Məhkəmə qərarları › İş №2-1(105)-260/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-260/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-260/2021 14.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Səyyad Ağaəli oğlu Qafari və Hökümə Çingiz qızı Babayevadan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt bələdiyyəsinin xx xxxxx 2008-ci il tarixli 10 saylı qərarı ilə fərdi ev tikintisi üçün ayrılmış Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 3-cü məhəlləsində yerləşən 40/1 saylı həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-1288/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt bələdiyyəsinin xx xxxxx 2008-ci il tarixli 10 saylı qərarı ilə fərdi ev tikintisi üçün ayrılmış Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 3-cü məhəlləsində yerləşən 40/1 saylı həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt bələdiyyəsinin xx xxxxx 2008-ci il tarixli 10 saylı qərarı ilə fərdi ev tikintisi üçün Sumqayıt şəhərinin cənubunda, “Samur- Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 3-cü məhəlləsində yerləşən 40/1 saylı 300 kv m həyətyanı torpaq sahəsi İddiaçı ayrılmışdır. O, torpağın ayrılması üçün hələ 2007-ci ilin ortalarında müraciət etmişdir, bələdiyyə tərəfindən müvafiq sənədləşdirmənin aparılması ilə bağlı qərarın verilməsi 2008-ci ilin aprel ayına kimi uzanmışdır. xx.xx.2008-ci il tarixdə iddiaçı bələdiyyənin hesabına 150 manat məbləğində pulu ödəmiş və xx.xx.2008-ci il tarixdə bələdiyyə tərəfindən qərar verilmişdir. Həmin vaxtdan torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir. O, torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması məqsədi ilə cavabdeh idarəyə müraciət etmişdir. Cavabdeh inzibati orqan isə torpaq sahəsinin qanunvericiliyin tələblərinə zidd satıldığını və xx.xx.2007-ci il tarixdən sonra verilən qərarların qüvvədən düşdüyünü bildirmişdir. Bununla bağlı o bələdiyyəyə müraciət etdikdə ona məlum olmuşdur ki, bələdiyyə öz qərarı ilə ona torpaq sahəsinin satılmasına dair qərarı ləğv etmişdir. Bundan sonra iddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət etmiş və Sumqayət İnzibati Məhkəməsinin qərarı ilə onun iddiası təmin edilmiş və bələdiyyənin həmin qərarı ləğv edilmişdir. İddiaçı yenidən cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh ona imtina cavabı vermişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-1288/2020 saylı qərarı ilə iddia təmin edilmiş, Sumqayıt bələdiyyəsinin 10 saylı xx xxxxx 2008-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv m torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. (hakim V.Əzizova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə zidd olaraq, Sumqayıt bələdiyyəsinin 10 saylı xx xxxxx 2008-ci il tarixli qərarı ilə 300.0 kv.m. torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin müraciəti əsasında Sumqayıt Bələdiyyəsi xx.xx.2007-ci il tarixdən sonra verdiyi, bu qəbildən olan digər qərarları ilə yanaşı İddiaçı torpaq sahəsinin ayrılmasını nəzərdə tutan 10 saylı xx xxxxx 2008-ci il tarixli qərarı da özünün xx xxxx 2008-ci il tarixli 14 saylı qərarı ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə zidd olduğu üçün ləğv edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(118)-662/2020 saylı qərarı ilə İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı iddiası təmin edilərək ona torpaq sahəsinin satılmasına dair xx xxxxx 2008-ci il tarixli 10 saylı qərarının ləğv edilməsinə dair Sumqayıt Bələdiyyəsinin xx xxxx 2008-ci il tarixli 14 saylı qərarı ləğv edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılan zaman müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasını təsdiq edən sənədlər ərizəyə əlavə edilməmiş və daşınmaz əmlakın dövlət reyestrində həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması barədə qeydiyyat aparılmamışdır. Eyni zamanda, qeyd edilən torpaq sahəsi bələdiyyənin qərarına əsasən bilavasitə, hərrac və ya müsabiqə keçirilmədən satılmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 2007-ci il 23 oktyabr tarixli 466 İİİ QD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində edilmiş dəyişikliyə əsasən Qanunun müvafiq maddəsində bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə satılması nəzərdə tutulmuşdur. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 16-cı bəndinə əsasən bələdiyyə, torpaq sahəsi ayrılmazdan əvvəl torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınma proseduruna başlamalıdır. Lakin işin hallarından göründüyü kimi, sözügedən torpaq sahəsi qüvvədə olan qanunvericiliyin tələblərinə zidd olaraq bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satılmışdır. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını və apelyasiya şikayətlərinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: Sumqayıt bələdiyyəsinin 10 saylı xx.xx.2008-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 3-cü məhəlləsində yerləşən 40/1 saylı 300 kv m həyətyanı torpaq sahəsi İddiaçı ayrılmışdır. torpaqların alqı-satqısına dair xx.xx.2008-ci il tarixli aktdan görünür ki, həmin akt Sumqayıt bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 10 saylı qərarı ilə satılmış 300 kv m torpaq sahəsinə dair tərtib edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(118)-662/2020 saylı qərarı ilə İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı iddiası təmin edilərək ona torpaq sahəsinin satılmasına dair xx xxxxx 2008-ci il tarixli 10 saylı qərarının ləğv edilməsinə dair xx xxxx 2008-ci il tarixli 14 saylı qərarı ləğv edilmişdir. DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********14 saylı məktubdan görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər hüquqların qeydiyyatı üçün əsas deyildir. Belə ki, torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmadan xx.xx.2008-ci il tarixli alqı-satqı aktı ilə bilavasitə satılmışdır. Bununla bağlı ona imtina bildirişi verilmişdir Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və ona əsaslanmışdır ki, öz qərarının ləğv edilməsinə dair bələdiyyənin qərarı məhkəmə qaydasında ləğv edilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş həmin qərarında torpaq sahəsinin İddiaçı qanuni istifadəsində olması qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1ci hissəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının xx xxxxxxx 2008-ci il tarixli Qanunu ilə dəyişiklik edilmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarının mülkiyytətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Kollegiya qeyd edir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2- 1(118)-662/2020 saylı qərarı ilə İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı iddiası təmin edilərək ona torpaq sahəsinin satılmasına dair xx xxxxx 2008-ci il tarixli 10 saylı qərarının ləğv edilməsinə dair xx xxxx 2008-ci il tarixli 14 saylı qərarı ləğv edilmiş və həmin məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Bələdiyyə qərarı ilə iddiaçıya torpaq sahəsi ayrılmış, iddiaçı tərəfindən qərarla müəyyən olunmuş prosedur qaydalara riayət olunmuş, torpaqların alqı-satqısına dair akt tərtib olunmuş, torpaq sahəsi üçün alqı-satqı haqqı olaraq 150 manat Sumqayıt Bələdiyyəsinin hesabına ödənilmiş, akt əsasında iddiaçı həmin torpaq sahəsini yerində qəbul etmişdir. Beləliklə, həmin bələdiyyə qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsindən cavabdehin imtina etməsi üçün kollegiya tərəfindən heç bir əsas müəyyən olunmamışdır. Bu səbəbdən, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasında və apelyasiya şikayətində qeyd etdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-1288/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar