Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-263/2023 16.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ona 01 noyabr 2021-ci il tarixdən ikinci qrup əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, e-2-1(118)-1215/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Əliyar qızı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia qaldıraraq “ona xəstəliyinə görə əlilliyin müəyyən olunması barədə rəy və arayış verilməsi və əlilliyinin 2-ci dərəcəli əlillik qrupu olmaqla xx.xx.2021-ci il tarixdən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, ona 01 noyabr 2021-ci il tarixdən ikinci qrup əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Əliyar qızı uzun müddətdir ki, “Şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla” diaqnozlu xəstəlikdən və digər xəstəliklərdən əziyyət çəkir. xx.xx.2009-cu il tarixdən “Xroniki şəkərli diabet xəstəsi” kimi Şamaxı rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır. Buna görə də ona 2012 və 2014-cü ildə iki dəfə 2-ci dərəcəli əlillik qrupu verilmişdir. 2015-ci ildə xəstəliyi ağırlaşdığı üçün o insulin qəbul etməyə başlamış və bu günə qədər Bakı şəhəri, Binəqədi rayonu, 15 saylı şəhər poliklinikasında ona insulin dərmanları verilir. Xəstəliyi daha da inkişaf etdiyindən və ağırlaşdığından xx.xx.2016-cı il tarixində TSEK onu təkrar müayinə etmiş və ona növbəti 5 il üçün 2-ci dərəcəli əlillik qrupu verilmişdir. Əlilliyinin müddəti xx.xx.2021-ci il tarixinədək müəyyən edilmişdir. TSEK rəyinə əsasən xəstəliyinin diaqnozu, “Şəkərli diabet İİ tip orta ağır forma. Hipertoniya xəstəliyi İ mərhələ. Vertebrogen dissirkulyator ensefalopatiya. Vertebrogen bazilyar çatmamazlığı. Diabetik polineyropatiya. Diabetik retinoyapatiya” olmuşdur. xx.xx.2021-ci il tarixində əlilliyinin 5 illik müddət bitdikdən sonra Şamaxı rayon Mərkəzi Xəstəxanası onu təkrar müayinələrdən keçirərək, xəstəliyi haqqında Tibbi Sosial Ekspert Komissiyasına xx.xx.2021-ci il tarixli, 2574003AAR6M nömrəli Forma-088 arayışı göndərmişdir. Arayışa əsasən onun xəstəliyinin əsas diaqnozu “İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla şəkərli diabet ağır forma İİ tip. (İnsulin tələbi ilə)” xəstəlikləridir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Komissiyası xx.xx.2021-ci il tarixində onu müayinə etmiş və heç bir əsaslı səbəb olmadan, digər texniki səbəblər göstərərək, ona əlillik təyin etməkdən imtina etmişdir. Beləliklə, cavabdeh Azərbaycan Respublikası Konstituiyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnu pozmuşdur. Belə ki, o, əmək qabiliyyətini tamamilə itirmiş, heç bir yerdə işləyə bilmir, xəstəliyi səbəbindən güclə hərəkət edir. Onun Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş vətəndaş hüquqları, sosial təminat hüququları, sağlamlıq hüquqları, sağlamlığını itirdiyinə görə dövlətdən müavinət almaq hüquqları vardır. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Komissiyası tərəfindən onun hüquqları pozulmuşdur. Hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkətsizliyi qanunsuz hesab edilməli və tələbi təmin edilməlidir.
4. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet tip ağır-ağırlıqda.insulin tələbli. Diabetik polineyropatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif- Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => ЕЮ - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip orta ağır forma. Hipertoniya “xəstəliyi İ mərhələ. Vertebrogen dissirkulyator ensefalopatiya. Vertebrogen bazilyar çatışmamazlığı. Diabetik polineyropatiya. Diabetik retinoyapatiya; Meyar: 2.2. İkinci dərəcə 7 lik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => Е10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip orta ağır forma. Hipertoniya xəstəliyi İ mərhələ. Vertebrogen dissirkulyator ensefalopatiya. Vertebrogen bazilyar çatmamazlığı. Diabetik polineyropatiya. Diabetik retinoyapatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip orta ağır forma. Hipertoniya xəstəliyi İ mərhələ, Vertebrogen dissirkulyator ensefalopatiya. Vertebrogen bazilyar çatmamazlığı. Diabetik polineyropatiya. Diabetik retinoyapatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2574003AAR6M saylı göndərişi əsasında baxılmış və “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet ağır forma İİ tip. (İnsulin tələbi ə). Aşağı ətraflarda ağır keymə. Diabetin angiopatiya. Diabetik retinopatiya (E10- E14 -mumi dördüncü. 3 işarəsi ilə), OU-qeyri proliferativ diabetik retinopatiya. Diabetik: olinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), Hərəkət zamanı ətraflarda ağrıdan diabetik polinevropatiya. Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, Sağ böyrəyin hipoplaziyası. Diabetin nefropatiya. Xroniki pielonefrit; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Son beş (5) ildə aldığı stasionar müalicələr qeyd olunmayıb. Dəqiqləşdirilsin. Ağırlaşmalar dəqiqləşdirilsin və diaqnostik müayinələrlə təsdiqlənsin” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reysetri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, səxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
5. Sumqayıt İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, e-2-1(118)-1215/2022 nömrəli qərarı ilə (hakim Leyla Mirzəyeva) iddia təmin edilərək, İddiaçı Əliyar qızına 01 noyabr 2021-ci il tarixdən ikinci qrup əlillik təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
6. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qeyd edilən xəstəliyin ağırlaşmalarında göz, böyrək və aşağı ətrafda dəyişiklik olmalıdır. İddiaçı Forma 88 arayışından görünür ki, böyrək çatışmazlığı və gözündə dəyişiklik olmamış, göz xəstəlikləri reyestrində adı qeyd edilməmiş, dopler müayinəsi keyfiyyətli və ətraflı aparılmamış və aşağı ətrafların vəziyyəti tam əhatə olunmamışdır. Bundan əlavə infarkt keçirməsi haqqında müayinə aparılmamış, kordioloqun qeydi isə yeterli olmamış və son 5 ildə olan stasionar müalicələr də qeyd edilməmişdir. Bu səbəblərdən də iddiaçıya düzgün olaraq “Göndərişin natamam doldurulması - Səbəb: Son beş (5) ildə aldığı stasionar müalicələr qeyd olunmayıb. Dəqiqləşdirilsin. Ağırlaşmalar dəqiqləşdirilsin və diaqnostik müayinələrlə təsdiqlənsin” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 2.5-ci bəndinə göndərişlər görə həmin qaydaların 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə tərtib edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə görə 2.5-ci bəndə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi oian elektron sənəd formasında Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. İddiaçı əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1215/2022, saylı 11 noyabr 2022-ci il tarixli qərarı ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
11. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun:
Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə:
2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə:
4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası
1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (-) 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; (-). 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimihəkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı
21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur...
Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 fevral 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
20. İş materiallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2016-cı ildən xx.xx.2021-ci il tarixədək ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Həmin müddət bitdikdən sonra iddiaçı təkrar müayinələrdən keçirilərək Şamaxı rayon Mərkəzi xəstəxanası tərəfindən Tibbi-sosial Ekspert Komissiyasına xx.xx.2021-ci il tarixli, 2574003AAR6M saylı Forma-088 arayışı göndərilmişdir. Həmin arayışda iddiaçının xətəliyinin əsas diaqnozu kimi “İnsulindən asılı olmayan şəkərli diabet, çoxaylı ağırlaşmalarla şəkərli diabet, çoxsaylı ağırlaşmalarla şəkərli diabet ağır forma İİ tip. İnsulin tələbi ilə (E11.7)” göstərilmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qeyd olunan diaqnoz əsasında iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı bundan narazı qalaraq məhkəməyə müraciət etmişdir.
21. İddiaçıya əlillik dərəcəsinin təyin olunmasından imtinanın əsası kimi aşağıdakılar qeyd olunmuşdur: “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Son beş (5) ildə aldığı stasionar müalicələr qeyd olunmayıb. Dəqiqləşdirilsin. Ağırlaşmalar dəqiqləşdirilsin və diaqnostik müayinələr təsdiq edilsin”.
22. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixdək ümumi xəstəlik səbəbindən ikinci qrup əlillik təyin edilmişdir.
23. 2574003AAR6M nömrəli Tibbi-Sosial Ekspert Komissiyasına göndərişdən görünür ki, iddiaçıya əsas diaqnoz olaraq insulindən asılı olmayan şəkərli diabet, çoxaylı ağırlaşmalarla şəkərli diabet, çoxsaylı ağırlaşmalarla şəkərli diabet ağır forma İİ tip. İnsulin tələbi ilə (E11.7), ağırlaşma diaqnozu olaraq digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya aşağı ətraflarda ağır keyimə, diabetin angiopatiya (179.2*), Diabetik retinopatiya (E-10-E14 ümumi dördüncü .3 işarəsi ilə) OUqeyripoliferativ diabetik retinopatiya (H36.0), Diabetik polinevropatiya (E-10-14 ümumi dördüncü.4 işarəsi ilə) hərəkət zamanı ətraflarda ağrıdan diabetik polinevropatiya (G63.2), şəkərli diabet zamanı yumaqcıq zədələnmələri E10-14 sağ böyrəyin hipoplaziyası. Diabetin nefropatiya. Xroniki pielonefrit., yanaşı xəstəliklər kimi Stenokardiyanın digər formaları ÜİX Gərginlik stenokardiyası 3-4F.S infaktdan sonra kardioskleroz (120.8), qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya xəstəliyi (D50.0), Qaraciyərin alkoqol mənşəli pidistrofiyası (piyli qaraciyər) Qaraciyərin piy distrofiyası (K70.0), həqiqi hiperqlisüridemiya (E78.1), (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi İİ.d yüksək risk ilə (İ11.0), Xroniki obstruktiv pielonefrit xroniki pielonefrit (N11.1) diaqnozu qoyulmuşdur.
24. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTEvə PAB” PHŞ-nin T-247/2022 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsinin son göndərişində qeyd olunan “E11.7-insulindən asılı olmayan Şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet ağır forma İİ tip.; Ağırlaşima: G79.2*digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, aşağı ətraflarda ağır keyimə, diabetik angiopatiya, H36.0*- diabetik retinopatiya, (E10-E14 ümumi dördüncü. 3 işarəsi ilə), OU-qeyri-proliferativ diabetik refinopatiya, G63.2-diabetik polinevropatiya, (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), hərəkət zamanı ətraflarda ağrıdan diabetik polinevropatiya, N08.3*-şəkərli diabet zamanı yumaqcıq zədələnmələri, (E10-E14, sağ böyrəyin hipoplaziyası.), diabetik nefropatiya, xroniki pielonefrit” diaqnozdakı xəstəliklərdən o, hazırda əziyyət çəksə də, onlar da nəzərə alınmaqla şəxsin əyani və instrumental müayinələrində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmadı.
25. İş materiallarına əlavə edilmiş 30512564 saylı və 30512565 saylı xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ödənişsiz reseptlərdən görünür ki, İddiaçı 35 nömrəli şəhər poliklinikası tərəfindən 1 flakon İns.İnsulatard HM 100TV 10ml və 1.0 insulin şprisi alınması üçün təyinat verilmişdir.
26. Binəqədi rayonu 35 nömrəli şəhər poliklinikasının 11 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, Ağakişiyeva X3 rayonu 35 saylı şəhər poliklinikasında insulindən asılı olmayan şəkərli diabet, insulin tələbi diaqnozu ilə dispanser qeydiyyatındadır. xx.xx.2017-ci il tarixindən İnsulatard 20+20TV, Aktofid 10+10+10TV olmaqla, bazis-bolyus insulin müalicəsi qəbul edir.
27. Birinci instansiya məhkəməsi qeyd edilənlərə sənədlərə istinad edərək iddia tələbini təmin etmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (“Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”) xx.xx.2021-cu il tarixli 0053003AAE5B saylı göndərişdə sonuncuya əlillik dərəcəsinin imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır.
28. Məhkəmə qərarda həmçinin göstərmişdir ki, “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”nin 11.2-ci bəndində (Şəkərli diabet E10-E14), 11.2.1-ci bəndində (insulindən asılı şəkərli diabet E10, insulindən asılı olmayan şəkərli diabet E11), 11.2.3.1-ci bəndində (diabetik retinopatiya, qeyri-proliferativ...), 6.8-ci bəndində (polinevropatiya G63*), 11.2.2-ci bəndində (böyrəklərin zədələnməsi ilə şəkərli diabet-diabetik nefropatiya E10-E14) iddiaçıda müəyyən edilmiş xəstəliklər nəzərdə tutulmuşdur.
29. İş materiallarından göründüyü kimi, iddiaçıya əlillik dərəcəsinin təyin olunmasından imtinanın əsası kimi aşağıdakılar qeyd olunmuşdur: “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Son beş (5) ildə aldığı stasionar müalicələr qeyd olunmayıb. Dəqiqləşdirilsin. Ağırlaşmalar dəqiqləşdirilsin və diaqnostik müayinələr təsdiq edilsin”.
30. Lakin məhkəmə araşdırması zamanı, müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixdən göndərişi verən xəstəxanada qeydiyyatda olduğu eyni diaqnozla (Şəkərli diabet) 2014-2021-ci illər ərzində ikinci dərəcə əlillik təyin edilmişdir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən əsas diaqnoz və ağırlaşmalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.7-ci bəndinə, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 11.2 və 6.8-ci bəndlərinə əsasən ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verir.
32. Belə ki, Əsasnamənin 2.2.7-ci bəndinə əsasən endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07- E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8) halında ikinci dərəcə əlillik təyin edilir.
33. Ekspert rəyindən göründüyü kimi iddiaçı göndərişdə qeyd olunan “E11.7insulindən asılı olmayan Şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet ağır forma İİ tip.; Ağırlaşima: G79.2*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, aşağı ətraflarda ağır keyimə, diabetik angiopatiya, H36.0*- diabetik retinopatiya, (E10-E14 ümumi dördüncü. 3 işarəsi ilə), OU-qeyri-proliferativ diabetik refinopatiya, G63.2-diabetik polinevropatiya, (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), hərəkət zamanı ətraflarda ağrıdan diabetik polinevropatiya, N08.3*-şəkərli diabet zamanı yumaqcıq zədələnmələri, (E10-E14, sağ böyrəyin hipoplaziyası.), diabetik nefropatiya, xroniki pielonefrit” diaqnozdakı xəstəliklərdən hazırda əziyyət çəkir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, əlillik barədə qərar klinik, psixoloji, sosialməişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.
35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıda mövcud olan xəstəliklər ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil olduğundan, cavabdeh tərəfindən ona əlliliyin təyin edilməsindən imtina edilməsi əsassız olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, e-2-1(118)-1215/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.