Məhkəmə qərarları › İş №2-1(105)-261/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-261/2022

31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-261/2022 31.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Abşeron-Xızı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Abşeron-Xızı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)-1649/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1956-cı ildə İmişli şəhərində anadan olmuşdur. 1973-cü ildə Bakı Kooperativ texnikumuna daxil olmuş, 03.07.1975-ci ildə mühasib ixtisası üzrə tam kursu bitirmişdir. 24.11.1975-ci il tarixdən 09.12.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

2. AT-İ №4587298 saylı əmək kitabçasına əsasən 01.02.1978-28.03.1978 və 25.05.1978-09.08.1978-ci il tarixlərdə müxtəlif müəssisələrdə, 10.08.1978-ci il tarixdən 25.12.1998-ci il tarixədək isə İmişli rayon Təsərrüfat hesablı Çörək zavodunda, ИТ- İ№1046036 saylı əmək kitabçasına əsasən isə 30.08.1999-01.12.2003-cü il tarixlərdə “Karat” kiçik müəssisəsində, 02.12.2003-30.06.2005-ci il tarixlərdə "xxxx" MMC-də işləmişdir.

3. İddiaçının yaşa görə əmək pensiyası hüququ 03.05.2021-ci il tarixdə yaranmışdır.

4. İddiaçı pensiya təyin edilməsi üçün müvafiq sənədləri təqdim edərək ona əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.

5. Cavabdeh 12.07.2021-ci il tarixli, **********0 saylı məktubunda iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun 25 il sığorta stajına qarşı 4 il 02 ay 24 gün sığorta stajının olduğu, 10.08.1978-ci il tarixdən 30.06.2005-ci il tarixədək işlədiyi dövrün qarşılıqlı yoxlanılması zərurəti yarandığından, lakin müəssisələrin hüquqi ünvanının məlum olmaması səbəbindən iş stajının yerində qarşılıqlı yoxlanılması mümkün olmadığı, bununla əlaqədar olaraq 1978-2005-ci illərin sosial sığorta stajı kimi hesablanması mümkün olmadığı bildirilərək əmək pensiyasının təyin olunmasından imtina etmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 29.07.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab olunması və təhsil aldığı, hərbi xidmət illəri, işlədiyi illər hesablanaraq əmək fəaliyyətinin nəticəsi olaraq yaranmış sosial sığorta stajı əmək pensiyasının sığorta hissəsinə əlavə olunaraq yaşa görə əmək pensiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə anadan olmuş, 1973-1975-ci illərdə Bakı Kooperativ Texnikumunu bitirmiş və 1975-1977-ci illərdə hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 1978-ci ildən 2005-ci ilədək müxtəlif sahələrdə işləmişdir. Bu fakt əmək kitabçasına əsasən təsdiq olunur. Lakin bu barədə DSMF-nin 1 saylı regional ərazi filialına müraciət etsə də nəticəsiz qalmışdır. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia ərizəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 1.0.2-ci və 21.1-ci və İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə istinad etmişdir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

8. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun Qanununun 1.0.1, 1.0.2-ci maddəsinə istinad edilməklə göstərilir ki, qanunun tələbindən göründüyü kimi, vətəndaşa əmək pensiyası təyinatının aparılması onun işlədiyi idarə, müəssisə və ya təşkilatdan aldığı əməkhaqqı ilə şərtləndirilmişdir. Etirazda daha sonra həmin Qanunun 21.1-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə istinad edilməklə göstərilir ki, hər iki qanunvericiliyin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Etiraz onunla əsaslandırılır ki, Fondun 1 saylı şöbəsi tərəfindən iddiaçıya ünvanlanan imtina məktubunda haqlı olaraq “İmişli rayon Təsərrüfat hesablı Çörək zavodu”na aid 10.08.1978-25.12.1998-ci illər, həmçinin “Karat” kiçik müəssisəsi və "xxxx" MMC-yə aid 30.08.1999-30.06.2005-ci illər mübahisələndirilmişdir. Belə ki, mübahisələndirilən müəssisələrə dair sənədlər müvafiq olaraq dövlət arxiv idarələrində aşkar edilməmişdir. Göstərilənlərə əsasən iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən 25 il sığorta stajı olmadığından yaxud da fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yığılmadığından əmək pensiyası hüququ yaranmamışdır.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

9. Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)-1649/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. İddiaçının işlədiyi müəssisələrin sənədlərinin qarşılıqlı yoxlanılmasının mümkün olmaması iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir.

11. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayətində iddia ərizəsinə qarşı etirazda göstərilən hallara təkrar olunmaqla yanaşı göstərilir ki, cavabdeh tərəfindən, eyni zamanda məhkəmə tərəfindən aparılmış araşdırma zamanı iddiaçının 30.08.1999-cu ildən 01.12.2003-cü ilədək “Karat” kiçik müəssisəsində və 02.12.2003-cü ildən 30.06.2005-ci ilədək "xxxx" MMC-də işləməsi müvafiq əmək haqqı cədvəlləri ilə öz təsdiqini tapmışdır. Lakin onun 10.08.1978-ci ildən 25.12.1998-ci ilədək “İmişli rayon Təsərrüfat hesablı Çörək zavodun”da işləməsi aparılmış araşdırma zamanı müəyyən edilməmişdir. Belə ki, sözügedən müəssisəyə dair sənədlər müvafiq olaraq dövlət arxiv idarəsində aşkar edilməmiş, həmçinin həmin müəssisənin məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə heç bir hesabat müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi işi tam araşdırmamış, mübahisələndirilən müəssisələrə dair fərqli yanaşma tətbiq etmiş, düzgün əsaslandırma aparmadan qərar çıxarmış və iddianı əsassız olaraq təmin etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

14. İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) …

17. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

18. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət… ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti… Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

19. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

20. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

21. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

22. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.02.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

24. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. İddiaçının pensiya yaşına çatması işin mübahisəsiz halıdır. Bundan əlavə cavabdeh inzibati orqan imtinasında 4 il 02 ay 24 gün sığorta stajının olduğunu qəbul etməklə onun təhsil aldığı və hərbi xidmətdə olduğu dövrün sığorta stajına daxil edilməsini nə etirazında nə də apellyasiya şikayətində mübahisələndirməmişdir.

27. Əlavə olaraq iddiaçının 30.08.1999-01.12.2003-cü il tarixlərdə (4 il 03 ay 2 gün) “Karat” kiçik müəssisəsində, 02.12.2003-30.06.2005-ci il tarixlərdə (1 il 06 ay 29 gün) "xxxx" MMC-də işləməsi birinci instansiya məhkəməsində iş üzrə araşdırma zamanı təsdiqini tapmış, cavabdeh bu halı da apellyasiya şikayətində mübahisələndirməmişdir. Beləliklə, iddiaçının cavavbdeh tərəfindən mübahisələndirilməyən 10 il 24 gün sığorta stajı mövcuddur.

28. Hazırkı işin mübahisəli halı iddiaçının 10.08.1978-ci il tarixdən 25.12.1998-ci il tarixədək (20 il 4 ay 15 gün) İmişli rayon Təsərrüfat hesablı Çörək zavodunda işlədiyi dövrün onun sığorta stajına daxil edilib-edilməməsi ilə bağlıdır. Belə ki, həmin dövr sosial sığorta stajına daxil edildikdə yuxarıda qeyd edilən mübahisələndirilməyən 10 ildən artıq sığorta stajı da nəzərə alınmaqla iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranır.

29. Cavabdeh imtinasında iddiaçının 10.08.1978-ci il tarixdən 30.06.2005-ci il tarixədək işlədiyi dövrün qarşılıqlı yoxlanılmasının müəssisələrin hüquqi ünvanının məlum olmaması səbəbindən mümkün olmaması, habelə apellyasiya şikayətində İmişli rayon Təsərrüfat hesablı Çörək zavoduna dair sənədlərin dövlət arxiv idarəsində aşkar edilməməsi, həmin müəssisənin məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə heç bir hesabatın müəyyən olunmaması ilə əsaslandırmışdır.

30. Cavabdehin imtinası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 10.08.1978-ci il tarixdən 25.12.1998-ci il tarixədək İmişli rayon Təsərrüfat hesablı Çörək zavodunda işləməsi barədə əmək kitabçası təqdim etmişdir. Məhkəmə kollegiyası tərəfindən əslinə baxış keçirilmiş və notarial qaydada təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş həmin əmək kitabçasının mötəbərliyi hər-hansı ciddi şübhə doğurmur (tərtib edildiyi dövr və aparılmış qeydlərin dəqiqliyi, kiril əlifbası ilə yazılması və müvafiq dövrlərə uyğun möhürlərlə təsdiq olunması baxımından). Hazırkı qərarın 17-20-ci bəndlərində istinad edilmiş qanunvericiliyin müddəaları, eləcə oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış təcrübəsinə görə, kifayət qədər mötəbər və ciddi sübutlarla dəstəklənən əks hal müəyyən olunmayıbsa, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il tarixədək) sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Hazırkı işdə cavabdeh kifayət qədər mötəbər və ciddi sübutlara əsaslanmaqla əks halı, yəni iddiaçının həmin dövrlərdə qeyd edilən zavodda işləməməsini sübuta yetirə bilməmiş, yalnız zavodun sənədlərinin dövlət arxiv idarəsində aşkar edilməməsinə və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə heç bir hesabatın müəyyən olunmamasına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istinad etdiyi hal əmək kitabçasındakı qeydlərin şübhə altına alınması üçün yetərli əsas ola bilməz və əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

31. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

32. Hazırkı işdə iddiaçının əmək kitabçasında qeyd olunan 10.08.1978-ci il tarixdən 25.12.1998-ci il tarixədək olan dövr onun sığorta stajı kimi nəzərə alınmalı olduğundan və həmin dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olduğundan onun pensiya hüququ yaranır.

33. Beləliklə, iddiaçıya əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunauyğundur.

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)-1649/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar