Məhkəmə qərarları › İş №2-1(105)-264/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-264/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-264/2025 19.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Hüseynli Nailə Natiq qızının katibliyi, İddiaçı X5, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “58 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə sosial müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 noyabr 2024-ci il tarixli, 2-1(118)- 2073/2024 nömrəli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. İş materisallarında olan Sumqayıt şəhər qeydiyyat (keçmiş Sumqayıt şəhər VVADQ) şöbəsi tərəfindən verilmiş AZ-l N 534824 nömrəli xx.xx.2004-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2000-ci il təvəllüdlü X2 valideynləri X8 və X6r. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsi 1 №-li Mənzil İstismar Sahəsinin 21 iyun 2023-cü il tarixli, 454 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, X7 anası İddiaçı himayəsindədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspertiza və reabilitasiya Altsisteminin məlumatlarından görünür ki, xx.xx.2000-ci il təvəllüdlü X4 xx.xx.2019-cu il tarixdə lll dərəcəli əlillik təyin edilmişdir. İş materiallarına əlavə edilmiş “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinin 09 iyun 2023-cü il tarixdə 69 nömrəli arayışından görünür ki, X7 18 yaşa kimi 7 nömrəli Ailə Sağlamlıq Mərkəzində “Onurğanın anadangəlmə 4-cü dərəcəli “S”-vari skaliozu, ağrı sindromu ilə, döş qəfəsinin qıfvari deformasiyası. Gövdəsin əks tərəfə kompensator deviasiyası 62 dərəcə qamətin pozulması. Qarışıq tipli mötədil ventelyasiya pozğunluğu” diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 20 iyul 2023-cü il tarixli, № 3-17-1/2-Ə-162940/2023 nömrəli sosial müavinətin təyin edilməsindən imtina olunması haqqında məktub onunla əsaslandırılmışdır ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən İddiaçı övladı X2 ilkin müayinə əsasında xx.xx.2019-cu il tarixindən (19 yaşında) müddətsiz İİİ dərəcə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq ona həmin tarixdən əlilliyə görə sosial müavinət təyin edilmiş, hazırda 150 manat məbləğində olmaqla ödənilməkdədir. İddiaçı övladı N.Nəzərovun 18 yaşınadək əlilliyi müəyyən edilmədiyindən ona əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş qadın kimi sosial müavinətin təyin edilməsi mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı 58 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən uşağa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “58 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixindən yaşa görə sosial müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxx 1965-ci ildə anadan olmuşdur. xx.xx.2000-ci il təvəllüdlü X7 onun oğludur. O, “Onurğanın anadangəlmə 4-cü dərəcəli “S”-vari skalyozu, ağrı sindromu ilə. Döş qəfəsinin qıfvari deformasiyası. Gövdənin əksə tərəfə kompensator deviyasiyası. 62 dərəcə qamətin pozulması. Qarışıq tipli mötədil ventelyasiya pozğunluğu” xəstəliyi ilə anadan olmuşdur. Həmin diaqnoz ilə dispanser qeydiyyatındadır. Qeyd edilənləri “Sumqayıt Tibb Mərkəzi X13 7 nömrəli Ailə Sağlamlıq Mərkəzi” tərəfindən xx.xx.2023-cü ildə verilmiş 69 saylı arayış təsdiq edir. Uşaq anadangəlmə qeyd olunan xəstəliyin daşıyıcısıdır. Uşaq iddiaçının himayəsində böyüyüb boya-başa çatmışdır. Oğlu xəstə olsa da, savadsızlığı səbəbindən övladına vaxtında əlillik təyin etdirə bilməmişdir. X1 19 yaşında, yəni xx.xx.2019-cu il tarixdə müddətsiz İİİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçının xx.xx.2023-cü ildə 58 yaşı tamam olmuşdur. İddiaçı cavabdehin imtinası ilə razılaşmır. Beləki, oğlu X7 anadangəlmə yuxarıda qeyd etdikləri xəstəliklərdən əziyyət çəkir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyqun olaraq əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. İddiaçının övladı N. Nəzərovun 18 yaşınadək əlilliyi müəyyən edilməmişdir. Bu halda iddiaçıya əlilliyi olan uşağa qulluğa görə yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi konstitusion prinsiplərin pozulmasına səbəb ola bilər. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik altsistemində olan məlumatlara əsasən iddiaçının övladı X2 ilkin müayinə əsasında xx.xx.2019-cu il tarixindən (19 yaşında) müddətsiz İİİ dərəcə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq ona həmin tarixdən əlilliyə görə sosial müavinət təyin edilmiş, hazırda 150 manat məbləğində olmaqla ödənilməkdədir. Bu səbəbdən iddiaçının övladı N.Nəzərovun 18 yaşınadək əlilliyi müəyyən edilmədiyindən iddiaçıya əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş qadın kimi sosial müavinətin təyin edilməsi mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydalarının 2.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi. Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin bu hüququn yarandığı tarixdən sonra Fondun aidiyyəti struktur bölməsinə və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə (bundan sonra - “DOST" mərkəzi) bu Qaydanın 1 nömrəli Əlavəsi ilə müəyyən edilmiş formada yazılı, o cümlədən elektron müraciəti əsasında aparılır və bu Qaydanın 2.9-cu bəndi nəzərə alınmaqla aşağıdakı sənədlərin (bu Qaydanın 4-cü hissəsi nəzərə alınmaqla) təqdim edilməsi tələb olunur: Qanunun 8.2-ci maddəsinin tətbiqi zamanı bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulanlara əlavə olaraq:

1. uşaqların doğum haqqında şəhadətnamələrinin və şəxsiyyət vəsiqələrinin surəti:

2. uşağın əlilliyinin müəyyən edilməsi barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış;

3. ananın əlilliyi müəyyən edilmiş uşağı 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının müvafiq inzibati ərazi dairəsi üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışı. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçının müraciətinin təmin olunması mümkün hesab edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2073/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vətəndaşa əlillik təyin edilərkən qoyulmuş diaqnozun anadangəlmə müşahidə edilməsinə baxmayaraq, ona xx.xx.2019-cu ildən yəni 18 yaşına çatdıqdan sonra əlillik təyin edildiyi üçün cavabdeh orqan tərəfindən imtina verilməsini konstitusion hüququn pozulması kimi qiymətləndirir və bu qənaətə gəlir ki, iddiaçının oğlu 18 yaşına çatana qədər əlilliyi müəyyən edilən şəxs kimi nəzərə alınmalıdır. Bu halda məhkəmə hesab edir ki, İddiaçı himayəsində 18 yaşına çatana qədər əlilliyi olan şəxs olduğu üçün ona yaş həddi 5 il azaldılmaqla, 58 yaşından yaşa görə sosial müavinət təyin edilməlidir. Cavabdeh apellyasiya şikayətinə verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini cavabdehin iddia tələbinə etirazı ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, bir sıra tibbi sənədlərdə şəxsin anadangəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi və ya tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin "anadangəlmə" yaxud "uşaqlıq əlili" sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxslərin 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab etməyə əsas vermir. Çünki bu halda, gəlinmiş belə nəticə yuxarıda qeyd olunmuş kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur. Beləliklə, hazırkı qanunvericilik normalarının tələbinə görə əgər şəxs 18 yaşı tamam olduqdan sonra əlilliklə bağlı DTSERA-ya müraciət etmiş və onun əlilliyi məhz 18 yaşından sonra müəyyən olunmuşsa, əlilliyin müəyyən edilməsinə dair həmin qərar qüvvədə olduğu halda, məhkəmə tərəfindən "Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə istinadla həmin şəxsə ailə başçısının itirməyə görə pensiya təyin edilə bilməz. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, 18 yaşından sonra əlilliyi müəyyən edilmiş şəxslər əgər əlilliyi (sağlamlıq imkanlarının məhdudluğunu) 18 yaşınadək əldə etdiklərini güman edərək "Əmək pensiyaları haqqında" Qanunun 14.1.1.2-ci maddəsinə uyğun olaraq ailə başçısının itirməyə görə pensiya təyin edilməsinə nail olmaq istəyirlərsə, bu halda, əlilliyin təyin edilməsinə dair qərarı mübahisələndirməklə, həmin qərarda əlilliyin (sağlamlıq imkanlarının məhdudluğunun) yaranma tarixinin 18 yaşından əvvəlki tarix kimi göstərilməsini tələb ədə bilərlər. Bundan başqa, həmin şəxslər həm də inzibati orqana yeni bir tələblə müraciət edərək əlilliyin və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun bununla bağlı qərarın qəbul edildiyl tarixdən əvvəl yarandığına dair qərar qəbul edilməsini də tələb edə, eləcə də inzibati orqanın həmin müraciətlə bağlı qərar və ya hərəkətini (hərəkətsizliyini) yenə də məhkəmə də mübahisələndirə bilərlər." İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə etdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu : Maddə 1.0.1. sosial müavinətlər (bundan sonra - müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 3. Müavinət almaq hüququ olan şəxslər 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: (-) 4.0.1.2. yaşa görə müavinət; (-). Maddə 7. Müavinətlərin təyin olunması şərtləri Müavinətlər aşağıdakı hallarda təyin edilir: (-) 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə; (-) Maddə 9.1.1 Yaşa görə sosial müavinət ömürlük təyin edilir. Maddə 11.1.2 Yaşa görə müavinət ödənişi şəxs əmək fəaliyyətinə başladıqda dayandırılır.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.[ Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 8. Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər 8.1. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə Bənd 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. (-) Bənd 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur (-).

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirimədən saxlanılmalıdır. Hazırki işdə iddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür və ona istədiyi növdə müavinətin təyin olunması üçün müəyyən yaşa çatması, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etməsi, əmək qabiliyyəti olmayan şəxs kimi əmək pensiyası hüququ olmayan şəxs olması və işləməməsi əsas şərtdir. İddiaçı sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə edən və işləməyən ana kimi ona sosial müavinətin təyin olunmasını istəyir. Cavabdeh orqan isə iddiaçıya sosial müavinətin verilməsindən yalnız “Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin elektron məlumat bazasında övladı X2 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən məlumatın olmaması” əsası ilə imtina edir. Əvvəla qeyd olunmalıdır ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlü olduğu üçün sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə edən ana kimi onun qanunla tələb olunan 63 yaşı 5 il azaldılmaqla, 58 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən ona sosial müavinətin təyin olunması mümkündür. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçıya istədiyi növdə müavinətin təyin olunması üçün imtinada göstərilən əsasdan başqa qanunla nəzərdə tutulan digər şərtlərə riayət olunma məsələsi mübahisələndirilmir. İş materiallarında iddiaçının övladı N.Nəzərovun barəsində olan bütün tibbi sənədlərdə, o cümlədən Forma 88 nömrəli göndərişdə, Tibbi Sosial Ekspert Komissiyasının cavabında X2 diaqnozu “Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, onurğanın anadangəlmə sağtərəfli döş tipli lV dərəcəli “S”-vari skoliozu, daimi ağrı sindromu” kimi göstərilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Lakin cavabdeh inzibati orqan apellyasiya şikayətində imtinada göstərilən əsası yenidən vurğulamış və iddianın təmin edilməsi ilə razılaşmamışdır. Bununla bağlı hazırki işin apellyasiya baxışı zamanı da müvafiq araşdırmalar aparılmış və müəyyən edilmişdir ki, iş üzrə toplanmış sübutların məcmuusu ilə iddiaçının övladı N.Nəzərovun həqiqətən də qoyulmuş diaqmozdan anadangəlmə əziyyət çəkməsi təsdiq edilir. Belə olan halda iddiaçı sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi ona qanunla hüququ yarandığı gündən, yəni 58 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə müavinətin təyin olunmasını cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya müavinətin təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır, buna görə də təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, 2-1(118)-2073/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar