Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-26/2025 04.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçünün verilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə3, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-135/2024 nömrəli qərarından iddiaçı və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin torpaq sahəsi ayrılmasına dair rəyinə əsasən “Bələdiyyə parkı” ərazisində sahibkarlıq məqsədilə 200 kv.metr və ətraf ərazidə abadlaşdırma aparılması məqsədilə 3700 kv.metr torpaq sahəsinin Sumqayıt bələdiyyəsinə ayrılmasına etiraz edilməmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2012-ci il tarixli məktubunda həmin ərazidə tikinti üçün 200 kv.metr, abadlaşdırma üçün 3700 kv.metr torpaq sahəsinin sənədləşdirilməsinə etiraz edilməmişdir. Torpaq sahəsinin plan və ölçüsünə əsasən Sumqayıt bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 08 saylı qərarı ilə 3700 kv.metr torpaq sahəsi abadlaşdırma məqsədilə icarəyə ayrılmış və X7 kitabında xx.xx.2012-ci il tarixdə uçota alınmışdır. RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 6-cı məhəllədə yerləşən 0,0174 kv.metr torpaq sahəsi Sumqayıt bələdiyyəsinin mülkiyyətindədir. Cavabdehin iddiaçıya ünvanladığı məktubdan görünür ki, ayrılması nəzərdə tutulan torpaq sahəsinə baxış keçirilmiş, GPS vasitəsi ile döngə nöqtələrinin koordinatları təyin edilmişdir. Nəzərdə tutulan tоrраq sahasinin 174.0 kv.m hissəsinə **********91 nömrəli çıxarış verilmişdir. Qalan З526.0 kv.m hissəsi isə 2019-cu ildə təsdiq olunmuş Sumqayıt bələdiyyə xəritəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlarda yerləşir. Bu səbəbdən nəzərdə tutulan torpaq sahəsinin müayinə (baxış) aktının hazırlanması və rəyin verilməsi mümkün olmamışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qeyd olunan torpaq sahəsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin istifadəsində olan 2019-cu ildə təsdiq edilmiş Sumqayıt şəhər Bələdiyyəsinin xəritəsinə əsasən Sumqayıt Bələdiyyəsinin hüdudlarından kənarda yerləşir və dövlət mülkiyyətində olan ərazilərə aiddir. Cavabdehin 26 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, qeyd olunan torpaq sahəsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin istifadəsində olan 2019-cu ildə təsdiq edilmiş Sumqayıt şəhər Bələdiyyəsinin xəritəsinə əsasən Sumqayıt Bələdiyyəsinin hüdudlarından kənarda yerləşir və dövlət mülkiyyətində olan ərazilərə aiddir. İddiaçının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Torpaq islahatı haqqında” Qanunun və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanunun tələblərinə uyğun olaraq Sumqayıt şəhəri ərazisində sözügedən torpaq sahəsinin də daxil olduğu bələdiyyə torpaqları 21 iyun 2001-ci ildə tərtib edilmiş protokol, akt və digər torpaqayırma sənədlərinə əsasən rəsmi şəkildə Sumqayıt Bələdiyyəsinə təhvil verilmiş və həmin dövrdə qüvvədə olmuş qanun normalarına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən də müvafiq qaydada xəritələşdirilərək dövlət torpaq reyestrində və X5nda dövlət qeydiyyatından keçirilmişdir.Təəssüf ki, qeyd edilən dövrdə həmin xəritə materialları adı çəkilən orqan tərəfindən Sumqayıt Bələdiyyəsinə verilməmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində saxlanılmışdır. Lakin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanunun tələblərinə uyğun olaraq 2001-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tətəfindən tərtib edilmiş və Sumqayıt şəhərində aidiyyəti qurumların rəhbərləri tərəfindən təsdiq edilmiş torpaq uçotuna aid yerquruluşu Planından da görünür ki, torpaq islahatına uyğun şəkildə Sumqayıt şəhəri ərazisində yerquruluşu işləri həyata keçirilmiş, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların uçotu qanunvericiliklə müəyyən edilmişdir. Həmin xəritə materialının surəti tərəfimizdən məhkəməyə təqdim olunur. Eyni zamanda mübahisələndirilən 3700 kv.metr torpaq sahəsinin yerləşdiyi “Sumqayıt şəhəri,6-cı məhəllə ərazisində yerləşən və hal-hazırda ’’Bələdiyyə parkı” (keçmiş adı “Şəhər bağı”) adlandırılan park ərazisi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının Siyahısının təsdiq edilməsi barədə” 106 nömrəli, 08 iyul 2002-ci il tarixli Qərarına əsasən Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansından alınaraq Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmişdir.Həmin Qərarın 2-ci bəndində aidiyyəti qurumlara,o cümlədən müvafiq bələdiyyələr və yerli icra hakimiyyəti orqanlarına bir ay müddətində bu qərardan irəli gələn məsələlərin həll edilməsi tapşırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin adı çəkilən Qərarının icrası məqsədi ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəllləşdirilməsi Departamentinin direktoru K.Həsənovun imzası ilə İqtisadi İnkişaf Nazirliyinin Sumqayıt şəhər şöbəsinə,Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Sumqayıt Bələdiyyəsinə 26 iyul 2004-cü il tarixli məktub ünvanlanmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının Siyahısının təsdiq edilməsi barədə” 106 nömrəli, 08 iyul 2002-ci il tarixli Qərarına əsasən Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş “Sumqayıt şəhəri,6-cı məhəllə ərazisində yerləşən və hal-hazırda "Bələdiyyə parkı”nın (keçmiş adı “Şəhər bağı”) bələdiyyə mülkiyyətinə verilməsi məqsədilə balans saxlayıcısı olan dövlət təşkilatı və bələdiyyənin iştirakı ilə əmlakın təhvil-təsliminin aparılması və digər tədbirlərin həyata keçirilməsi xahiş edilmişdir.Bunun əsasında Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 106 nömrəli,8 iyul 2002-ci il tarixli “Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının Siyahısının təsdiq edilməsi barədə” Qərarının icra ediməsi haqqında” 12 avqust 2002-ci il tarixli,200 nömrəli Sərəncamı qəbul edilmiş və Sumqayıt şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansından götürülmüş ’’Bələdiyyə parkı” (keçmiş adı “Şəhər bağı") 4 noyabr 2002-ci il tarixdə tərtib edilmiş təhvil-təslim aktı əsasında Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmişdir.Hesab edirik ki,Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının Siyahısının təsdiq edilməsi barədə” 106 nömrəli, 08 iyul 2002-ci il tarixli Qərarına əsasən Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsinin hüquqi statusunun hər hansı orqan,o cümlədən cavabdeh tərəfindən özbaşına olaraq dəyişdirilməsi qanuni və hüquqi cəhətdən əsaslı ola bilməz və həmin əmlak hal-hazırda da Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olmalıdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 6-cı məhəllə, “Bələdiyyə Parkı” ərazisində yerləşən sahəsi 3700 kvadrat metr olan torpaq sahəsinə dair iddiaçının adına müayinə (baxış) aktının hazırlanması və müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 6-cı məhəllə, “Bələdiyyə Parkı” ərazisində yerləşən sahəsi 3700 kvadrat metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 6-cı məhəllə, Bələdiyyə parkı ərazisində yerləşən 3700 kvadrat metr torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə sənədləşmə proseduruna başlanılması üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə rəy alınmış və bundan sonra sənədləşmə proseduruna başlanılmışdır. Bu məqsədlə keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə 02/831 saylı rəy verilmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Sumqayıt bələdiyyəsinin adına torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək xx.xx.2012-ci il tarixdə 5616 nömrəsi ilə X5 kitabında qeydiyyata alınmışdır. Bundan sonra bir müddət sənədləşmə işləri dayandırılmış, sonra isə bələdiyyə tərəfindən yenidən sənədləşmə proseduruna başlanılmışdır. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin tərtib etdiyi yeni təlimat əsasında torpaq sahəsinin müayinə (baxış) aktının hazırlanması və rəyin verilməsi üçün cavabdehə xx.xx.2022-ci il tarixdə 1580 saylı məktubla müraciət edilmişdir. Lakin sonuncu bələdiyyənin müraciətinə 14 iyul 2022-ci il tarixli **********72 saylı məktubla imtina etmiş və imtinasını qeyd olunan torpaq sahəsinin 2019-cu ildə təsdiq olunmuş Sumqayıt bələdiyyə xəritəsinə əsasən dövlət mülkiyyətində olan torpaq sahəsi olması ilə əsaslandırmışdır. Halbuki, qeyd olunan torpaq sahəsinin tərkibində olan 174 kvadrat metr hissəsinə dair Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatından keçmiş və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi idarəsi tərəfindən Sumqayıt bələdiyyəsinin adına xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bu zaman cavabdeh nə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş və mübahisələndirilən torpaq sahəsinin Sumqayıt bələdiyyəsinin mülkiyyətində olduğunu təsdiq edən torpaqayırma sənədlərinə, nə də Sumqayıt bələdiyyəsinin mübahisələndirilən torpaq sahəsinin bir hissəsi üzərində mülkiyyət hüququnun 18 mart 2014-cü il tarixdə Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt bələdiyyəsinin adına verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən dövlət qeydiyyatından keçirilməsinə əhəmiyyət verməmişdir. Bu səbəbdən hesab edilir ki, cavabdehin mübahisələndirilən torpaq sahəsinə dair müvafiq hüquqmüəyyənedici sənədləri verməkdən imtinası üçün göstərdiyi dəlillərin hüquqi əsası mövcud deyildir. Sözügedən torpaq sahəsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə Sumqayıt bələdiyyəsinin mülkiyyətinə verilmiş, müvafiq qaydada xəritələşdirilmiş və 2014-cü ildə Sumqayıt bələdiyyəsinin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilərək hal-hazırda da bələdiyyə mülkiyyətindədir. Bu səbəbdən cavabdehin Sumqayıt bələdiyyəsinin tələb etdiyi sənədləri verməkdən imtinası əsassızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 106 nömrəli 08 iyul 2002-ci il tarixli “Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının siyahısının təsdiq edilməsi barədə” Qərarının icra edilməsi haqqında Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 12 avqust 2002-ci il tarixdə 200 saylı Sərəncam imzalanmış və qeyd olunan Sərəncamda qeyd edilmişdir: Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfat X1 balansında olan “Şəhər Bağının” Sumqayıt şəhər bələdiyyəsinin mülkiyyətinə verilməsi ilə əlaqədar qərardan irəli gələn məsələləri Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və müvafiq bələdiyyələrlə əlaqəli surətdə bir ay müddətinə həll edilsin. Qeyd olunan sərəncam əsasında mübahisəli torpaq sahəsinin daxilində yerləşdiyi “Şəhər Bağı" (hazırkı Bələdiyyə parkı) Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş və bununla bağlı 4 noyabr 2002-ci il tarixdə təhvil-təslim aktı tərtib olunmuşdur. Göründüyü kimi mübahisəli torpaq sahəsi Nazirlər Kabinetinin qərarı, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə Mənzil Təsərrüfatı X1 balansından çıxarılaraq Sumqayıt bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Cavabdeh təşkilatın qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyətində olması ilə bağlı gətirdiyi arqumentin heç bir hüquqi əsası yoxdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, ayrılması nəzərdə tutulan torpaq sahəsinə baxış keçirilmiş, GPS vasitəsi ile döngə nöqtələrinin koordinatları təyin edilmişdir. Nəzərdə tutulan tоrраq sahasinin 174.0 kv.m hissəsinə **********91 nömrəli çıxarış verilmişdir. Qalan З526.0 kv.m hissəsi isə 2019-cu ildə təsdiq olunmuş Sumqayıt bələdiyyə xəritəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlarda yerləşir. Bu səbəbdən nəzərdə tutulan torpaq sahəsinin müayinə (baxış) aktının hazırlanması və rəyin verilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-135/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbinə cavabdeh orqanın irəli sürdüyü imtina əsaslıdır. Belə ki, məhkəmə mübahisəli torpaq sahəsinin 3526.0 kv.m hissəsinin Sumqayıt bələdiyyə xəritəsinə əsasən dövlət mülkiyyətinə aid torpaqlara aid edilməsini təsdiq edən sübutların (ərazinin əvvəlki xəritəsi, registrdən çıxarış təqdim edilməklə) əldə edilməsi üçün sorğu göndərmişdir. Məhkəməyə Sumqayıt şəhər Sumqayıt bələdiyyəsinin xəritəsi (miqyas 1:25000), habelə ortofoto ünvanlanmışdır. Həmin sənədləri tədqiq edərkən müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi dövlətin mülkiyyətində olan torpaq sahələrinə aiddir. Lakin həmin torpaq sahəsinin daxilində yerləşən 174 kv.metr hissədə isə bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə Sumqayıt bələdiyyəsinin xəritəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər Sumqayıt bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi dövlət mülkiyyətində olmuş torpaq sahələri Əmlak Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən razılaşdırılmaqla, şəhərsalma və yerquruluşu sənədləri tərtib olunaraq bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə bələdiyyə orqanlarına təhvil vermişlər. Hazırkı halda təsdiq edilmiş bələdiyyə xəritəsində dövlətin və bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinin hüdudları müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, dövlət mülkiyyətində olan və təsdiq edilən torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınması qanuni və əsaslı hesab edilə bilməz. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi olsaydı, bununla bağlı dövlət əmlakının registrində müvafiq qeydiyyat aparılmalı və bu barədə müvafiq “Registrdən çıxarış” verilməli idi. Lakin cavabdeh məhkəmənin bir necə dəfə sorğu göndərməyinə baxmayaraq, həmin sənədi məhkəməyə təqdim etməmiş və yuxarıda göstərilən qeydiyyatın aparılmasını təsdiq edən halları məhkəmədə sübuta yetirə bilməmişdir. Eyni zamanda mübahisələndirilən 3700 kvadrat metr torpaq sahəsinin yerləşdiyi “Sumqayıt şəhəri,6-cı məhəllə,’’Bələdiyyə parkı” adlandırılan “Şəhər bağı” ərazisindəki torpaqlar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının Siyahısının təsdiq edilməsi barədə” 106 nömrəli, 08 iyul 2002-ci il tarixli Qərarına əsasən Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Belə ki, adı çəkilən Qərarla təsdiq olunmuş Siyahının 75-ci bəndindən görünür ki,’’Şəhər bağı” Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansından alınaraq Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. İşə baxan məhkəmə bu hala ümümiyyətlə qiymət verməyərək ciddi qanun pozuntusuna yol vermişdir.Çünki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının Siyahısının təsdiq edilməsi barədə” 106 nömrəli, 08 iyul 2002-ci il tarixli Qərarına əsasən Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsinin hüquqi statusunun hər hansı orqan, o cümlədən cavabdeh tərəfindən dəyişdirilməsi qanuni və hüquqi ola bilməz. Sözügedən Qərar qüvvədə olduğu halda məhkəmənin bu Qərarı görməzdən gələrək hər hansı hüquqi əsasa söykənmədən mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmadığı barədə gəldiyi nəticə iş üzrə müəyyən olunmuş sübutlarla təkzib edilməkdədir. Hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən bərabərlik (bərabər yanaşma)’ prinsipi pozulmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, mübahisələndirilən 3700 kvadrat metı torpaq sahəsi ilə bitişik olan və tikinti məqsədi ilə bələdiyyə tərəfindən Ç.Abdullayevir icarəsinə ayrılmış 174 kvadrat metr torpaq sahəsi ilə bağlı cavabdeh tərəfindər qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 18 mart 2014-cü il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” verilərək həmin torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reystrində dövlət qeydiyyatından keçirilmişdir. Sumqayıt Bələdiyyəsini 25 aprel 2014-cü il tarixli,04 saylı iclasının 58 saylı qərarı ilə sözügedən torpaq sahəsinin icarəyə verilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq müsabisəqəsinə çıxarılmış və keçirilmiş torpaq müsabiqəsinin qalibi X3 ilə Sumqayıt Bələdiyyəsi arasında torpaq icarə müqaviləsi bağlanılmışdır ki, həmin sənədlər əsasında Abdullayev Çingiz Mirağa oğlu Sumqayıt şəhəri, 6-cı məhəllə,"Bələdiyyə parkı" ərazisində sahibkarlıq məqsədi ilə obyektin tikintisi üçün nəzərdə tutulmuş 174 kvadrat metr torpaq sahəsi üzərində icarə hüququ da cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmişdi. Sadalanan sənədlərin məzmunundan müəyyən olunur ki, həmin torpaqla bağlı işin fakt halları ilə hazırkı mübahisə üzrə işin halları oxşarlıq təşkil edir. Həmin ərazidə yerləşən 174 kvadrat metr torpaq sahəsi ilə bağlı Sumqayıt Bələdiyyəsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilməmiş və icra edilmişdir. Bununla bağlı eyni bələdiyyə qərarı əsasında Ç.Abdullayevin istifadəsinə verilmiş 174 kvadrat metr torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququ və Ç.Abdullayevin icarə hüququ qeydə alındığı və bu barədə müvafiq reyestr çıxarışları verildiyi halda, həmin torpaqla bitişik, eyni vəziyyətdə olan iddia tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən 3700 kvadrat metr torpaq sahəsinə münasibətdə bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. İnzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.Xüsusilə qeyd edilməlidir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Beləliklə, qeyd olunanlardan görünür ki,cavabdehin bələdiyyənin mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmaması ilə bağlı hərəkətləri qanunazidd və əsassızdır.Yuxarıda göstərilmiş maddi hüquq normalarından aydın olur ki,torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Bələdiyyənin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanları ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatının yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğunluğunu,həmçinin bələdiyyə mülkiyyətində olduğunu təsdiq etmişlər. Cavabdeh bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən imtina etməklə Sumqayıt Bələdiyyəsinin yuxarıda göstərilən hüquqularının pozulmasına yol vermişdir. Sumqayıt şəhərində torpaq islahatı 2001-ci ildə həyata keçirilmiş,dövlət və bələdiyyə torpaqları aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilərək müvafiq qaydada xəritələşdirilmişdir. Bu səbəbdən hazırki mübahisə üzrə torpaq sahəsinə dair məhkəmənin gəldiyi nəticə ilə bu işlə eyni faktiki hallara malik işlərə dair məhkəmələrin, o cümlədən yuxarı instansiya məhkəməsinin mövqeyi arasında fərqli yanaşmanın olması məhkəmənin işə baxarkən məhkəmə təcrübəsini nəzərə almayaraq müvafiq qanun normalarını pozduğunu sübuta yetirir. Belə ki, mübahisələndirilən torpaq sahəsi ilə bağlı hal-hazırda da qüvvədə olan "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edildiyi halda,həmin sənədi və X5nda qeydiyyatdan keçirilmiş məlumatları sübut olaraq qəbul etməyən məhkəmənin bu barədə mülahizəsini tamamilə əsassız hesab edirlər. Bugünədək məhkəmələrdə cavabdeh inzibati orqana qarşı Sumqayıt Bələdiyyəsinin eyni xarakterli tələbləri üzrə bir sıra işlərə baxılmış və həmin işlər üzrə çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında dövlət mülkiyyətində olan torpaqlar olduğu bəhanəsi ilə üzərində bələdiyyənin mülkiyyyət hüququnun qeydiyyata alınmasından imtina edilmiş bir sıra torpaq sahələri üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və mülkiyyət hüququna dair müvafiq reyestr çıxarışların verilməsi vəzifəsi Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bu səbəbdən məhkəmənin mövqeyini ədalətli və qanuni saymayaraq,cavabdeh inzibati orqanın mübahisələndirilən torpaq üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina etməsini qanunsuz,eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdi tutulmuş hüquqların dövlət qeydiyyatından imtina olunmasının əsaslarına zidd hesab edirlər. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsindən və orada tikilmiş qeyri-yaşayış obyektindən uzun illərdir ki, iaşə obyekti olaraq istifadə edir. 2010-cu ildə obyektini böyütmək və müasir üslubda yenidən inşa etmək qərarına gələrək bununla bağlı aidiyyəti üzrə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Onun müraciəti əsasında Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən əvvəlcə 16 sentyabr 2011-ci il tarixli, 143 nömrəli sərənamı qəbul edilmiş, daha sonra isə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 02 iyul 2012-ci il tarixli, 144 nömrəli sərəncamı çıxarılmışdır ki,həmin sərəncamla Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 16 sentyabr 2011-ci il tarixli, 143 nömrəli sərənamının 1-ci bəndinə dəyişiklik edilərək ona Sumqayıt şəhəri, 6-cı məhəllə, “Bələdiyyə parkı" ərazisində bələdiyyə qərarı əsasında ayrılmış 200 kvadrat metr torpaq sahəsində mövcud obyektin sökülərək onun yerində müasir üslubda iaşə obyektinin layihələndirilməsinə və tikintisinə, 3700 kvadrat metr torpaq sahəsində isə ətraf ərazinin abadlaşdırılmasına icazə verilmişdir. Həmin sərəncamı əsas tutaraq Sumqayıt Bələdiyyəsinə müraciət etmiş və sərəncamla istifadəmə ayrılmış torpağın icarə hüququ əsasında adına rəsmiləşdirilməsini xahiş etmişdi. Sumqayıt bələdiyyəsi tərəfindən torpaq sahələri ilə bağlı hər hansı məhdudiyyətlər və yüklülüklər müəyyən olunmadığı üçün Sumqayıt bələdiyyənin 30 avqust 2012-ci il tarixli, 8 saylı protokolunun 42 saylı qərarı ilə torpaq müsabiqəsinə (hərracına) çıxarılması məqsədilə Sumqayıt şəhəri, 6-cı məhəllə, “Bələdiyyə parkı" ərazisində sahibkarlıq məqsədi ilə obyektin tikintisi üçün 200 kvadrat metr torpaq sahəsi və abadlaşdırma üçün nəzərdə tutulmuş 3700 kvadrat metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması qərara alınmışdır. Sumqayıt bələdiyyəsinin müraciəti əsasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 19 iyul 2012-ci il tarixli,112 nömrəli,Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən 18 sentyabr 2012-ci il tarixli, 02/831 nömrəli rəylər verilmiş və torpaq sahələrinin aıma rəsmiləşdirilməsinə etirazlarının olmadığı bildirilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həm də torpaq sahələrinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nü hazırlamış, həmin sənəd 05 dekabr 2012-ci il tarixdə 5616 nömrə ilə X5 kitabında qeydiyyata alınmışdır. Bundan sonra Sumqayıt bələdiyyəsi məktubla Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək ayrılması nəzərdə tutulan 200 və 3700 kvadrat metr torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Ancaq cavabdeh yalnız 200 kvadrat metr torpaq sahəsi ilə bağlı müvafiq sənədləşmə işlərini aparmış və qeydiyyat nömrəsi ********** qeydiyyat, 18 mart 2014-cü il tarixli olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən həmin torpaq sahəsinin 174 kvadrat metr hissəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatından keçirilmiş və keçirilmiş torpaq müsabiqəsində qalib gəlmişdir. Onunla Sumqayıt bələdiyyəsi arasında həmin torpağa dair icarə müqaviləsi bağlanılmışdır ki, həmin müqavilə əsasında Sumqayıt şəhəri ,6-cı məhəllə, "Bələdiyyə parkı” ərazisində sahibkarlıq məqsədi ilə obyektin tikintisi üçün nəzərdə tutulmuş 174 kvadrat metr torpaq sahəsi üzərində icarə hüququnu daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirmişdir. Lakin həmin torpaq sahəsi ilə birlikdə Sumqayıt bələdiyyəsinin 30 avqust 2012-ci il tarixli 08 saylı iclasının 42 savlı qərarı ilə torpaq müsabiqəsinə (hərracına) çıxarılması məqsədilə Sumqayıt şəhəri, 6-cı məhəllə, "Bələdiyyə parkı” ərazisində abadlaşdırma üçün ilə nəzərdə tutulmuş 3700 kvadrat metr torpaq sahəsi üzərində bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyatından imtina olunmiışdur. Cavabdeh bələdiyyənin müraciətinə verdiyi cavabda torpaq sahəsinin dövlət mülkiyyətində olan toıpaq sahəsi olduğu bildirilərək bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina etmişdir. Halbuki, məhkəmənin müvafiq sənədlərin təqdim olunması ilə bağlı müraciətlə əsasında Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi 04 oktyabr 2023-cü il tarixli, 3-21-3-31/2-3399/2023 saylı məktubda mübahisələndirilən torpaq sahəsinin 3526,0 kvadrat metr hissəsinin Sumqayıt Bələdiyyəsinin xəritəsinə əsasən bələdiyyə mülkiyyətinə aid torpaqlara aid olmasını təsdiq edən ortofoto məhkəməyə təqdim olunmaqla həmin torpağın bələdiyyə mülkiyyətinə aid edildiyi etiraf olunmuşdur. Həmçinin mübahisəli 3700 kvadrat metr torpaq sahəsinin yerləşdiyi “Sumqayıt şəhəri, 6-cı məhəllə,’’Bələdiyyə parkı” adlandırılan “Şəhər bağı” ərazisindəki torpaqlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının Siyahısının təsdiq edilməsi barədə” 106 nömrəli, 08 iyul 2002-ci il tarixli Qərarına əsasən Sumqayıt Bələdiyyəsinin mülkityyətinə verilmişdir. Belə ki, adı çəkilən Qərarla təsdiq olunmuş Siyahının 75-ci bəndindən görünür ki, ’’Şəhər bağı” Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansından alınaraq Suqmayıt Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. İşə baxan məhkəmə bu hala ümümiyyətlə qiymət verməyərək ciddi qanun pozuntusuna yol vermişdir.Çünki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Bələdiyyə mülkiyyətinə verilən dövlət əmlakının Siyahısının təsdiq edilməsi barədə” 106 nömrəli, 08 iyul 2002ci il tarixli Qərarına əsasən Sumqayıt Bələdiyyəsinin mülkityyətinə verilmiş torpaq sahəsinin hüquqi statusunun hər hansı orqan,o cümlədən cavabdeh tərəfindən dəyişdirilməsi qanuni və hüquqi ola bilməz. Sözüfedən Qərar qüvvədə olduğu halda məhkəmənin bu Qərarı görməzdən gələrək hər hansı hüquqi əsasa söykənmədən mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmadığı barədə gəldiyi nəticə iş üzrə müəyyən olunmuş sübutlarla təkzib edilməkdədir. Bu səbəbdən məhkəmənin mübahisəli 3700 kvadrat metr torpaq sahəsinin bələdiyyənin deyil, dövlət mülkiyyətində olması barədə gəldiyi nəticə qanunsuz və əsassızdır. Sənədlərdən, o cümlədən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mübahisəli torpaq sahəsi ilə bağlı tərtib etdiyi və 05 dekabr 2012-ci il tarixdə 5616 nömrə ilə X5 kitabında qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü”ndən həmin torpaq sahəsinin Sumqayıt bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsi olduğu aydın olur. Buna görə də məhkəmənin cavabdehin bələdiyyənin mübahisəli torpaq üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etməsini qanunsuz sayaraq pozulmuş hüququnun müdafiəsi məqsədi ilə məhkəmə qərarından apellyasiya şikayəti verməyi qərara almışdır. Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə2 iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri 1.Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; ... Maddə 47.1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır:…. 4.0.8. bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq;…. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki inzibati iş üzrə iddiaçının tələbi torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinin 174 kv.m. hissəsinə müvafiq reyestr nömrəli çıxarış verilmiş, qalan 3526.0 kv.m. hissəsi isə 2019-cu il bələdiyyə xəritəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlarda yerləşir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2012-ci il tarixli bələdiyyə qərarı ilə sözügedən torpaq sahəsinə dair bələdiyyə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması proseduruna başlanılması qərara alınmışdır, habelə eyni qərar əsasında 200 kv.m. torpaq sahəsinə dair də həmin qərar qəbul edilmiş, 200 kv.m. olan torpaq sahəsinin 174 kv.m. hisssəinə dair bələdiyyə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sözügedən torpaq sahələrinə dair plan və ölçü sənədi tərtib edilmiş, kadastr kitabında müvafiq nömrə ilə uçota alınmışdır. Həmçinin, iş materiallarında olan elektron baza məlumatları və xəritə-sxem məlumatlarından görünür ki, həmin ərazidə yerləşən 174 kv.m. torpaq sahəsi bələdiyyə mülkiyyətində olan ərazi kimi, qalan hissələr isə dövlət mülkiyyətində olan ərazi kimi qeyd edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iş materiallarında olan 2019-cu il tarixdə təsdiq edilmiş Sumqayıt Şəhər Bələdiyyəsinin xəritəsinə əsasən də mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olan sahə kimi əks olunmuş, həmin xəritə məlumatları müvafiq qurumlar, o cümlədən iddiaçı bələdiyyə tərəfindən də təsdiq edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə müvafiq Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002ci il tarixli 106 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahı əsasında müvafiq ərazidə yerləşən əmlakların bələdiyyə mülkiyyətinə verilməsi qərara alınmış, Siyahı təsdiq edilmiş, Siyahıda 75-ci sırada Sumqayıt şəhəri üzrə Şəhər bağı ərazisi qeyd edilmişdir. İş materiallarından görünür ki, müvafiq icra hakimiyyəti orqanını tərəfindən həmin Qərarın icra edilməsi haqqında sərəncam qəbul edilmiş, 4 noyabr 2002-ci il tarixli təhvil-təslim aktı qəbul edilmişdir. Həmin aktın məzmununda “Şəhər Bağı”nın ümumi sahəsi 66180 kv.m. olan ərazisində 35618 kv.m. yaşıllıq, 19102 kv.m. asfalt, 11460 kv.m. tikililər-S.Vurğun adına mədəniyyət evi 2052 kv.m., Vaqif kinoteatrı 1332 kv.m., yeməkxana 528 kv.m., rəqs meydançası 530 kv.m., yay klubu 1052 kv.m., iaşə xidmət obyekti 32 kv.m., TİR 18,3 kv.m.,”İmperial” kafesi 170 kv.m., tikiş emalatxanası 1342 kv.m., mülki müdafiə 4260 kv.m., yarımstansiya 128 kv.m., su nasosu 15 kv.m., işıq dirəkləri 61 ədəd, oturacaqlar 36 ədəd, daş dibçəklər 18 ədəd-Sumqayıt şəhər Bələdiyyəsinin mülkiyyətinə verilməsi qeyd edilmiş, mülkiyyətə verilən şəhər bağının planı əlavə edilmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı bələdiyyə sözügedən torpaq sahəsinin məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 106 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahı əsasında onların mülkiyyətinə verilməsi halına istinad edərək, həmin ərazi üzərində bələdiyyə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Cavabdeh inzibati orqan isə həmin ərazinin 2019-cu il tarixdə təsdiq edilmiş bələdiyyə xəritəsinə əsasən dövlət mülkiyyətinə verilən ərazi olması və elektron kadastr məlumatında da dövlət mülkiyyəti kimi qeyd edildiyindən, iddia tələbinə etiraz etmişdir. Kollegiya işin mübahisəli halı ilə bağlı onu qeyd edir ki, iddiaçı müvafiq Qərar əsasında həmin ərazinin onun mülkiyyətinə verilməsini qeyd etsə də, həmin Qərarla təsdiq edilmiş siyahıda ərazilərin ölçüləri və təyinatı əks olunsa da, onların yerləşmə yerinə və koordinat (ölçülərini) müəyyən edən heç bir sənəd əlavə edilməmişdir. Bununla bağlı yalnız təhvil-təslim aktı tərtib edilmiş, həmin aktın məzmununda isə torpaq sahəsinin sahəsini əks etdirən ölçüləri qeyd edilmiş, “Şəhər Bağı” ərazisinin planı əlavə edilmişdir ki, həmin planın təsdiq edilmiş surəti mövcud olmamaqla, hər hansı koordinatlar məzmununda ehtiva olunmamışdır. Bu baxımından məhkəmə araşdırması zamanı iddiaçının iddia etdiyi torpaq sahəsinin məhz müvafiq Qərar əsasında bələdiyyənin mülkiyyətinə verilən torpaq sahəsinin hüdudları daxilində olması, həmin ərazidə yerləşməsi halının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, indiki halda iddiaçı bələdiyyə iddia tələbinin əsası kimi sözügedən torpaq sahəsinin 2001-ci il bələdiyyə xəritəsinə əsasən onun ərazisi olması ilə bağlı hallara istinad etmədiyindən, həmin xəritə məlumatlarına əsasən əlavə araşdırma aparılması zərurəti mövcud olmamışdır. Bundan əlavə, kollegiya onu qeyd edir ki, hətta 2002-ci il tarixli müvafiq Qərar əsasında sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilməsi halı müəyyən edilmiş olsa idi belə, 2019-cu il tarixli bələdiyyə xəritəsinə əsasən həmin ərazi dövlət mülkiyyətinə saxlanılan torpaq sahəsi kimi təsdiq edilmişdir. Başqa sözlə desək, həmin xəritə məlumatları əsasında dövlət və bələdiyyə mülkiyyətində saxlanılan torpaq sahələrinin hüdudlarının müəyyən edilməsi məqsədilə yenidən xəritələşmə prosesi həyata keçirilmiş, dövlət və bələdiyyə mülkiyyətində olan ərazilərin sərhəd hüdudları yenidən müəyyən edilmiş və həmin məlumatlar müvafiq səlahiyyətli qurumlarla yanaşı, iddiaçı bələdiyyəni özü tərəfindən də təsdiq edilmişdir. Hansı ki hazırda ərazinin dövlət və ya bələdiyyə mülkiyyətində olması halı məhz həmin xəritə məlumatları əsasında müəyyən edilir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı bələdiyyənin həmin xəritə məlumatlarının özünün iştirakı ilə təsdiq edildiyi və qeyd edilən məlumata əsasən sözügedən torpaq sahəsinin dövlət mülkiyyəti olduğu müəyyən edildiyi halda, ondan əvvəlki məlumatlara istinad etməklə, həmin ərazinin bələdiyyənin mülkiyyətinə verilən sahə olmasını iddia etməsi əsassız olmuşdur. Bundan əlavə, kollegiya iddiaçının istinad etdiyi digər hallarla bağlı onu qeyd edir ki, eyni prosedur qərar əsasında ayrılmış torpaq sahəsinin 174 kv.m. hissəsinə dair bələdiyyə mülkiyyət hüququ 2014-cü il tarixdə qeydə alınmışdır. Həmin vaxtda isə dövlət və bələdiyyə mülkiyyətində olan ərazilərin hüdudlarını müəyyən edən 2001-ci il tarixli bələdiyyə xəritəsi mövcud olmuşdur. 2019-cu il tarixli bələdiyyə xəritə məlumatları əsasında dövlət və bələdiyyə mülkiyyətində saxlanılan ərazinin sərhədləri yenidən təsdiq edilmiş, nəticə etibarilə həmin vaxtdan sonra yaranmış sərhəd hüdudları ilə bağlı münasibətlər məhz qeyd edilən bələdiyyə xəritə məlumatları əsasında tənzimlənmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iddiaçı və üçüncü şəxsin şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-135/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-26/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-26/2025
04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver