Məhkəmə qərarları › İş №2-1(105)-267/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-267/2022

16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-267/2022 16.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, X12 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X7, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı “mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağa görə məcburi dövlət sosial sığorta haqları ödədiyi 2012-2016-cı illərin social sığorta stajına daxil edilərək ona əlilliyə görə əmək pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(118)- 281/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun əlilliyə görə əmək pensiyasının bərpa edilməsini xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 27 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının əmək pensiyasının təyin edilməsi üçün təqdim olunmuş Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışın araşdırılması zamanı Qanuna əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı barədə «Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış»ın (4 nömrəli əlavə) təsdiqini tapmaması səbəbindən onun əlilliyə görə əmək pensiyası hüququnun olmadığını bildirmişdir

İş üzrə qəbul edilmiş məhkəmə aktları

3. İddiaçı 2020-ci il 9 sentyabr tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona əlilliyə görə təyin olunmuş əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağa görə məcburi dövlət sosial sığorta haqları ödədiyi 2012-2016-cı illərin sosial sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1988-ci il tarixdə anadan olmuş və xx.xx.2017-ci ildə ona elektron qaydada İİ qrup əlillik təyin edilmişdir. xx.xx.2017ci il tarixdə ona əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Qusar rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciət tarixinə ona 5 il sığorta stajı tələb olunduğundan İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı il tarixdən əmək pensiyasına hüququ yarandığı günədək 5 ilə qarşı 5 il 0 ay 20 gün sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış 204 manat 60 qəpik pensiya kapitalına dair 4 nömrəli forma arayışı təqdim etmişdir. Həmin forma arayışa əsasən ona xx.xx.2017ci il tarixdən İİ qrup əlilliyə görə 114 manat 36 qəpik əmək pensiyası təyin edilərək ödənilmişdir. 2019-cu ilin dekabr ayından başlayaraq ona pensiyanın ödənilməsi dayandırılmış və bununla əlaqədar DSMF-nin Qusar rayon şöbəsinə ərizə ilə müraciət etmiş, şöbə xx.xx.2020-ci il tarixli, **********7 saylı məktubla ərizəni rədd edərək onun əmək pensiyasının təyin edilməsi üçün təqdim olunmuş sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışın araşdırılması zamanı qanuna əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı barədə “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışın” (4 nömrəli əlavə) təsdiqini tapmaması səbəbindən onun əlilliyə görə əmək pensiyası hüququnun olmadığını bildirilmişdir.

6. Cavabdehin etirazında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya xx.xx.2017-ci il tarixdə ikinci qrup əlillik təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Qusar rayon şöbəsinə müraciət etmişdir. 5 il 20 gün sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 204 manat 60 qəpik pensiya kapitalına dair 4 nömrəli forma arayış təqdim olunmuş və təyinat aparılmışdır. Lakin sonradan həyata keçirilən monitorinq araşdırma zamanı təqdim olunan arayışlar öz təsqini tapmadığı üçün ödənişlərin edilməsi dayandırılmışdır. xx.xx.2020-ci il tarixdə Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Fililala MDSS ödənişləri haqqında sorğu yazılmışdır. Sorğuya verilən cavab məktubu və sığortaolunanın hesabı Alt Sisteminə əsasən iddiaçının cəmi üç ay üzrə sosial sığorta haqları ödənilmişdir. Bu səbəbdən iddiaçıya əlilliyə görə əmək pensiyasının ödənilməsindən imtina edilmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(118)-281/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağa görə məcburi dövlət sosial sığorta haqları ödədiyi 2012-2016-cı illərin sosial sığorta stajına daxil ediərək ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin 2 saylı Regional Ərazi filialının üzərinə qoyulmuşdur.

8. Məhkəmə hesab etmişdir ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş norma iddiaçının vəziyyətini ağırlaşdırdığından onun barəsində tətbiq edilməməli və iddiaçıya əmək pensiyası ona əlillik dərəcəsi verilən vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun təyin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının” İİ bəndinin B yarımbəndində əsasən iddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan sığorta stajı 4 il 4 ay (28 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü=13 yaş x 4 ay = 52 ay:12 ay = 4 il 4 ay) təşkil edir. Məhkəmə araşdırması zamanı iddiaçının 5 ildən artıq sosial sığorta stajına malik olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağa görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarını ödədiyi dövrü onun sosial sığorta stajına daxil etməkdən imtina etməsi və bu əsasla ona təyin olunmuş əlilliyə görə əmək pensiyasının ödənilməsinin dayandırılması qanunsuz olmuşdur.

9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətində “Əmək pensiyaları haqqında” qanunun müvafiq maddələrinə istinad etməklə iddiaçıya xx.xx.2017-ci il tarixdə Tibbi-Sosial Ekspert Reabilitasiya Alt Sistemi ilə elektron qaydada ikinci dərəcə üzrə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün Qusar rayon şöbəsinə müraciət etmişdir. Müraciətə əlavə olaraq 5 il 20 gün sosail sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 204 manat 60 qəpik pensiya kapitalına dair 4 nömrəli forma arayış təqdim olunmuşdur. Ərizəçinin müraciəti və müraciətə əlavə olunmuş arayış əsasında əlilliyə görə pensiya təyin olunmuşdur. Lakin sonradan həyata keçirilən monitorinq araşdırma zamanı təqdim olunan arayışlar öz təsdiqini tapmadığı üçün ödənişlər dayandırılmışdır. İşin obyektiv tam və hərtərəfli araşdırılması üçün xx.xx.2020-ci il tarixdə Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına iddiaçının məcburi dövlət sosial sığorta haqları ödənişləri haqqında sorğu yazılmış və sorğuya verilən cavab məktubu və Sığortaolunanın hesabı Alt Sisteminə əsasən iddiaçının 2017 yanvar - 2020 sentyabr dövrü ərzində 1341,67 manat cəmi gəlir, cəmi ödənilmiş 361.55 manat, pensiya kapitalı isə 329.06 manat mövcuddur. Ödənişlər 2017-ci ilin yanvar, fevral və mart aylarında sığorta edən X5 tərəfindən və 2020-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr aylarında sığortaedən "xxxx" MMC tərəfindən olmaqla ümumilikdə 9 ay üzrə sosial sığorta haqları ödənilmişdir. Bu səbəblə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi və ödənilməsi mümkün olmamışdır. Qanunun 21-ci maddəsinə əsasən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət sosial sığorta stajına daxil edilir.

11. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, 5 nəfər ailə üzvlərinin birgə mülkiyyətlərində 4.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla hər birinə 0.82 ha torpaq sahəsi düşür. Ailə üzvlərindən olan iki nəfər valideynləri təqaüdçüdürlər, diğər üç nəfər torpaq mülkiyyətçiləri olaraq özü - İddiaçı, bacısı - Dəvlətxanova (Poladova) Anjella Camaləddin qızı və Xeyirbəyova (Dəvlətxanova) Əntiqə Fərhad qızı 2012-ci ilin yanvar ayından Cavabdehndə mülkiyyətlərində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslər kimi həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial haqları ödəmək üçün qeydiyyata durmuşlar. 2012-2017-ci illər üzrə müvafiq olaraq 115 manat, 68 manat, 68 manat, 70 manat, 88 manat və 37 manat ödənişlər aparılmışdır. Lakin həmin ödənişlərin X2 daxil edilməməsi onun vəzifəsinə aid edilə bilməz və bu hal onun pensiyasının dayandırılması üçün əsas ola bilməz.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 09 sentyabr tarixli, 2-1(105)-487/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2021-ci il 28 aprel tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2335/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ləğv olunmuş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

15. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının sığorta stajı onun paylı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddətə əsaslanır. İddiaçı da “mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağa görə məcburi dövlət sosial sığorta haqları ödədiyi 2012-2016-cı illərin sosial sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını” tələb edir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.10-cu maddəsi isə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddəti nəzərdə tutur. Belə olan halda, əgər məhkəmə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyursa, 2012-2016-cı illərdə məcburi dövlət sosial sığorta haqlarının həmin vaxtda qüvvədə olmuş qanunvericiliklə müəyyən olunan qaydalara uyğun ödənilib-ödənilmədiyini müəyyən etməli idi. Apellyasiya instansiyası məhkəməsinin qərarında 2012-2016-cı illərdə qüvvədə olmuş, məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydalarını, o cümlədən, məcburi dövlət sosial sığorta haqqının dərəcələrini (hazırkı halda, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqların keyfiyyət qrupları üzrə /iş v.10/ müəyyən edilən məcburi dövlət sosial sığorta haqqının miqdarını) müəyyən edən qanunvericilik aktlarının normalarına istinad yoxdur. Qərarda daha sonra göstərilmişdir ki, cavabdehin nümayəndəsi də apellyasiya instansiyası məhkəməsində icraat zamanı bəyan etmişdir ki, iddiaçının təqdim etdiyi qəbzlər üzrə ödənişlər nəzərə alındıqda belə, tələb olunan 5 illik sığorta stajı tamamlanmır (iş v. 139). Məhkəmə qərarında cavabdehin həmin dəlilinə münasibət bildirilməyib. Həmin dəlilə münasibət bildirmək üçün isə iddiaçının 2012-2016-cı illərdə məcburi dövlət sosial sığorta haqlarını həmin vaxtda qüvvədə olmuş qanunvericiliklə müəyyən olunan qaydalara uyğun ödəyib-ödəmədiyini müəyyən etmək lazım idi.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş etdi.

Tədbiq edilən hüquq

18. “Əmək pensiyaları haqqında” Qanun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada): Maddə 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət.

19. Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.

20. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun zamana görə qüvvədə olan 14-cü maddəsi: Məcburi dövlət sosial sığorta haqqı: mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin (hüquqi şəxs yaradanlardan, ailə kəndli təsərrüfatı üzvlərindən, pensiyaçılardan və digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlərdən başqa) əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) torpaq sahəsinin hər hektarına görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının: torpaqların 1-ci keyfiyyət qrupu üzrə — 12 faizi; torpaqların 2-ci keyfiyyət qrupu üzrə — 8 faizi; torpaqların 3-cü keyfiyyət qrupu üzrə — 4 faizi; torpaqların 4-cü keyfiyyət qrupu üzrə — 2 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardar: ... 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati akt qəbul etmək vəzifəsi; Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyasl qeyd edir ki, iddiaçıya əlillik 2017-ci il 20 aprel tarixdə təyin olunduğundan, əlilliyə görə əmək pensiyasının təyin olunması da həmin tarixdə qüvvədə olmuş qanuna əsasən həyata keçirilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda istinad edilən 12.1-ci maddəsinin 2017-ci il 1 iyul tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.

25. İş materiallarından müəyyən olunur ki, İddiaçı xx.xx.1988-ci il tarixdə doğulmuş, sonuncuya ilk dəfə əlillik dərəcəsi xx.xx.2017-ci il tarixdə təyin edilmiş, həmin tarixə R.Dövlətxanova əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan sığorta stajı 4 il 4 ay (28 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü=13 yaş x 4 ay = 52 ay : 12 ay = 4 il 4 ay) təşkil edir.

26. İddiaçıya pensiya təyin edilərkən pensiya təyin edən orqanın xx.xx.2017-ci il tarixli arayışında iddiaçının xx.xx.2012-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək 5 il 20 gün sosial sığorta stajı olduğu göstərilmişdir.

27. Hazırd isə cavabdeh tərəfindən İddiaçı yalnız 2017-ci ilin yanvar, fevral və mart aylarında məcburi dövlət sığorta haqlarının ödənilməsi qəbul olunur, lakin Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15/1 saylı qərarı və Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən X1 və 5 nəfər ailə üzvlərinə, o cümlədən X3 ayrılmış 4.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsilə bağlı DSMF-nin Qusar rayon şöbəsinin adına ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair mədaxil qəbzləri, o cümlədən 27 mart 2012-ci il tarixli, xx.xx.2012-ci il tarixli, 07 noyabr 2012-ci il tarixli, xx.xx.2012-ci il tarixli, 12 mart 2013-cü il tarixli, 24 iyun 2013-cü il tarixli, 26 noyabr 2013-cü il tarixli, 20 fevral 2014-cü il tarixli, 08 aprel 2015-ci il tarixli, 70 manat, xx.xx.2016-cı il tarixli, 29 dekabr 2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli, 15 may 2017-ci il tarixli və 16 may 2017-ci il tarixli qəbzlər üzrə ödənişlərin əhatə edtdiyi müddət etirazda və apellyasiya şikayətində göstərilən səbəblərdən iddiaçının sığorta stajına daxil edilmir.

28. Təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin İnzibati Kollegiyasının hazırkı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqeyinə uyğun olaraq araşdırılma aparılmış, iddiaçının 2012-2016-cı illərdə məcburi dövlət sosial sığorta haqlarını həmin vaxtda qüvvədə olmuş qanunvericiliklə müəyyən olunan qaydalara uyğun ödədiyi müəyyən edilmişdir.

29. Belə ki, cavabdeh inzibati orqana və onun strukturuna daxil olan müvafiq şöbələrə sorğular verilərək DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən DTXK-nin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN 0392 kod 30102005 saylı dövlət aktına əsasən C.Dövlətxanova və 5 nəfər ailə üzvlərinə (o cümlədən X3) ayrılmış 4.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə həmin torpaq sahəsinin ölçüsü, keyfiyyət qrupu və müvafiq dövrlər üzrə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı nəzərə alınmaqla 2012, 2013, 2014, 2015 və 2016-cı illər üzrə qüvvədə olmuş qanunvericiliyə əsasən hansı məbləğdə məcburi dövlət sosial sığorta haqqının ödənilməli olması barədə rəyin məhkəməyə təqdim edilməsi, daha sonra isə iddiaçının 1 saylı Quba- Xaçmaz regional filialında saxlanılan pensiya işinin materiallarında olan müvafiq ödəniş qəbzlərinin əsasında 2012-2016-cı illər üzrə məcburi dövlət sosial sığorta haqqının tam ödənilib-ödənilməməsi barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi, iş üzrə iddiaçının nümayəndəsinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizədə iddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı aparılmış hesablamalara münasbət bildirilməsi, habelə iddiaçıya təyin edilmiş pensiyanın dayandırılması ilə bağlı aparılmış inzibati icraatın materiallarının, o cümlədən pensiyanın dayandırılması barədə qərarın təsdiq edilmiş surətinin məhkəməyə təqdim edlməsi xahiş edilmişdir.

30. Cavabdeh inzibati orqan tərəfindən müvafiq rəy təqdim edilməsə də, məhkəmə kollegiyasının iş üzrə sonuncu məhkəmə iclasında cavabdehin səlahiyyətli nümayəndəsi verilmiş sorğularla əlaqədar DSMF-nin müvafiq şöbələri arasında yazışmaların (xidməti məktubların) və müvafiq hesablamaların elektron sənəd dövriyyəsindən əldə edilmiş surətlərini imzası ilə təsdiq edərək təqdim etmiş və iddiaçının təqdim etdiyi, habelə onun pensiya işində olan müvafiq qəbzlər əsasında ödənilmiş sosial siğorta haqqlarının həmin illərin iddiaçının sığorta stajı kimi nəzərə alınmasına əsas verən məbləği ödədiyini, habelə iddiaçıya təyin edilmiş pensiyanın dayandırılması ilə bağlı qərarın qəbul edilmədiyini bildirmişdir.

31. Beləliklə, iddiaçının əmək stajının yetərli olmaması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ailə üzvləri ilə birgə mülkiyyətlərində olan torpaq sahəsilə bağlı ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair mədaxil qəbzləri üzrə 2012-2017-ci illər üzrə ödənilmiş vəsaitlər onun sığorta stajının hesablanması zamanı nəzərə alınmalı olduğundan və təkrar apellyasiya baxışı zamanı iddiaçının 2012-2016-cı illərdə məcburi dövlət sosial sığorta haqlarını həmin vaxtda qüvvədə olmuş qanunvericiliklə müəyyən olunan qaydalara uyğun ödəməsi iddiaçının nümayəndəsinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizə, cavabdehin nümayəndəsinin buna dair izahatı ilə öz təsdiqini tapdığından həmin dəlillər əsassız hesab edilir. Belə ki, İPM-nin 14.3-cü maddəsinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi və məhkəmənin sorğusuna cavab olaraq təsdiq edilmiş surətləri cavabdeh tərəfindən də təqdim edilmiş ödəniş qəbzlərinin əsassızlığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.

32. Bununla yanaşı məhkəmə qeyd edir ki, apellyasiya baxışı zamanı cavabdehdən tələb edilərək təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş iddiaçıya aid 061069 saylı “Pensiya işi”nin materiallarından, habelə cavabdehin nümayəndəsinin izahatından müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının pensiyasının dayandırılması ilə bağlı hər-hansı inzibati icraat aparılmamış, bu barədə qərar qəbul edilməmişdir. Halbuki, cavabdehin etirazında “araşdırma zamanı təqdim olunan arayışlar öz təsqini tapmadığı” üçün iddiaçıya pensiya ödənişlərinin dayandırıldığı göstərilmişdir.

33. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, hazırkı halda iddiaçıya xx.xx.2017-ci il tarixdən İİ qrup əlilliyə görə əlilliyə görə pensiya təyin edilməsinə dair xx.xx.2017-ci il tarixli 386 saylı qərar qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur.

34. Apellyasiya baxışı zamanı zamanı iddiaçıya pensiyanın ödənişi dayandırılarkən yuxarıda göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil irəli sürməmişdir. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə, bu cür inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır.

35. “Əmək pensiyaları haqqında Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt (qərar) qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur.

36. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh iddiaçıya pensiya təyin edilməsinə dair xx.xx.2017-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən həmin akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhz bu səbəbdən cavabdeh tərəfindən iddiaçıya pensiya ödənişinin dayandırılması qanunsuz olmaqla iddiaçının konstitusion sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

37. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(118)-281/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar