Məhkəmə qərarları › İş №2-1(105)-261/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-261/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-261/2021 08.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Abşeron rayon Masazır bələdiyyəsinə qarşı torpaq sahəsinin sənədləşdirilməsi məsələsinin yerinə yetirilməsi ilə bağlı sorğuya cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1098/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Abşeron rayon Masazır bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin sənədləşdirilməsi məsələsinin yerinə yetirilməsi ilə bağlı sorğuya cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onununla əsaslandırılmışdır ki, iddiaçı valideynləri və oğlu ilə birlikdə 20 ildir ki, Abşeron rayon Masazır bələdiyyəsi tərəfindən onlara verilmiş atası X2 məxsus 157 kv.m torpaq sahəsində ev tikib orada yaşayır. 2013-cü ildən evin çertyojunu (eskiz layihəsi) çəkdirsələr də, torpağı sənədləşdirə bilmirlər. Bu səbəbdən də, yaşadıqları evin torpaq sahəsinin sənədləşdirilməsi məsələsinin yerinə yetirilməsi məsələsinin həll olunması barədə cavabdeh orqana 19.10.2019-cu il tarixdə müraciət etsə də, cavabdeh orqan tərəfindən indiyə qədər heç bir cavab ala bilməmişdir. Bununla bağlı o, sorğuya cavab verilməsi ilə bağlı cavabdeh orqanın qarşısında öhdəlik qoyulmasına dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1098/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim Vəfa Əzizova) Qərardan cavabdeh apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı idda edir ki, o Masazır Bələdiyyəsinə 19 oktyabr 2019-cu il tarixdə müraciət etmişdir. Aparılan arxiv araşdırmaları nəticəsində İddiaçı müraciəti ilə bağlı qeydiyyat jurnalında məlumat aşkarlanmamışdır. Lakin, sonradan məlum olmuşdur ki, 19 oktyabr 2019-cu il tarixi qeyri-iş günüdür və həmin tarixdə bələdiyyəyə iddiaçı tərəfində rəsmi və ya poçt vasitəsi ilə müraciət olunmamışdır. Lakin buna baxmayaraq qeydiyyat jurnalında növbəti aylara baxılsa da, İddiaçı adında vətəndaş müraciəti aşkar edilməmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. İddia ərizəsinə əlavə edilmiş (səh. 15) ərizənin surətindən görünür ki, həmin ərizə ilə İddiaçı Abşeron rayonu Masazır bələdiyyəsindən yaşadığı evin torpaq sahəsinin sənədləşdirilməsi məsələsinin yerinə yetirilməsini xahiş etmişdir. Müraciətinə cavab verilmədiyindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyəyə müraciət edilməsi barədə ərizənin həmin orqana təqdim edilməsi və ya göndərilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəf isə iddiaçının həmin ərizəsinin daxil olmadığını bildirir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bələdiyyəyə ünvanladığı müraciətin həmin orqana təqdim edilməsi barədə sübut təqdim etmədiyindən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1098/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməli, İddiaçı cavabdeh Abşeron rayon Masazır Bələdiyyəsinə qarşı torpaq sahəsinin sənədləşdirilməsi məsələsinin yerinə yetirilməsi ilə bağlı sorğuya cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cümaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1098/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Abşeron rayon Masazır Bələdiyyəsinə qarşı torpaq sahəsinin sənədləşdirilməsi məsələsinin yerinə yetirilməsi ilə bağlı sorğuya cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar