Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-266/2022 16.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Bələdiyəsinə qarşı “Sumqayıt şəhəri,Corat bağlar massivində yerləşən 2265 saylı bağ evinin hasarının daxilində olan 648 kv.m torpaq sahəsi üçün açıq torpaq hərrac və ya müsabiqə keçirilmədən, Sumqayıt şəhərində həyətyanı torpaq sahələrinin bir sotu üçün müəyyənləşdirilmiş normativ qiymətə uyğun İddiaçı satılması vəzifəsi cavabdeh Sumqayıt Bələdiyyəsinin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 2-1(118)-2217/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünə (buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə) Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı Sumqayıt İnzibati məhkəməsinə müraciət edərək, Sumqayıt Bələdiyyəsi tərəfindən Sumqayıt şəhəri, Corat bağları massivində yerləşən mülkiyyətində olan 2265 saylı bağ torpaq sahəsinin hasarının daxilində olan faktiki istifadə etdiyi 648 kv.m torpaq sahəsinin onun adına sənədləşdirilməsindən imtina edilməsinin qanunsuz sayılması və həmin torpaq sahəsinin mülkiyyətinə verilməsi öhdəliyinin cavabdeh Sumqayıt Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bundan sonra iddiaçı ərizə ilə iddia tələbinə dəqiqləşmə verərək Sumqayıt şəhəri, Corat bağlar massivində yerləşən 2265 saylı bağ evinin hasarının daxilində olan 648 kv.m torpaq sahəsi üçün açıq torpaq hərrac və ya müsabiqə keçirilmədən, Sumqayıt şəhərində həyətyanı torpaq sahələrinin bir sotu üçün müəyyənləşdirilmiş normativ qiymətə uyğun İddiaçı satılması vəzifəsinin cavabdeh Sumqayıt Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ:
a) Birinci instansiya məhkəməsindəki icraat
3. Sumqayıt İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 2-1(118)-2217/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim C.Məmmədov).
4. Cavabdeh 02.02.2020-ci il tarixində həmin qərardan apellyasiya şikayəti vermiş, eyni zamanda ötürülmüş müddətin bərpası barədə ərizə təqdim edərək Sumqayıt İnzibati Məhkəməsinin 15.12.2021-ci il tarixli 2-1(118)-2217/2021 nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir.
5. Ərizəni belə əsaslandırmışdır ki, məhkəmə qərarı rəsmi qaydada bələdiyyəyə daxil olduğu zaman Sumqayıt Bələdiyyəsinin işçilərinin bir çoxu COVİD-19 pandemiyasının bələdiyyədə yayılması ilə bağlı karantində olmuş və bu səbəbdən müvafiq sənədləşmə işlərinin aparılması, o cümlədən sözügedən məhkəmə qərarından qanunvericiliklə müəyyən edilmiş müddətlərdə şikayət verilməsi mümkün olmamışdır. Ona görə də Sumqayıt Bələdiyyəsi buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməyi və apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasını xahiş etməyi zəruri sayır.
6. İddiaçı cavabdehin müddətin bərpasına dair ərizəsinə 21.02.2022-ci il tarixli etiraz edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qərarı elan edildikdən sonra, yəni 15 dekabr 2021-ci il tarixdə məhkəmə tərəfindən tərəflərə rəsmi sənədə imza etdirməklə təqdim olunmuşdur. Sözügedən məhkəmə qərarının Sumqayıt Bələdiyyəsinə çatası surəti də 15 dekabr 2021-ci il tarixdə keçirilmiş yekun məhkəmə iclasında iştirak edən Sumqayıt Bələdiyyəsinin nümayəndəsi T.Süleymanova rəsmi qaydada təqdim edilmiş, sonuncu da həmin qərarı müvafiq sənədə imza etməklə bələdiyyənin adından qəbul etmişdir. Bu səbəbdən Sumqayıt Bələdiyyəsinin həmin məhkəmə qərarından apelyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrlü səbəblərdən buraxması barədə ərizədə bildirilənlər həqiqəti əks etdirmir. Belə ki,qeyd olunan müddətdən sonra da bələdiyyənin hüquqşünasları müvafiq məhkəmə işlərində bələdiyyənin maraqlarını təmsil etmişlər və fasiləsiz olaraq işə çıxmışlar. Bələdiyyədə COVİD-19 pandemiyasının yayılması ilə bağlı işçilərin guya karantində olması səbəbindən sözügedən məhkəmə qərarından apelyasiya şikayəti verilməsi üçün müddətin üzrlü səbəblərdən buraxılması barədə bildirilənlər tamamilə əsassızdır. Eyni zamanda bunu sübuta yetirən hər hansı dəlil də Sumqayıt Bələdiyyəsi tərəfindən məhkəməyə təqdim olunmamışdır. Sadəcə olaraq Sumqayıt Bələdiyyəsi məhkəmə qərarından vaxtında apelyasiya şikayəti verməmiş, halhazırda da buraxdığı müddəti bərpa etmək üçün yalan və həqiqətə uyğun olmayan hallara istinad etməklə məhkəməni aldatmağa çalışır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
a) Apellyasiya şikayətinin mümkünlüyü
7. Cavabdeh məhkəmə qərarını 15.12.2021-ci il tarixində almış, apellyasiya şikayətini isə 02.02.2022-ci il tarixində vermiş, bununla da məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 30 gün müddəti ötürmüşdür. (İPM-in 85.1-ci maddəsi). b) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi müddətin üzrsüz səbəbdən ötürüldüyünü bildirmiş, apellyasiya şikayətinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 ərizəni müdafiə edərək, şikayət üzrə apellyasiyanın mümkün sayılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
11. Mülki Prosessual Məcəllə: Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
12. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
13. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri İnzibati prosessual Məcəllənin 85.1-ci maddəsində məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilə bilməsi müəyyən olunur.
14. İnzibati prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
15. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8- ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
16. Mülki Prosessual Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir.
17. İş materiallarından görünür ki, mübahisələndirilən qərarın surəti 15 dekabr 2021ci il tarixdə məhkəmə iclasında tərəflərə verilmiş və cavabdehin nümayəndəsi X4 müvafiq qərarı qəbul etdiyini qəbzlə təsdiq etmişdir.
18. Hazırkı qərardadın 13-cü bəndində göstərilən normanın tələbinə əsasən cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti 14.01.2022-ci il tarixdə başa çatmışdır.
19. Cavabdeh müddətin ötürülmə səbəbini COVİD-19 pandemiyasının bələdiyyəyə yayılması ilə bağlı bələdiyyə işçilərinin bir çoxunun karantində olmaları ilə əlaqələndirsə də, məhkəmə kollegiyası bu dəlili əsassız hesab edir.
20. Belə ki, cavabdehin işçilərinin COVİD-19 pandemiyası ilə bağlı karantində olmaları onların məhkəməyə müraciət etməsinə, məhkəmə aktlarını əldə etməsinə, eləcə də apellyasiya şikayəti təqdim etməsinə maneə olmamışdır. Belə ki, karantin müddəti ərzində fiziki və hüquqi şəxslərin ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin qəbulu, eyni zamanda məhkəmə qərarlarının işdə iştirak edən şəxslərə poçt vasitəsilə və ya elektron şəkildə çatdırılması təmin olunmuşdur. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini olduğu yeri tərk etmədən elektron şəkildə təqdim edə bilərdi.
21. Ölkə ərazisində karantin rejiminin tətbiq edilməsi cavabdehin nümayəndəsinin apellyasiya şikayətini məhkəməyə təqdim etməsinə maneə deyil.
22. Həmçinin, cavabdehin nümayəndəsi məhkəmə iclasında COVİD-19 infeksiyasına yoluxub-yoluxmaması ilə bağlı hakimin sualına cavab verərək yoluxmadığını bildirmiş, bələdiyyə işçilərinin karantində olmaları faktını da təsdiq etməmişdir. Belə olan halda cavabdehin bu dəlili şübhə doğurur, əsaslı hesab edilə bilməz.
23. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbayan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq, onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.
24. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar.
25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür.
26. Odur ki, apellyasiya şikayəti vaxtında verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən müddətin bərpası barədə ərizə təmin edilməməli, apellyasiya mümkün sayılmayaraq apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80,85,89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Ərizə təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 2-1(118)-2217/2021 nömrəli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilməsin. Apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3