Məhkəmə qərarları › İş №2-1(105)-261/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-261/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-261/2023 19.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İddiaçı cavabdeh Abşeron rayon Novxanı Bələdiyyəsinə qarşı qərarın ləğv olunması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2-1(118)-1698/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ Abşeron rayon Novxanı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Novxanı Bələdiyyəsinin alqı-satqı predmeti olan 0.0320 ha, 0.0203, 0.1168 ha və 0.0611 ha torpaq sahələrini yaşayış evini tikmək məqsədi ilə hər bir sotu 440 manat olmaqla satılması üçün torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduru başa çatdığına görə açıq müsbiqə keçirilməsi məqsədi ilə hərrac komissiysına müraciət olunması qərara alınmışdır. İş materiallarından görünür ki, qeyd edilən torpaq sahələri cavabdeh tərəfindən vətəndaşlara, o cümlədən hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X7 və X1 və sonuncuların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmışdır. İddiaçı tərəfindən Abşeron rayon Novxanı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 02 saylı iclas protokolunda göstərilən bələdiyyə aktlarına (qərarlarına) inzibati nəzrət icraatı qaydasında baxılmış, bələdiyyə tərəfindən hərrac və ya müsabiqə keçirilməsi nəzərdə tutulan torpaq sahələrinin qiymətinin hansı vaxtda keçirilmiş son müsabiqə qiymətinə uyğun müəyyən edilməsi və bu zaman bazar qiymətinin nəzərə alınıb-alınmaması qərarda qeyd olunmadığı müəyyən edilmiş, xx.xx.2002-ci il tarixli məktubla Abşeron rayon Novxanı Bələdiyyəsinə xx.xx.2022-ci il tarixli, 02 saylı iclas protokolunun 04№-li qərarı yenidən müzakirə olunmaqla dəyişiklik edilməsi (torpağın bazar qiymətini əks etdirən müvafiq sənəd əlavə olunmaqla) və ya dəyişiklik edilməsi mümkün olmadığı halda ləğv edilməsi təklif edilmişdir. Abşeron rayon Novxanı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 08 nömrəli iclas protokolundan görünür ki, İddiaçı yuxarıda qeyd edilən məktubu bələdiyyənin iclasında müzakirə edilmiş, bələdiyyənin xx.xx.2022-ci il tarixli, 02 saylı iclas protokolunun 04№-li qərarının ləğv edilməməsi, gələcəkdə bələdiyyəyə məxsus torpaq sahələrindən fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələri satılarsa bazar qiymətinə uyğunlaşdırılması qərara alınmışdır. İddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, Abşeron rayon Novxanı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 08 nömrəli iclas protokolu xx.xx.2022-ci il tarixdə İddiaçınə daxil olmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixli idddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Novxanı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 02 saylı iclasının gündəlikdə duran 0.0320 ha, 0.0203, 0.1168 ha və 0.0611 ha torpaq sahələrinin mülkiyyətə verilməsi üçün müsabiqə keçirilməsi barədə qərarının ləğv olunmasını xahiş etmişdir. Qeyd edilən iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur İddia ərizəsində yuxarıda qeyd edilən sənədlərə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Torpaq bazarı haqqında” Qanunun müvafiq normalarına istinad edilməklə göstərilir ki, bələdiyyə tərəfindən müsabiqə keçirilməsi nəzərdə tutulan torpaq sahələrinin qiymətinin hansı vaxtda keçirilmiş son müsabiqə qiymətinə uyğun müəyyən edilməsi və bu zaman bazar qiymətinin nəzərə alınıb-alınmaması qərarda qeyd olunmamışdır. Abşeron rayon 1 saylı notariat ofisinə göndərilmiş sorğuya cavab olaraq Abşeron rayon ərazisində yaşayış məntəqələrinin torpaq sahələrinin alqısatqı qiymətləri 1000 manatdan 20.000 manatadək müəyyən edilmişdir. Novxanı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 02 saylı iclasının gündəlikdə duran 0,0320 ha; 0,0203; 0,1168 ha və 0,0611 ha torpaq sahələrinin mülkiyyətə verilməsi üçün müsabiqə keçirilməsi barədə qərarının müzakirəyə çıxarılaraq ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli, 05/378 saylı məktubla müraciət edilmişdir. Buna baxmayaraq Novxanı bələdiyyəsi xx.xx.2022-ci il tarixli, 03 saylı iclas protoklunun 8-ci qərarı ilə ləğv təklifini təmin etməmişdir. Cavabdeh iddia tələbinə etirazında bildirmişdir ki, Novxanı bələdiyyəsi müsabiqə vasitəsi ilə satmaq istədiyi torpaq sahələrinin bazar qiymətinə uyğun olaraq satılmasını tövsiyə edir. Həmin torpaq sahələri uzun müddət vətəndaşların istifadələrində olduğu üçün və həmin torpaq sahələrində vətəndaşlar özlərinə yaşayış və bağ evləri tikərək uzun müddətdir ki, həmin torpaqdan istifadə edirlər. Buna görədə Novxanı bələdiyyəsi həmin torpaq sahələrini normativ qiymətdən 2-3 qat artığına vətəndaşların mülkiyyətlərinə verilməsini təklif edir. Vətəndaşlar istifadələrində olan torpaq sahələrini bazar qitmətinə onlara satılmasına etiraz edirlər. Novxanı bələdiyyəsinin prespektiv inkişafa ayrılmış torpaq sahəsi olmadığı üçün Novxanı bələdiyyəsi ərazisində torpaqların satışını halhazırda bazar qiymətinə satılmasını təmin edə bilmir. Gələcəkdə Novxanı bələdiyyəsi ərazisində vətəndaşların istifadələrində olan torpaq sahələrini də vətəndaşların mülkiyyətinə verilməsi zamanı bazar qiymətlərini nəzərə alacaqdır. Sumqayıt İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2-1(118)-1698/2022 nömrəli qərarı ilə iddia təmin edilərək Abşeron rayon Novxanı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 02 saylı iclasının gündəlikdə duran 0.0320 ha, 0.0203, 0.1168 ha və 0.0611 ha torpaq sahələrinin mülkiyyətə verilməsi üçün müsabiqə keçirilməsi barədə qərarın ləğv edilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində işin faktiki hallarına və ''Вələdiyyələrin fəаliууətinə inzibati nəzarət haqqında" Qanunun müvafiq normalarına istinad etməklə göstərilir ki, Sumqayıt Regional Ədliyyə İdаrəsinin Ədliyyə nazirliyinin adından hazırkı iddia ilə məhkəməyə müraciət etməyə səlahiyyətli olub-olmamasını araşdırmamışdır. Şikayətdə daha sonra göstərilir ki, cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğvi barədə təklifini iddiaçı xx.xx.2022-ci il tarixdə məktubla göndərmişdir. Bəldiyyə tərəfindən məktub nəzərə alınmaqla təklif edilən məsələlər yenidən müzakirə edilmiş və xx.xx.2022-ci ildə çıxarılmış bələdiyyə qərarı xx.xx.2022-ci il tarixdə vahid bələdiyyələrin iş portalına onlayn göndərilmişdir. Belə vəziyyətdə cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğvinə dair hazırkı iddianı iddiaçı xx.xx.2022-ci il tarixindən hesablanmaqla 15 iş günü ərzində, yəni xx.xx.2022-ci il tarixdən gec olmayaraq məhkəməyə göndərməli idi. Lakin hazırkı iddia məhkəməyə xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Bununla da iddiaçı “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 8.5-ci maddəsi ilə müəyyən olunmuş iddia müddətinə riayət etməmişdir. Şikayətdə daha sonra göstərilir ki, iddiaçı iddiasının əsaslılığı üçün notariat əməliyyatlarındakı qiymətlərə istinad etmişdir. Halbuki cavabdehin mübahisələndirilən qərarı yaşayış torpaqlarının satış üçün müsabiqəyə çıxarılmasına dairdir. Bələdiyyənin bu qərarının əsassızlığı üçün isə bələdiyyə torpaqlarına dair müsabiqələrin keçirilməsinə səlahiyyətli olan müvafiq icra hakimiyyəti orqanından Abşeron rayonunda fəaliyyət göstərən digər bələdiyyələr tərəfindən yaşayış torpaqlarının hansı qiymətlə müsabiqəyə çıxarılması məlumatları əldə olunmalı və məhz həmin qiymətlərlə müqayisə aparılmalı idi. Bu zaman məlum olacaqdı ki, Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr tərəfindən yaşayış torpaqlarının müsabiqə üçün satış qiymətləri birbirilərinə çox yaxın olmaqla, hazırkı iddia ilə mübahisələndirilən Abşeron rayonu Novxanı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli qərarındakı qiymətə də tam uyğundur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə üçüncü şəxslər Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, iddianı təmin edən birinci instansiya məhkəməsi ilk növbədə iddianın mümkünlüyünü yoxlamaqla qeyd etmişdir ki, xx.xx.2022- ci ildə çıxarılmış bələdiyyə qərarı (xx.xx.2022-ci ildə İddiaçı dəftərxanasına daxil olmuş və sözügedən bələdiyyə qərarı 15 iş günü ərzində iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir) ilə Novxanı Bələdiyyəsi müvafiq qərarı ləğv etmədiyindən, iddiaçı həmin qərarın ləğv edilməsi üçün xx.xx.2022-ci ildə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 30 günlük prosessual müddətə və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 8.3-8.5-ci maddələrinin tələblərinə riayət olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın mümkünlüyü ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Hazırkı iddia İPM-nin İPM-nin 2.2.8-ci maddəsənə uyğun olaraq inzibati nəzarət orqanlarının bələdiyyəyə qarşı iddia növünə aiddir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunda bu növ iddianın qaldırılması üçün xüsusi müddət müəyyən edilmişdir. Belə ki, həmin qanunun 8.5-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarında qeyd edilmişdir ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun bələdiyyə qərarının ləğvi ilə bağlı məhkəmədə qaldırılacaq iddiaya iddia müddətlərinin şamil edildiyini təsbit edir. Bu müddət hazırkı iddia üzrə bələdiyyə qərarının ləğvi ilə bağlı inzibati nəzarət orqanının etdiyi təklifin bələdiyyə tərəfindən təmin edilməməsi barədə qəbul edilmiş bələdiyyə qərarının inzibati nəzarət orqanına təqdim olunduğu gündən hesablanmağa başlanan 15 günlük müddətdir (2-1(102)-451/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, İddiaçı müvafiq bələdiyyə qərarının ləğv edilməsi ilə bağlı təklifinə cavabdehin xx.xx.2022-ci il tarixli iclasında baxılmaqla bələdiyyənin qərarının ləğv edilməməsi qərara alınmış, bu barədə xx.xx.2022-ci il tarixli, 08 nömrəli iclas protokolu xx.xx.2022-ci il tarixdə İddiaçınə daxil olmuş, iddiaçının xx.xx.2022-ci il tarixli idddia ərizəsi isə Sumqayıt İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş və bu barədə müvafiq qeyd aparılmışdır. Göründüyü kimi, bələdiyyə qərarının ləğvi ilə bağlı inzibati nəzarət orqanının etdiyi təklifin bələdiyyə tərəfindən təmin edilməməsi barədə qəbul edilmiş bələdiyyə qərarı xx.xx.2022-ci il tarixdə iddiaçıya daxil olsa da, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş 15 iş günü müddətinə əməl edilməmiş, iddia ərizəsi məhkəməyə həmin müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Kollegiya tərəfindən yuxarıda qeyd edilən məsələ iddiaçının nümayəndəsinin diqqətinə çatdırılaraq İPM-nin 64-cü maddəsinin tələblərinə uyğun olaraq mübahisənin faktiki və hüquqi tərəfləri, iddianın mümkünlüyü ilə bağlı məsələlər işdə iştirak edən şəxslərlə müzakirə edilmiş, iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən iddia ərizəsində göstərilən xx.xx.2022-ci il tarixə istinad etməklə iddanın həmin tarixdə poçt vasitəsi ilə təqdim edildiyini və tərəflərindən müddətin buraxılmadığını bildirərək növbəti məhkəmə iclasında bu barədə təsdiqedici sənədlərin təqdim olunacağını qeyd etsə də, iddianın məhz həmin tarixdə poçt vasitəsi ilə göndərilməsini və ya məhkəməyə birbaşa təqdim edilməsini təsdiq edən hər-hansı sübutu təqdim etməmişdir. İşin yuxarıda qeyd edilən hallarına əsaslanaraq kollegiya qeyd edir ki, hazırkı halda iddianın mümkünlüyü ilə bağlı qeyd edilən müddət tələbinə əməl edildiyini sübut etmək yükü üzərinə düşən iddiaçı inzibati orqan həmin halı sübut edə bilməmişdir. İddiaçının nümayəndəsi ümumiyyətlə müddətin buraxılmadığına istinad etdiyindən, lakin bu hal iş materialları ilə təkzib olunduğundan kollegiya cavabdehin apellyasiya şikayətinin müvafiq dəlilləri ilə razılaşaraq bu nəticəyə gəlir ki, hazırki iş üzrə iddiaçı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Bu hal isə müvafiq qərarın ləğvi və iddianın mümkün sayılmaması üçün əsasdır. NƏTİCƏVİ HİSSƏ Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2-1(118)-1698/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İddiaçı cavabdeh Abşeron rayon Novxanı Bələdiyyəsinə qarşı Abşeron rayon Novxanı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 02 saylı iclasının gündəlikdə duran 0.0320 ha, 0.0203, 0.1168 və 0.0611 ha torpaq sahələrinin mülkiyyətə verilməsi üçün müsabiqə keçirilməsi barədə qərarının ləğv olunması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar