Məhkəmə qərarları › İş №2-1(105)-260/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-260/2022

30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-260/2022 30.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Hakimlər Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı X6 iştirakı ilə, İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən verilmiş **********38 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2-1(118)- 352/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı Xaçmaz şəhərində yerləşən 0,04 ha torpaq sahəsinə dair üçüncü şəxs X8 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair ərizə ilə 28.09.2021-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir.

2. Cavabdehin 04.10.2021-ci il tarixli, **********51 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, həmin çıxarışlar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Həmin qanunun 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Xaçmaz şəhərində yerləşən 0.04 ha torpaq sahəsinə dair X8 adına hazırlanmış çıxarışın ləğvinə dair göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür.

3. Verilən cavabla razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən üçüncü şəxsin adına verilmiş **********38 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, faktiki istifadəsində olan 0,04 ha torpaq sahəsinin adına sənədləşdirilməsi məqsədilə Xaçmaz şəhər Bələdiyyəsinə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair üçüncü şəxs X8 adına cavabdeh tərəfindən dövlət reyestrindən çıxarış verilmişdir. Hesab edir ki, çıxarış qanunsuz verilmişdir. Bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

5. Sumqayıt İnzibati Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli 2-1(118)-352/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim C.Məmmədov)

6. İddiaçı qeyd edilən qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunaraq iddianın mümkün hesab edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, birinci instansiya məhkəməsi üçüncü şəxsin adına çıxarışın alqı-satqı müqaviləsinə əsasən verildiyinə istinad edərək iddianı mümkün saymamış və ona mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilmişdir. Halbuki, o, üçüncü şəxsin adına verilmiş ilkin çıxarışın ləğvini tələb edir. Belə ki, Xaçmaz rayon prokurorluğunun “əməlin tövsif edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 30 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, üçüncü şəxs X3 şəhərində yerləşən 0,04 ha torpaq sahəsini 2015-ci il tarixdə bələdiyyədən satın almış və ona torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 07 fevral 2020-ci il tarixdə **********38 nömrəli çıxarış verilmişdir. Bundan sonra üçüncü şəxs sözügedən torpaq sahəsini 11 may 2020-ci il tarixdə Quba regional “ASAN xidmət” mərkəzində X2. O hazırda iddiasında 07 fevral 2020-ci il tarixdə verilmiş çıxarışın ləğvini xahiş edir. Bu səbəbdən hesab edir ki, məhkəmə iddianın mümkünlüyü ilə bağlı səhv nəticəyə gəlmişdir.

10. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdilər.

11. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. (İPM-in 62.3-cü maddəsi).

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

12. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

13. Birinci instansiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli Plenum qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarınının 17-ci bəndinə istinad edərək iddianı mümkün saymamış və qərardadı onunla əsaslandırmışdır ki, üçüncü şəxsin adına **********38 reyestr nömrəli çıxarışın verilməsinə əsas X16 ilə X8 bağladığı 01.09.2020-ci il tarixli alqı-satqı müqaviləsi olmuş və həmin alqı-satqı müqaviləsi nəticəsində üçüncü şəxs olan Babayev İlham **********38 reyestr nömrəli çıxarış əldə etmişdir. 01.09.2020-ci il tarixli alqı-satqı müqaviləsinin qanunsuz və ya qanuni olması məsələsi ayrıca iddia predmeti olmaqla mülki mühakimə icraatı qaydasında baxılması zəruri edir.

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir:

15. İddia ərizəsindən görünür ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxs X8 adına verilmiş **********38 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədədir.

16. Hazırkı işin hallarından görünür ki, iddiaçı, X8 Xaçmaz şəhəri ərazisində yerləşən torpaq sahəsinə dair hazırlamış saxta sənədlər əsasında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış əldə etməsi ilə əlaqədar Xaçmaz rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş, müraciət ilə əlaqədar prokurorluqda araşdırma aparılmış və araşdırma nəticəsində “əməlin tövsif edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 30 sentyabr 2020-ci il tarixdə qərar qəbul edilmişdir.

17. Həmin qərardan görünür ki, X5 şəhər bələdiyyəsinin sədri vəzifəsində işləyərkən vəzifəli şəxs hesab olunmaqla 2015-ci ildə İlham Babayevin adına rəsmi sənədlər hesab edilən ''Torpaqların alqı-satqısına dair” Xaçmaz şəhər bələdiyyəsinin 30.11.2006-cı il tarixli, 12 saylı qərarının, “Torpaqların alqı-satqısına dair” 29 dekabr 2006-cı il tarixli, 5844 saylı aktının, 23.11.2006-cı il tarixli kassa mədaxil orderinin geri tarixdə, yəni 2006-cı ildə tərtib olunması görüntüsü yaratmaq üçün həmin ildə Xaçmaz şəhər bələdiyyəsinin sədri vəzifəsində işləmiş X1 geri tarixə imza etdirməklə, özünə təhkim edilmiş Xaçmaz şəhər bələdiyyəsinin möhürü ilə geri tarixə həmin sənədləri təsdiq etməklə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etmişdir. Həmin hərəkətləri ilə X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onun barəsində cinayət işi üzrə icraata Cinayət Prosessual Məcəllənin 39.1.3-cü maddəsinə əsasən xitam verilmiş, X10, X7, X17, X15 və X11 əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən onların barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd olunmuşdur.

18. Qeyd edilən fakt üzrə Xaçmaz rayon prokurorluğunda aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinə dair X8 adına iki dəfə çıxarış verilmişdir. Belə ki, İlham Babayev 2015-ci il tarixdə həmin torpaq sahəsini Xaçmaz şəhər Bələdiyyəsindən satın almış və cavabdeh tərəfindən onun adına birinci dəfə 07 fevral 2020-ci il tarixli **********38 reyestr nömrəli çıxarış verilmişdir. Bundan sonra üçüncü şəxs həmin torpaq sahəsini 11 may 2020-ci il tarixdə X2. Daha sonra isə İlham Babayev həmin torpaq sahəsini Günay Əzizovadan 01.09.2020-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında geri almış və həmin alqı-satqı müqaviləsi əsasında üçüncü şəxsin adına 01.10.2020-ci il tarixli **********38 reyestr nömrəli çıxarış verilmişdir.

19. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri araşdırılarkən müəyyən edildi ki, iddiaçının tələbi məhz X8 adına verilmiş 07 fevral 2020-ci il tarixli ilkin çıxarışın ləğv olunması barədə olmuşdur. Hazırkı iş üzrə X8 adına reyestrdə ikinci dəfə qeydiyyat 01.09.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən aparılsa da, iddia tələbindən göründüyü kimi, nə alqı-satqı müqaviləsinin, nə dəfə ikinci çıxarışın qanuniliyi mübahisə predmeti deyildir.

20. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edildiyi kimi, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

21. Hazırkı işdə isə birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü məsələsi həll edilərkən işin araşdırılması prinsipi pozularaq, bu istiqamətdə əhəmiyyət kəsb edən bütün faktiki hallar məhkəmə tərəfindən xidməti vəzifəsinə görə araşdırılmamış, iddiaçının tələbi, üçüncü şəxsin adına 07.02.2020-ci il tarixdə verilmiş çıxarışın ləğvi barədə olduğu halda, məhkəmə iddia tələbini dəqiqləşdirmədən, alqı-satqı müqaviləsi əsasında üçünü şəxsin adına 01.10.2020-ci il tarixdə verilmiş **********38 reyestr nömrəli çıxarışın ləğvinə dair iddia tələbinin mümkünlük şərtlərinə qiymət vermişdir.

22. Odur ki, kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

23. İşə yenidən baxılarkən iddiaçıya hüquqi yardım edilməklə iddia tələbini dəqiqləşdirmək təklif edilməli, eyni zamanda X8 adına verilmiş 07 fevral 2020-ci il tarixli çıxarışın ləğv olunmasına dair iddia tələbi üzrə həm ümumi, həm də xüsusi mümkünlük şərtləri yoxlanılmalıvə yanız bundan sonra iddianı mümkünsüz edən başqa xüsusat olmadığı təqdirdə, işə mahiyyəti üzrə baxılmalıdır.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər.

25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2-1(118)-352/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən verilmiş **********38 reyestr nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar