Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-264/2021 01.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsinin 1 saylı regional ərazi filialına qarşı “ona 14 noyabr 1983-cü ildən 16 iyun 1986-cı ilədək Kürtmaşı kənd Xanlar adına sovxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı 13.05.2019-cu il tarixdən əlilliyə görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 555/2020 saylı, 04 dekabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı ona 14 noyabr 1983-cü ildən 16 iyun 1986-cı ilədək Kürtmaşı kənd Xanlar adına sovxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı 13.05.2019-cu il tarixdən əlilliyə görə pensiyanın təyin edilməsi üçün cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsinin 1 saylı regional ərazi filialına müraciət etmiş, cavabdehin 03 iyun 2019-cu il tarixli, **********8 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən pensiya təyin edilərkən 14 noyabr 1983-ci ildən 16 iyun 1986-cü ilədək İsmayıllı rayon Kürtmaşı kənd Xanlar adına sovxozda işlədiyi müddətin sosial sığorta stajının götürülməsi nəzərə alınmamışdır. Mövcud məsələ ilə bağlı cavabdeh orqana müraciət etsə də, məsələ müsbət həllini tapmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi qeyd edilən dövrün əmək kitabçasında qeyd olunmaması və bu dövrün arxiv arayışı kimi təqdim olunmasıdır. Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi pensiya təyin etməməsinin səbəbini “Əmək pensiyaları” haqqında Qanunun 12.1-ci maddəsinə və “Əmək pensiyalarının təyin edilməsi yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2.1-ci bəndinə əsaslanaraq rədd cavabı vermişdir. Cavabdehin hərəkəti qanunsuzdur. Belə ki, iddiaçıya pensiya təyin edilərkən həmin arxiv arayışı nəzərə alınmadan ona pensiya təyin edilməsi üçün tələb olunan 17760 manat kapitala qarşı 16253.93 manat kapital olması bildirilmişdir. Arxiv arayışındakı dövrləri sosial sığorta kapitalına çevirdikdə 1866.39 manat kapital alınır. Buradan görünür ki, onun kapitalının cəmi 17760 manat kapitalı keçərək 18120.32 manat təşkil edir. Belə ki, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 3-cü abzasının “ğ” bəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, doktoranturada və klinik ordinaturada təhsil müddəti daxil edilir. Cavabdeh iddiaya etiraz ərizəsində göstərmişdir ki, Sumqayıt Asan xidmət vasitəsilə 31.05.2019-cu il tarixdən İİ qrup əlilliyə görə müraciət etmiş vətəndaş İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İİ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda əmək pensiyası təyin edilməsi bildirilmişdir. Vətəndaşa şöbəyə təqdim etdiyi sənədlərin surətinə əsasən (xx.xx.1966-cı il təvəllüdlüdür) əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 17760.00 manat sosial sığorta kapitalına qarşı 16253.93 manat pensiya kapitalı olması səbəbindən, ona əlilliyə görə əmək pensiyası təyin edilməsi qanuna zidd olması bildirilmişdir. Vətəndaşın təqdim etdiyi 14.11.1983-cü il tarixdə 16.06.1986-cı il tarixədək işlədiyi dövrlər sığorta kapitalı kimi hesablanan zamanı 31.05.2019-cu il tarixə 1866.39 manat müəyyən edilir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-555/2020 saylı, 04 dekabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 14 noyabr 1983-cü ildən 16 iyun 1986-cı ilədək Kürtmaşı kənd Xanlar adına sovxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı 13.05.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin 1 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim İsmayıl Quliyev) Qərardan cavabdeh apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 14.11.1983-16.06.1986-cı illərdə İsmayıllı rayon Kürtmaşı kənd Xanlar adına sovxozda işlədiyini iddia edir və öz tələbinin əsası kimi məhkəməyə onun əmək fəaliyyətinə dair arxiv arayışı təqdim etmişdir. Lakin işlədiyini iddia etdiyi illər əmək kitabçasında öz əksini tapmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci bəndinə görə, əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Eyni zamanda iddiaçı tərəfindən İsmayıllı Rayon Arxiv İdarəsi tərəfindən tərtib edilmiş əməkhaqqı cədvəli təqdim edilmişdir. Həmin əməkhaqqı cədvəlində iddiaçının 1985-ci il yanvar ayından - 1986-ci ilin iyun ayına qədər olan dövrə aid əməkhaqqı aldığı barədə məlumat qeyd olunmuşdur. Lakin 1983-1985-ci illərdə işlədiyi dövrə aid əməkhaqqı aldığı barədə heç bir məlumat aşkar edilməmişdir. Halbuki, İddiaçı 14.11.1983-cü ildən “İsmayıllı rayon Kürtmaşı kənd Xanlar adına” sovxozda işlədiyini iddia edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarln ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qeyd olunan norma öz əksini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarında da tapmışdır. Belə ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə qeyd olunmuşdur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Yuxarıda qeyd olunanlara əsasən, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) almış olsun; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında’’ Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Qeyd olunanlardan da göründüyü kimi İddiaçı 14.11.1983-16.06.1986-cı illərdə İsmayıllı rayon Kürtmaşı kənd Xanlar adına sovxozda işlədiyini iddia etsə də, İsmayıllı Rayon Arxiv İdarəsi tərəfindən təqdim edilən əməkhaqqı cədvəlində yalnız 1985-ci il yanvar ayından - 1986-ci ilin iyun ayına qədər olan dövrə aid əmək haqqı aldığı barədə məlumat qeyd olunmuşdur. Bu səbəbdən əməkhaqqı barədə məlumat təqdim edilməyən illərin sosial sığorta stajına daxil edilməsi müvafiq qanunvericiliyə əsasən mümkün deyildir. İşə apelyasiya qaydasıda baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsinin 1 saylı regional ərazi filialının nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı Rayon Dövlət Arxivinin 260 saylı, 17 dekabr 2019-cu il tarixli arxiv arayışından görünür ki, iddiaçı Kürtmaşı kənd Xanlar adına sovxozun 14 noyabr 1983-cü il tarixli 123/6 nömrəli əmri ilə 3 nömrəli briqadaya fəhlə qəbul edilmiş, 16 iyun 1986-cı il tarixli 75/2 saylı əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. Qeyd edilən arxiv arayışı ilə iddiaçının 1983-1986-cı illərdə Kürtmaşı kənd Xanlar adına sovxozda işləməsi təsdiq edilir. Məhkəmə kollegiyası İsmayıllı Rayon Dövlət Arxivinin 17 dekabr 2019-cu il tarixli arxiv arayışını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv İdarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər tələb olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin tələb olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi - İsmayıllı Rayon Dövlət Arxivinin 260 saylı, 17 dekabr 2019-cu il tarixli arxiv arayışını təqdim etmişdir. Məhkəmə kollegiyası cavabdehin iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Bundan başqa İsmayıllı Rayon Dövlət Arxivinin 94 saylı 28 iyul 2020-ci il tarixli arayışında İsmayıllı rayon Kürtmaşı kənd Xanlar adına sovxozun14 nömrəli arxiv fondunda saxlanılan 1985-1986-cı illərin əmək haqqı ödənişi üzrə hesablaşma cədvəllərində aldığı əmək haqqlarının qeyd edildiyi, lakin 1973-1984-cü illərin əmək haqqı ödənişi üzrə kitab və cədvəllərinin arxiv fonduna təhvil verilmədiyi qeyd edilmişdir. Cavabdeh orqan isə əmək haqqı cədvəllərinin arxiv fonduna təhvil verilməməsini əsas gətirərək arxiv arayışı nəzərə alınsa belə iddiaçının tələb olunan pensiya kapitalının yaranmadığını qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi illərin əmək haqqı cədvəllərinin arxiv fonduna təhvil verilməməsi iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Buna görə məsuliyyəti iddiaçı deyil, inzibati orqan daşıyır. Faktiki olaraq İsmayıllı Rayon Dövlət Arxivinin arxiv arayışı ilə iddiaçının İsmayıllı rayon Kürtmaşı kənd Xanlar adına sovxoza hansı dövrlərdə işə qəbul edilməsi və işdən azad edilməsi təsdiq edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-555/2020 saylı, 04 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-264/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-264/2021
01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver