Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-26/2023 01.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və X5 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2-1(118)-995/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 24 may 2013-cü il tarixli, 319 nömrəli qərarına əsasən Siyəzən RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü il tarixdə aldığı və xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək MN MHKH-da müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Döş qəfəsinin dəlib keçən odlu güllə yaralanması, Hemopnevmotoraks” və xx.xx.1993-cü ildə MN MHKH cərrahiyyə profil hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsidiaqnoz: “Döş qəfəsinin sol yarasına nüfuz edən dəlib küçən güllə yaralanması, hemopnevmotoraks (xx.xx.1993), yaranın birincili cərrahi işlənməsi, torakosentez əməliyyatının nəticələri, xarici tənəffüs funksiyasının pozulması ilə, Sol bazunun yumşaq toxumasını dəlib keçən güllə yarası” (Siyəzən Rayon bölməsinin xx.xx.2013-cü il tarixli 63 nömrəli göndərişi, xx.xx.2013-cü il tarixli 4/117 nömrəli arayışı, MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, xx.xx.2013-cü il tarixli 614 nömrəli arayış, MN MHHK-nin həkim mütəxəssisi-cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir. TSEK-in elektron informasiya sistemindən çıxarışlara əsasən, iddiaçı ilk dəfə xx.xx.2013-cü il tarixində TSEK-də müayinədən keçmiş və ona “Döş qəfəsini dəlib keçən odlu silah yaralanması hemopnevmotoraks sol bazunun yumşaq toxumalarını dəlib keçən güllə yaralanmasından s\v TÇ İİ dərəcə soltərəfli postravmatik çiyin pleksopatiyası” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra əlillik hər dəfə 1 il müddətinə olmaqla 2016-cı il tarixədək, 2016-cı il tarixində 5 il müddətinə uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Siyəzən Rayon Mərkəzi Poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixli 0317003AADA6 nömrəli göndəriş verilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, “Göndərişin natamam doldurulması – Səbəb: Xəstə ixtisaslaşmış tibbi müəssisəsində müayinə olunmalı, patofunksional dəyişikliklər dəqiqləşdirilməlidir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı barəsində Siyəzən Rayon Mərkəzi Poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixli 0317003AADC6 nömrəli göndəriş tərtib edilərək TSEK-ə göndərilmiş və həmin göndəriş xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən yenidən imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xəstəliyinə görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1974-cü il tarixdə anadan olmuş, xx.xx.1992-ci ildə N nömrəli hərbi hissədə müddətdən artıq hərbi xidmət edən əsgər kimi xidmət etmiş, xidmət zamanı onda xəstəliklər əmələ gəlmişdir. Belə ki, iddiaçı özünü Birinci Qarabağ müharibəsindən sonra narahat hiss edir, xəstəliyi baş beyin travma ağrıları, ürəyində güllə yarasının ağrıları, qarın nahiyyəsində kəskin ağrılar, iştahsızlıq, qəbizlik kimi əlamətlərlə başlamışdır. Bununla bağlı hərbi hospitalda bir sıra müayinələr almış, Hərbi Həkim Hospitalının rəyi nəzərə alınaraq ona məzuniyyət verilmişdir. Həmin vaxt da müalicələr də almış, lakin bundan sonra da yenidən ağrıları başlamış və Hərbi Həkim Komissiyasının Qərarı ilə sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı qismində ordudan tərxis olunmuşdur. Qərarda onun xəstəliyinin xidmət dövrünə təsadüf etməsi də vurğulanmışdır. Ona cavabdeh orqan tərəfindən son dəfə xx.xx.2016-cı il tarixdə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyin edildiyi tarixdən 2021-ci ilin oktyabrına qədər ona əlilliyə görə əmək pensiyası ödənilmişdir. 2021-ci ilin oktyabr ayında əlilliyinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixində məlumat almışdır. Cavabdeh inzibati orqan tərəfindən ona imtina məktubu verilmişdir. Qeyd edir ki, əlavə müayinə və müalicəyə ehtiyacı var və müalicə potensialı tükənməyib. Müharibədən sonra səhhəti ilə bağlı heç yerdə işləyə bilmir. Hesab edir ki, cavabdeh hərbi həkim komissiyasının qərarında göstərilənləri nəzərə almamışdır, imtina əsassızdır. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Siyəzən Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: XİX Sinif -Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 -Döş qəfəsinin travmaları => S21 - Döş qəfəsinin açıq yarası => S21.7 - Döş qəfəsinin divarının...; Diaqnozun mətni: döş qəfəsini dəlib keçən odlu silah yaralanması hemopnevmotoraks sol bazunun yumşaq toxumalarını dəlib keçən güllə yaralanmasından s\v TÇ İİ dərəcə soltərəfli postravmatik çiyin pleksopatiyası; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: digər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Siyəzən Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 - Döş qəfəsinin travmaları => S21 - Döş qəfəsinin açıq yarası => S21.7 - Döş qəfəsinin divarının...; Diaqnozun mətni: döş qəfəsini dəlib keçən odlu silah yaralanması hemopnevmotoraks sol bazunun yumşaq toxumalarını dəlib keçən güllə yaralanmasından s\v TÇ İİ dərəcə soltərəfli postravmatik çiyin pleksopatiyası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: digər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Siyəzən Rayon Mərkəzi Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => V01-X59 - Bədbəxt hadisələr => W00-X59 - Əsas etibarı ilə kənd təsərrüfatında istifadə edilən xüsusi nəqliyyat vasitəsində olan və nəqliyyat bəd...; Diaqnozun mətni: Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş. Dəqiqləşdirilməmiş ağrı. Travmatik pnevmotoraks. Posttravmatik stress pozuntusu; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Siyəzən Rayon Mərkəzi Poliklinikasının xx.xx.2021-ci il tarixli 0317003AADA6 saylı göndərişi əsasında baxılmış və “X3: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 - Döş qəfəsinin travmaları => S21 - Döş qəfəsinin açıq yarası => S21.9 - Döş qəfəsinin dəqiqləş...; Diaqnozun mətni: Əsas diaqnoz W33 Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, Sol döş qəfəsinin və sol nahiyəsinin dəlib keçən yarasından sonrakı vəziyyət, ağrı ilə (xx.xx.1993) Ağırlaşma R06.8 Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs, Tənəffüs çatmamazlığı İİ dərəcə. Ağırlaşma R 52.9 Dəqiqləşdirilməmiş ağrı; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstə ixtisaslaşmış tibb müəssisəsində müayinə olunmalı, patofunksional dəyişikliklər dəqiqləşdirilməlidir” səbəbi ilə imtina verilmişdir. Siyəzən Rayon Mərkəzi Poliklinikasının xx.xx.2021-ci il tarixli 0317003AADC3 saylı göndərişi əsasında baxılmış və “X3: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => V01-X59 - Bədbəxt hadisələr => W00-X59 - Əsas etibarı ilə kənd təsərrüfatında istifadə edilən xüsusi nəqliyyat vasitəsində olan və nəqliyyat bəd...; Diaqnozun mətni: Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, Sol döş qəfəsinin və sol nahiyəsinin dəlib keçən yarasından sonrakı vəziyyət, ağrı ilə (xx.xx.1993). Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs, Tənəffüs çatmamazlığı İİ dərəcə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2-1(118)-995/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim C.Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iş üzrə agentlik tərəfindən aparılmış yenidən müayinə nəticəsində iddiaçı əyani müayinə olunmuş və ona təyin edilmiş diaqnozun əlilliyin təyininə əsas verməməsi ilə öz təsdiqi tapmışdır. Bundan başqa iddiaçıya əlilliyin təyini üçün qanunvericiliyin tələbinə əsasən eyni xəstəliklə fasiləsiz və ya son bir il ərzində fasilələrlə 6 aydan çox müddətə müalicənin aparılması, müalicə nəticəsində orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və bu xəstəlik nəticəsində şəxsin əmək fəaliyyətinin mümkün olmaması və ya çətinləşməsi kimi halların mövcudluğu aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçıda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci maddəsində səciyyələnmiş sənədlərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi yalnız cavabdeh orqanın təqdim etdiyi sənədlərlə kifayətlənərək əsassız qərar qəbul etmişdir. Qeyd edir ki, Hərbi Həkim Komissiyasının qərarı, arayışlar, ambulator kartadan çıxarış, epikriz, məsləhət vərəqi, psixonevroloji mərkəzin məktubunun surətindən görünür ki, onun xəstəliyi davamlıdır, müalicə və müayinələrdə olur. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, X4 Mərkəzinin xx.xx.2023-cü il tarixli E00097210QHQ saylı göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakətdən sonra yaranan şəxsiyyət dəyişkənliyi, intihar cəhdləri ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Xüsusi səbəbdən- Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik səbəbi ilə əlaqədar - Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir” səbəbi İlə imtina verilmişdir. Bundan əlavə, iddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfindən 08 iyun 2023-cü il tarixli 3-17-4/3-3- 3672/2023 nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0317003AADC3 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir. (ESDAS **********8). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 319 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Döş qəfəsinin dəlib keçən odlu güllə yaralanması. Hemopnevmotoraks. Döş qəfəsinin sol yarısına nüfuz edən dəlib keçən qüllə yaralanması, hemopnevmotoraks (xx.xx.1993), yaranın birincili cərrahi işlənməsi, torakosentez (xx.xx.1993) əməliyyatının nəticələri, xarici tənəffüs funksiyasının pozulmaması ilə. Sol bazunun yumsaq toxumasının dəlib keçən güllə yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilməlidir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Müayinə zamanı boğulmalardan, baş ağrılarından şikayətlənmiş, sol bazu və döş qəfəsin sol yarısının ön səthini toxunub keçən güllə yaralanması, torakosentez əməliyyatından sonrakı drenaj izləri müşahidə edilmişdir. Auskultasiyada ağciyərlər üzərində vezikulvar tənəffüs, keçiriciliyi simmetrik, Sp02 97% müəyyən edilmişdir. Əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkarlanmamışdır” kimi qeyd olunmuş, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı kəskin başağrılarından şikayətlənmişdir. Anamnestik məlumatlarında 19 yaşında müharibəyə aparıldığını, yoldaşlarının ölümünə şahid olduğunu, baş ağrıları ilə bağlı tez-tez təcili yardıma müraciət etdiyini, dəfələrlə özünə qəsd cəhdlərinin olduğunu, E.İsmayılovun (həkim-psixiatr) qəbulunda özünü “kəsib doğradığını” bildirmiş, dərman qəbul etmədiyini, dərmaların ona kömək etmədiyini qeyd etmişdir. Müayinə zamanı sol bazunun aşağı 1/3-də və döş qəfəsinin ön səthində köndələn istiqamətdə ~ 20 sm ölçüdə çapıq toxuma, soltərəfli torakosintez əməliyyatına müvafiq yumşaq toxuma çapığı izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız müşahidə edilmişdir. Auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiyası 97%, nəbzi 92 vurğu, tənəffüs sayı 16 müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. Psixi statusunda saidin ön səthində biri dərin olmaqla (tikiş çapığıda izlənilmiş) bir neçə ədəd özünə xəsarət izləri izlənilmiş, müayinə gedişatında əlin əsməsini simulasiya etmişdir. Anamnestik məlumatların əsaslanaraq, müalicə potensialının tükənmədiyini nəzərə alınmış, diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə ixtisaslanmış tibb müəssisəsinə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mİrqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2020-ci il tarixli 10843 nömrəli Məsləhət vərəqində diaqnoz “Qeyri-müyyən mənşəli psixotabənzər sindrom” kimi qeyd olunmuşdur. X8 Mərkəzinin xx.xx.2021-xx.xx.2021-ci il tarixli ******* nömrəli çıxarışda diaqnoz “Döş qəfəsinin odlu silah yaralanmasından sonrakı vəziyyət. Xroniki obstruktiv bronxit. Tənəffüs çatmazlığı İİ dərəcə. NSD. Digər qarışıq həyəcan pozuntuları. Ağciyərin digər dəqiqləşdirilməmiş xroniki obstruktiv xəstəliyi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na müvafiq olaraq Xüsusi səbəbdən - diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik səbəbi ilə əlaqədar – müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli Qanun qüvvəyə minənə qədər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanun: Maddə 3. Tibbi-sosial ekspertiza Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun (iddiaçının əlil olduğu dövrdə qüvvədə olan redaksiyası): Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 nömrəli Fərmanı: (-).
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; (-).
“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1.“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur). (-).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.3-cü bənd. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (-) 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9). (-) 6-cı bənd. Keçid müddəalar 6.1. Bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılır. (-).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (-) 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; (-). 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il “26” dekabr tarixli “19-1” nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə” Təlimat: 1.1-ci bənd. Bu Təlimat Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 163-cü maddəsinin birinci hissəsinə əsasən hazırlanmışdır və Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə (bundan sonra Silahlı Qüvvələr), hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda), habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmət (hərbi toplanış) keçmiş şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması qaydalarını tənzimləyir. 2.1-ci bənd. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra – Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; (xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyası – “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar”) (çıxarılmışdır) 2.1.3. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik; 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 2.1.5. Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik; 2.1.6. Ümumi xəstəliklə əlaqədar əlillik.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, iddiaçı ilk dəfə xx.xx.2013-cü il tarixində TSEK-də müayinədən keçmiş və ona “Döş qəfəsini dəlib keçən odlu silah yaralanması hemopnevmotoraks sol bazunun yumşaq toxumalarını dəlib keçən güllə yaralanmasından s\v TÇ İİ dərəcə soltərəfli postravmatik çiyin pleksopatiyası” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra əlillik hər dəfə 1 il müddətinə olmaqla 2016-cı il tarixədək, 2016-cı il tarixində 5 il müddətinə uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Siyəzən Rayon Mərkəzi Poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixli 0317003AADA6 nömrəli göndəriş verilmişdir. Həmin 0317003AADA6 nömrəli (Forma 88) saylı göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – XBT 10 W33 “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş. Sol döş qəfəsinin sol nahiyəsinin dəlib keçən yarasından sonrakı vəziyyət, ağrı ilə (xx.xx.1993)”, Ağırlaşmaları: R06.8 “Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs. Tənəffüs çatmamazlığı İİ dərəcə”, R52.9 “Dəqiqləşdirilməmiş ağrı“, S27.0 “Travmatik pnevmotoraks”, Yanaşı xəstəliklər G64 “Periferik sinir sisteminin digər pozğunluqları” qeyd edilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, “Göndərişin natamam doldurulması – Səbəb: Xəstə ixtisaslaşmış tibbi müəssisəsində müayinə olunmalı, patofunksional dəyişikliklər dəqiqləşdirilməlidir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı barəsində Siyəzən Rayon Mərkəzi Poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixli 0317003AADC6 nömrəli göndəriş tərtib edilərək TSEK-ə göndərilmiş və həmin göndəriş xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən yenidən imtina edilmişdir. İddiaçı qeyd edilən imtina cavabları ilə razılaşmayaraq ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin 02 mart 2022-ci il tarixli qərardadı ilə iddiaçı əyani müayinəyə dəvət edilərək onun əlillik vəziyyətinin cavabdeh tərəfindən qiymətləndirilməsi üçün 1 aylıq müddət təyin edilmişdir. İşə baxan məhkəmənin müvafiq qərardadı cavabdeh tərəfindən icra olunaraq iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqanda nəzarət qaydasında əyani müayinə olunmuş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən yenidən imtina edilmişdir. Eləcə də, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 20 aprel 2022-ci il tarixli **********3 nömrəli qərarının 14-cü hissəsindən görünür ki, xəstənin (İddiaçı) hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş. Sol döş qəfəsinin sol nahiyəsinin dəlib keçən yarasından sonrakı vəziyyət, ağrı ilə (xx.xx.1993). Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs. Tənəffüs çatmamazlığı İİ dərəcə” araşdırılmış, müayinə zamanı boğulmalardan, baş ağrılarından şikayətlənmiş, sol bazu və döş qəfəsin sol yarısının ön səthini toxunub keçən güllə yaralanması, torakosentez əməliyyatından sonrakı drenaj müşahidə edilmişdir. Auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs, keçiriciliyi simmetrik, SpO2 97% müəyyən edilmişdir. Əlillik təyinatına əsas verən xroniki tənəffüs çatmamazlığı əlamətləri aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsində icraat zamanı da iddiaçının əlilliyi cavabdeh tərəfindən yenidən qiymətləndirilərək ona əlilliyin təyin edilməsindən imtina cavabı verilmişdir. Kollegiya qeyd edir ki, cavabdeh imtina məktubu, iddia ərizəsinə və apellyasiya şikayətinə etirazın dəlillərində iddiaçıya qoyulmuş diaqnozun əlillik təyini üçün əsas verməməsini bildirsə də, yuxarıda qeyd olunan sənədlərdəki məlumatlardan müəyyən olunur ki, iddiaçıya ilkin əlilliyin təyini və təkrar əlillik üçün müayinə zamanı qoyulan diaqnozlar eyni olmuşdur. Başqa sözlə, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2013-cü il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin etsə də, hazırda həmin diaqnozun əlillik təyini üçün əsas olmadığını iddia edir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Belə olan halda, 2013-cü ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Həmçinin, iş materiallarından görünür ki, Siyəzən Rayon Mərkəzi Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında iddiaçıya 2016-cı il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.9-cu bəndinə müvafiq olaraq (qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...) “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Əsasnamənin 2.2.9-cu bəndindən görünür ki, həmin normada XBT G kodlu “Qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəkikoordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri” təsbit edilmişdir. İşin yuxarıda qeyd edilən hallarından da göründüyü kimi iddiaçı barəsində tərtib edilmiş 2021-ci il tarixli 0317003AADA6 nömrəli və 0317003AADA6 nömrəli göndərişlərdə TSEK-ə göndəriş zamanı yanaşı xəstəlik kimi G64 “Periferik sinir sisteminin digər pozğunluqları” diaqnozlu xəstəlik göstərilmişdir. Yəni, cavabdeh tərəfindən 2016-cı il tarixdə iddiaçıya əlilliyin təyin edilməsinə əsas olmuş xəstəliklərdən biri də G64 kodlu xəstəlik olmuşdur. Cavabdeh dəlillərində əvvəlki mövqeyindən fərqli olaraq təkrar əlilliyin təyini zamanı diaqnozun əlilliyə əsas verməməsi halına istinad etsə də, o, əvvəlki davranışından fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. Bundan əlavə, işdə olan AR Səhiyyə Nazirliyi Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzi tərəfindən X8 Mərkəzinə ünvanlanmış 13 may 2022-ci il tarixli, 915 nömrəli məktubdan görünür ki, Siyəzən rayonu, Böyük Həmyə kəndində yaşayan xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixində Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzində həkim psixiatrik komissiyasında olmuş və ona F48 “Kəskin astenonevrotik vəziyyət” diaqnozu qoyulmuşdur. Bu baxımdan, məhkəmə kollegiyasının 10 avqust 2022-ci il tarixli qərardadı ilə iddiaçı barəsində tərtib edilmiş 0317003AADA6 nömrəli Forma 88 göndərişində əsas xəstəlik və ağırlaşmaları kimi qeyd edilmiş “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş. Sol döş qəfəsinin sol nahiyəsinin dəlib keçən yarasından sonrakı vəziyyət, ağrı ilə, Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs. Tənəffüs çatmamazlığı İİ dərəcə, Dəqiqləşdirilməmiş ağrı” və yanaşı xəstəlik kimi qeyd edilmiş “Periferik sinir sisteminin digər pozğunluqları” xəstəlikləri və əlavə olaraq F48 “Kəskin astenonevrotik vəziyyət” xəstəliyinin aşkar edilib-edilməməsi ilə bağlı iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Həmin ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 publik hüquqi şəxsi tərəfindən verilmiş T428/2022 nömrəli ekspert rəyindən ekspertiza tədqiqatının prosessual qanunvericiliyin tələbinə zidd olaraq təkcə Məhkəmə-Tibbi Ekspertiza və X9 publik hüquqi şəxsinin məhkəmə-tibb eksperti tərəfindən deyil, həmçinin, cavabdeh Agentliyin tibbi-sosial ekspertinin iştirakı ilə həyata keçirildiyi müəyyən edilmişdir. Ekspertiza tədqiqatı qanunvericiliyin tələbləri pozulmaqla aparıldığından məhkəmə kollegiyası tərəfindən təkrar məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi cavabdeh inzibati orqanın ekspertləri cəlb edilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 publik hüquqi şəxsinin başqa ekspertlərinə tapşırılmışdır. Məhkəmə-Tibbi Ekspertiza və X9 publik hüquqi şəxsi tərəfindən verilmiş 998 nömrəli ekspert rəyində qeyd edilir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı məhkəmə-tibbi müayinədən keçirilmişdir. İddiaçı Siyəzən Rayon Mərkəzi Poliklinikasında xx.xx.2021-ci il tarixdə müayinə zamanı W33 “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş. Sol döş qəfəsinin sol nahiyəsinin dəlib keçən yarasından sonrakı vəziyyət, ağrı ilə (xx.xx.1993)” R06.8 “Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs. Tənəffüs çatmamazlığı İİ dərəcə” müəyyən edilmişdir. Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzində F48 “Kəskin astenonevrotik vəziyyət” müəyyən edilmişdir”. Ekspert rəyindən müəyyən edilir ki, iddiaçı canlı müayinə olunmaqla onda W33 “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş. Sol döş qəfəsinin sol nahiyəsinin dəlib keçən yarasından sonrakı vəziyyət, ağrı ilə (xx.xx.1993)” R06.8 “Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs. Tənəffüs çatmamazlığı İİ dərəcə” və F48 “Kəskin astenonevrotik vəziyyət” diaqnozlu xəstəliklər aşkar edilmişdir. Göründüyü kimi iddiaçıya ilkin və təkrar “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə əlilliyin təyinatı zamanı əsas olmuş xəstəlik hazırda da aşkar edilmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsindən imtina cavabı verərkən haqlı olmamışdır. Digər tərəfdən, apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün X4 Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli E00097210QHQ nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən iddiaçı son 1 il ərzində - xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə F62.0 “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” xəstəliyi ilə ambulator müayinədə, xx.xx.2022-ci il tarixdə X4 Mərkəzində, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Respublika Psixiatriya Xəstəxanasında F48.0 “Nevrasteniya”, xx.xx.2023-cü il tarixdə Bakı Psixi Sağlamlıq Mərkəzində F62.0 “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozlu xəstəliklərlə stasionar müalicədə olmuşdur. TSEK-ə göndəriş zamanı əsas diaqnoz F62.0 “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, fəlakətdən sonra yaranan şəxsiyyət dəyişkənliyi, intihar cəhdləri ilə, ciddi nəzarət”, ağırlaşması: F48.0 “Nevrasteniya, kəskin astenonevrotik vəziyyət” kimi müəyyən edilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Xüsusi səbəbdən - diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik səbəbi ilə əlaqədar – müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Həmçinin, Dövlət Tibbi-Sosial Ekspertiza və X6-sosial Ekspert Komissiyasının 08 iyun 2023-cü il tarixli 3-17-4/3-3- 3672/2023 nömrəli qərarının 20-ci hissəsindən görünür ki, iddiaçının əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın anamnestik məlumatlarına əsaslanaraq, müalicə potensialının tükənmədiyi nəzərə alınmış, diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə ixtisaslaşdırılmış tibb müəssisəsinə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2020-ci il tarixli 10843 nömrəli Məsləhət vərəqində diaqnoz “Qeyri-müəyyən mənşəli psixotabənzər sindrom” kimi qeyd olunmuşdur. X8 Mərkəzinin xx.xx.2021-xx.xx.2021-ci il tarixli ******* nömrəli çıxarışda diaqnoz “Döş qəfəsinin odlu silah yaralanmasından sonrakı vəziyyət. Xroniki obstruktiv bronxit. Tənəffüs çatmazlığı İİ dərəcə. NSD. Digər qarışıq həyəcan pozuntuları. Ağciyərin digər dəqiqləşdirilməmiş xroniki obstruktiv xəstəliyi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na müvafiq olaraq Xüsusi səbəbdən - diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik səbəbi ilə əlaqədar – müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilənləri ümumiləşdirərək kollegiya qeyd edir ki, həm cavabdeh inzibati orqanda icraat zamanı, həm də məhkəmə icraatları zamanı iddiaçı barəsində bir neçə dəfə göndəriş (Forma 88) rəsmiləşdirilərək əlilliyin təyini üçün TSEK-ə göndərilmiş, hər dəfəsində ona imtina cavabı verilmişdir. Sonuncu dəfə apellyasiya instansiyasında icraat zamanı iddiaçı barəsində əsas diaqnoz F62.0 “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, fəlakətdən sonra yaranan şəxsiyyət dəyişkənliyi, intihar cəhdləri ilə, ciddi nəzarət”, ağırlaşması: F48.0 “Nevrasteniya, kəskin astenonevrotik vəziyyət” diaqnozlu xəstəliklər qeyd edilməklə X4 Mərkəzi tərəfindən tərtib edilmiş E00097210QHQ nömrəli göndəriş cavabdeh tərəfindən qiymətləndirilərək “Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Xüsusi səbəbdən - diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik səbəbi ilə əlaqədar – müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, X4 Mərkəzi tərəfindən iddiaçı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli E00097210QHQ saylı göndərişdə (Forma 88) qeyd edilən əsas xəstəlik və ağırlaşması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, eləcə də göndərişin tərtib edildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” tələblərinə əsasən, əlilliyin təyin edilməsinə əsas verir. Belə ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin: - 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (-) 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9). Beləliklə, müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli E00097210QHQ nömrəli Forma 88 göndərişdəki əsas xəstəlik kimi qeyd edilmiş F62.0 kodlu, ağırlaşması kimi qeyd edilmiş F48.0 kodlu xəstəliklər Əsasnaməyə əsasən, iddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmiş və sözügedən xəstəliklər X2 da daxil edilmişdir. Habelə, “Əlilliyin müəyyən olunması meyarları” nın 7-ci “Psixi və davranış pozuntuları” bölməsinin 7.7.1-ci yarımbəndində F62.0 ”Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozlu xəstəliyi əlilliyin təyin edilməsinə əsas verir. Kollegiya həmin xəstəliklərin iddiaçıya münasibətdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaranıb-yaranmaması ilə bağlı yuxarıda qeyd edilən “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə” Təlimata istinad etməyi zəruri hesab edir. Həmin Təlimat iddiaçının şəxsində keçmiş SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmət keçmiş şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması qaydalarını tənzimləyir. Təlimatın 2.2-ci və 2.2.1.4-cü bəndlərinə əsasən xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik səbəbi müəyyən edilir. Qanunvericiliyin tələbindən aydın olduğu kimi, şəxsin əlilliyin təyininə əsas verən müvafiq xroniki xəstəliyinin başlanğıcı və ya kəskinləşməsi onun cəbhədə olduğu dövrə təsadüf edirsə, başqa sözlə, hazırkı xəstəliklə həmin dövrdə alınmış və ya kəskinləşmiş xəstəlik arasında səbəbli əlaqə varsa, onun əlilliyinin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” hesab edilir. Qeyd olunan normanı hazırkı işə tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçıya cavabdeh orqan tərəfindən “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş. Dəqiqləşdirilməmiş ağrı. Travmatik pnevmotoraks. Posttravmatik stress pozuntusu” diaqnozu ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” xx.xx.2016-cı il tarixdən beş il müddətinə xx.xx.2021-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçıya 2016-cı ildən məhz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərdən biri də “Posttravmatik stress pozuntusu” diaqnozlu xəstəlik olmuşdur. Hansı ki, həmin xəstəlik X1 F43.1 kodu ilə qeyd edilməklə, F48.0 və F62.0 kodlu xəstəliklərin də daxil olduğu V sinif. Psixi pozğunluqlar və davranış pozğunluqları (F00-F99) sinfinə aiddir. Həmçinin, təsnifatda F43.1 “Posttravmatik stress pozğunluğu” diaqnozlu xəstəliyin anlayışında göstərilmişdir ki, “Hər bir şəxsdə dərin stress törədə biləcək, xüsusi ilə təhlükəli və ya faciəli xarakterli stress hadisəsinə (qısa və ya uzunmüddətli) təxirəsalınmış və ya yubanmış cavab kimi meydana çıxır”. F62.0 “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozlu xəstəliyin anlayışında qeyd edilir ki, “Fəlakət stressinin təsiri ilə yaranmış uzun müddət saxlanan (ən azı iki il) şəxsiyyətin dəyişikliyidir. Stress elə ekstremal ola bilər ki, onun şəxsiyyətə tə`sirinin dərinliyini izah etmək uçün fərdi həssaslığı diqqətə almağa ehtiyac yoxdur. Psixi pozğunluq ətrafa düşməncəsinə və ya şübhəli münasibətlə, sosial özünü izolə ilə boşluq və çarəsizlik hissiyatı ilə, daimi hədələr zamanı müşahidə olunan davamlı «sərhədi halda olma» hissiyatı ilə, soyuqluqla xarakterizə olunur. Şəxsiyyətin bu tip dəyişikliyindən əvvəl travmatik stresslə törənmiş pozğunluq ola bilər (F43.1)”. Göründüyü kimi, hər iki xəstəliyin anlayışlarının müqayisəli təhlili ona deməyə əsas verir ki, F43.1 kodlu “Posttravmatik stress pozğunluğu” diaqnozlu xəstəlik məhz F62.0 “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozlu xəstəliyin başlanğıcıdır. Kollegiya qeyd edir ki, hazırda iddiaçıda aşkar edilən F62.0 “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozlu xəstəliyin başlanğıcı sayılan F43.1 kodlu “Posttravmatik stress pozğunluğu” diaqnozlu xəstəliklə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 2016-cı ildən beş il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilmiş, başqa sözlə, cavabdeh həmin diaqnozlu xəstəliyin iddiaçıya münasibətdə hərbi xidmət zamanı alındığını qəbul etmişdir. Qeyd edilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, hazırda iddiaçıda aşkar edilən xəstəliklərlə bağlı iddiaçının cavabdeh inzibati orqanın praktikasına etimad hüququ olduğundan, F48.0 və F62.0 kodlu xəstəliklər qanunvericiliyin tələbinə əsasən əlilliyin təyininə əsas verdiyindən, eləcə də cavabdeh tərəfindən iddiaçıya F62.0 kodlu xəstəliyin başlanğıcı olan F43.1 kodlu “Postravmatik stress pozuntusu” xəstəliyi ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edildiyindən iddiaçı hazırkı məzmunda iddia ilə məhkəmə müraciət etməkdə haqlıdır. Cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuzdur. İşin sadalanan xüsusatlarına əsasən kollegiya belə qənaətə gəlir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməli, iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2-1(118)-995/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.