Məhkəmə qərarları › İş №2-1(105)-262/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-262/2023

14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-262/2023 14.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2-1(118)- 1188/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1962-ci il tarixdə Azərbaycan Respublikası, Qazax rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi). İddiaçının təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Sumqayıt Kompressorlar Zavodunda çilingər, xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Azərbaycan SSR Sənayetikinti Nazirliyinin 2 saylı trestində çilingər, xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək elektrik qaynaqçısı, xx.xx.1997ci il tarixdən xx.xx.1999-cu il tarixədək Sumqayıt ”Etilen-Polietilen” Zavodunda təmirçi çilingər işləmiş, xx.xx.1999-cu il tarixdən hal-hazıradək həmin müəssisədə elektrik qaynaqçısı işləyir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona 57 yaşından, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanmaqla ödənilməsini xahiş etmişdir. Cavabdeh 14 oktyabr 2021-ci il tarixli, **********4 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Filiala təqdim edilən 28 avqust 1980-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1984-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" SC-nin 2 saylı müəssisəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yuxarıda qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1984-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının həmin müəssisədə işlədiyini təsdiq edən hər hansı sənəd aşkar olunmamışdır. Bu fakt "xxxx" SC tərəfindən xx.xx.2020-ci il tarixli Akt ilə təsdiq edilmişdir. Bu səbəbdən də yuxarıda qeyd edilən dövrü əmək stajına daxil etmək mümkün olmadığından 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (16 il 1 ay 24 gün (xx.xx.1977-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981- xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il və xx.xx.1996-xx.xx.1996-cı İl, xx.xx.1997- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, güzəştli iş stajı 12 il 6 aydan azdır (7 il 7 ay 3 gün (xx.xx.1996-xx.xx.1996-cı il və xx.xx.1999xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)). Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müaciət edərək, ona İT ******* saylı xx.xx.1980-ci il tarixli əmək kitabçasında qeyd edilmiş əmək stajının, B 127644 saylı xx.xx.1980-ci il tarixli diplomda qeyd edilmiş təhsil müddətinin və HZ ******* saylı xx.xx.1981-ci il tarixli hərbi biletdə qeyd edilmiş hərbi xidmət müddətinin də sosial sığorta stajına daxil olunaraq ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günədək alınmamış pensiya məbləğinin hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının, ümumilikdə, 28 il 4 ay ümumi əmək stajı var və bu stajın 12 il 6 aydan artıq müddəti pensiya təyinatını tənzimləyən qanun və qaydaların tələb etdiyi kimi güzəştli şərtlərlə pensiya təyinatı üçün hüquq verən peşə və sahələrə aiddir. Bu da o deməkdir ki, iddiaçının əmək fəaliyyəti və mövcud olan sığorta stajı imkan verir ki, ona 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin. xx.xx.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olnmasını xahiş etmişdir. Lakin cavabdeh müraciətini təmin etməmişdir. Hesab edir ki, cavabdeh imtinası qanunsuz və əsassızdır. Həmçinin, bu imtina onun sosial təminat kimi konstitusion hüquqlarını kobud şəkildə pozur. Belə ki, iddiaçının müraciətinə baxılması ilə əlaqədar cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır. Qanuna görə cavabdeh (inzibati orqan) icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumatlar tam olaraq öz əksini tapmamışdır. Qanunvericiliyin tələbinə əsasən ona əlilliyə görə əmək pensiyası təyin edilməsi məsələsinə baxılarkən 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” xx.xx.1992-ci il tarixli Qanununun tələblərinə istinad edilməlidir. Bakı İnzibati Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2-1(112)-3815/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2-1(118)-1188/2022 nömrəli qərarı ilə iddiaçının İT ******* saylı xx.xx.1980-ci il tarixli əmək kitabçasında qeyd edilmiş əmək stajının, B127644 saylı xx.xx.1980-ci il tarixli diplomda qeyd edilmiş təhsil müddətinin və HZ ******* saylı xx.xx.1981-ci il tarixli hərbi biletdə qeyd edilmiş hərbi xidmət müddətinin də sosial sığorta stajına daxil olunaraq ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günədək alınmamış pensiya məbləğinin hesablanmaqla ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim İ.Quliyev). Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli akta əsasən iddiaçının 1984-cü il tarixdən 1992-ci il tarixədək əmək haqqı almadığı və 1992-ci il tarixdən 1996-cı il tarixədək məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi görünür. Bundan əlavə "xxxx" SC-nin iş qovluğunun içərisində xx.xx.1984-xx.xx.1996-cı ilə dair hesabat məlumatları aşkarlanmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. İddiaçı, həmçinin, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan SSR Tikinti Nazirliyinin 2 saylı Trestində (hazırda "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi adlanır) işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, ona 57 yaşından, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin "b" bəndi əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində “İddia qismən təmin edilsin” qeyd edilsə də, qərarın məzmunundan görünür ki, iddiaçının tələbi tam təmin edilmiş, qərarın mətnində aşkar yanlışlığa yol verilmişdir. Odur ki, birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, "xxxx" SC tərəfindən iddiaçı barəsində təqdim olunmuş 1992-1996-cı il tarixədək əmək haqqı vərəqləri, xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək əmrlər kitabı iddiaçının əmək kitabçasında qeyd edilən dövrlərdə işləməsini sübut edir. İddiaçının işlədiyi xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövrə aid əməkhaqları cədvəllərinin saxlanılmaması isə iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 57 yaşının tamam olduğu 14 sentyabr 2019-cu il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması 2) 1 yanvar 2006-cı il tarixədək azı 12,5 il güzəştli iş stajının mövcud olması. Ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Sumqayıt Kompressorlar Zavodunda çilingər, xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Azərbaycan SSR Sənayetikinti Nazirliyinin 2 saylı trestində çilingər, xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək elektrik qaynaqçısı, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Sumqayıt ”Etilen-Polietilen” Zavodunda təmirçi çilingər işləmiş, xx.xx.1999-cu il tarixdən halhazıradək həmin müəssisədə elektrik qaynaqçısı işləyir. (23 il 02 ay) İddiaçıya məxsus H3 seriyalı, ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı 06 may 1981-ci il tarixdən 10 may 1983-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan SSR X7 Təhsil Komitəsi tərəfindən verilmiş B № 127644 saylı, 22 iyul 1980-ci il tarixli diplomdan görünür ki, İddiaçı 01 sentyabr 1977-ci ildə Sumqayıt şəhər 7 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 21 iyul 1980-ci ildə hava təmizləyən qurğuların hissələrini hazırlayan çilingər peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. Beləliklə, iddiaçının 1 yanvar 2006-cı il tarixədək təhsil, hərbi xidmət və əmək fəaliyyəti dövrü ilə birlikdə 25 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçının xx.xx.1984-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" SC-də işlədiyini təsdiq edən hər hansı sənəd aşkar olunmadığını, bu faktın həmin müəssisə tərəfindən xx.xx.2020-ci il tarixli Akt ilə təsdiq edildiyini, bu səbəbdən 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az (16 il 1 ay 24 gün (xx.xx.1977-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981- xx.xx.1983cü il, xx.xx.1983-xx.xx.1984-cü il və xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1997- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilir ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmçinin, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Mübahisələndirən dövr ərzində isə iddiaçının Sumqayıt “PMK-20” Trest-2-də (hazırda "xxxx" SC) işləməsi haqqında qeydlər əmək kitabçasında göstərilmişdir. Bununla yanaşı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən "xxxx" Səhmdar Cəmiyyətinin direktorunun iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, iddiaçının "xxxx" SC-nin 2 saylı müəssisəsində xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək əhatə edən dövr ərzində sığorta stajı müəssisədə saxlanılan əmək haqqı ödəniş sənədlərinə, məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin uçotu kitabına, şəxsi vərəqlərinə, əmrlər kitabına əsasən qarşılıqlı yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Sumqayıt “PMK-20” Trest-2-də (hazırda "xxxx" SC) çilingər, elektrik qaynaqçısı peşələrində işləmişdir. Müəssisə tərəfindən 1992-1996-cı il tarixədək əmək haqqı vərəqləri təqdim olunmuş, xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək olan əmək haqqı dövrü isə təqdim olunmamışdır. İddiaçının xx.xx.1984-xx.xx.1996-cı illərdə işə qəbul və işdən azad olunması əmrlər kitabında öz əksini tapmışdır. Beləliklə, hazırkı iş üzrə iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan SSR Sənayetikinti Nazirliyinin 2 saylı trestində (hazırda "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi) işləməsi ИТ-İ ******* nömrəli əmək kitabçası, eləcə də Azərbaycan SSR Sənayetikinti Nazirliyinin 2 saylı Trestinin 29 mart 1984-cü il tarixli, 44 nömrəli, 14 oktyabr 1988-ci il tarixli, 154 nömrəli əmrləri, əmək haqqı cədvəlləri və "xxxx" Dövlət Şirkəti Sumqayıt “Sənayekommunaltikinti” birliyi 3 saylı X3 20 dekabr 1996-cı il tarixli 80 nömrəli əmri ilə təsdiq edildiyindən, həmin dövrlərin sosial sığorta stajına daxil edilməsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin növbəti dəlilində 1992-ci il tarixdən 1996-cı il tarixədək iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən dəlili ilə bağlı bildirir ki, hazırkı işdə bu məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına görə həll edilməlidir. Çünki iddiaçının sosial sığorta haqlarına istinadən mübahisələndirilən 1992- 1996-cı il tarixləri aralığındakı əmək stajı dövrü məhz həmin qanunun qüvvədə olduğu dövrə aiddir. Bu baxımdan, müvafiq olaraq həmin dövrün pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsi məsələsi də həmin Qanunun tələblərinə görə həll olunmalıdır. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1996-cı ilədək işlədiyi dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti, ümumiyyətlə, tələb olunmamalıdır. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin həmin dəlili də əsassızdır. Güzəştli iş stajı ilə bağlı kollegiya qeyd edir, cavabdeh dəlillərində iddiaçının güzəştli iş stajının 12 il 6 aydan (7 il 7 ay 3 gün (xx.xx.1996-xx.xx.1996-cı il və xx.xx.1999xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) az olduğunu qeyd etmişdir. Sumqayıt Kompressorlar Zavodu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 62 nömrəli güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Zavodun “Buxar güc sexi” ndə ventilyasiya çilingəri peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 1 nömrəli siyahısının 14cü bölməsinin 2150100a-18526 şifrinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verir. "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 09/03 nömrəli arayışa əsasən iddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək müəssisədə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Göstərilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 2 nömrəli siyahısının 23200000-19906 şifrinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verir. “Sumqayıt ”Etilen-Polietilen” Zavodu tərəfindən verilmiş: - xx.xx.2020-ci il tarixli, 17 nömrəli arayışa əsasən iddiaçı 21 yanvar 1997-ci il tarixdən 28 fevral 1997-ci il tarixədək zavodun piroliz qazının sıxılması və təmizlənməsi sexində təmirçi-çilingər vəzifəsində işləmişdir. Göstərilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 8-ci bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan piroliz qazının sıxılması və təmizlənməsi istehsalatında güzəştli şərtlərlə pensiya hüququ verir. - xx.xx.2020-ci il tarixli, 18 nömrəli arayışa əsasən iddiaçı 01 may 1999-cu il tarixdən 31 dekabr 2005-ci il tarixədək zavodun texnoloji avadanlıqların təmiri sexində elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Göstərilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 33-cü bölməsinin 23200000-19906 şifrinə əsasən 2 saylı siyahısında sadalanan əl ilə qaynaq aparan elektrik qaynaqçıları istehsalatında güzəştli şərtlərlə pensiya hüququ verir. Beləliklə, həm iddiaçıya məxsus əmək kitabçasından, həm də yuxarıda qeyd olunan arayışlardan göründüyü kimi, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Sumqayıt Kompressorlar Zavodunun “Buxar güc sexi” ndə ventilyasiya çilingəri, xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində elektrik qaynaqçısı, 21 yanvar 1997-ci il tarixdən 28 fevral 1997-ci il tarixədək “Sumqayıt ”Etilen-Polietilen” Zavodunun piroliz qazının sıxılması və təmizlənməsi sexində təmirçi-çilingər, 01 may 1999-cu il tarixdən 31 dekabr 2005-ci il tarixədək zavodun texnoloji avadanlıqların təmiri sexində elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahıdan görünür ki, iddiaçının Sumqayıt Kompressorlar Zavodu “Buxar güc sexi” ndə işlədiyi kondisionerləşmə və ventilyasiya sistemlərinin təmiri və xidməti üzrə çilingər peşəsi Siyahının 21500000 kodlu XİV bölməsinin 2150100a— 18526 şifrinə, "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində və “Sumqayıt ”Etilen- Polietilen” Zavodunun texnoloji avadanlıqların təmiri sexində işlədiyi əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi Siyahının 23200000 kodlu XXXİİİ bölməsinin 23200000- 19906 şifrinə uyğun gəlir. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 2 nömrəli siyahı üzrə 12,5 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir. Qeyd edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının 57 yaşının tamam olduğu 14 sentyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim etdiyindən, həmin ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, onun xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan SSR Tikinti Nazirliyinin 2 saylı Trestində (hazırda "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi adlanır) işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, ona 57 yaşından, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2-1(118)-1188/2022 nömrəli nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan SSR Tikinti Nazirliyinin 2 saylı Trestində (hazırda "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi adlanır) işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, ona 57 yaşından, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar