Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-266/2023 14.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X2 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(118)-412/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı 17 iyul 2021-ci il tarixli ərizə ilə DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Abşeron rayonu, Qobustan kəndində yerləşən 0,2001 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********02 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Qobustan kəndində yerləşən 0,2001 ha torpaq sahəsinin iddiaçıya Aqrar İslahat Komissiyasının 26 dekabr 2007-ci il tarixli 82 nömrəli qərarı ilə ayrıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə Aqrar İslahat Komissiyası ləğv edilmişdir. Bundan başqa sözügedən torpaq sahəsi barəsində mübahisə olduğu müəyyən edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək Abşeron rayonu, Qobustan kəndində yerləşən 0,2001 ha torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək Abşeron rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2007-ci il tarixli 82 saylı qərarı ilə ayrılmış Abşeron rayonu Qobustan kəndində yerləşən 0,2001 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər rayonu, Qılıclı kəndindən olan məcburi köçkün kimi Abşeron rayonu, Xırdalan şəhəri, X1 ailəliklə məskunlaşmışdır. 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Abşeron rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2007-ci il tarixli 82 saylı qərarı ilə ona fərdi yaşayış evi tikmək üçün Abşeron rayonu, Qobustan kəndi ərazisində 0,2001 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılmasını Abşeron rayon AİK-nin 26 dekabr 2007-ci il tarixli 82 saylı qərarı, X6 Kitabında xx.xx.2008-ci il tarixində 5606 saylı nömrə ilə uçota alınması barədə A № 028611 saylı qeydi təsdiq edir. Torpaq sahəsinin plan və ölçüsü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi təsdiq edilmişdir. O, həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, torpaq sahəsi onun istifadəsinə qanuni əsaslarla verilmişdir. Həmin torpaq sahəsindən 2007-ci ildən hal-hazıradək istifadə edir. Maliyyə imkanı olmadığı üçün həmin sahədə fərdi ev inşa edə bilməmişdir. Torpaq sahəsinin yerləşdiyi ərazidə yaşayan 369 ailəyə də Abşeron rayon AİK tərəfindən torpaq sahəsi verilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(118)-412/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova). Qərardan narazı qalan iddiaçı ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, 0.2001 ha horpaq sahəsi onun qanuni istifadəsindədir, onun 0.06 ha hissəsi qonşusu tərəfindən zəbt edilmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslı və qanuni deyildir. Belə ki, iş materialarına əlavə edilmiş ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin ona təqdim etdiyi torpaq sahəsinin plan ölçüsü Abşeron rayon AİK-nin xx.xx.2007-ci il tarixli 82 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə tərtib edilmişdir. Həmçinin, həmin sənəddə qeyd olunur ki, torpaq sahəsinin plan və ölçüsü X7 kitabında xx.xx.2008-ci il tarixində 5606 nömrə ilə qeydiyyata alınmışdır. Belə olan halda birinci instansiya məhkəməsinin onun adının siyahıda olmamasına istinad edərək iddia tələbini rədd etməsi əsasızdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq qeyd etdi ki, məcburi köçkün düşdükdən sonra Abşeron rayonu, Xırdalan şəhərinda yerləşən X1 məskunlaşmış və hal-hazıradək həmin dövlət müəssisəsində yaşayır. Torpaq sahəsi isə Qobustan kəndində yerləşir. Topraq sahəsindən 2007-ci ildən başlayaraq istifadə edir, həmin tarixdən daha əvvəl sahədən istifadə etməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 226 nömrəli fərmanı: (-)
7. Azərbaycan Respublikası Prezidentinin aşağıda göstərilən Fərmanları qüvvədən düşmüş hesab edilsin: 7.1. "X8 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı; 7.2. "Azərbaycan Respublikası X8 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanı; (-).
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin Abşeron rayonu, Qobustan kəndində yerləşən 0,2001 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanına əsasən "X8 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və bununla da ölkədə aparılan islahat başa çatmışdır. Bu səbəbdən 2007-ci ildə aqrar islahat komissiyası tərəfindən torpaq sahəsinin ayrılması barədə qərar iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab edilə bilməz. Bundan başqa, həmin qərarda, 369 nəfər vətəndaşa torpaq sahəsinin ayrılması qeyd edilmiş, lakin vətəndaşların adlı siyahısı qərara əlavə edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşdən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2007-ci il tarixli 82 nömrəli qərarı ilə Qobustan kəndi ərazisində 369 ailəyə 0.20 hektara qədər cəmi 110,0 hektar qanuni istifadədə olan həyətyanı torpaq sahələrinə mülkiyyət hüququna dair sənədlərin verilməsi üçün toplanmış yerquruluşu sənədlərinin təsdiq edilməsi qərara alınmışdır. Abşeron rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2007-ci il tarixli 82 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün iddiaçıya ayrıldığı qeyd edilən Abşeron rayonu, Qobustan kəndində şəhərində yerləşən 2001.54 kv.m torpaq sahəsinə dair DTXKnin Abşeron rayon şöbəsi tərəfindən sonuncunun adına A seriyalı 028611 nömrəli “Torpağa sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş və X6 kitabında 03 mart 2008-ci il tarixdə 5606 nömrə ilə uçota alınmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivinin 02 dekabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2007-ci il tarixli 82 nömrəli qərarı ilə Qobustan kəndində vətəndaşların qanuni istifadəsindəki həyətyanı torpaq sahələri xüsusi mülkiyyətə verilmişdir. Bu qərara adlı siyahı daxil edilməmişdir. İşin faktiki hallarından göründüyü kimi iddiaçının tələbinin əsası kimi istinad etdiyi Abşeron rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2007-ci il tarixli 82 nömrəli qərarı ümumi qərar olmaqla, bu qərar məhz qanuni istifadəsində həyətyanı torpaq sahələri olan vətəndaşların mülkiyyət hüququna dair sənədlərin verilməsi məqsədilə qəbul edilmişdir. İddiaçı isə məcburi köçkün statusuna malik olmaqla həmin qərar qəbul edilməzdən əvvəl qanuni istifadəsində hər hansı torpaq sahəsinin olduğu müəyyən edilmir. Belə ki, iş materiallarında olan Abşeron rayonu Xırdalan şəhəri MTİTS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı Kəlbəcər rayonundan məcburi köçkün gəlmiş, Xırdalan şəhərində H.Z.Tağıyev küçəsi Y.K.İ-də yaşayır. Həmçinin, iddiaçı məhkəmə iclasında izahatında məcburi köçkün düşdükdən sonra Abşeron rayonu, Xırdalan şəhərinda yerləşən X1 məskunlaşdığını və hal-hazıradək həmin dövlət müəssisəsində yaşadığını, torpaq sahəsinin isə Qobustan kəndində yerləşdiyini, sahədən qərarın qəbul edildiyi 2007-ci ildən başlayaraq istifadə etdiyini, həmin tarixdən daha əvvəldən istifadə etmədiyini bildirmişdir. Məhkəmə araşdırması ilə mübahisələndirilən torpaq sahəsinin Abşeron rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2007-ci il tarixli 82 nömrəli qərarı qəbul edilməzdən əvvəl iddiaçının qanuni istifadəsində olmadığı müəyyən edildi. Beləliklə, iddiaçı öz tələbinin əsası olaraq DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş A seriyalı 028611 nömrəli “Torpağa sahəsinin planı və ölçüsü” sənədinə istinad edərək Abşeron rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2007-ci il tarixli 82 nömrəli qərarı ilə Qobustan kəndində məqsədilə ona fərdi yaşayış evinin tikintisi məqsədilə 2001.54 kv.m torpaq sahəsi ayrıldığını bildirsə də, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi qərara əsasən, ümumiyətlə heç bir vətəndaşa, o cümlədən iddiaçıya torpaq sahəsi ayrılmamış, qərarda yalnız vətəndaşların öz qanuni istifadələrində olan həyətyanı torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi nəzərdə tutulmuş və mülkiyyət hüququna dair sənədlərin verilməsi üçün torplanmış yerquruluşu sənəndlərinin təsdiq edilməsi qərara alınmışdır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının sözügedən qərarının qəbul edildiyi 2007-ci ildə aqrar islahat komissiyaları fəaliyyətdə olmamışdır. Belə ki, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə” nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanının 7.1 və 7.2-ci bəndinə əsasən “X8 Komissiyasının yaradılması haqqında “Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli və Azərbaycan Respublikası X8 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanları ləğv edilmişdir. Həmçinin, Abşeron rayon İcra Hakimiyyəti birinci instansiya məhkəməsinin Abşeron rayon Aqrar İslahat Komissiyasının hansı tarixdən ləğv edilməsi ilə bağlı sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanının 7.1-ci bəndinə istinad edərək “X8 Komissiyasının yaradılması haqqında“ Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanının ləğv edildiyini bildirmişdir. Abşeron rayon İcra Hakimiyyətinin qeyd olunan məktubunundan məzmunundan belə anlaşılır ki, 20 aprel 2005-ci il tarixli fərmanla “X8 Komissiyasının yaradılması haqqında“ Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərman ləğv edilmiş və həmin tarixdən Abşeron rayon Aqrar İslahat Komissiyası da daxil olmaqla aqrar islahat komissiyaları ləğv edilmişdir. Başqa sözlə, 26 dekabr 2007-ci il tarixli 82 nömrəli qərar qəbul edilərkən Abşeron rayon Aqrar İslahat Komissiyası qanuni və faktiki olaraq fəaliyyətdə olmamışdır. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Bu cür iddialara baxılarkən nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(118)-412/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.