Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-263/2020 26.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər X1 və X3 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsi ilə əlaqədar dəymiş zərərin-mülkiyyətində olan mənzilin orta bazar qiyməti ilə kirayə məbləğinin hesablanaraq ödənilməsi tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(085)- 1186/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı məhkəmədə iddia qaldıraraq, məcburi köçkünlərin mülkiyyətində olan mənzilindən çıxarılmalarına dair Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli qətnaməsinin qanuni qüvvəyə mindiyi xx xxxxxxxx 2009-cu il tarixindən başlamaqla sözügedən qətnamənin tam icra olunacağı günə kimi ünvan 1 ünvanı üzrə 4 otaqlı mənzilin orta bazar qiyməti ilə kirayə məbləğinin hesablanaraq bu günədək hesablanmış cəmi məbləğin iddiaçıya tam şəkildə birdəfəlik, qətnamənin icra olunmasına kimi gələcək dövrdə isə aylıq məbləğlərinin hər ayın ilk günündə ödənilməsi barədə tələbinin cavabdehin hərəkətsizliyi nəticəsində təmin olunmasına dair inzibati aktın qəbul edilməməsini qanunsuz hesab edərək, sözügedən inzibati aktın qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayondakı 31 saylı evin 28-ci mənzili 1995-ci ildən mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Lakin həmin mənzili Qubadlı rayonundan məcburi köçkün olan X5 ailə üzvləri ilə birlikdə zəbt etmişlər və bu günədək orada yaşayırlar. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2009cu il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilərək X2 ailə üzvləri ilə birlikdə mənzilindən çıxarılmaları qət edilmişdir. Qətnamə xx.xx.2009-cu il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Lakin bu günədək müvafiq icra orqanı tərəfindən məhkəmə aktı icra edilməmiş, onlar mənzilindən çıxarılmamışlar. Əsas kimi isə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli, 895 nömrəli sərəncamı ilə məcburi köçkünlərin məskunlaşdıqları yaşayış sahələrindən çıxarılmalarının qadağan olunması göstərilir. Bu səbəbdən bu günədək iddiaçı mülkiyyətində olan daşınmaz əmlakından təyinatına uyğun olaraq istifadə edə bilmir, nə illərdir ki, mənzil kirayəsindən qazanc əldə edə bilir, nə də illərdir kirayədə yaşayan ailə üzvlərini öz mənzilinə köçürə bilir. Hər bir halda iddiaçıya zərər vurulmuşdur. İddiaçı hesab edir ki, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan əmlakından mülki dövriyyədə istifadəsinə dövlət tərəfindən məhdudiyyət yaradılmışsa, o zaman, bunun nəticəsində vurulmuş zərər də dövlət tərəfindən iddiaçıya ödənilməlidir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1186/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Z.Pirverdiyev) Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Sumqayıt şəhəri, 9-cu mikrorayondakı 31 saylı evin 28-ci mənzili 1995-ci ildən mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur, lakin həmin mənzili Qubadlı rayonundan məcburi köçkün olan X5 ailə üzvləri ilə birlikdə zəbt ediblər və bu günədək orada yaşayırlar. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilərək, X2 ailə üzvləri ilə birlikdə mənzilindən çıxarılmaları qət edilib, qətnamə xx.xx.2009-cu il tarixdə qanuni qüvvəyə minib və icraya yönəlib, lakin qətnamə bu günədək icra olunmayıb. Qətnamənin icra olunmamasının əsası kimi məcburi köçkünlərin məskunlaşdıqları yaşayış sahələrindən çıxarılmalarının qadağan olunmasına dair Azərbaycan Respublikası Prezidentinin sərəncamları və həmin məcburi köçkün ailəsinin bu günədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən başqa yaşayış sahəsi ilə təmin olunmaması göstərilir. Nəticə etibarı ilə, dövlət bir vətəndaşının yaşayış sahəsini təmin edərkən, digər vətəndaşının - iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırmışdır, bu məhdudlaşdırma nəticəsində iddiaçı mülkiyyətində olan daşınmaz əmlak barəsində mülkiyyət hüququnu həyata keçirə bilməmiş və zərərə uğramışdır. Beləliklə, iddiaçı hazırda dövlət orqanlarının timsalında dövlət tərəfindən onun konstitusion hüququ olan mülkiyyət hüququnun pozulmasına görə ona vurulmuş zərərin, yenə dövlət orqanının (cavabdehin) timsalında dövlət tərəfindən hesablanıb ona verilməsini, bununla da, məcburi qaydada onun mənzilində yaşayışını təmin etdiyi digər vətəndaşlarına münasibətdə hüququnu pozduğu vətəndaşın pozulmuş hüququnun kompensasiyası edilərək, sosial ədalətin bərqərar olmasını tələb edir. Bu günədək formalaşmış hüquqi təcrübəyə görə, dövlətə qarşı pul tələbinin yönəldiyi cavabdeh dövlət orqanı məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin məhkəmə qətnaməsinin icra olunmaması ilə bağlı hərəkətindən (hərəkətsizliyindən) məhkəməyə şikayət etmək, məhkəmənin qərarında göstərdiyi kimi, iddiaçının hüququdur. İddiaçının həmin hüququndan bu günədək ifadə etməməsi və (və ya) bundan sonra istifadə etməsi, onun hazırda da davam edən mülkiyyət hüququnun pozulması faktını və həmin faktın iddiaçının zərərə uğradılması nəticəsini aradan qaldırmır. Hazırkı iddia isə məhz bu zərərlə bağlıdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayət ilə eyni məzmunda izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, heç bir məlumat vermədən məhkəmə iclasına nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1186/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli və inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən 31 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2(060)-1916/2009 saylı qətnaməsi ilə X5, X9, X10, X6, X11 və X7 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, 31 saylı evin 28 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. Qətnamə xx xxxxxxxx 2009-cu il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli sərəncamına əsasən, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilmədiyindən qeyd edilən qətnamə əsasında verilmiş icra vərəqəsi bu günə kimi icrasız qalmışdır. Məhz bu səbəbdən, iddiaçı mülkiyyətində olan əmlakından mülki dövriyyədə istifadəsinə dövlət tərəfindən məhdudiyyət yarandığından, bunun nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsinə dair hazırkı iddia ilə X4 Məhkəməsinə müraciət etmiş və cavabdeh qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyini göstərmişdir. Başqa sözlə, iddianın mahiyyəti vurulmuş zərərin əvəzinin ödənilməsi barədədir. Növünə görə qaldırılmış iddia vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi inzibati prosessual qanunvericilik inzibati mübahisələrin ərazi aidiyyətini müəyyən edərkən iddia növlərindən yalnız mübahisələndirmə haqqında iddialara münasibətdə fərqli qaydalar müəyyən etmişdir. Digər hallarda isə (hansı ki hazırda qaldırılmış iddia da həmin digər hallara daxil olmanı ehtiva edir) iddialara cavabdehin yerləşdiyi yerin yerin məhkəməsi tərəfindən baxılır. Hazırki iş üzrə cavabdeh olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, 83.ünvanında yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyasının 15.5-ci bəndinə əsasən Bakı şəhəri, Nəsimi rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Belə olduğu halda iddiaçı hazırki iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməli idi. Lakin iddiaçı hazırki iddia ilə X4 Məhkəməsinə müraciət etmişdir. Kollegiya bir məqama da diqqət yetirir ki, doğrudur, iddiaçının mülkiyyətində olan və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, məcburi köçkünlərin çıxarılmalı olduğu mənzil Sumqayıt şəhərində yerləşsə də, hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar yaranmamışdır. İddiaçının tələbi qanuni qüvvəyə minmiş məkəmə qərarı bu günə kimi icra edilmədiyindən ona vurulmuş zərərin ödənilməsi barədədir. Belə olduğu təqdirdə isə tərəflər arasında yaranmış mübahisəyə daşınmaz əmlakın aid olduğu yerin məhkəməsi tərəfindən baxılması ilə əlaqədar aidiyyət qaydalarını tənzimləyən norma (İPM 8.1.1) tətbiq edilə bilməz. Azərbaycan Respublikası İPM-nin 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mübahisəyə ərazi aidiyyəti üzrə İPM-nin 8.1.4-cü maddəsinin tələblərinə uyğun baxılmalı olmasına, mübahisənin predmet və ya ərazi aidiyyətini müəyyənləşdirmək xidməti vəzifəsi olduğu halda diqqət yetirməmişdir ki, beləliklə də İPM-in 8.1.4-cü və 8.2-ci maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin inzibati-iqtisadi məhkəmə kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(085)-1186/2019 saylı qərarı ləğv edilməli və inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)- 1186/2019 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kirayə məbləğinin hesablanması və ödənilməsi tələbinə dair inzibati mübahisə ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh küçəsi 120) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Hökümə Babayeva
Məhkəmə qərarları › İş №2-1(105)-263/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-263/2020
26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver