adına işlənmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********40-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı bir neçə dəfə iddia tələbini dəqiqləşdirərək, sonuncu ərizəsində X3 adına verilmiş JN-068F, KOD 30101004 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhədatnamənin, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışın və X4 adına verilmiş ********** saylı qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışın və reyestrdə mülkiyyət hüquqlarına dair qeydin torpaq sahəsinə münasibətdə ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 1/4-10 saylı qərarı ilə idiaçıya satılmış Qusar şəhəri, S.Piroğlanov küçəsində yerləşən 900 kv.metr torpaq sahəsi həmin tarixdən onun sahibliyində və istifadəsindədir. 2005-ci ildə həmin torpaq sahəsinin 300 kv.m. hissəsində qardaşı Fərhad Ağalarova fərdi yaşayış evinin tikintisi üçün şifahi olaraq icazə vermişdir. Qalan 600 kv.m. hissəsindən isə əkin kimi istifadə edir. 2019-cu ilin noyabr ayında qardaşının arvadı Nazirə Ağalarova ona sahibliyində olan torpaq sahəsinin bütünlüklə Fərhad Ağalarovun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alındığını bildirmiş və həmin torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququnu təsdiq edən sənədlərin şəklini ona göndərməklə, həmin torpaq sahəsinin boşalmasını tələb etmişdir. Qusar bələdiyyəsindən ona satılmış həmin torpaq sahəsinin Fərhad Ağalarova satılıb-satılmamasını soruşduqda həmin torpaq sahəsinin onlar tərəfindən heç kimə satılmadığını bildirmişlər. Sonradan ona məlum olmuşdur ki, 2002-ci ildə Qusar bələdiyyəsi tərəfindən ona satılmış 0,09 ha torpaq sahəsinə Fərhad Ağalarovun adına DTXK-nin Qusar rayon şöbəsi tərəfindən JN-068F, KOD 30101004 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhədatnamə verilmiş və həmin şəhadətnamə 08 aprel 2006-cı il tarixdə qeydiyyata alınmışdır. Şəhadətnamədə həmin torpaq sahəsinin mülkiyyətə verilməsinin əsası kimi Qusar bələdiyyəsinin 25 yanvar 2002ci il tarixli, 1/4-10 saylı qərarı qeyd edilmişdir. Halbuki, həmin bələdiyyə qərarı ilə sözügedən 0,09 ha torpaq sahəsi qanuni əsaslarla iddiaçıya satılmışdır və bütün aidiyyəti sənədlər onun adınadır. Qusar bələdiyyəsi tərəfindən ona ünvanlanmış xx.xx.2020-ci il tarixli, M-144 saylı məktubdan görünür ki, Qusar şəhəri, Piroqlanov küçəsində yerləşən və bələdiyyənin 25 yanvar 2002-ci il tarixli, 1/4- 10 nömrəli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin X1 barədə bələdiyyə tərəfindən qərar qəbul edilməmişdir. Göründüyü kimi, JN- 068F, KOD 30101004 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhədatnamə mövcud olmayan bələdiyyə qərarı əsasında verilmişdir. Hansı ki, bu da qanunsuzdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. İşə baxan məhkəmə tərəfindən Qusar bələdiyyəsi, X10 və X11 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2-1(118)-72/2023 nömrəli qərarı ilə iddia təmin edilərək, X3 adına verilmiş JN-068F, KOD 30101004 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarış və X4 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış və reyestrdə mülkiyyət hüquqlarına dair qeyd torpaq sahəsinə münasibətdə iddiaçının torpaq sahəsi ilə üst-üstə düşən hissədə (0,0629 ha hissədə) ləğv edilmişdir (hakim Leyla Mirzəyeva) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, torpaq sahəsinə dair JN-068F, KOD 30101004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” nin, habelə, üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsinə əsas olmuş Qusar bələdiyyəsinin 25 yanvar 2002-ci il tarixli, 1/4-10 saylı qərarının mövcud olmadığı müəyyən edilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” nin heç bir hüquqmüəyyənedici sənədlər olmadan, qanununun tələblərinə zidd olaraq tərtib edilməsi məhkəmə araşdırması ilə müəyyən edilmişdir. Belə olan halda isə torpaq sahəsi üçüncü şəxslərə qanunazidd olaraq ayrılmış ki, bu da öz növbəsində iddiaçının mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Məhkəmə hesab edir ki, şəhadətnamə və , daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarış və X4 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və reyestrdə mülkiyyət hüquqlarına dair qeyd torpaq sahəsinə münasibətdə iddiaçının torpaq sahəsi ilə üst-üstə düşən hissədə (0,0629 ha hissədə) ləğv edilməlidir. Üçüncü şəxs X10 həmin qərardan apellyasiya şikayəti verərək, birinci intansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun adına verilmiş JN-068F, KOD 30101004 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə həmin vaxt mülkiyyət hüquqlarının dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən tərtib edilmiş və müvafiq qaydada qeydiyyatdan keçmişdir. Fərhad Ağalarov torpaq sahəsinin dəyərini ödəməklə, bələdiyyədən satın almış, məhz bələdiyyə qərarı əsasında adına Şəhadətnamə verilmişdir. Bələdiyyə qərarının və digər torpaq ayırma sənədlərinin arxivə təhvil verilməsi isə onun vəzifəsi olmamışdır. O, müvafiq qeydiyyat orqanlarına etimad göstərərək torpaq sahəsinə dair adına verilmiş şəhadətnamənin qanuniliyini müzakirə etməmiş, araşdırmamışdır. Bu səbəbdən də, torpaqayırma sənədlərinin arxivə təhvil verilməməsi onun mülkiyyət hüququnu əldə etməsi faktını şübhə altına alan hal kimi qəbul edilə bilməz. Həmçinin, hesab edir ki, X5 adına dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarış bağışlama müqaviləsi əsasında verildiyindən işə baxan məhkəmənin həmin çıxarışın qanuniliyini yoxlamaq səlahiyyəti yox idi. Bu səbəbdən, məhkəmə tərəfindən həmin çıxarışın qanuniliyinin yoxlanılması prosessual qanunvericiliyin pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda, işə baxılması birbaşa Nazilə Ağalarovanın maraqlarına toxunduğu halda, o, inzibati işə cəlb edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz: İddiaçı apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, məhkəmə tərəfindən üçüncü şəxsə 0,09 ha torpaq sahəsinin ayrılmasına dair Qusar bələdiyyəsinin 25 yanvar 2022-ci il tarixli, 1/4-10 saylı qərarının tədqiq edilməsi üçün aidiyyatı üzrə bələdiyyəyə sorğu göndərilmiş, sorğu əsasında Qusar bələdiyyəsinin 25 yanvar 2002-ci il tarixli, 1/4 – 10 saylı qərarı ilə 0,09 ha torpaq sahəsinin İddiaçı satıldığı, X8 isə bələdiyyə tərəfindən torpaq sahəsi satılmadığı müəyyən edilmişdir. Bələdiyyə qərarı ilə iddiaaçya ayrılmış torpaq sahəsi ilə “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” yə əsasən X3 adına qeydə alınmış torpaq sahəsinin eyniliyinin müəyyənləşdirilməsi üçün cavabdeh orqana mütəxəssis rəyinin verilməsi üçün sorğu ünvanlanmışdır. Sorğu əsasında cavabdeh orqanın mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, Qusar bələdiyyəsinin 25 yanvar 2002-ci il tarixli, 1/4 – 10 saylı qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin (faktiki istifadə vəziyyəti üzrə) koordinatları xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X9 məxsus (daha əvvəl 17 oktyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X8 məxsus olmuş) 0,09 ha torpaq sahəsinin koordinatları 0,0629 ha hissədə üst-üstə düşür. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarına riayət edilməklə qəbul edilmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti isə əsassızdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X3 nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi və apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxs X11 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

Məhkəmə kollegiyası tərəflərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı üçüncü şəxs X3 adına verilmiş JN-068F, KOD 30101004 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhədatnamənin, onun adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarış və mülkiyyət hüququna dair qeydin 0,0629 ha torpaq sahəsinə münasibətdə ləğv edilməsinə dair iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə bu hissədə təmin edilməməlidir. Hazırki işin hallarından görünür ki, iddia tələbi iki hissədən ibarətdir: 1) Qusar şəhərində yerləşən 0,09 ha torpaq sahəsinə dair üçüncü şəxs X3 adına verilmiş JN-068F, KOD 30101004 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhədatnamənin, habelə onun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli, ********** nömrəli qeydiyyatın torpaq sahəsinə münasibətdə ləğv edilməsi; 2) X4 adına aparılmış xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeydiyyatın torpaq sahəsinə münasibətdə ləğv edilməsi. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(105)-259/2024 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2-1(118)-72/2023 nömrəli qərarı qismən - X4 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışın və reyestrdə mülkiyyət hüququna dair qeydin torpaq sahəsinə münasibətdə iddiaçının torpaq sahəsi ilə üst-üstə düşən hissədə (0,0629 ha hissədə) ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmamış, apellyasiya şikayəti isə qismən təmin edilmişdir. Birinci iddia tələbi ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Şəhədatnamənin və 0,09 ha torpaq sahəsinə dair üçüncü şəxs F.Ağalarovun adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatların aparılmasına əsas olmuş Qusar bələdiyyəsinin 25 yanvar 2002-ci il tarixli, 1/4-10 nömrəli qərarının mövcud olmadığını, məhkəmə araşdırması zamanı onun mülkiyyətində olan həmin torpaq sahəsinin 0,0629 ha hissəsinin bələdiyyə qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsi ilə üstüstə düşdüyünün müəyyən edildiyini qeyd edərək bu hissədə iddianın təmin edilməsi qəanətinə gəlmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmənin bu hissədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İşdən görünür ki, Qusar bəldiyyəsinin 25 yanvar 2002-ci il tarixli, 1/4-10 nömrəli qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi məqsədilə bələdiyyənin ehtiyat fondundan 0,09 ha torpaq sahəsi ayrılmışdır. Daha sonra üçüncü şəxs X3 adına 0,09 ha torpaq sahəsinə dair DTXK-nin Qusar rayon şöbəsi tərəfindən 08 aprel 2006-cı il tarixdə, JN-068F, KOD 30101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmiş və onun verilməsinə əsas kimi iddiaçıya müvafiq torpaq sahəsinin ayrılmasına əsas olmuş Qusar bələdiyyəsinin 25 yanvar 2002-ci il tarixli, 1/4-10 nömrəli qərarı göstərilmişdir. Bundan sonra həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X3 daşınmaz əmlakın dövlət reyestrində 17 oktyabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Hazırda iddiaçı həmin şəhadətnaməni və qeydiyyatı torpaq sahəsinə dair hissədə mübahisələndirir. Torpaq sahəsinə dair üçüncü şəxsin adına “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə onun verilməsinə əsas kimi Qusar bələdiyyəsinin 25 yanvar 2002-ci il tarixli, 1/4–10 nömrəli qərarı göstərilsə də, Qusar bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış 08 iyun 2020-ci il tarixli məktubdan, həm də birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq verilən 01 dekabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, Qusar bələdiyyəsinin 25 yanvar 2002-ci il tarixli, 1/4–10 nömrəli qərarı ilə üçüncü şəxs X6 bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmamış, həmin qərarla iddiaçıya 0,09 ha torpaq sahəsi satılmışdır, Həmçinin, Azərbaycan Respublikası Dövlət X18 tərəfindən verilmiş Qusar bələdiyyəsinin 25 yanvar 2002-ci il tarixli, 1/4–10 nömrəli qərarının arxiv çıxarışından da görünür ki, həqiqətən də həmin qərarla hazırkı iş üzrə iddiaçıya 0,09 ha torpaq sahəsi ayrılmışdır. Eyni zamanda, məhkəmə kollegiyası tərəfindən üçüncü şəxsin adına JN-068F, KOD 30101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin tərtib edilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu verilmiş, MMC məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubu ilə Mərkəzin arxivində aparılmış araşdırma zamanı sözügedən Şəhadətnamənin tərtib edilməsinə dair məlumat aşkar edilmədiyini bildirmişdir. Üçüncü şəxs apellyasiya şikayətinin dəlillərində müvafiq 0,09 ha torpaq sahəsinin dəyərini bələdiyyəyə ödəməklə, bələdiyyə qərarı əsasında satın aldığını, bundan sonra adına şəhadətnamə verildiyini bildirsə də, işin araşdırılan hallarından 08 aprel 2006-cı il tarixli, JN-068F, KOD 30101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən məlumatların həqiqiliyi – həqiqətən də, Qusar bəldiyyəsinin 25 yanvar 2002-ci il tarixli, 1/4-10 nömrəli qərarı ilə üçüncü şəxsə 0,09 ha torpaq sahəsinin ayrılması öz təsdiqini tapmamışdır. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş həmin xüsusatları birgə nəzərə alındığında aydın olur ki, Qusar bələdiyyəsinin 25 yanvar 2002-ci il tarixli, 1/4–10 nömrəli qərarı ilə üçüncü şəxsə deyil, iddiaçıya torpaq sahəsi ayrıldığından, həmin qərar əsasında üçüncü şəxsin adına tərtib edilmiş JN-068F, KOD 30101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə mötəbər sənəd deyildir. Beləliklə, kollegiya sadalananları ümumiləşdirərək qeyd edir ki, Qusar bəldiyyəsinin 25 yanvar 2002-ci il tarixli, 1/4-10 nömrəli qərarına əsasən 0,09 ha torpaq sahəsi məhz iddiaçıya ayrılmasına baxmayaraq, bundan 4 il sonra həmin bələdiyyə qərarı əsas göstərilərək 0,09 ha torpaq sahəsinə dair üçüncü şəxsin adına DTXK-nin Qusar rayon şöbəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmiş və bu Şəhadətnamə əsasında həmin torpaq sahəsi dövlət reyestrində 2019-cu ildə sonuncunun adına qeydiyyata alınmışdır. Qusar bələdiyyəsinin 25 yanvar 2002-ci il tarixli, 1/4–10 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0,09 ha torpaq sahəsi ilə üçüncü şəxsin mülkiyyətində olan müvafiq torpaq sahəsinin hansı hissədə üst-üstə düşməsi ilə bağlı birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, bələdiyyə tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin (faktiki istifadə vəziyyəti üzrə) koordinatları X3 xüsusi mülkiyyətində olmuş 0,09 ha torpaq sahəsinin koordinatları ilə 0,0629 ha hissədə üst-üstə düşür. Həmçinin, mütəxəssis rəyinə əlavə edilən mübahisəli torpaq sahəsi yerləşən ərazinin yerquruluşu planından çıxarışdan görünür ki, üçüncü şəxsin xüsusi mülkiyyətində olan 0,09 ha torpaq sahəsinin 0,0629 ha hissəsi iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür, qalan hissədə isə üçüncü şəxsə məxsus fərdi yaşayış evi mövcuddur. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxsin adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin mötəbərliyi təsdiq edilməsə də, bu şəhadətnamədə göstərilən və onun əsasında reyestrdə qeydiyyatın aparıldığı 0,09 ha torpaq sahəsinin yalnız 0,0629 ha hissəsi bələdiyyə qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyündən birinci instansiya məhkəməsi şəhadətnaməni və qeydiyyatı məhz həmin hissədə ləğv edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.... Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1 və 139.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 16.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsində göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Qusar bəldiyyəsinin 25 yanvar 2002-ci il tarixli, 1/4-10 nömrəli qərarına əsasən 0,09 ha torpaq sahəsi iddiaçıya ayrılmış, yəni həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına iddiaçının qanuni gözləntisi yaranmış, lakin iddiaçı müvafiq səbəblərdən torpaq üzərində mülkiyyət hüququnu qeydə aldırmamışdır. AR Konstitusiya Məhkəməsinin Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ 15 yanvar 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.” İddiaçı ona məxsus torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmasa da, yuxarıda qeyd olunan hüquqi mövqe baxımından onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair legitim gözləntisi olmuşdur. İşin sadalanan xüsusatlarına baxmayaraq, cavabdeh orqan həmin torpaq sahəsinin 0,0629 ha hissəsini üçüncü şəxsin mülkiyyəti kimi qeydə almışdır. İşin sadalanan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçıya məxsus 0,09 ha torpaq sahəsinin 0,0629 ha hissəsinin üçüncü şəxsin xüsusi mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qanunsuz olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 8.0. və 8.0.1-ci maddələrinin tələbinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Analoji qayda Mülki Məcəllənin 139-1.1 və 139-1.1.1-ci maddələrində də nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birini instansiyası məhkəməsi üçüncü şəxs X3 adına verilmiş JN-068F, KOD 30101004 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhədatnamənin və onun adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarış və mülkiyyət hüququna dair qeydin 0,0629 ha torpaq sahəsinə münasibətdə ləğv edilməsi hissəsində iddianı təmin edərkən müəyyən olunmuş faktiki hallara hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı JN-068F, KOD 30101004 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhədatnamənin və onun adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarış və mülkiyyət hüququna dair qeydin 0,0629 ha torpaq sahəsinə münasibətdə ləğv edilməsinə dair iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2-1(118)-72/2023 nömrəli qərarı üçüncü şəxs X3 adına verilmiş JN-068F, KOD 30101004 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhədatnamənin, onun adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarış və mülkiyyət hüququna dair qeydin 0,0629 ha torpaq sahəsinə münasibətdə ləğv edilməsinə dair iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar