Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-264/2022 06.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə iddiaçı X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “sərəncamın iddiaçıya aid hissədə ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsini 17 noyabr 2021-ci il tarixli, 2-1(118)-1417/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* saylı çıxarışa əsasən, Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 15 ha torpaq sahəsi 04.03.2008-ci il tarixli icarə müqaviləsi və 30.04.2014-cü il tarixli 3M/436 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən, 24.05.2014-cü ildən icarə hüququ əsasında İddiaçı Elbrus oğlunun adına qeydiyyata alınmış, yüklülüyün müddəti 04.03.2008-ci il tarixdən başlayaraq 99 il müəyyən edilmiş, hüququn əvvəlki sahibi isə X6 olmuşdur.
2. Cavabdeh Başçısının 09 mart 2018-ci il tarixli 069 nömrəli sərəncamı ilə İddiaçı icarəsinə verilmiş Abşeron rayonu keçmiş 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 15 ha torpaq sahəsi üzərindəki icarə hüququna xitam verilmişdir.
3. İddiaçının nümayədəsi və vəkili iddiaçının icarəsinə verilmiş Abşeron rayonu keçmiş 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 15,0 ha torpaq sahəsi üzərindəki icarə hüququnun digərinin adına keçirilməsinə razılıq verilməsi barədə cavabdeh orqana ərizə ilə müraciət etmiş, müraciətə baxılmış və Cavabdeh 5/1268 saylı, 25.05.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq İddiaçı icarəsinə verilmiş Abşeron rayonu keçmiş 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 15 ha torpaq sahəsi üzərindəki icarə hüququna xitam verildiyi bildirilmişdir.
4. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının 09.03.2018-ci il tarixli, 069 nömrəli sərəncamının iddiaçıya aid hissədə ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
İŞÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Cavabdeh balansında olmuşdur. İddiaçı qeyd olunan ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, parniklər tikmək, pomidor və digər məhsullar yetişdirməklə dünya bazarına çıxarmaqla məşğul olmuşdur. Orada təxminən 200 ailə işləyərək dolanır. Qeyd olunan məhsulların yetişdirilməsi üçün İddiaçı sahəni hamarlamış, daş və çınqıldan kollardan, yabanı bitkilərdən təmizləmiş və bütün sahəni peyin və yumşaq torpaqla torpaqlamış, əkinə yararlı hala salmışdır. Eyni zamanda iddiaçı torpaq sahəsində parniklərin böyüdülməsi üçün "xxxx" MMC ilə müqavilə bağlamışdır. Müqavilənin qiyməti 1.000.000 manat təşkil etmişdir. Müqavilənin icra müddəti 2020-ci ilədək nəzərdə tutulmuşdur. Hazırda müqaviləyə əsasən parniklərin tikintisi üçün avadanlıqlar xaricdən gətirilmişdir. Tikinti işlərinə başlayarkən onlara məlum olmuşdur ki, Cavabdeh onlara məlumat vermədən, birtərəfli qaydada 03.03.2008-ci ildə onlarla olan icarə müqaviləsinə xitam vermişdir. İddiaçı İcra Başçısına rəsmi ərizə ilə müraciət etmişdir ki, müqavilənin xitam olunması səbəbini ona izah etsin. Başçının müavini tərəfindən onlara göndərilmiş 25.05.2021-cu il tarixli, 5\1268 nömrəli məktubdan görünür ki, guya onlar torpaq sahəsindən 3 ildir ki, istifadə etmirlər. Hesab edir ki, həmin sərəncamı ləğv olunmalı və icarə münasibətləri davam etdirilməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi onlar torpaq sahəsini 30.04.2014-ci ildə almışlar, aldıqları müddətdən sonra onlar həmin torpaq sahəsində xeyli təsərrüfat işləri görmüş və bu günə kimi də həmin torpaq sahəsinin bir hissəsində parniklər faliyyət göstərir. Amma İcra Hakimiyyətinin ləğv sərəncamında isə torpaq sahəsinin 3 illik istifadə edilməməsi göstərilmişdir. Bundan başqa icra başçısının sərəncamı birtərəfli qaydada ləğv etməsi belə qanunsuzdur.
6. Cavabdeh orqan iddia ərizəsinə yazılı etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən guya icarə şərtlərinə əməl edilməsinə baxmayaraq, onunla icarə hüquq münasibətlərinə xitam verilməsi barədə iddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir, iddiaçı müqavilədə nəzərdə tutlduğu qaydada icarə haqqlarının ödənişini həyata keçirmir və ümumiyyətlə torpaq sahəsindən icarəyə götürüldüyü tarixdən icarə hüququna xitam verilən günədək istifadə etməmişdir. Torpaq kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmasına baxmayaraq, orada heç bir kənd təsərrüfatı məhsullarının əkini, istehsalı həyata keçirilməmişdir.
7. Rayon icra hakimiyyətində yaradılmış "Torpaqların təyinatı üzrə səmərəli istifadəsinə və mühafizəsinə nəzarətin gücləndirilməsi və kənd təsərrüfatı təyinatlı torpaqların münbit qatının korlanması hallarının qarşısının alınması” məqsədilə RİH üzrə 24 noyabr 2016-cı il tarixli, 316 saylı sərəncamla yaradılmış komissiya (bundan sonra- Komissiya) tərəfindən mütəmadi olaraq X7 hüquqi və fiziki şəxslərin icarəsinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin məqsədli təyinatına uyğun istifadə edilibedilməməsi daim diqqətdə saxlanılır və qanunvericiliyin, bağlanmış torpaq icarə müqavilələrinin tələblərini pozaraq torpaqdan təyinatına uyğun istifadə etməyən hüquqi və fiziki şəxslərin torpaq sahələri üzərində icarə hüquqlarına xitam verilməsi üçün qanunamüvafiq tədbirlər həyata keçirilir. Növbəti dəfə aparılan müşahidələr zamanı Komissiyanın fəaliyyəti çərçivəsində 02 mart 2018-ci il tarixdə Bakı şəhərinin inzibati ərazisindən Abşeron rayonuna təhkim edilmiş dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqların bir hissəsinə bilavasitə naturada baxış keçirilməklə torpaqların faktiki istifadə vəziyyəti son 3 illik müşahidələrin nəticələri ilə müqayisəli şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində adları aşağıda qeyd olunan fiziki və hüquqi şəxslərin icarəsində olan 425.074 ha torpaq sahəsindən cəmi 277.69 ha sahənin təyinatı üzrə istifadə olunmadığı müəyyən edilmişdir. Keçirilmiş monitorinqlə bağlı komissiya tərəfindən akt tərtib edilmiş, istifadəsiz saxlanılmış kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində icarə hüquqlarına xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin və "Yerli İcra Hakimiyyətləri haqqında " Əsasnamənin 28-ci maddəsinin tələblərini rəhbər tutaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən hazırlanmış **********05 nömrəli reyestrdən çıxarışa əsasən "xxxx" MMC-nin icarəsində olan 24,0 hektar torpaq sahəsi üzərində; **********07 nömrəli reyestrdən çıxarışa əsasən "xxxx" MMC-nin icarəsində olan 72,7636 hektar torpaq sahəsindən istifadə olunmayan 46,34 hektar torpaq sahəsi üzərində; **********79 nömrəli reyestrdən çıxarışa əsasən fiziki şəxs İddiaçı Elbrus oğlunun icarəsində olan 15,0 hektar torpaq sahəsi üzərində; **********20 nömrəli reyestrdən çıxarışa əsasən fiziki şəxs X4 icarəsində olan 44,54 hektar sahədən istifadə olunmayan 14,62 hektar torpaq sahəsi üzərində; **********68 nömrəli reyestrdən çıxarışa əsasən fiziki şəxs X4 icarəsində olan 17,83 hektar sahədən istifadə olunmayan 11,75 hektar torpaq sahəsi üzərində; **********67 nömrəli reyestrdən çıxarışa əsasən hüquqi şəxs “AS İstehsal" MMC-nin icarəsində olan 11,6821 hektar sahədən istifadə olunmayan 0,90 hektar torpaq sahəsi üzərində; **********92 nömrəli reyestrdən çıxarışa əsasən “Grand Agro" MMC-nin icarəsində olan 30,1683 hektar torpaq sahəsindən istifadə olunmayan 5,72 hektar torpaq sahəsi üzərində; **********58 nömrəli reyestrdən çıxarışa əsasən fiziki şəxs X5 icarəsində olan 7,8 hektar torpaq sahəsi üzərində; **********59 nömrəli reyestrdən çıxarışa əsasən fiziki şəxs X2 icarəsində olan 52,07 hektar torpaq sahəsi üzərində; **********58 nömrəli reyestrdən çıxarışa əsasən fiziki şəxs X2 icarəsində olan 88,93 hektar sahədən istifadə olunmayan 39,20 hektar torpaq sahəsi üzərində və **********80 nömrəli reyestrdən çıxarışa əsasən hüquqi şəxs "xxxx" MMC-nin icarəsində olan 60,29 hektar torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi barədə yuxarıda qeyd olunan sərəncam verilmişdir. Torpaq sahəsindən uzun illər istifadə edilmədiyindən, icarə haqqları ödənilmədiyindən iddiaçı ilə icarə hüquq münasibətlərinə xitam verilmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 17.11.2021-ci il tarixli, 2-1(118)-1417/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim L.Mirzəyeva).
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və yeni hallar göstərməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz və apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 59. Azad sahibkarlıq hüququ İ. Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
15. Torpaq Məcəlləsi: Maddə 73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları
1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: 5-ci abzas. Torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə; (-).
2. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir. Maddə 75. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları 1-ci bənd. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. 3-cü bənd. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində, istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. 6-cı bənd. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir.
16. Mülki Məcəllə: Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
17. “Torpaq icarəsi haqqında” Qanun: Maddə 13. Torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. Maddə 31. Torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.
18. “İnzibati icraat haqqında” Qanun: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
19. İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); (-). Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası tərələrin dinlənilmə hüququnu təmin edib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
23. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, qanunvericilik torpaq icarə müqaviləsinin tərəflərin razılığı olmadığı təqdirdə məhkəmə qaydasında ləğvini nəzərdə tutur. Lakin hazırki işin hallarından məlum olur ki, cavabdeh inzibati orqan qeyd edilən şərtə əməl etməmişdir. Belə ki, iddiaçıya öhdəliyin yerinə yetirilməməsi, xüsusən də torpaqdan təyinatı üzrə istifadə edilməməsi ilə bağlı xəbərdarlıq edilməmiş, iddiaçı torpaq icarəsindən yaranan münasibətlərə xitam verilməsi ilə bağlı öz razılığını ifadə etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının torpaq sahəsi üzərində icarə hüququnu əldə etdiyi vaxtdan uzun müddət keçmişdir. Buna baxmayaraq cavabdeh məhkəməyə müraciət etmək əvəzinə müqavilənin iddiaçının iradəsinin ziddinə birtərəfli qaydada ləğv etmiş və bununla bağlı iddiaçıya münasibətdə qanunsuz sərəncam qəbul etmişdir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Azad sahibkarlıq hüququnu təsbit edən Konstitusiyanın 59-cu maddəsinə əsasən hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.
26. Bu konstitusiya norması hər hansı bir fərdin qanunla qadağan olunmayan iqtisadi fəaliyyətinin sərbəstlik prinsipini inkişaf etdirir. Hakimiyyət orqanları və ya vəzifəli şəxslərin qərar və yaxud hərəkətləri (hərəkətsizliyi) azad sahibkarlıq hüququnu məhdudlaşdırırsa, onları məhkəmə qaydasında mübahisələndirmək olar.
27. Konstitusiyaya görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir (26-cı maddənin İİ hissəsi), hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə də təminat verilir (60-cı maddənin İ hissəsi)
28. İcarə münasibətləri, bir qayda olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında tənzimlənir. Bununla belə, torpaq icarəsi münasibətlərinin xüsusiyyətlərini nəzərə alaraq qanunverici «Torpaq icarəsi haqqında» ayrıca qanun qəbul etmişdir. Lakin bu Qanunun 2-ci maddəsində xüsusilə qeyd olunur ki, torpaq icarəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının torpaq, mülki və digər qanunvericilik aktlarından ibarətdir.
29. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 73-cü maddəsinin 1-ci bəndinin 5-ci abzasına əsasən, torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə torpaq sahəsi üzərində icarə hüququna xitam verilir; - 73-cü maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin 1-ci bəndinin 5-ci, (...) abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir - 75-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir - 75-ci maddəsinin 3-cü bəndinə görə bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində, istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir - 75-ci maddəsinin 6-cı bəndində isə Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir.
30. Mülki Məcəllənin 421.1-ci maddəsinə müvafiq olaraq müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
31. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
32. Torpaq icarəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət və mübahisələrin həlli «Torpaq icarəsi haqqında» Qanunun müddəalarında da öz əksini tapmışdır. Qanunun 13-cü maddəsinə əsasən torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar.
33. Qanunun 31-ci maddəsində də göstərilir ki, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.
34. Göründüyü kimi, sadalanan normativ-hüquqi aktların göstərilən müddəaları icarəyə, o cümlədən torpaq icarəsi ilə əlaqədar yaranan münasibətlərə xitam verilməsi üçün tərəflərin razılığı olmadığı halda məhkəməyə müraciət edilməsini tələb edir.
35. Müqavilənin razılaşma olmadan və məhkəməyə müraciət etmədən birtərəfli qaydada vaxtından əvvəl ləğv olunması həmçinin MM-in 6.1.1 və 6.1.2-ci maddələrində nəzərdə tutulmuş mülki hüquq subyektlərinin bərabərliyi və iradə sərbəstliyi prinsiplərinə uyğun gəlmir.
36. Göründüyü kimi qanunvericilik torpaq icarəsi müqaviləsinin tərəflərin razılığı olmadığı təqdirdə məhkəmə qaydasında ləğv edilməsini nəzərdə tutur. Lakin hazırkı işin hallarından məlum olur ki, cavabdeh inzibati orqan qeyd edilən şərtə əməl etməmişdir. Belə ki, iddiaçıya öhdəliyin yerinə yetirilməməsi, xüsusən də torpaqdan təyinatı üzrə istifadə edilməməsi ilə bağlı xəbərdarlıq edilməmiş, iddiaçı torpaq icarəsindən yaranan münasibətlərə xitam verilməsi ilə bağlı öz razılığını ifadə etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının torpaq sahəsi üzərində icarə hüququnun əldə edildiyi vaxtdan cavabdeh orqan tərəfindən icarə hüququna xitam verilməsi barədə sərəncam verilənə qədər 2 ilə yaxın müddət keçmişdir. Buna baxmayaraq cavabdeh məhkəməyə müraciət etmək əvəzinə müqaviləni iddiaçının iradəsinə zidd olaraq birtərəfli qaydada ləğv etmiş və bununla bağlı iddiaçıya münasibətdə qanunsuz sərəncam qəbul etmişdir.
37. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən qəbul edilmiş 09.03.2018-ci il tarixli, 69 nömrəli sərəncam iddiaçıya münasibətdə qanunvericiliyin tələblərinə zidd olduğundan, bununla da iddiaçının hüquqlarını pozduğundan, eyni zamanda cavabdeh sərəncamın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən birinci instansiya məhkəməsi sərəncamı qanunsuz hesab etməklə düzgün nəticəyə gəlmişdir.
40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
41. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(118)-1417/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.