Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-26/2021 16.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili Məmmədov Tofiq Əlsəddin oğlunun iştirakı ilə, İddiaçı Hacıyev Vüqar Vaqif oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2020-ci il tarixli 2-1(118)-26/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Hacıyev Vüqar Vaqif oğlu (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra cavabdeh) müraciət edərək, Qusar rayonu, Xuray kəndi ərazisində yerləşən 2,0 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasını xahiş etmişdir. Cavabdeh 14 sentyabr 2018-ci il tarixli, 183420008275 saylı məktubla iddiaçının mürciətinə cavab olaraq bildirmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, ərizəyə əlavə edilmiş JN-0364 (kod 30123018) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınsa da, aktda göstərilən torpaq sahəsinin cizgiləri Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. Faktiki istifadə olunan torpaq sahəsinin koordinatları isə 5 saylı xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəsində meşə fondu ərazisi kimi göstərilmişdir. Qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizəsinin icrasından imtina olunmuşdur. İmtina ilə razılaşmayan iddiaçı məhkəmədə iddia qaldıraraq, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN0364 seriyalı 30123018 kodlu dövlət aktına əsasən Qusar rayonu, Xuray kənd ərazisində yerləşən 2,0 ha torpaq sahəsinin xüsusi mülkiyyət kimi ona məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qusar rayonu Xuray kəndi ərazisində 2,0 ha torpaq sahəsini Xuray Bələdiyyəsi ilə 2004-cü ildə müqavilə bağlayaraq icarəyə götürmüşdür, 2006-cı ildə sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq məqsədi ilə həmin torpaq sahəsinin satın alınması üçün ərizə ilə rəsmi olaraq Xuray bələdiyyəsinə müraciət etmiş və həmin Bələdiyyənin 08 aprel 2006-cı il tarixli 10 saylı protokoluna əsasən Xuray Bələdiyyəsinə məxsus olan 2004-cü ildən icarəyə alınmış 2,0 ha torpaq sahəsi tikinti və sahibkarlıq məqsədi üçün iddiaçıya satılmışdır. Daha sonra, satın aldığı torpaq sahəsinin sənədlərini Qusar rayon Torpaq şöbəsinə təqdim etmiş və Qusar rayon Xuray kəndi ərazisində 2,0 ha torpaq sahəsinin mülkiyyət hüququ əsasında ona məxsus olması barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN 0364 seriyalı 30123018 kodlu dövlət aktı verilmişdir. 2006-cı ildən bu günə qədər iddiaçı Qusar rayon Xuray kənd ərazisində yerləşən 2,0 ha torpaq sahəsinə istifadə və sahiblik hüquqlarını mübahisəsiz həyata keçirir. Hətta mülkiyyət hüququ əsasında ona məxsus həmin torpaq sahəsinin üzərində istirahət zonasının tikinti üçün Qusar rayon İcra Hakimiyyəti başçısının 9 oktyabr 2007-ci il tarixli sərəncamı da verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN 0364 seriyalı 30123018 kodlu dövlət aktını cavabdeh təşkilat olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edərək mülkiyyət hüququ əsasında özünə məxsus torpaq sahəsinə çıxarışın verilməsini xahiş etmişdir. Lakin, cavabdeh təşkilat 14 sentyabr 2018-ci il tarixli məktubu ilə imtina etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2020-ci il tarixli 2-1(118)-26/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim İ.Quliyev) Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, ərizəyə əlavə edilmiş JN-0364 (kod 30123018) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınsa da, aktda göstərilən torpaq sahəsinin cizgiləri Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. Faktiki istifadə olunan torpaq sahəsinin koordinatları isə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəsində meşə fondu ərazisi kimi göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 31.5-ci maddəsinə əsasən meşə fondu torpaqlarının alqı-satqısına yol verilmir. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən meşə fondu torpaqları dövlət mülkiyyətinə aiddir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Göründüyü kimi iddia ərizəsində göstərilən daşınmaz əmlak ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin elektron baza kadastr xəritə materiallarında aşkar edilmədiyindən, o cümlədən faktiki istifadə olunan torpaq sahəsinin koordinatları xəritədə meşə fondu ərazisi kimi göstərildiyindən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, iaşqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilənlər nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən vətəndaş Hacıyev Vüqar Vaqif oğlunun ərizəsinin icrasından əsaslı olaraq imtina olunmuşdur. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən, eləcə də gəlməməyinin səbəblərini bildirmədən nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavadeh tərəfindən verilmiş apellyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıda göstərilənlərə əsasən hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, Qusar rayon Xuray Bələdiyyəsinin 03 saylı, 12 yanvar 2004-cü il tarixli Qərarı ilə Xuray Bələdiyyəsinə məxsus torpaq sahəsindən 2,25 ha torpaq sahəsi 99 il müddətinə iddiaçının icarəsinə verilməsi qərara alınmış, bununla əlaqədar tərəflər arasında 12 yanvar 2004-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş 21.09.2018-ci il tarixli 308 saylı arxiv arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayonu Xuray Bələdiyyəsinin 2005-2010-cu illərin iclas protokolları kitabında 08 aprel 2006-cı il tarixli 10 saylı protokola əsasən, Xuray Bələdiyyəsinə məxsus 2004-cü ildə icarəyə verilmiş 2 ha torpaq sahəsi tikinti və sahibkarlıq məqsədilə iddiaçıya satılması qərara alınmış və həmin qərar keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində qeydiyyata alınmış və satılmış torpaq sahəsinə dair DTXK-nin Qusar şöbəsi tərəfindən iddiaçının adına JN 364, 30123018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib olunmuşdur. Hazırda iddiaçı cavabdehə müraciət edərək sözügedən sənədlərə əsasən 2 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, 1)dövlət aktında göstərilən torpaq sahəsinin cizgiləri idarənin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamış, 2) qeyd edilən torpaq sahəsi xəritədə meşə fondu ərazisi kimi işlənilmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və öz qərarını belə əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən, bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Cavabdehin imtinası və apellyasiya şikayətinin dəlillərindən birincisi dövlət aktında göstərilən torpaq sahəsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamasıdır. Bununla bağlı kollegiya qeyd edir ki, Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanla təsdiq edilmiş eyni adlı Əsasnamə ilə tənzimlənirdi. Bu Əsasnamənin 4, 10, 11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə institutunun arxivində müddətsiz olaraq saxlanılır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydəalmanı rayon (şəhər) torpaq şöbələri həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göründüyü kimi, torpaq üzərində hüquqlara dair şəhadətnamələrin hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş DTXK tərəfindən aparılırdı. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DWJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının problemidir. Belə problemlərin yaranması vətəndaşın təqsirinin deyil, aidiyyəti qurumların, vəzifəli şəxslərin öz vəzifələrini layiqincə yerinə yetirməmələrinin, idarəçiliyin, uçot-nəzarət işinin düzgün təşkil edilməməsinin nəticəsidir. Ərizəçi isə-hazırki halda iddiaçı belə hallara görə hər hansı məsuliyyət daşımamalıdır. Bundan əlavə kollegiya qeyd edir ki, Qusar rayonu, Xuray bələdiyyəsinin 04.04.2006cı il tarixli 10 saylı qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə işlənmiş JN-364 (kod:30123018) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na aid məlumatların elektron kadastr bazasına daxil edilməsi barədə müraciətinə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətində baxılmış və Xidmət tərəfindən iddiaçıya ünvanlanmış 11 fevral 2019-cu il tarixli, 190926000663 saylı məktubla bildirilmişdir ki, işçi qrupu tərəfindən mürcaiətində qaldırılan məsələ arxiv sənədləri əsasında araşdırılmış və JN-364 (kod:30123018) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na aid məlumatların elektron bazaya daxil edilməsi məqsədəmüvafiq hesab edilmiş və 2,0 ha torpaq sahəsinə işlənmiş JN-364 (kod)30123018) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na aid elektron məlumatların bazaya daxil edilməsi ilə bağlı tərələrindən müvafiq tədbirlər görülmüşdür. Mübahisəsi gedən torpaq sahəsinin meşə fondu torpaqları olması ilə bağlı imtinanın və apellyasiya şikayətinin dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən halın araşdırılması üçün iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyun 2019-cu il tarixli, 8336 saylı rəyindən görünür ki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Xaçmaz LTİ-nin mühəndisi Elşad Lətifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: 1) Hacıyev Vüqar Vaqif oğlunun faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə JN-0364 KOD 30123018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş torpaq sahəsinin koordinatlarının qismən uyğun olduğu; 2) Hacıyev Vüqar Vaqif oğlunun faktiki istifadə etdiyi torpaq sahəsinin vahid elektron baza məlumatlarında olan yerquruluşu xəritəsinə və Quba Regional Meşə Təsərrüfatının arxivində saxlanılan meşəquruluşu xəritələrinə əsasən meşə fondu torpaqlarına aid olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2-1(085)-217/2019 saylı qərardadı ilə iş üzrə əlavə tikinti texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Hacıyev Vüqar Vaqif oğlunun faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə JN-0364 KOD 30123018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş torpaq sahəsinin koordinatları uyğundurmu? Hacıyev Vüqar Vaqif oğlunun faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə JN- 0364 KOD 30123018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş torpaq sahəsinin koordinatları tam uyğun deyilsə, hansı hissədə uyğun deyil? Həmin hissənin kimin mülkiyyətində olduğu müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2019-cu il tarixli, 25265 saylı əlavə məhkəmə tikinti texniki ekspertizasının rəyində qeyd edilmilşdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Xaçmaz LTİ-nin mühəndisi Elşad Lətifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Hacıyev Vüqar Vaqif oğlunun faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə JN-0364 KOD 30123018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş torpaq sahəsinin koordinatları uyğundur. Beləliklə müəyyən olunur ki, cavabdeh iddiaçıya imtinasında və eləcə də, apellyasiya şikayətində mübahisələndirilən torpaq sahəsinin meşə fondu torpağı kimi qeydə alındığını bildirsə də, bu hal birinci instansiya məhkəməsinin araşdırması nəticəsində öz təsdiqini tapmamışdır. Iş materiallarından görünür ki, iddiaçıya sahibkarlıq fəaliyyəti üçün satılmış 2 ha torpaq sahəsi kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Eyni zamanda, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanununun (zaman görə qüvvədə olan redaksiyada) 7.1.2-ci maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Cavabdeh iddiaçının müraciətinə imtinasında və eləcə də, apelyasiya şikayətində torpağın kənd təsərrüfatı təyinatlı olması ilə bağlı məsələni mübahisələndirməsə də, məhkəmə kollegiyası öz xidməti vəzifəsinə uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək, baza materiallarında olan xəritə materiallarına əsasən Torpağa mülkiyyət hüququna dair KOD 30123018, JN:0364 saylı, 25.05.2006-cı il tarixli dövlət aktı ilə Hacıyev Vüqar Vaqif oğluna ayrılmış Qusar rayonu, Xuray kəndi ərazisində yerləşən 2,00 hektar torpaq sahəsinin kateqoriyası barədə, kənd təsərrüfatı təyinatlı olduğu təqdirdə həmin torpaq sahəsinin kənd təsərrüfatı ehtiyacları üçün yararlılığının (yararlı, az yararlı, yararsız) hansı səviyyədə olması barədə məlumat verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti Sumqayıt Apelyasiya Məhkəməsinə ünvanladığı 20 aprel 2021-ci il tarixli, 200920301764 saylı mütəxəssis rəyinə əsasən, Torpağa mülkiyyət hüququna dair KOD 30123018, JN:0364 saylı, 25.05.2006-cı il tarixli dövlət aktı ilə Hacıyev Vüqar Vaqif oğluna ayrılmış Qusar rayonu, Xuray kəndi ərazisində yerləşən 2,00 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğu qeyd edilmiş, eləcə də bildirilmişdir ki, Hacıyev Vüqar Vaqif oğluna keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN:0364 KOD 30123018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı Qusar rayonu Xuray bələdiyyəsinin 4 aprel 2008-ci il tarixli 10 saylı qərarı əsasında tərtib edilmişdir. Həmin qərarda torpaq sahəsi yararsız göstərilmiş və həmin ərazi sahibkarlıq məqsədi üçün ayrılmışdır. Arxiv materiallarına əsasən müəyyən olunmuşdur ki, o dövrdə qeyd olunan ərazidə torpaq tədqiqatı işi aparılmadığından keyfiyyət göstəriciləri mövcud deyildir. 2014-cü ildə aparılmış irimiqyaslı çöl torpaq tədqiqatı materiallarına əsasən Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) Qusar rayonu, Xuray kəndinin ərazisindəki 2,0 ha torpaq sahəsi kənd təsərrüfatına yararlı olmaqla 34 bal, IV keyfiyyət qrupu kimi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.12.2000-ci il tarixli 230 saylı qərarına əsasən, Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının bu qərara əlavə edilmiş "Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları" cədvəli təsdiq edilmişdir. Həmin cədvəldən görünür ki, torpaqların kənd təsərrüfatına yararlığı 5 keyfiyyət qrupuna bölünmüşdür: I keyfiyyət qrupu-100-81 bonitet şkalası üzrə 85 bal; II keyfiyyət qrupu-80-61 bonitet şkalası üzrə 70 bal; III keyfiyyət qrupu-60-41 bonitet şkalası üzrə 60 bal; IV keyfiyyət qrupu-40-21 bonitet şkalası üzrə 25 bal; V keyfiyyət qrupu-20-1 bonitet şkalası üzrə -bal; JN:0364 KOD 30123018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı Dövlət aktından da görünür ki, iddiaçıya sahibkarlıq fəaliyyəti məqsədilə satılan torpaq sahəsi həmin vaxt kadastr məlumatlarına əsasən, kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla İV keyfiyyət qrupuna aid edilmiş və bonitet balı 21 müəyyən edilmişdir. Mütəxəssis tərəfindən verilmiş rəydə torpağın IV keyfiyyət qrupuna aid olmaqla yararlı olduğu göstərilsə də, kənd təsərrüfatına yararlığın dərəcəsi qeyd edilməmişdir. Bu səbəbdən kollegiya tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək, IV keyfiyyət qrupunun kənd təsərrüfatına yararlı və ya az yararlı olması barədə məlumat verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti qeyd edilən sorğuya 09 iyun 2021-ci il tarixli, 210920303205 saylı məktubla cavab ünvanlayaraq bildirmişdir ki, aparılmış torpaq tədqiqatı və laboratoriya analizlərinin nəticələrinə əsasən ərazidə ağır gillicəli, yuxa, zəif skeletli meşə altından çıxmış zəif karbonatlı dağ-qəhvəyi torpaq tipi yayılmışdır. Torpaqların ümumi bonitet şkalasına əsasən məlumdur ki, 40-21 bonitet balı arası torpaqlar IV keyfiyyət qrupuna daxildir. Sözügedən ərazinin bonitet balı 34 bal olmaqla, IV keyfiyyət qrupuna aiddir. Torpaqların bonitipovkasının 100 ballı şkala üzrə IV keyfiyyət (aşağı keyfiyyətli kənd təsərrüfatına az yaralı torpaqlar) qruplarının müəyyən edilməsində əsas tutulan və torpağın sabit diaqnostik xassə və əlamətlərini özündə ehtiva edən qiymət meyarları ilə bağlı, eyni zamanda təshih əmsalları nəzərə alınmaqla torpaq tipindən, qranulometrik tərkibindən, torpaq qatının qalınlığından, skeletliliyi və s. kimi torpaqda baş verən dəyişkən xarakterli xassə və əlamətlərdən istifadə olunmuşdur. Beləliklə müəyyən olunur ki, iddiaçıya satılmış torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olsa da, IV keyfiyyat qrupuna aid olan kənd təsərrüfatına az yararlı torpaq sahəsidir, qanunvericilikdə isə bu keyfiyyətdə olan torpaqların xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü təsbit edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.0. və 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 15-ci maddəsində müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına alınmasından imtinası üçün müəyyən edilmiş əsaslar olmadan, iddiaçının daşınmaz əmlak üzərində hüquqlarını qeydə almaqdan imtina etmiş, bununla da, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri öz təsdiqini tapmadığından şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iş üzrə məhkəmənin xidməti tapşırığına əsasən mütəxəssis rəyinin əldə edilməsi üçün mübahisəli torpaq sahəsinin inventarlaşmasına dair xərcin smetası 911.80 manat, məhkəmə ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. AR İPM-in 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinin tələbinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia təmin edildiyi üçün mübahisəli torpaq sahəsinə dair mütəxəssis və ekspert rəyinin verilməsinə dair çəkilmiş xərclər cavabdehdən tutulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2020-ci il tarixli 2-1(118)-26/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Mütəxəssis rəyinin verilməsi ilə əlaqədar çəkilmiş xərcin əvəzi olaraq 911.80 manat Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin hesabına (Kapital Bank ASC Xətai filialı, filialın kodu 200071, VÖEN: 9900003611, SWIFT kod: АIIВАZ2Х, müxbir hesab: АZ37NABZ01350100000000001944, benefisiarın adı: Kadastr və Yerqur Layiha Taqd Mar, benefisiarın hesabı: АZ23 АIIВЗ 8030019443701778107, VÖEN: 1302005671) köçürülsün. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ( VÖEN 1700326621, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN 1401555071 Müxbir hesab Az.41 NABZ01360100000000003944 SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE00000000000002088501) köçürülsün. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-26/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-26/2021
16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver