Məhkəmə qərarları › İş №2-1(105)-262/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-262/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-262/2022 06.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Novxanı bağ sahəsi 5098A ünvanında yerləşən torpaq sahəsinə hüquqların İddiaçı ASC-nin adına dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2-1(118)-1527/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Nərimanov rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli 2(005)-634/2017 nömrəli qətnaməsi ilə cavabdehlər "xxxx" MMC-dən və X6 müştərək qaydada 24.07.2014-cü il tarixli 001 saylı kredit razılaşması üzrə 2.000.000 manat borc məbləği, 187.333,26 manat faiz borcu, 29.09.2014-cü il tarixli 002 saylı kredit razılaşması üzrə 2.000.000 manat borc məbləği, 235.663,98 manat faiz borcu hər iki müqavilə üzrə cəmi 4.422.997,24 manat məbləğində borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün bank xərci və xidmət haqqı olaraq ödənilmiş 95 manatın İddiaçı ASC-nin xeyrinə tutulması, tutulan məbləğin ilkin satış qiyməti müəyyənləşdirilmiş digər əmlaklarla birgə ilkin satış qiyməti 275.000 manat məbləğində müəyyən edilməklə cavabdeh X5 məxsus olan hazırki iş üzrə mübahisə predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ sahəsində yerləşən 5098A saylı torpaq sahəsinə yönəldilməsi qət edilmişdir.

2. “X9” MMC tərəfindən keçirilmiş hərracın yekunları barədə 28 saylı 21 fevral 2019cu il tarixli protokoldan görünür ki, Nərimanov rayon Məhkəməsinin 2(005)-634/17 nömrəli, 12.12.2017-ci il tarixli icra vərəqəsinin və Qəbələ rayon icra və probasiya şöbəsinin 8961/18 saylı 04.12.2018-ci il tarixli məktubunun icrasına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.42 və 43-cü maddələrinə istinad edərək hərrac təşkil olunmuş və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracı başa çatdırmış və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 21 fevral 2019-cu il tarixli müqavilə ilə Sumqayıt şəhəri, Novxanı bağ sahəsində 5098A saylı torpaq sahəsi İddiaçı ASC-yə satılmışdır.

3. İddiaçı ASC (bundan sonra iddiaçı) Sumqayıt şəhəri, Novxanı bağ sahəsində yerləşən 5098A saylı torpaq sahəsinə hüquqlarının onun adına dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi barədə 26 may 2021-ci il tarixli 02/739 nömrəli məktubla Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (bundan sonra cavabdeh) müraciət etmiş, müraciətə baxılmış və cavabdeh orqanın 30 iyun 2021-ci il tarixli **********59 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Hərrac təşkilatının 28 nömrəli 21.02.2019-cu il tarixli hərracın yekunları barədə protokolu əsasında əldə etdiyi torpaq sahəsi üzərində əməliyyatların aparılmasına AR Daxili İşlər Nazirliyinin 26.05.2015-ci il tarixli məktubu ilə qadağa qoyulmuşdur. Bu səbəbdən cavabdeh orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə istinad edərək iddiaçının müraciətinin icrasından imtina etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat

4. Qeyd edilən imtina ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ sahəsi 5098A ünvanında yerləşən torpaq sahəsinə hüquqlarının onun adına dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, hərracı keçirən qurum “X9" MMC ixtisaslaşdırılmış hərrac təşkilatıdır, eyni zamanda hərracın nəticələrində dair tərəflər arasında alqı-satqı müqaviləsi və hərracın yekunlarına dair protokol imzalanmışdır. Cavabdeh tərəfindən verilmiş imtina bildirişində AR DİN-in 26.05.2015-ci il tarixli məktubuna istinad edilsə də, həmin məktubun məzmunun nədən ibarət olması məlum deyildir. Ərazi İdarəsi tərəfindən həmin məktuba istinadən əməliyyatların aparılmasına qadağaların olması bildirilir. Bununla bağlı bildirilir ki, Sumqayıt şəhəri, Novxanı bağ sahəsində yerləşən 5098A torpaq sahəsi iddiaçının ipoteka yüklülüyündə olmuş, həmin əmlakın mülkiyyətçisi kimi X7 ilə iddiaçı arasında 31.07.2014-cü il tarixdə 134/001 saylı ipoteka müqaviləsi imzalanmışdır. İpoteka müqaviləsi "xxxx" MMC ilə iddiaçı arasında imzalanmış 18.07.2014-cü il tarixli, 134 saylı kredit xətti müqaviləsinin təminatlarından biri kimi “Bank” qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka predmetinə tutmanın yönəldilməsi və açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsait hesabına "xxxx" MMC-nin sözügedən 134 saylı kredit xətti müqaviləsi üzrə qalıq borcunun iddiaçıya ödənilməsinə dair qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli 2(005)- 634/2017 nömrəli qətnaməsi mövcuddur. İmtina bildirişində göstərilən əsas hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarına daxil deyil. Hesab edir ki, belə olan halda 2 saylı Sumqayıt Ərazi İdarəsinin imtinası tam əsassızdır.

7. Həmin qətnamənin qət etdi hissəsinin beşinci hissəsində tutmanın ilkin satış qiyməti 275 000 (iki yüz yetmiş beş min) manat məbləğində müəyyən edilməklə cavabdeh X4 məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ sahəsində yerləşən 5098A torpaq sahəsinə yönəldilməsi öz əksini tapmışdır. Qətnamədən sonradan cavabdehlər tərəfindən apellyasiya və kassasiya şikayətləri verilsə də müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 24.10.2017-ci il tarixli 2(103)-10330/2017 nömrəli və 07.09.2018-ci il tarixli 2(102)-5642/2018 nömrəli qərarı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd edir ki, nəzərdə tutulan məhdudiyyət “əmlakın üzərinə həbsin” qoyulmasını ehtiva edirsə bu zaman əmlakın üzərinə həbsin qoyulması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 249- 256-cı maddələri, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddələrinin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir ki, hazırkı iş üzrə iddiaçı bunların heç biri barəsində məlumatlandırılmamışdır.

8. Cavabdeh orqan iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Hesab edir ki, bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır.

9. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(118)-1527/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. (hakim L.Mirzəyeva)

10. Birinci instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, araşdırma zamanı sözügedən ünvanda yerləşən 0,10 ha torpaq sahəsi üzərində hər hansı əməliyyatların aparılmasına qadağa qoyulduğu müəyyən edilməmiş, cavabdeh tərəfindən qeyd olunan məktub, eyni zamanda mübahisə predmeti olan torpaq sahəsi üzərində əməliyyatların aparılmasına qadağa qoyulduğunu təsdiq edən hər hansı bir sübut (qərar) məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 04 iyun 2019-cu il tarixli məktubu isə sözügedən torpaq sahəsi üzərində məhdudiyyətlərlə bağlı deyil, Rəmziyə Həsənovanın, yəni həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin qardaşı olan X8 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilməsi və onun barəsində qətimkan tədbirinin seçilməsi barədədir. Qeyd olunan məktubda torpaq sahəsi üzərində əməliyyatların aparılmasını istisna edən hər hansı bir hal qeyd edilməmişdir və cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtinasında öz imtinasının əsası kimi göstərdiyi halları sübut edə bilməmişdir. Bu baxımdan məhkəmə cavabdehin imtinasını əsassız hesab edərək iddianı təmin etmişdir.

12. Cavabdeh orqan həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2-1(118)-1527/2021 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iş birinci instansiya məhkəməsində araşdırılarkən məhkəmə 28.09.2021-ci il tarixli məktubu ilə DİN-ə sorğu ünvanlayaraq müvafiq torpaq sahəsi üzərinə əməliyyatların aparılmasına qadağa qoyulmasına əsas olmuş məktubun, həmçinin qoyulmuş qadağa götürülmüşsə bunu təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Lakin, məhkəmə verilmiş sorğuya cavabı gözləmədən işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Cavabdeh orqan hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, aiddiyyəti dövlət qurumları (həmçinin AR Daxili İşlər Nazirliyi) üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş nəticədə qanunsuz olaraq iddiaçının tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

18. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolu

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; (-). Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.

Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Maddə 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; (-). Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

21. Cinayət-Prosessual Məcəllə: Maddə 18. Mülkiyyət hüququnun təmin edilməsi Maddə 18.1. Cinayət təqibi gedişində bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa, heç kəsin mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Maddə 18.3. Cinayət təqibi gedişində pul cəriməsinin tətbiqi, habelə əmlak üzərinə həbs qoyulması məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 249. Əmlak üzərinə həbs qoyulmasının əsasları 249.1. Əmlak üzərinə həbs yalnız cinayət işi üzrə toplanılmış materiallar üzrə kifayət qədər əsas verdikdə qoyula bilər. 249.2. Əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Məhkəmə əmlak üzərinə həbs qoyulması haqqında qərarı aşağıdakı hallarda çıxarır: 249.2.1. məhkəməyə müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı daxil olduqda; 249.2.2. məhkəməyə müraciət etmiş şəxslər bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş halların təsdiq edilməsi üçün kifayət olan ilkin sübutlar təqdim etdikdə, habelə əmlak üzərinə həbs qoyulmasının zəruriliyini əsaslandırdıqda. 249.5. Təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2—177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər. 249.6. Bu Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 249.3-cü maddəsinin tələblərinə uyğun olaraq və məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoyulmasının zəruriliyi və təxirə salına bilməməsi əsaslandırılmaqla tərtib edilir.

22. İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); (-). Maddə 12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

24. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

27. İşin hallarından görünür ki, hazırkı qərarın 1-ci bəndində istinad edilən Nərimanov rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının xeyrinə tutulmalı borc məbləğinin bir hissəsinin ipoteka predmetinə, yəni X5 məxsus olan hazırki iş üzrə mübahisə predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ sahəsində yerləşən 5098A saylı torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. Bundan sonra həmin torpaq sahəsi hərrac təşkilatının keçirdiyi hərracda iddiaçıya satılmış və hazırkı qərarın 2-ci bəndində göstərilən torpaq sahəsinə dair “X9” MMC ilə iddiaçı arasında Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır.

28. İddiaçı sözügedən torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətinin icrasından imtina etmişdir.

29. Cavabdehin iddiaçının müraciətindən imtinasının, həmçinin apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, torpaq sahəsi üzərində əməliyyatların aparılmasına AR Daxili İşlər Nazirliyinin 26.05.2015-ci il tarixli məktubu ilə qadağa qoyulmuşdur.

30. Kollegiya aşağıda göstərilənlərə əsasən sözügedən dəlili əsassız hesab edir:

31. Əvvəla, cavabdeh imtinasında və apellyasiya şikayətində Daxili İşlər Nazirliyinin 26.05.2015-ci il tarixli məktubuna istinad etsə də, həmin məktub iş materiallarına əlavə edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən sorğu edilərək tələb edilməsinə baxmayaraq, cavabdeh məktubu məhkəməyə təqdim etməmiş, eyni zamanda apelyasiya şikayətinə də əlavə etməmişdir.

32. Bununla yanaşı kollegiya qeyd edir ki, hazırkı qərarın 21-ci bəndində göstərilən prosessual normaların tələblərindən görünür ki, əmlak üzərinə həbs yalnız məhkəmənin qərarına əsasən, qanunvericilikdə nəzərdə tutulan təxirəsalınmaz hallarda isə müstəntiqin qərarına əsasən qoyula bilər. Beləliklə, sözügedən əmlak üzərinə həbs qoyulması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadığından cavabdehin hərəkətləri qanunsuzdur. Bununla bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır.

33. Digər tərəfdən, iş materiallarında olan (iş vərəqə səh.63) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 04 iyun 2019-cu il tarixli 007-5198-12-19 nömrəli məktubundan görünür ki, İddiaçı ASC X1 mülkiyyətində olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə qoyulmuş məhdudiyyətlə bağlı AR DİN-ə müraciət etmiş , iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, "xxxx" ASC-nin külli miqdarda pul vəsaitlərinin fiziki və hüquqi şəxslər tərəfindən cinayət yolu ilə ələ keçirilməsi ilə bağlı istintaqı aparılan cinayət işi üzrə Rəmziyə Həsənovanın qardaşı olan X10 08.06.2015-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib həbs edilmiş, 08.07.2016-cı il tarixdə həbs qətimkan tədbiri ləğv edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.

34. Deməli, sözügedən məktub iddiaçının müraciəti ilə əlaqədar ona ünvanlanmışdır. Həmçinin, həmin məktub sözügedən torpaq sahəsi üzərində məhdudiyyətlərlə bağlı deyil, Rəmziyə Həsənovanın, yəni mübahisəsi gedən torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin qardaşı olan Həsən Şərifovun Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilməsi və onun barəsində qətimkan tədbirinin seçilməsi barədədir. Məhkəmə kollegiyası hesab edir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qeyd edilən məktubu Sumqayıt şəhəri, Novxanı bağ sahəsi 5098A ünvanında yerləşən 0,10 ha torpaq sahəsi üzərində hər hansı əməliyyatların aparılmasına qadağa qoyulduğunu müəyyən etmir.

35. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, hazırkı qərarın 20-ci bəndində istinad edilən maddi hüquq normalarının tələbləri də mülkiyyətçinin dövlət tərəfindən tanınan və qorunan hüququnun pozulması zamanı mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilməsi, bu cür hərəkətlərin davam etdirildiyi təqdirdə isə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilməsini özündə əks etdirir.

36. Bundan başqa hazırki qərarın 21-ci bəndində istinad edilən cinayət-prosessual qanunvericiliyinin tələblərinin məhz hansı halda əmlak üzərinə həbs qoyulmasının əsaslarını dəqiq müəyyən etməsi, həmçinin qanunvericilikdə əmlak üzərinə qadağanın ümumiyyətlə məktub əsasında qoyulmasının mümkünlüyü anlayışının olmaması özüözlüyündə iddiaçının tələbinin əsaslı olmasını təsdiq edir.

37. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatından imtina üçün əsasların siyahısında hər hansı bir müvafiq icra hakimiyyəti orqanının (o cümlədən, Daxili İşlər Nazirliyinin) daşınmaz əmlak üzərində qadağa məktubu qeyd edilməmişdir.

38. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin etməklə qanuni və ədalətli qərar çıxarmışdır.

39. Həmçinin, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün hüquqi əsaslar Mülki Məcəllənin 139-1-ci maddəsi ilə müəyyən edilmiş, 139-1.1.2-ci maddədə qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol bu əsaslardan biri kimi qeyd edilmişdir. Həmçinin, sözügedən əsas “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün hüquqi əsaslardan biri kimi təsbit edilmişdir.

40. Belə ki, “X9” hərrac təşkilatıdır. Hazırkı iş üzrə hərrac təşkilatının hərracın yekunları barədə protokolu sözügedən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

41. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

42. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

43. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 13, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(118)-1527/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar