Məhkəmə qərarları › İş №2-1(105)-266/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-266/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-266/2024 05.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinə həvalə olunması” barədə iddiasına dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4131/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli 9/2-1321 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə hərbi xidməti və döyüş bölgəsinə ezam olunması barədə heç bir məlumat olmadığına görə vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Həkim Sanitar Xidməti Bakı Dəmir Yolu X2 Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 22 nömrəli məktubundan görünür ki, xx.xx.2016-cı il tarixdə Bakı Dəmir Yolu Xəstəxanasında yaradılmış komissiya tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli “Saxlanılması mümkün olmayan sənədlərin məhv edilməsi üçün seçilib ayrılması haqqında” akt əsasında 1983-2010-cu il tarixədək ezamiyyə vərəqələri (saxlanma müddəti 5 il), 1984-2012-ci il tarixədək məzuniyyətlərin verilməsi haqqında əmrlər (saxlanma müddəti 5 il) məhv edilmişdir. 1987-2013-ci il tarixədək əmək haqqı haqqında sənədlər saxlanılması üçün "xxxx" QSC-nin arxivinə təhvil verilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaşlar X8 və X3 “Müharibə Veteranı” adı və vəsiqəsi Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən verilməmişdir. xx.xx.1964-cü il təvəllüdlü Ələkbərova (Həsənova) İradə Əli qızına “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün daxil olan sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxılmış, 21,10.1997-ci il tarixli 39 nömrəli protokol ilə ona “Müharibə veteranı” adı və M/V-004623 nömrəli vəsiqə verilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaşlar X3 və X8“Müharibə Veteranı” adı və vəsiqəsi Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən verilməmişdir. xx.xx.1964-cü il təvəllüdlü vətəndaş Ələkbərova (Həsənova) İradə Əli qızına “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.1997-ci il tarixli iclasında baxılmış, 39 nömrəli protokol ilə ona “Müharibə veteranı” adı və M/V-004623 nömrəli vəsiqə verilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaşlar Səfərəliyev M.A, İradə Ağaverdi qızına və Zarnura Hacıyevaya “Müharibə Veteranı” adı və vəsiqəsi Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən verilməmişdir. Vətəndaş Ələkbərova (Həsənova) İradə Əli qızına “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün daxil olan sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxılmış, xx.xx.1997-ci il tarixli 39 nömrəli protokol ilə ona “Müharibə veteranı” adı və M/V-004623 nömrəli vəsiqə verilmişdir. Vətəndaş İ.Ələkbərovaya veteranlıq statusunun verilməsinə əsas olan sənədləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindədir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 26 Bakı Komissarı adına Azərbaycan Bakı stansiyası Dəmir Yolu xəstəxanasının sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olmadığından və məktubunuza əlavə olunmuş 26 Bakı Komissarı adına Azərbaycan Bakı stansiyası Dəmir Yolu xəstəxanasının baş həkiminin 81 əmrində, Ələkbərova (Həsənova) İradə Əli qızının, A.M.Səfərəliyevin, İradə Ağaverdi qızının və Zarnura Hacıyevanın hansı hərbi hissələrə tibbi yardıma göndərilməsi qeyd olunmadığından barələrində araşdırma apara bilmirik. Məktubunuzda qeyd olunmuş Ələkbərova (Həsənova) İradə Əli qızına, A.M.Səfərəliyevə (adıvə atasının adı tam yazılmadığından), İradə Ağaverdi qızına (soyadı yazılmadığından) və Zarnura Hacıyevaya (ata adı yazılmadığından) verilmiş veteran adı və vəsiqələrinin verilmə tarixləri, nömrələri göstərilmədiyindən, həmin şəxslərə veteran adı və vəsiqələrinin verilməsinə əsas olmuş sənədlər barədə araşdırma apara bilmirik. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaşlar Səfərəliyev M.A, İradə Ağaverdi qızına və Zarnura Hacıyevaya “Müharibə Veteranı” adı və vəsiqəsi Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən verilməmişdir. Vətəndaş Ələkbərova (Həsənova) İradə Əli qızına “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün daxil olan sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxılmış, 21,10.1997-ci il tarixli 39 nömrəli protokol ilə ona “Müharibə veteranı” adı və M/V-004623 nömrəli vəsiqə verilmişdir. Vətəndaş İ.Ələkbərovaya veteranlıq statusunun verilməsinə əsas olan sənədləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindədir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1982-ci il tarixdən bu günədək Bakı Dəmir Yolu Xəstəxanasında (o vaxt ki, Azərbaycan Dəmir Yolunun Bakı stansiyasındakı 26 Bakı komissarı adına bölmə xəstəxanasında) tibbi bacısı vəzifəsində işləyir. Xəstəxananın baş həkiminin 81 №-li, 24,07.1992-ci il tarixli əmri ilə bir qrup tibb işçisilə birlikdə Respublikanın dinc sakinlərinə və yaralı döyüşçülərə təcili tibb yardımının göstərilməsi üçün cəbhə zonasına ezam olunmuşdur. Lakin ona indiyədək “müharibə veteranı” adı və vəsiqəsi verilməmişdir. “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciətinə xx.xx.2023-cü il tarixli, 4/3- 5665 №-li məktubla imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2019-il tarixli 9/2-1321 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə hərbi xidməti və döyüş bölgəsinə ezam olunması barədə heç bir məlumat olmadığına görə vətəndaş İddiaçı “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Cavabdehin bu mövqeyi ilə razı deyil. Belə ki, 1992-ci ildə hərbi qulluqçu kimi yox, mülki şəxs kimi döyüş zonasına ezam olunmuşdur. Və bu səbəbdən də AR Müdafiə Nazirliyinin Mərkəzi Arxivində döyüş zonasına ezam olunmağı barədə heç bir məlumat ola bilməzdi. Çünki hərbi hissələrdə yalnız hərbi qulluqçuların ezamiyyətə gəlmələrinin və ezamiyyətdən qayıtmalarının uçotu (qeydiyyatı) aparılırdı. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının döyüş əməliyyatları zamanı hərbi xidməti və döyüş bölgəsinə ezam olunması barədə məlumat olmadığından, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İmtina “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmuşdur. Həmin qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. İddiaçı Bakı Dəmir Yolu xəstəxanasının həkimi olub və həmin qurumun xx.xx.2016-cı il tarixli məktubundan görmək olar ki, onun 1992-ci ildə döyüş bölgəsinə ezam olunmağı barədə məlumat yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasından “Müharibə veteranı’' adı verilir.” Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4131/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması ilə bağlı sübutlar mövcud olmadığına görə cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 24 oktyabr 2023-cü il tarixli, 2- 1(118)-4131/2023 nömrəli qərarının əsaslandırıcı hissəsində qeyd olunur ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, onun döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması ilə bağlı sübutlar mövcud olmadığına görə cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Halbuki, Azərbaycan Dəmir Yolunun Bakı stansiyasındakı 26 Bakı komissarı adına bölmə xəstəxanasından döyüş bölgəsinə yaralı döyüşçülərə və yaralı mülkü əhaliyə ilkin tibbi yardım göstərməklə bağlı göndərilməyimə dair 81 №-li Əmr, həmçinin mənimlə birgə müharibə zonasına, döyüş bölgəsinə ezam olunan tibb işçiləri X11, X6,X7 şahidlik barədə ərizələri var. Adıçəkilən şəxslərə artıq “müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. İddiaçı apellyasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, məhkəmənin mövqeyi ilə razılaşmaq olmaz. Belə ki, məhkəmə iş materialı kimi “Azərbaycan Dəmir Yollar Qapalı Səhmdar Cəmiyyəti” Həkim Sanitar Xidmətinin Bakı Dəmir Yolu Xəstəxanasının xx.xx.2016-cı il tarixli məktubunu qeyd etmişdir. Hansı ki 1992-ci ildə haqqı üzrə şəxsi vərəqədə döyüş bölgəsinə ezam olunmağı barədə heç bir qeydiyyat aparılmamış və ezamiyyət haqqı ödənilməmişdir. Lakin məhkəmə bu məktubu qeyd etsə də, həmin qurumun xx.xx.2023-cü il tarixli məktubunu gözardı etmişdir. Belə ki, həmin məktubda Dəmiryolu nəqliyyat stuktur vahidlərinin fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri başa çatdığı üçün xx.xx.2016-cı il tarixli akt əsasında məhv edildiyi bildirilmişdir. Belə olan halda, 5 gün sonra verilən məktubda məlumatın aşkar olunmamağı təbidir. Bundan əlavə məhkəmə onun tərəfindən məhkəməyə təqdim olunmuş daha bir sübutu gözardı etmişdir. Belə ki, Azərbaycan dəmir yolları Bakı stansiyasında 26 Bakı Komissarları ad Bölmə xəstəxanası üzrə xx.xx.1992-ci il tarixli 81 saylı əmrində də görünür ki, o, Respublikanın yaralı hərbçilərinə və dinc sakinlərə təcili tibbi yardım göstərilməsi məqsədilə ezamiyyətə göndərilib və ezamiyyət pulunu alması göstərilmişdir. Bundan əlavə, onunla birgə ezamiyyətdə olmuş və müharibə veteranı adını almış şahidlər İradə Həsənova, Yadulla Abbasov və Səftər Həsənov adlı şəxslər də onlara birlikdə müharibə zonasına və döyüş bölgəsinə ezam olunmasını yaralı döyüşçülərə və yaralı mülki əhaliyə tibbi yardım göstərməsini qeyd etsələr də, məhkəmə qərəzli olaraq şahidləri məhkəmə prosesində dindirməmiş və onların yazılı ərziələrini də iş materialına əlavə etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ......Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iddia tələbi iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən ibarətdir. İddiaçı müharibə veteranı adının verilməsi üçün əsas kimi onun xx.xx.1992-ci il tarixli 81 №li Əmr ilə bir qrup tibb işçisi ilə birlikdə dinc sakinlərə və yaralı döyüşçülərə təcili tibbi yardımın göstərilməsi üçün cəbhə zonasına ezam olunması halına istinad etmişdir. Cavabdeh inzibati orqan imtina əsası kimi döyüş əməliyyatları aparılan dövrdə hərbi xidmət və döyüş bölgəsinə ezam olunması barədə heç bir məlumat aşakr edilməməsi halına istinad etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilmiş qanunvericilik normalarının tələbinə əsasən ezam olunmuş şəxslərə münasibətdə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün bir sıra zəruri şərtlər mövcud olmalıdır. Belə ki, qeyd olunan qanunvericilik normasında hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdən "xxxx" MMCdə tibb bacısı vəzifəsində işləyir, 1992-ci il tarixdə cəbhə bölgəsinə ezam olunması və ezamiyyətdən qayıtması haqqında əmrlərin saxlanılma müddətləri başa çatdığı üçün xx.xx.2016-cı il tarixdə akt əsasında məhv edilmişdir. İş materiallarında olan Bakı Dəmir Yolu əstəxanası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli məktubun məzmunundan görünür ki, xx.xx.2016-cı il tarixli ərizəsiə cavab olaraq, 1992-ci İ tarixdə əmək haqqı üzrə şəxsi vərəqədə döyüş bölgəsinə ezam olunması haqqında heç bir qeydiyyat aparılmamış, ezamiyyət haqqı ödənilməmişdir, həmin illər üzrə yalnız əmək haqqı ödənilmişdir. İş materiallarında olan 24 iyul 1992-ci il tarixli 81 nömrəli Əmrin məzmunundan görünür ki, xx.xx.1992-ci il tarixindən cəbhəyanı bölgədə zərərçəkənlərə və hərbiçilərə ilkin tibbi yardım göstərilməsi üçün tibb işçilərinin üçüncü partiyası yola salınır, aşağıdakı yoldaşlar kadrlar şöbəsində ezamiyyət pulunu alsın və xx.xx.1992-ci il tarixdə ezamiyyətə getsinlər:…3. İbrahimova Zemfira-ginekoloji şöbənin t/s…. Göründüyü kimi, indiki halda iddiaçıya münasibətdə yalnız onun cəbhəyanı bölgəyə ezamiyyətə göndərilməsi ilə bağlı əmr mövcud olmuş, iddiaçının müvafiq ərazilərdə döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün döyüş bölgəsinə ezam olunması ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçının özünün xx.xx.2016-cı il tarixli müraciətinə verilmiş xx.xx.2016-cı il tarixli cavab məktubunda onun 1992-ci il tarixdə əmək haqqı üzrə şəxsi vərəqində döyüş bölgəsinə ezam olunması haqqında heç bir qeydiyyat aparılmadığı və ezamiyyət haqqı ödənilmədiyi, yalnız əmək haqqı ödənildiyi qeyd edilmişdir. İndiki halda isə məhkəmə sorğusuna cavab olaraq qeyd edilmişdir ki, ezamiyyə vərəqələri, əmək haqqı üzrə sənədlərin xx.xx.2016-cı il tarixli akt əsasında saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Qeyd edilən hallar da özülüyündə iddiaçının məhz döyüş bölgəsinə ezam olunması halını təkzib etmişdir. Göründüyü kimi indiki halda iddiaçının döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsində iştirakı iş materialları ilə sübuta yetirilmir. Həmçinin, məhkəmə kollegiyası iddiaçının istinad etdiyi şikayətin dəlilləri ilə bağlı onu qeyd edir ki, iddiaçının qeyd etdiyi şəxslərə münasibətdə onlara məxsus hərbi bilet (hərbi biletdə döyüş bölgəsində iştirakı ilə bağlı qeyd aparılmış), habelə arxiv sənədləri mövcud olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayətinin dəlilləri həmin hissədə əsassız olmuşdur. Nəticə etibarilə məhkəmə araşdırması zamanı iddiaçının döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün döyüş bölgəsinə ezam olunması halı öz təsdiqini tapmamış, iddia tələbinin əsası kimi istinad edilən halların müəyyən edilməsi mümkün olmamışdır. Bununla da, hazırki inzibati iş üzrə iddia tələbinə dair “müharibə veteranı adı və vəsiqəsi”nin verilməsinə dair qanunvericiliklə müəyyən edilmiş normanın dispozitiv şərtləri mövcud olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh inzibati orqannın imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia tələbini təmin etməməklə düzgün nətcəyə gəlmiş, iddiaçının apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamaqla, əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4131/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar