Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-261/2024 13.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X5 və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 noyabr 2022ci il tarixli, 2-1(118)-67/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Sumqayıt Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli müraciətinə əsasən Sumqayıt şəhər İH Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 14 və 29-cu məhəllələr arası ərazidə, N.Nərimanov küçəsində sahibkarlıq məqsədilə Sumqayıt bələdiyyəsinə torpaq sahəsi ayılmasına dair xx.xx.2012-ci il tarixli rəy verilmiş və Sumqayıt bələdiyyəsinin xx.xx.2012ci il tarixli 12 nömrəli qərarı ilə bələdiyyənin 14 və 29-cu məhəllələr arası ərazidə N.Nərimanov küçəsində yerləşən 114 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurana başlanmışdır. DTXK-nin Sumqayıt şəhər şöbəsi torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etməmiş və Sumqayıt bələdiyyəsinin adına sahibkarlıq məqsədilə icarəyə ayrılan 114 kv.m torpaq sahəsi ilə bağlı 426830 nömrəli plan-ölçü sənədi hazırlanaraq X13 kitabında xx.xx.2013-cü ildə 5802 nömrə ilə uçota alınmışdır.
2. İddiaçı həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla (bildiriş) müraciətdən imtina edərək bildirmişdir ki, xəritə məlumatlarında qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin 92,56 kv.m hissəsi dövlət mülkiyyəti kimi qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt bələdiyyəsinin xx.xx.2012-ci il tarixli iclasının 06 saylı qərarı ilə sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəlləri ərazisində, N.Nərimanov küçəsində yerləşən 114 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vətəndaş X6 ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəllələri ərazisində, Nəriman Nərimanov küçəsində yerləşən faktiki istifadəsində olan 114 kv.m torpaq sahəsinin qüvvədə olan torpaq qanunvericiliyinə uyğun şəkildə adına sənədləşdirilməsini xahiş etmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı hər hansı məhdudiyyətlər və yüklülüklər müəyyən olunmadığından, bələdiyyənin xx.xx.2012- ci il tarixli 12 saylı iclasının 06 saylı qərarı ilə hərracın (müsabiqənin) keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasını məqsədəuyğun hesab edilmişdir. Sumqayıt Bələdiyyəsinin müvafiq müraciəti əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixli, 69a saylı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən isə xx.xx.2012-ci il tarixli, 02/554 saylı rəylər verilərək sözügedən torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Eyni zamanda, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı Sumqayıt Bələdiyyəsinin adına “Torpaq sahəsinin planı və ölçüsü”nü hazırlamış və həmin sənəd xx.xx.2013-cü il tarixdə 5802 nömrə ilə X13 kitabında uçota alınmışdır. Həmin sənədlər də əlavə edilməklə Sumqayıt Bələdiyyəsi tərəfindən rəsmi qaydada cavabdehə müraciət edilərək qeyd olunan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatından keçirilməsi xahiş edilsə də, cavabdeh bu günədək bələdiyyənin torpaq sahəsi üzərində qeydiyyatını həyata keçirməmişdir. Cavabdeh inzibati orqan nə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş və mübahisələndirilən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətdə olduğunu təsdiq edən torpaqayırma sənədlərinə əhəmiyyət verməmiş, nə də torpağın dövlət mülkiyyətində olduğunu təsdiq edən hər hansı hüquq müəyyənedici sənədlərin surətlərini bələdiyyəyə təqdim etməmişdir. Halbuki, müvafiq qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə torpaqları, o cümlədən mübahisələndirilən torpaq sahəsi də 2001-ci ildə rəsmi şəkildə Sumqayıt şəhəri ərazisində bələdiyyə mülkiyyətinə aid edilmiş torpaq sahələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada təhvili işləri həyata keçirilərkən tərtib edilmiş protokol, akt və digər torpaqayırma sənədlərinə əsasən Sumqayıt Bələdiyyəsinə təhvil verilmiş və həmin dövrdə qüvvədə olmuş qanun normalarına əsasən müvafiq qaydada xəritələşdirilərək keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində dövlət torpaq reyestrində və X13nda dövlət qeydiyyatından keçmişdir. Bu səbəbdən cavabdehin mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olması barədə bildirdikləri tamamilə əsassız və qanunaziddir.
5. Cavabdehin yazılı etirazının dəlilləri iddiaçının tələbindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.
6. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)-724/2021 nömrəli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti və xx.xx.2022-ci il tarixli 2-1(11xx-xx/2022 nömrəli qərardadı ilə X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
7. Sumqayıt İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2-1(118)-67/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, 92,56 kv.m torpaq sahəsi torpaqların elektron kadast bazasında dövlət torpağı kimi qeydə alınmışdır. Həmçinin, sözügedən torpaq sahəsi, “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli Fərmanın 3-cü bəndinin və AR ƏMDK- nin yanında DƏDRX-nin xx.xx.2010-cu il tarixli RX- 23/06/866 nömrəli məktubunun icrası ilə bağlı idarəyə təqdim olunmuş dövlət əmlaklarının siyahısında "Ləman" şirkətinə məxsus obyektin yerləşdiyi torpaq sahəsi (kodu 63878, registr nömrəsi ********) kimi göstərilmiş və bunun əsasında daşınmaz əmlakın rəqəmli kadastr xəritəsində dövlət əmlakı kimi təsvir olunması məlum olmuşdur. Sumqayıt bələdiyyəsi qeyd etmişdir ki, aparılmış araşdırmalar nəticəsində ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı hər hansı məhdudiyyətlər və yüklülüklər müəyyən olunmadığından, bələdiyyənin xx.xx.2012-ci il tarixli 12 saylı iclasının 06 saylı qərarı ilə hərracın (müsabiqənin) keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması məqsədəuyğun hesab edilmişdir. Lakin bələdiyyənin nümayəndəsi bildirmişdir ki, torpaq sahəsi faktiki olaraq X3 istifadəsindədir. Bundan əlavə, Sumqayıt Bələdiyyəsi sadalanan sənədləri 2012-ci ildə əldə etsə də, öz hüquqlarını dövlət qeydiyyatına aldırmamış, ona 2012-ci ildə verilən sənədlərin hazırda səlahiyyətli olan qurumda qeydiyyatının olması müəyyən edilmir. Hazırda səlahiyyətli olan qurumun baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin 92,56 kv.m hissəsi dövlət mülkiyyəti kimi qeydiyyata alınmışdır. Məhkəmə hesab etmişdir ki, qeyd edilənlər cavabdeh inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir. Torpaq sahəsinin bələdiyyə və ya dövlətə aid olmasının müəyyən edilməsi mahiyyəti etibarı ilə dövlət qurumları arasında olan icraat nəticəsində müəyyən olunan məsələdir və dövlət qurumları arasında olan mübahisələr inzibati məhkəmə icraatının araşdırması ola bilməz və bununla bağlı problemlər yuxarı inzibati orqan tərəfindən həll edilməlidir. Lakin hazırkı iddia mövcud hüququn qeydə alınması ilə bağlı olduğu üçün məhkəmə iddianı mümkün hesab etmiş, hazırkı iddianı iki inzibati orqan arasında olan mübahisə kimi qiymətləndirməmişdir.
9. Eyni zamanda iddiaçıya izah edilmişdir ki, xəritə baza məlumatlarında aparılmış qeydiyyatlardan narazıdırsa, qanunvericiliyə uyğun olaraq səlahiyyətli yuxarı inzibati orqana müraciət etməsi istisna edilmir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat
11. 1Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) 26 may 2023-cü il tarixli, 2-1(105)-193/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-67/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kasasiya instansiyası məhkəməsində icraat
14. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2-1(102)-2255/2023 nömrəli qərarı ilə (hakimlər R.Nəbizadə /sədrlik edən və məruzəçi/, Z.Quliyev və S.Kərimov) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-193/2023 nömrəli, 26 may 2023-cü il il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir.
15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarının 13-16-cı səhifələrində olan bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında protokol, xx.xx.2001-ci il tarixli akt və Sumqayıt şəhər ərazisində bələdiyyə və xüsusi mülkiyyətə aid olan torpaqların eksplikasiyası sənədlərinə məhkəmələr tərəfindən diqqət yetirilməyərək hazırki mübahisə predmeti olan torpaq sahəsinin həmin sənədlərdə qeyd olunan torpaq sahələrinin tərkibində olub-olmaması araşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə predmeti olan 114 kv.m torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinə təhvil verilən torpaq sahəsi olub-olmaması, habelə bələdiyyəyə təhvil verilən torpaq sahələrin xəritə sxemində həmin torpaq sahəsinin göstərilib-göstərilməməsi barədə heç bir araşdırma aparmamışdır. Yəni həmin torpaq sahəsinin bələdiyyəyə təhvil verilən torpaq sahələrinə aid olub-olmaması yoxlanılmamışdır. Bundan başqa, iddiaçının istinad etdiyi torpaq sahəsinin plan-ölçü sənədində qeyd edilən qərarda bələdiyyənin torpaq sahəsini özünün icarəsinə verildiyi göstərilmişdir. Bu anlaşılmazlığı məhkəmə aradan qaldırmamışdır. Həmçinin, iddiaçının adına 114 kv.m torpaq sahəsinə dair verilmiş plan-ölçü sənədi X13 kitabında xx.xx.2013-cü il tarixdə uçota alınmışdır. Apellyasiya məhkəməsi torpaq sahəsinin həqiqətən də DT və XK tərəfindən X13 kitabında uçota alınıb-alınmamasını yoxlamamış, alınmışdırsa, uçota alınmanın hansı ilkin sənədlər əsasında aparılmasını aydınlaşdırmamışdır.
16. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən nədənsə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş və mübahisələndirilən torpaq sahələrinin Sumqayıt bələdiyyəsinin mülkiyyətdə olduğunu təsdiq edən torpaqayırma sənədlərinə əhəmiyyət verməmişdir. Halbuki, müvafiq qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə torpaqları, o cümlədən, mübahisələndirilən torpaq sahələri də 2001-ci ildə rəsmi şəkildə tərtib edilmiş protokol, akt və digər torpaqayırma sənədlərinə əsasən Sumqayıt bələdiyyəsinə təhvil verilmiş və həmin dövrdə qüvvədə olmuş qanun normalarına əsasən müvafiq qaydada xəritələşdirilərək keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində dövlət torpaq reyestrində və X13nda dövlət qeydiyyatından keçmişdir. Həmin sənədlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduqdan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində, o cümlədən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzində saxlanılır. Bu səbəbdən, məhkəmənin mübahisələndirilən torpaq sahələrinin bələdiyyə mülkiyyətində olmaması və dövlət mülkiyyətində olması barədə gəldiyi nəticə tamamilə əsassızdır. Sözügedən torpaq sahələri “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə Sumqayıt bələdiyyəsinin mülkiyyətinə verilmiş, müvafiq qaydada xəritələşdirilmiş və hal-hazırda bələdiyyə mülkiyyətindədir. Bugünədək cavabdehin Sumqayıt bələdiyyəsinin torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair yüzlərlə çıxarışın verilməsinin mövcudluğu özü-özlüyündə bələdiyyə torpaqlarının hüdudlarını göstərən müvafiq plan-cizgi materiallarının və xəritələrin mövcud olmamasını istisna edir. Göründüyü kimi, məhkəmə hər hansı hüquqi əsasa söykənmədən Sumqayıt bələdiyyəsinin iddia tələbini təmin etməmişdir. Bu zaman məhkəmə qanunsuzluğa yol verməklə yanaşı, torpaq qanunvericiliyinin, o cümlədən, bələdiyyə torpaqlarına dair qanunvericilik aktlarının müddəalarını da nəzərə almamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi izahat verərək bildirmişdir ki, cavabdeh tərəf yalnız elektron baza məlumatlarına əsaslanır, hərçənd ki, həmin baza məlumatlarının haradan daxil edildiyi məlum deyildir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysetri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin məhkəmənin sorğusuna verdiyi cavab məktubu birbaşa olaraq iddia etdiklərini təsdiq edir. Həmin cavab məktubunda göstərilir ki, torpaq islahatı nəticəsində qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilmişdir. Məlum olduğu kimi torpaq islahatı Azərbaycan Respublikasında bir dəfə-2001-ci ildə keçirilmişdir. Cavabdeh inzibati orqan qanunsuz olaraq bələdiyyə torpaqlarını elektron xəritəyə dövlət torpaqları kimi yerləşdirmişdir. Halbuki, elektron baza məlumatları kağız daşıyıcılar əsasında yaradılmalı idi. “Torpaq islahatı haqqında” Qanunda və Torpaq Məcəlləsində dövlət və bələdiyyə torpaqlarının təsnifatı verilirərək, konkret olaraq hansı torpaqların dövlət torpaqlarına aid edildiyi göstərilmişdir. Belə ki, dövlət hakimiyyəti orqanlarının yerləşdiyi torpaqlar, yay-qış otlaqları, meşə fondu, Xəzər dənizinin su fondu və mühafizə zolağı, dövlət müəsissə və idarələri, təbiəti mühafizə və s. torpaqlar dövlət mülkiyyətində olan torpaqlar hesab olunur. Mübahisəsi gedən torpaq sahəsində 2003-cü ildən gül-çiçək mağazası vardır və həmin torpaq sahəsi yuxarıda adıçəkilən kateqoriyadan heç birinə aid olmadığından dövlət torpaqları təsnifatına aid deyildir. Adıçəkilən təsnifata aid torpaq sahələri çıxılmaq şərtilə torpaq islahatı zamanı bütün torpaq sahələri bələdiyyələrə verilmişdir. Maraqlı haldır ki, 20 il sonra elektron baza məlumatları yaradılarkən Sumqayıt şəhərində dövlət torpaqlarının həcmi 10 dəfə artmışdır. Hesab edirlər ki, heç kimin torpaq islahatının nəticələrini ləğv etmək səlahiyyəti yoxdur. Müvafiq sənədlər hal-hazırda da qüvvədədir, onların ləğv edilməsi ilə bağlı heç bir qərar yoxdur. Kadastr məlumatlarından da görünür ki, sözügedən torpaq sahəsi bələdiyyə torpağıdır. Cavabdeh inzibati orqanın qeyd etdiyi kimi, torpaq sahəsi “Ləman” firmasına aid olsaydı, həmin firmaya aid sərəncam, sxem, hər hansı bir sənəd müəyyən olunardı. Lakin sözügedən heç bir sənəd aşkar olunmamışdır. Dövlət torpaqlarının qeydiyatı aparılır və qanunvericiliklə dövlət torpaqlarının dövlət registrı vardır. Apellyasiya icraatı zamanı 3 dəfə dövlət registrı, mərkəzi və yerli registrla bağlı sorğular verilsə də, müvafiq sənədlər təqdim edilməmişdir. Mübahisəsi gedən torpaq sahəsi 2003-cü ildən faktiki olaraq vətəndaşın istifadəsindədir. Ali Məhkəmə qeyd edir ki, həmin dövrdə müvafiq səlahiyyətlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə məxsus idi və komitənin arxivi hazırda cavabdeh inzibati orqandadır. Cavabdeh mübahisəli torpaq sahəsinin bələdiyyəyə məxsus olmadığını, dövlət torpağı olduğunu sübut etməlidir. Cavabdeh inzibati orqan isə müvafiq sənədləri aşkara çıxartmır.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi izahat verərək bildirmişdir ki, iddiaçının müraciətinə imtina verilməsinin əsası, mübahisəsi gedən torpaq sahəsinin bələdiyyənin xəritəsinə daxil olmaması olmuşdur. Aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, torpaq sahəsi bələdiyyəyə təhvil verilməmişdən əvvəl 1999-cu ildə İcra Hakimiyyətinin sərəncamı ilə “Ləman” firmasına təhvil verilmişdir. Bu səbəbdən sözügedən torpaq sahəsi xəritədə dövlət torpağı kimi qeyd olunmuşdur. Məhkəmənin sorğusuna verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, bələdiyyənin iddia etdiyi 2001-ci il tarixli təhvil-təslim İcra Hakimiyyətinin 1999-cu il tarixli sərəncamı nəzərə alınmadan edilmişdir. Həmin sərəncam nəzərə alınmalı və topaq sahəsi 2001-ci ildə bələdiyyəyə təhvil verilməməli idi. Daha sonra 2019-cu ildə yenidən xəritələşmə aparılan zaman torpaq sahəsi dövlətə təhvil verilmiş, bələdiyyə həmin xəritəni təsdiq etmiş, xəritə ilə razı olduğunu bildirmişdir. AR Ali Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, bələdiyyə 2001-ci ildə təhvil-təslim zamanı sözügedən torpaq sahəsinin həqiqətən də onlara təhvil verildiyini göstərməlidir.
20. İş üzrə üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti və X8 məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; ... Maddə 47.1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Bələdiyyə torpaqlarının tərkibi 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 2.3. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə görə bələdiyyə torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil edilə bilər. 2.4. Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; .... Maddə 5. Bələdiyyə torpaqlarının idarə edilməsində bələdiyyələrlə müvafiq icra hakimiyyəti orqanları arasında münasibətlərin tənzimlənməsi 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 5.2. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüdudları, növləri və ölçüləri müəyyən edilən gündən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci hissəsi ilə bələdiyyə torpaqlarının idarə olunması sahəsində müvafiq icra hakimiyyəti orqanlarına verilmiş səlahiyyətlər həyata keçirilə bilməz. 5.3. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. 5.4. Müvafiq icra hakimiyyəti orqanları, torpaq istifadəçiləri, icarəçiləri və qeyrihökumət təşkilatları bələdiyyə torpaqlarına dair münasibətlərdə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş səlahiyyətlər daxilində iştirak edə bilərlər.
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. İşdən görünür ki, iddiaçı Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəllələri ərazisində, Nəriman Nərimanov küçəsində yerləşən faktiki istifadəsində olan 114 kvadrat metr torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir.
29. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 69 nömrəli xx.xx.2012-ci il tarixli rəyindən görünür ki, Sumqayıt bələdiyyəsi tərəfindən təqdim olunmuş mövqe planına və yeni qaydalara uyğun olaraq, Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəllələri ərazisində, Nəriman Nərimanov küçəsində yerləşən sahibkarlıq məqsədilə 114 kv.m torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir.
30. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin 02/554 nömrəli, xx.xx.2012-ci il tarixli məktubunda qeyd edilmişdir ki, torpaq sahəsinə baxış keçirilmişdir. Torpaq sahəsinin ölçüsü 216 m2 olmaqla İ qiymət zonasında yerləşir və normativ qiyməti 1 m2 üçün 4,5 manatdır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq 216 m2 torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etmirlər.
31. İddiaçı tərəfindən təqdim edilmiş bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında 21 iyun 2001-ci il tarixli protokolda, eyni tarixli aktda isə bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahələri qeyd olunmuşdur.
32. Sumqayıt Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 12 saylı qərarından görünür ki, Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəllələri ərazisində, Nəriman Nərimanov küçəsində yerləşən sahibkarlıq məqsədilə 114 kv.m torpaq sahəsini mülkiyyətə verilməsi ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanılması qərara alınmışdır.
33. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli **********14 nömrəli məktubundan görünür ki, mübahisəli torpaq sahəsi torpaqların elektron kadastr bazasında dövlət torpağı kimi qeydə alınmışdır. Həmçinin ƏMDK yanında Daşınmaz Əmkakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edən Sumqayıt bələdiyyəsinin elektron xəritəsindən çıxarış təqdim edilmişdir. (İ cild, iş v. 97)
34. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********61 nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət əmlaklarının siyahısında “Ləman” şərkətinə məxsus obyektin yerləşdiyi torpaq sahəsi (iş kodu 63878, registr nömrəsi ********) kimi göstərilmiş və daşınmaz əmlakın rəqəmli kadastr xəritəsində dövlət əmlakı kimi təsvir olunmuşdur. Sözügedən torpaq sahəsinin dövlət əmlaklarının siyahısında “Ləman” şirkətinə məxsus olmasını təsdiq edən sənədlərin təsdiq olunmuş surətlərinin göndərilməsi barədə məktuba Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsində baxılmış və bildirilmişdir ki, sözügedən “Ləman” şirkətinə məxsus obyektin yerləşdiyi (iş kodu 63878, registr nömrəsi ********) torpaq sahəsinə dair idarənin arxivində məlumat aşkar edilməmişdir.
35. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********75 nömrəli məktubunda qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsinin, “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Rspublikası Prezidentinin 10 fevral 2010-cu il tarixli Fərmanın 3-cü bəndinin və AR ƏMDK-nin yanında DƏDRX-nin 14 may 2010-cu il tarixli RX-23/06/866 nömrəli məktubunun icrası ilə bağlı idarəyə təqdim olunmuş dövlət əmlaklarının siyahısında “Ləman” şirkətinə məxsus obyektin yerləşdiyi torpaq sahəsi (iş kodu 63878, registr nömrəsi ********) kimi göstərilmiş və bunun əsasında daşınmaz əmlakın rəqəmli kadastr xəritəsində dövlət əmlakı kimi təsvir olunması məlum olmuşdur.
36. Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla məhkəmə kollegiyası tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-yə sorğu edilərək mübahisəli torpaq sahəsinin həqiqətən də DT və XK tərəfindən X13 kitabında uçota alınıb-alınmaması, alınmışdırsa, uçota alınmanın hansı ilkin sənədlər əsasında aparılması barədə məlumat verilməsi, torpaq sahəsinin bələdiyyəyə təhvil verilən torpaq sahələrinə aid olub-olmaması, aid olduğu təqdirdə buna dair sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim olunması, torpaq sahəsinin iş materiallarında olan bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında protokol, xx.xx.2001-ci il tarixli akt və Sumqayıt şəhər ərazisində bələdiyyə və xüsusi mülkiyyətə aid olan torpaqların eksplikasiyası sənədlərində qeyd olunan torpaq sahələrinin tərkibində yerləşibyerləşməməsi barədə məlumat verilməsi xahiş olunmuşdur.
37. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMCnin xx.xx.2024-cü il tarixli cavab məktubunda aşağıdakılar qeyd olunmuşdur.
38. Cavabdeh təqdim etdiyi məlumatda ərazi idarəsinin mövcud arxiv materiallarına əsasən Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəllələr arası ərazidə N.Nərimanov küçəsində yelrləşən 114 kv.m torpaq sahəsi Sumqayıt bələdiyyəsinin 11 dekabr 2012-ci il tarixli 12 saylı Qərarı əsasında 15 fevral 2013-cü il tarixli AN-426830 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə Sumqayıt bələdiyyəsinin icarəsinə verilmiş və X13 kitabında 5802 nömrə ilə qeydiyyata alınmışdır. Elektron məlumat bazasında araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən ərazi Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 23 dekabr 1999-cu il tarixli 896 nömrəli Sərəncamı ilə “Ləman” şirkətinə ayrılmış torpaq sahəsidir və elektron məlumat bazasında Dövlət Əmlakı kimi öz əksini tapmışdır. 21 iyun 2001-ci il tarixində Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının və Sumqayıt bəllədiyyəsinin sədrinin təsdiq etdiyi Sumqayıt bələdiyyəsinə bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında Protokola əsasən Sumqayıt bələdiyyəsinə torpaqlar təhvil verilərkən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının yuxarıda adıçəkilən Sərəncamı nəzərə alınmamış və sözügedən ərazi bələdiyyə mülkiyyətinə aid edilmişdir. Nəzərinizə çatdırırıq ki, Sumqayıt şəhəri ərazisində aparılmış Torpaqların elektron kadastr uçotu məlumatları əsasında Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası’’na uyğun olaraq, 2019-cu ildə Sumqayıt bələdiyyəsinin xəritəsi hazırlanmış, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı və Sumqayıt bələdiyyəsinin sədri tərəfindən təsdiq edilərək Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan ərazi vahidlərinin və bələdiyyələrin Dövlət reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təhvil verilmişdir. Təsdiq olunaraq aidiyyəti üzrə təqdim olunmuş Sumqayıt şəhərinin bələdiyyə xəritəsində sözügedən ərazi dövlət mülkiyyətində göstərilmişdir. Mərkəzin arxivində saxlanılan AN- 426830 (kod **********5199) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surəti təqdim edilir.
39. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMCnin hazırki məktubuna Sumqayıt bələdiyyəsinin 11 dekabr 2012-ci il tarixli 12 saylı iclasının 06 saylı qərarı, xx.xx.2012-ci il tarixli AN-405184 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və torpaq sahəsinin sxemi əlavə edilmişdir.
40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.1-ci maddələrinin tələbinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
41. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 24 dekabr tarixli 237 №-li Fərmanında aşağıdakılar təsbit olunmuşdur: “2. Müəyyən edilsin ki: “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; həmin Qanunun 2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (Məhkəmənin qeydi: 2016-cı il 15 fevral tarixli 787 №-li Fərmanla “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir) və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.
42. İşin araşdırılan halları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 23 dekabr 1999-cu il tarixli 896 nömrəli Sərəncamı ilə “Ləman” şirkətinə ayrılmış torpaq sahəsi olmuş, 21 iyun 2001-ci il tarixində Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının və Sumqayıt bəllədiyyəsinin sədrinin təsdiq etdiyi “Sumqayıt bələdiyyəsinə bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında” Protokola əsasən Sumqayıt bələdiyyəsinə torpaqlar təhvil verilərkən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının yuxarıda adıçəkilən Sərəncamı nəzərə alınmamış və sözügedən ərazi bələdiyyə mülkiyyətinə aid edilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası’’na uyğun olaraq, 2019-cu ildə Sumqayıt bələdiyyəsinin xəritəsi hazırlanmış, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı və Sumqayıt bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş Sumqayıt şəhərinin bələdiyyə xəritəsində sözügedən ərazi dövlət mülkiyyətində göstərilmişdir.
43. Göründüyü kimi mübahisələndirilən 92,56 kv.m torpaq sahəsi dövlət mülkiyyəti kimi torpaqların elektron kadastr bazasında qeydə alınmış, həmçinin, həmin torpaq sahəsi Sumqayıt bələdiyyəsinin elektron xəritəsindən çıxarışda da dövlət mülkiyyəti kimi əks olunmuşdur.
44. Bu səbəbdən də kollegiya hesab edir ki, hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyildir.
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2-1(118)-67/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.