Məhkəmə qərarları › İş №2-1(105)-259/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-259/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-259/2025 08.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2-1(118)-2003/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçıya məxsus НЗ № ******* saylı “Hərbi bilet”in surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il təvəllüdlüdür, 18 dekabr 1987-ci ildə həqiqi hərbi xidmətə göndərilmiş, 27 dekabr 1989-cu il tarixdə təxris edilmişdir, 18-ci qrafada qeyd edilmişdir ki, həmçinin xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Qarabağ döyüşlərində iştirak etməsi qeyd edilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək ona veteran adının və bunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmiş, cavabdeh orqan isə iddiaçının müraciətini təmin etməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"ya müraciət edərək iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının ünvanına daxil olmuş xx.xx.2023-cü il tarixli 2/27993 saylı məktubla iddiaçıya bildirilir ki, müraciəti "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Məktubda göstərilir: “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2023-cü il tarixli 4/2-1062 nömrəli arayışına əsasən N nömrəli hərbi hissənin əmrləri Mərkəzi Arxivə daxil olmadığı üçün hərbi xidmətiniz əmrlərlə təsdiqlənmədiyindən və hərbi biletinizin 7-ci səhifəsində qeyd olunmuş N nömrəli hərbi hissədə xidmətinizi təsdiq edən möhür oxunmadığına görə Sizə “Müharibə Veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunur”. Lakin o, hesab edir ki, cavabdehin üzərinə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmalıdır.Belə ki, xx.xx.1969-cu ildə Xaçmaz rayonunda doğulmuşdur. X17 sıralarında 1987-1989-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Birinci Qarabağ müharibəsi zamanı səfərbərliklə əlaqədar xidmətə göndərilmiş və cəbhə bölgəsində yerləşən N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. Hərbi biletinin 7ci səhifəsində göstərilir ki, xx.xx.1993-cü ildən xx.xx.1992-ci ilə qədər N nömrəli hərbi hissənin tərkibində Qarabağ döyüşlərində iştirak etmişdir. Qeydin altında Məcnunov soyadı və hərbi hissənin möhürü vardır. Möhürün oxunmaması barədə cavabdehin məktubunda göstərilənlər tamamilə əsassızdır. Möhürdə N saylı hərbi hissənin adı tam aydın görünür və bunu hərbi biletinə baxmaqlada müəyyən etmək olar. Cavabdehin imtinasında göstərilən N nömrəli hərbi hissənin əmrlərinin Mərkəzi Arxivə daxil olmaması iddiaçının Müharibə veteranı adı və vəsiqəsi almağına mane ola bilməz. O, döyüşlərdə iştirak etmişdir, hərbi biletində bu barədə qeyd vardır və iddiaçı ilə birlikdə döyüşən şəxslər də təsdiq edə bilərlər. Belə ki, iddiaçı ilə birlikdə hərbi xidmətdə olmuş və müharibə veteranı adı və vəsiqəsi almış xidmət yoldaşları Xaçmaz rayon sakinləri X4, X8 və X10 həqiqətəndə iddiaçının qeyd olunan qaydada xidmətdə olmağını təsdiq edə bilərlər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, hesab edirlər ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1994-cü ilin mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə qeyd edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirlər ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. 1) Şəxsin keçməsi xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2) Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna AR Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissənin əmrləri Mərkəzi Arxivə daxil olmamışdır. Digər tərəfdən iddiaçıya məxsus hərbi biletin 7-ci səhifəsində iddiaçının N nömrəli hərbi hissədə xidməti möhürlə təsdiq edilməmişdir. Bununla da Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya 04 iyul 2023-cü il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2-1(118)-2003/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmuşdur (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi ona məxsus НЗ № ******* saylı “Hərbi bilet” ilə də təsdiq olunur. Bundan başqa cavabdeh orqan imtinasının əsası kimi onun barəsində hərbi xidmət olduğu dövlərin əmrlərlə təsdiqlənmədiyini qeyd etsə də, cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq daxil olmuş 25 iyun 2024-cü il tarixli məktubda iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissənin xx.xx.1992- ci il tarixdən 09.1992-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etdiyi qeyd edilmişdir. Bununla yanaşı iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə birlikdə eyni dövrdə və eyni hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən bir neçə şəxsə X5, X6 və X7 “Müharibə veteranı” statusu və onu təsdiq edən vəsiqə verilmişdir Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, işin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırkı iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-1062 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Həmçinin iddiaçıya məxsus hərbi biletin 7-ci səhifəsində onun N nömrəli hərbi xidmət keçməsini təsdiq edən möhürün N nömrəli hərbi hissəyə məxsus olduğu öz təsdiqini tapmamışdır. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçının hərbi xidmət keçməsi, döyüşlərdə iştirak etməsi, hərbi xidmətdən qanuni əsaslarla ehtiyyata buraxılmasına dair heç bir məlumat və heç bir rəsmi sənəd yoxdur. N nömrəli hərbi hissə yandığı üçün həmin hərbi hissəyə məxsus arxiv arayışı Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Həmçinin, iddiaçıya məxsus hərbi biletin 7ci səhifəsində onun hərbi xidmət keçməsini təsdiq edən möhürün N nömrəli hərbi hissəyə məxsus olduğu öz əksini tapmamışdır. Belə ki, hərbi biletdəki qeydlər kiril əlifbası ilə olsa da, hərbi hissənin möhürü latın əlifbası ilə əks olunmuşdur. Bu da hərbi hissənin möhürünün sonradan vurulduğunu göstərir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, o, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılmış və Ağdərə rayonunda döyüşlərdə iştirak etmişdir. Ondan sonra digər dörd qardaşı da hərbi xidmətə çağırılmışdır. Lakin atası Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək, digər qardaşları da müharibəyə getdiyi üçün onun geri qaytarılmasını xahiş etmiş və o, 2 ay sonra geri qayıtmışdır. Həmçinin ona N nömrəli hərbi hissə tərəfindən həmin hərbi hissənin möhürü olan hərbi bilet verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Qanun Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (-) Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmişdir)

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X9 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (-) Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. (-) Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X9 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.

“İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası təşkil edir. İddiaçının hüquqi marağı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmətə çağırılması və qanuni əsasla hərbi xidmətdən ehtiyata buraxılmasını sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, əmrdən çıxarış mövcud deyildir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki işdən də göründüyü kimi iddiaçı aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. (İPM 14.3-cü maddə) Belə olan halda cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-1062 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən kollegiya qeyd edir ki, iddiaçıya məxsus hərbi biletin 7-ci səhifəsində onun N nömrəli hərbi xidmət keçməsininə dair qeydlər mövcud olsad da, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Bununla bağlı, döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməni təsdiq edən sənəd kimi yalnız hərbi biletə və oradakı qeydlərə istinad edilə bilməz. Belə ki, qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarından göründüyü kimi yalnız hərbi biletdəki qeydlər özüözlüyündə yetərli deyildir, onunla yanaşı, həm də hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da təqdim olunmalıdır. Bundan başqa, artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı 23 yanvar 1996-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı 23 iyun 1996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı 29 sentyabr 1996-cı il tarixində qəbul edilmişdir. Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər. Belə olduğu təqdirdə iddiaçının məlum fərmandan əvvəl, yəni 1992-ci il tarixdə hərbi xidmətini qanuni əsaslarla başa vurması iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, həmin dövrdə aktiv döyüş əməliyyatları aparılırdı və bu səbəbdən də hərbi xidmətdən ehtiyata buraxılma dayandırılmışdır. 10 may 1994-cü ildə atəşkəs əldə olunmuş, bundan bir müddət sonra, yəni 1996-cı ildən hərbi qulluqçuların ehtiyata buraxılmasına başlanılmışdır. Bundan başqa iddiaçı özüdə məhkəmə iclasındakı izahatında digər qardaşlarının da hərbi xidmətə getməsi səbəbindən atasının istəyi ilə iki ay sonra geri qayıtdığını etiraf etmişdir. Odur ki, kollegiya qeyd edir ki, iddiaçının hərbi xidmət keçməsi, habelə, qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Aparılan araşdırmanın nəticəsi olaraq görünür ki, iddiaçının hərbi xidmətə çağırılması və qanuni əsasla hərbi xidmətdən ehtiyata buraxılmasını sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, əmrdən çıxarış mövcud deyildir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinin tələbinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Nəzərə almaq lazımdır ki, həmin norma anlamında şəxsin həqiqi hərbi xidməti yalnız onun qanuni əsaslarla hərbi xidmətə çağırılmasını deyil, həm də qanuni əsaslarla tərxis olunmasını nəzərdə tutur. Hazırki mübahisəyə münasibətdə iddiaçının hərbi xidmətə çağırılması və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxıldığı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur. Belə ki, iddiaçının hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilməsi müəyyən olunmamaqla yanaşı, onun xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması barədə hərbi hissə komandirinin müvafiq əmrinin mövcudluğu təsdiq olunmur. Beləliklə, hazırki mübahisəyə münasibətdə müharibə veteranı adının verilməsi üçün zəruri olan və yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin, o cümlədən hərbi xidmətə çağırılması və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtinin iddiaçıya münasibətdə mövcud olduğu iş üzrə materiallarla təsdiq edilmir. Həmin normalar baxımından cavabdehin iddiaçı qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıması üçün, iddiaçı, hər bir halda, həmin şərtlərə cavab verməlidir. Başqa sözlə, müharibə veteranı adının verilməsi üçün iddiaçının döyüş zonasında hərbi xidmət keçməsi və bilavasitə döyüş əməliyyatlarında iştirak etməsilə yanaşı, iddiaçının bu zaman həm də qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərti də yerinə yetirilmiş olmalıdır. Həmin şərtlər iddiaçı tərəfindən ödənilmədiyindən, cavabdehin üzərinə iddia olunan məzmunda vəzifə qoyula bilməz. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan natamam sübutlar əsasında iddanı təmin etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2-1(118)-2003/2024 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar