Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-26/2022 20.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə açar sözlər: müharibə veteranı vəsiqəsinin verilməsi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2021-cı il tarixli, 2-1(118)-989/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 20.05.1991-cı il tarixdən 14.08.1996cı il tarixə kimi Azərbaycan Respublikası ordu sıralarında N və N saylı hərbi hissənin tərkibində Qarabağda erməni işğalçılarına qarşı döyüşlərdə bilavasitə iştirak etmişdir. Bütün bunlar hüquqmüəyyənedici sənəd olan hərbi biletində öz əksini tapmışdır. Xidmət müddəti ərzində dəfələrlə rəhbərlik tərəfindən layiqli xidmətinə görə mükafatlandırılmışdır. Lakin bu günə qədər dəfələrlə müraciətlərinə baxmayaraq o müharibə veteranı statusu və müvafiq veteran vəsiqəsi ilə təmin olunmamışdır. Bununla əlaqədar Müdafiə Nazirliyinə ərizə ilə müraciət etsə də, veteran adı və veteran vəsiqəsi ilə təmin olunmamış, lakin onunla birlikdə döyüş bölgələrində iştirak etmiş şəxslər veteran adı və veteran vəsiqələri ilə təmin olunublar. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq onun haqlı olaraq haqq etdiyi veteran adının və vəsiqəsinin ona verilməsinə dair məsələ məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazları:
3. Cavabdehin iddiaya etirazında qeyd edilir ki, iddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasının məktubunu mübahisələndirmişdir. 17.10.2020-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçının 24.12.N-cü il tarixdən sonra N və N nömrəli hərbi hissələrdə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N-ci il tarixli 216 N-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisin 17.10.1997ci il tarixli, 383-İ QR Qərarın 9-cu bəndinə əsasən: "... Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.” Həmin Qərarda göstərilir ki, ... törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N-ci il tarixli 216 Ns-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün e'zam olunmuş, həmçinin hərbi qulluqçulara 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edilir. Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2021-cı il tarixli, 2-1(118)-989/2021 saylı qərarı (hakim C.B.Məmmədov) ilə iddia təmin edilərək İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
5. Qərardan narazı qalan cavabdeh Müdafiə Nazirliyinin nümayəndəsi apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2021-cı il tarixli, 2-1(118)- 989/2021 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apellyasiya şikayətinin dəlilləri:
6. Cavabdeh Müdafiə Nazirliyinin apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İPM-nin 12.1-ci maddəsinə əsasən: “Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.” Məhkəmə tərəfindən həmin maddənin, həmçinin “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2018-ci il tarizli, 422 №-li Qərarının müddəalarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.11.2016-cı il tarixli, 438 №-li Qərarının 1.1.3-cü bəndi də nəzərə alınmadan qərar qəbul edilmişdir. Məhkəmənin qərarında iddiaçının 702, N nömrəli hərbi hissədə xidmət etməsi və 1996-cı ildə ehtiyata buraxılması götərilsə də, məhkəmənin belə nəticəyə gəlməsi üçün hansı rəsmi məlumata və ya mötəbər sənədə istinad etməsi qərarda öz əksini tapmamışdır. Məhkəmə bu istiqamətdə nə sorğu etmiş, nə də araşdırma aparmamışdır. Halbuki, iddiaçının 24.12.N-cü ii tarixdən sonra N və N nömrəli hərbi hissədə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N-ci il tarixli, 216 №-li Qərarına dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2018-ci il tarixli 422 №-li Qərarına əsasən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissəsi üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Yəni müharibə veteranı sayılması üçün hansı sənədlərin olması göstərilmişdir və hərbi biletdə olan yazılar arxiv arayışları və əmrlərlə təsdiq olunanda mötəbər sayılır. İddiaçının hərbi biletində olan qeydlər arxiv arayışları ilə öz təsdiqini tapmadığından, həmçinin orada olan möhürlərin, qeydlərin kim tərəfindən və hansı şəraitdə yazılması məlum deyil. Bu isə o deməkdir ki, hərbi biletdə olan qeyrimüəyyən yazılar: “İnzibati İcraat haqqında” Azərbaycan Respublikam Qanununun 19.1 -ci maddəsinə görə mötəbər sayıla bilməz. Həmçinin məhkəmə qərarında (məhkəmənin nəticəsi) elə iddianın rədd edilməsi üçün əsaslardan biri açıq-aydın göstərilmişdir. Belə ki, qərarın 6-cı səhifəsindəki, 2-ci abzasda göstərilmişdir ki, “... İddiaçı ... əksinə xidmətini digər qurumlarda (DİN) davam etdirməklə Müdafiə Nazirinin 14.08.1996-cı il tarixli əmrinə əsasən ordu sıralarından tərxis olunub. Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.11.2016-cı il tarixli, 438 nömrəli Qərarına əsasən əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, ehtiyata buraxıldığı qurum tərəfindən “Müharibə veteranı” adı və vəsiqəsi verilir. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N-ci il tarixli, 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.11.2016-cı il tarixli, 438 nömrəli qərarının 1.1.3-cü bəndində göstərilmişdir ki, “Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslər (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteran adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyyata və istiefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Yuxarıda qeyd olunanlardan aydın görmək olar ki, İddiaçı iddia tələbi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyula biiməzdi. Məhkəmə İPM-nin 28.2-ci maddəsini rəhbər tutaraq, zəruri cəlbetməyə görə iddia tələbi ilə bağlı aidiyyəti dövlət orqanını müəyyən etməli və inzibati prosesə cəlbe etməli idi. Azərbaycan Respublikasının İPM-nin 28.2-ci maddəsinə əsasən Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifəyət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N-ci il tarixli, 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, siahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “qeyd” hissəsi əlavə olunmuşdur. b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. İddiaçının apellyasiya şikayətinə etirazında qeyd edilir ki, Sumqayıt İnzibati Məhkəməsinin 02.06.202l-ci il tarixli qərarından şikayət edən cavabdeh əsassız olaraq müddəti uzatmaq, vətəndaşı süründürmək məqsədilə apellyasiya şikayəti vermişdir. Hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, cavabdeh qeyd edir ki, “Sumqayıt İnzibati Məhkəməsi qanunsuz qərar qəbul edib. Əsası kimi onu da göstərmişdir ki, onun hərbi xidmətdən tərxisi əsassızdır. Həmçinin onun DİN-də xidmətinin davam etdirməsidir”. Bildirir ki, hərbi biletindən də görsənir ki, həqiqi hərbi xidmətdən 14.08.1996-cı ildə müdafiə nazirinin əmri ilə tərxis olunmuşdur. Həmin fakt iş materiallarına əlavə etdiyi SHXÇDX tərəfindən verilmiş “Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair” elektron arayışından da təsdiqlənir. Ondan əlavə hərbi biletində hər şey açıq aydın görünür. Bu faktlar əsasında Sumqayıt İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli qərarı qanuni olaraq qəbul edilmişdir. Cavabdeh tərəfindən verilmiş 27.07.2020-ci il tarixli, 9/2-7905 nömrəli arxiv arayışında qeyd olunur ki, xidmət etdiyi hərbi hissələrin nizami hissə üzrə əmrləri nazirliyin arxivinə daxil olmamışdır. Qeyd edir ki, cavabdeh həqiqi hərbi xidmət edən qulluqçuların əksəriyyətinə eyni məzmunlu cavab verir. Bu hal cavabdehin qeyriobyektivliyinə dəlalət edir. Həmçinin cavabdehin Daxili İşlər Nazirliyində xidmət etdiyi ilə bağlı arqumentinə münasibətdə bildirir ki, ordudan qanuni şəkildə tərxis ediləndən sonra Daxili İşlər Nazirliyində xidmətə başlamışdır. Bu hal cavabdehin nə qədər absurd münasibət gətirdiyinə bir daha dələlət edir. Həmçinin qeyd edir ki, hər bir Azərbaycan Respublikasının vətəndaşı qanuni əsaslarla istənilən dövlət müəssisəsində işləyə bilər. Hətda onun ordudan tərxis olunandan sonra Daxili İşlər Nazirliyində xidmət etməyi ona əsas verir ki, demək qanuni əsaslarla ordudan tərxis olunduğuna görə DİN-də xidmət etməyə başlamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin əsassız hesab edilməsini və Sumqayıt İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə təqdim edilmiş edilmiş etiraz ərizəsində qeyd edilənlərə uyğun izahat verərək onu da vurğuladı ki, 1996-2001-ci illər ərzində Daxili İşlər Nazirliyində işləmiş, öz ərizəsilə Daxili İşlər Nazirliyindən işdən çıxmış və işdən çıxmağıma səbəb mədəsin də olan xəstəliyi olmuşdur. N saylı hərbi hissədə də xidmət keçmiş, həmin hissə döyüşən hərbi hissə olmuş, hətta N saylı hərbi hissədə döyüşərkən Zəngilan rayonunda əsir götürülmüş, sonradan əsirlikdən qurtulmuş, hərbidə olarkən hərbi hissəni tərk etməmiş, heç bir hərbi cinayətə görə məhkum olunmamış, barəsində heç vaxt cinayət işi açılmamışdır.
9. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə cavabdeh tərəf rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə sorğularını cavablandırmaqla apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədbiq edilən hüquq
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
12. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
13. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
14. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
15. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
16. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
17. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
18. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
19. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
20. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
21. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
22. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
23. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
24. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
25. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
26. Azərbaycan Respublikasının “Veteranlar haqqında” Qanunu: Maddə 3. 1-ci hissə, 3-cü abzas: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. 1-ci hissə: Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. 3-cü hissə: Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
27. Azərbaycan Respublikasının Hərbi qulluqcuların statusu haqqında Qanununun 3cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
28. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” 10.06.1992-ci il tarixli Qanun: Maddə 24. Səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, hərbi vəzifəlilər isə hərbi xidmətə çağırılır. Maddə 26. Səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
30. Azərbaycan Respublikası müdafiə nazirinin 1998-ci il 06 yanvar tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı”adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdən çıxarışın mütləq təqdim edilməsi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hazırkı qərarın 11-20-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq, iddiaçı tərəfin izahatını dinləyib, cavabdeh tərəfin sorğulara cavablarını, habelə məhkəmə tərəfindən əldə edilən sübutlarla apellyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
32. Belə ki, iş materiallarında olan Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilən 25.06.2020-ci il tarixli arxiv arayışından müəyyən olunur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin 03.12.1992-ci il tarixli 3 nömrəli əmrilə İİİ taborun tərkibində nişançı vəzifəsinə təyin olunmuş, həmin hərbi hissənin N nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin sərəncamına göndərilmiş hərbi qulluqçuların siyahısında İddiaçı adı da qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin dekabr N-cü il, yanvar-dekabr 1994-cü tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.
33. Məhkəmə kollegiyasının sorğusuna əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsindən İddiaçı 1996-cı ildə hansı əsaslarla hərbi uçota götürülməsi və s. halların aydınlaşdırılmasına dair sorğuedilən orqanın 28.03.2022-ci il tarixli cavab məktubundan görünür ki, 1973-cü il təvəllüdlü İddiaçı hərbi uçota götürülərkən təqdim etdiyi sənədlərin saxlanma müddəti bitdiyi üçün ləğv edilmişdir.
34. Məhkəmə kollegiyasının sorğusuna əsasən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 31.03.2022-ci il tarixli cavab məktubundən görünür ki, N saylı hərbi hissə komandirinin yanvar N-ci il, avqust 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmaması eyni zamanda sonuncuya məxsus hərbi biletin kserosurətində qeyd edilimiş 21.01.N-ci il tarixli 124 №-li və 14.08.1996-cı il tarixli 369 №-li əmrlər də N saylı hərbi hissə komandirinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivində nizami hissə üzrə əmrlərində öz əksini tapmamışdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunması faktı da tam sübuta yetirilməlidir. Qanunvericiliyin tələblərinə əsasən müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul edir və belə bir fərman qəbul ediləndən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Müdafiə Naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin ehtiyata və ya istefaya buraxılması barədə əmr qəbul edirlər. Beləliklə, hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti 09 oktyabr 1991-ci il tarixindən müxtəlif vaxtlarda başlana bilər, lakin onun dövrü 10 may 1994-cü il tarixini əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin tərxisetmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı 23 yanvar 1996-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı 23 iyun 1996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı 29 sentyabr 1996-cı il tarixində qəbul edilmişdir. Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər.
36. Beləliklə, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdən çıxarışın olmaması səbəbindən cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş, bu baxımdan hazırki qərarın 6-cı bəndində qeyd edilən cavabdehin apellyasiya şikayətinin dəlillərilə məhkəmə kollegiyası əsasən razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni hazırkı qərarın 26-30-cu bəndlərində istinad edilən normaların tələbləri baxımından düzgün əsaslandırmayaraq səhv nəticəyə gəlmiş ona görə də Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2021-cı il tarixli, 2-1(118)-989/2021 saylı qərarı ləğv edilməli, iddiaçının istinad etdiyi arxiv arayışında və hərbi biletindəki müvafiq qeydlərin digər rəsmi sənədlərlə təsdiq edilməməsi, ən əsası isə İddiaçı hərbi biletində aparılmış qeydlərə əsasən tərxis olunduğu əmrin müdafiə nazirliyinin arxiv sənədlərində müəyyən edilmədiyindən iddiçının iddiasının təmin edilməsinə dair qanuni əsaslar olmadığından iddia tələbi təmin edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2021-cı il tarixli, 2-1(118)-989/2021 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.