Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-267/2023 07.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil Rüfət oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi nəticəsində (məhkəmə qərarı olmadan və kompensasiya ödənilmədən) 150000 manat məbləğində kompensasiyanın və qeyri-yaşayış sahəsində olan rəsmi reyestrdə qeydə alınmayan ümumi dəyəri 64600 manat təşkil edən daşınar əmlaklarının ümumi dəyəri və mənəvi zərərin əvəzi olaraq iddiaçıya dəymiş 10000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(118)-45/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 26 may 2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, Sahil küçəsində 0.00346 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 27,3 kv.m olan qeyriyaşayış binası üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 26 may 2015-ci il qeydiyyata alınmışdır.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən həmin qeyri-yaşayış binasının xx.xx.2015-ci ilə olan vəziyyətinə əsasən texniki pasportu tərtib edilmişdir.
3. İddiaçının bildirdiyinə görə həmin qeyri-yaşayış binası Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən 16 noyabr 2015-ci il tarixdə qanunsuz olaraq sökülmüşdür.
4. İddiaçının təqdim etdiyi Sumqayıt şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli məktubunda iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, son vaxtlar şəhərdə genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılır, o cümlədən Sumqayıt sakinlərinin mədəni istirahətini təmin etmək məqsədilə çoxprofilli park zonasının yaradılması üzrə fəaliyyətə başlanmış və bu sahədə yerləşən müasir memarlıq və şəhərsalma qaydalarına cavab verməyən, dəniz sahilinə görünüşə maneə yaradan köhnə tipli obyektin yerləşdiyi ərazi ilkin vəziyyətə qaytarılmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, **********68- 06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən Sumqayıt şəhəri, Sahil küçəsi, 0,00346 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 24,3 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi nəticəsində (məhkəmə qərarı olmadan və kompensasiya ödənilmədən) 150000 manat məbləğində kompensasiyanın və qeyri-yaşayış sahəsində olan rəsmi reyestrdə qeydə alınmayan ümumi dəyəri 64600 manat təşkil edən daşınar əmlaklarının ümumi dəyəri və mənəvi zərərin əvəzi olaraq iddiaçıya dəymiş 10000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, RX seriyalı ******* nömrəli 26 may 2015-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Sahil küçəsi, 0.00346 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 27,3 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən mülkiyyətində olan qeyri-yaşayış sahəsi 16 noyabr 2015-ci il tarixdə “Şəhər icra başçısının əmridir” deyilərək qanunsuz olaraq sökülmüşdür, mülkiyyətində olan qeyri-yaşayış sahəsi sökülərkən ona məlumat verilməmiş, qabaqcadan razılığı alınmamış, onunla hər hansı müqavilə bağlanmamış, tərəfindən əmlak təhvil verilməmiş və əmlakında olan əşyaları müqəddaratı da bəlli deyil. Əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində olarkən ona məhkəməyə verməməyi və həmin qeyri-yaşayış sahəsinin əvəzinə başqa yerdən yer verəcəkləri vədi verilmiş və sonradan bu vəddən imtina olunmuşdur. Sonuncu dəfə Sumqayıt Şəhər İcra Hakimiyyətinin müavini Sahib adlı şəxs onu şəxsən qəbul edərək “Bir daha bura gəlməməyini, hara istəyirsə ora gedib şikayət edə biləcəyəni və onun işini düzəldə bilməyəcəyini” bildirmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin qanunsuz hərəkətləri nəticəsində ümumilikdə ona 500.000,00 (beş yüz min) manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin, ona məxsus olan qeyri-yaşayış sahəsində hazırda X2 məxsus “TOC/OİL” adlı yanacaq doldurma məntəqəsi fəaliyyət göstərir. Sentyabr ayında da cavabdeh təşkilata sonuncu dəfə yazılı müraciət edərək ona dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbir görülməsini xahiş etmiş, ancaq buna baxmayaraq Sumqayıt şəhər İcra Hakimiyyəti heç bir cavab verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Cavabdeh etirazında qeyd etmişdir ki, Sumqayıt Şəhər icra Hakimiyyəti tərəfindən vətəndaş İddiaçı aid avtomobillərə texniki xidmət obyektinin sökülməsinə dair heç bir inzibati akt qəbul edilməmiş, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinin əməkdaşları tərəfindən qeyd olunan obyekt sökülməmişdir. Qeyd olunan obyektin kimlər tərəfindən sökülməsi barədə Şəhər İcra Hakimiyyətində və Məmarlıq və Şəhərsalma idarəsində heç bir məlumat yoxdur.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Sumqayıt İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(118)-45/2022 nömrəli qərarı ilə iddianın qismən təmin edilərək Sumqayıt Şəhər İcra Hakimiyyətindən Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən 0,00346 ha torpaq sahəsin üzərində ümumi sahəsi 27,3 m2 olmuş və sonradan sökülmüş əmlakın yenidən tikilib bərpa edilməsi üçün tələb olunan 23.587,2 (iyirmi yeddi min beş yüz səksən yeddi manat iyirmi qəpik) manat məbləğində kompensasiyanın İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətindən 100 (yüz) manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır.
9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
10. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının qeyd etdiyi və Sumqayıt şəhəri, Sahil küçəsi, 0.00346 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 27.3 kv.metr olan qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar cavabdeh tərəfindən heç bir inzibati akt qəbul edilmədiyini, həmçinin qeyd edilən qeyri-yaşayış sahəsinin faktiki olaraq cavabdeh tərəfindən sökülmədiyini və həmin qeyri-yaşayış sahəsinin kim tərəfindən və nə vaxt sökülməsi barədə cavabdehdə heç bir məlumatın olmadığını, iddiaçının iddia ərizəsində idarəçiliyində olan obyektin cavabdehin işçiləri tərəfindən sökülməsinə dair cavabdehin hər hansı qanunsuz hərəkətləri, cavabdehin əməkdaşları tərəfindən ona ziyan vurulduğunu təsdiq edə biləcək hər hansı bir mötəbər sübutunun, eləcə də, iddiaçının cavabdeh tərəfindən hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran və bu halı təsdiq edəcək hər hansı bir mötəbər dəlilinin olmadığını, buna dair heç bir mötəbər sübut təqdim etmədiyini nəzərə almamışdır. Bildirmişlər ki, hüquqmüəyyənedici sənəd əsasında 27.3 kv.metr sahəsi olan obyektə tələb olunan 150.000 manat məbləğində ziyanın iddiaçıya vurulması da təsdiq edilmir. Belə ki, iddiaçı göstərilən məbləğdə ziyan çəkməsini təsdiq edən sübut, o cümlədən inşaat materiallarının alınmasına, ustalara xərc çəkilməsinə, abadlıq işlərinin aparılmasına və s. sərf edilmiş vəsait barədə hər-hansı sənəd təqdim etməmişdir. İddiaçı iddia tələbini ümumi ifadələrlə əsaslandırmışdır. Halbuki iddia tələbi vurulmuş ziyanın ödənilməsi ilə bağlı olduğundan ziyanın yetirilməsini və həcmini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə qərarında qeyd edilir ki, hal-hazırda İddiaçı məxsus olan 0.00346 ha torpaq sahəsində yaşıllıq salınmış və həmin torpaq sahəsinin üzərində 27,3 kv.m qeyri-yaşayış sahəsinin bərpa edilməsi üçün hər-hansı bir qanuni məhdudiyyət mövcud deyil. Ona görə də məhkəmə hesab etmişdir ki, sökülmüş tikilinin bərpası üçün tələb edilən vəsaitin müəyyən edilməsi zamanı məhkəmə tərəfindən təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə istinad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1342 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Sumqayıt şəhəri, Sahil küçəsində yerləşmiş, hazırda sökülmüş, iddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış obyektinin hal-hazırki dəyərinin 23.587,2 (iyirmi üç min beş yüz səksən yeddi manat iyirmi qəpik) manat məbləğində vəsait tələb olunur. Lakin hüquqmüəyyənedici sənəd üzrə sahəsi cəmi 27,3 kvm.oİan qeyri-yaşayış binasının bazar dəyərinin 23.587,2 manat məbləğində olmasını əsaslandıran və təsdiq edən sübut, o cümlədən inşaat materiallarının alınmasına, ustalara хərс çəkilməsinə, abadlıq işlərinin aparılmasına və s. sərf edilmiş vəsait barədə hər-hаnsı hesablamalar qeyd ediİən sənədlə və sübutlar iş materiallarında və ekspert rəуində öz əksini tapmamışdır. İddlaçı və ekspert öz iddia tələbini və rəyini ümumi ifаdələrlə əsaslandırmışdır. Вu səbəbdən həmin rəу aid, mümkün və mötəbər hesab edilə və sübut kimi qiymətləndiriİə bilməz. Digər tərəfdən, tədqiq оlunan tikili üzrə уеrinə yetirilmiş təmir işlərinin dəyərini müəyyən etmək üçün ekspert tərəfindən tərtib olunmuş smetada mövcud bazar qiymətlərinə uуğun оlmауаn qiymət normalarına istinad edilmişdir. Belə ki, tədqiq оlunan tikili üzrə уеrinə yetirilmiş təmir işlərinin dəyərini müəyyən etmək üçün mövcud bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq olunmaqla ekspert tərəfindan smeta tərtib olunmuşdur. Lakin ekspert smetanı bugünkü mövcud qiymətlərə uyğun tutmuş, nəzərə almamışdır ki, tikili neçə illər bundan qabaq inşa edilmiş, о zaman mövcud оlаn qiymətlər isə indiki kimi уüksək deyildi. Mübahisələndirilən bu iş üzrə məhkəmə iddiaçının tələbinin təmin edilməsi üçün əsaslı və qanuni heç bir dəlil müəyyən etməmişdir. Məhkəmə yalnız formal mülahizələrə əsaslanan daxili inamını əsas gətirərək heç bir sübuta əsaslanmayan qərar qəbul etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası Maddə13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Maddə 71. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
14. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. Maddə 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 246 bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) qəbul edir Maddə 246.1. Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Maddə 246.2. Torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Maddə 246.3. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Maddə 246.4. Mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər. Maddə 246.5 Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir.
16. “İnzibati icraat haqqında” Qanun Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
17. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
20. Hazırki işin hallarından görünür ki, iddiaçı məhkəmə qərarı olmadan onun xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən 27,3 m2 qeyriyaşayış sahəsinin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin tələbi ilə qanunsuz sökülməsi nəticəsində ona 150.000 manat kompensasiyanın verilməsini, həmin qeyriyaşayış sahəsində olan rəsmi reyestrdə qeydə alınmayan ümumi dəyəri 64.600 manat təşkil edən daşınar əmlaklara görə kompensasiyanın ona verilməsini və Sumqayıt Şəhər İcra Hakimiyyətinin qanunsuz tələbi (hərəkətləri) nəticəsində ona dəymiş mənəvi zərərə görə 10.000 manat məbləğində kompensasiyanın verilməsini xahiş edir.
21. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbi qismən təmin edilərək yalnız Sumqayıt Şəhər İcra Hakimiyyətindən Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən 0,00346 ha torpaq sahəsin üzərində ümumi sahəsi 27,3 m2 olmuş və sonradan sökülmüş əmlakın yenidən tikilib bərpa edilməsi üçün tələb olunan 23.587,2 (iyirmi yeddi min beş yüz səksən yeddi manat iyirmi qəpik) manat məbləğində kompensasiyanın iddiaçının xeyrinə tutulması qərara alınmış, iddiaçı həmin qərarı mübahisələndirməmişdir. Buna görə də hazırkı apellyasiya baxışının predmetini yalnız qərarın cavabdeh tərəfindən mübahisələndirilən hissəsi təşkil edir.
22. Qeyd olunmalıdır ki, mülkiyyət hüququnun yuxarıda istinad edilən daxili qanunvericilik aktları ilə müəyyən edilmiş hüquqi rejimi ilə yanaşı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də, heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Saliba Maltaya qarşı iş üzrə 2005-ci il 8 noyabr və X5rşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli qərarlarında qeyd edilmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ilkin və ən mühüm tələbi ondan ibarətdir ki, dövlət orqanının mülkiyyətdən dinc istifadəyə hər hansı müdaxiləsi qanuni olmalıdır. Qanunun aliliyi demokratik cəmiyyətin təməl prinsiplərindən biri kimi Konvensiyanın bütün maddələrinin ayrılmaz elementi olmaqla dövlətin və ya hər hansı dövlət orqanının ona qarşı qəbul edilmiş məhkəmə əmrlərini və ya qərarlarını yerinə yetirmək vəzifəsini özündə ehtiva edir. Qanuçuluq tələbi onu da ifadə edir ki, daxili hüquq normaları kifayət qədər əlçatan, dəqiq və proqnozlaşdırıla bilən olmalıdır.
23. Oxşar mövqe Avropa Məhkəməsinin Moskal Polşaya qarşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli Qərarında da əks olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, öz əmlakından maneəsiz istifadə hüququna dövlət hakimiyyətinin istənilən müdaxiləsi qanuni olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci abzasının ikinci cümləsi əmlakdan məhrum etməni yalnız “qanunla nəzərdə tutulmuş hallarda” mümkün sayır, ikinci abzas isə dövlətlərin mülkiyyətdən istifadəyə nəzarəti qanunları təmin etməklə həyata keçirilməli olduğunu müəyyən edir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Sumqayıt şəhəri, Sahil küçəsində 0.00346 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 27,3m2-dən ibarət qeyri-yaşayış sahəsinin iddiaçının xüsusi mülkiyyətində olması və qeyri-yaşayış obyektinin sökülməsi işin mübahisəsiz halıdır. Cavabdeh iddia ərizəsinə etirazda və apellyasiya şikayətində qeyd edilən qeyriyaşayış obyektinin icra hakimiyyəti tərəfindən sökülməsini inkar etsə də, kollegiya həmin mövqeni əsaslı hesab etmir.
25. Belə ki, ilk növbədə cavabdehin iddiaçının müraciətinə xx.xx.2016-cı il tarixli cavab məktubunun məzmununda “...bu sahədə yerləşən müasir memarlıq və şəhərsalma qaydalarına cavab verməyən, dəniz sahilinə görünüşə maneə yaradan köhnə tipli obyektin yerləşdiyi ərazinin ilkin vəziyyətə qaytarılması” göstərilmişdir ki, bununla da cavabdeh dolayısı ilə iddiaçının iddia ərizəsində göstərdiyi faktiki hallara uyğun olaraq həmin qeyriyaşayış obyektinin cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən sökülməsini dolayısı ilə etiraf etmişdir. Digər tərəfdən iddiaçı iddia ərizəsinə sonralar da cavabdehə və digər təşkilatlara ünvanladığı çoxsaylı müraciətlərinə cavab məktublarını əlavə etmiş, həmin cavabların heç birində cavabdeh qeyri-yaşayış obyektinin sökülməsini təkzib etməmişdir.
26. Bununla yanaşı hazırkı işin birinci instansiya məhkəməsinin icraatında olduğu 2 ildən artıq müddətdə məhkəmə iclasları dəfələrlə cavabdeh inzabit orqanın iş üzrə əlavə araşdırılma aparılması barədə xahişi, habelə iddiaçının müraciəti əasında mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədi ilə təxirə salınmış, o cümlədən cavabdehin nümayəndəsi iş üzrə keçirilmiş xx.xx.2022-ci il tarixli məhkəmə iclasında qanunvericiliyin tələblərinə uyğun iddiaçıya başqa yerdə torpaq sahəsinin ayrılacağını, sənədləşdirmə işlərinin aparılması üçün müəyyən vaxt lazım olduğunu bildirmişdir. Kollegiya qeyd edir ki, cavabdehin qeyd edilən davranışı da iddiaçıya məxsus qeyri-yaşayış obyektinin məhz cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən sökülməsi qənaətinə gəlməyə əsas verir.
27. Üstəlik cavabdehin nümayəndəsi apellyasiya baxışı zamanı da, iddiaçıya “Sahibkarlıq obyektinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli Sərəncamını da təqdim edərək mübahisənin məhkəmədənkənar həlli üçün müvafiq prosedurların həyata keçirilməsi, iddiaçıya torpaq sahəsinin ayrılmasına da köməklik göstəriləcəyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, iddiaçı isə ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı müvafiq orqanlarla bütün razılaşma prosesinin özü tərəfindən həyata keçirildiyini, lakin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə ona sahibkarlıq obyektinin tikintisinin aparılması üçün ayrılması nəzərdə tutulan 65 kv.m. torpaq sahəsinin çoxmərtəbəli və çoxmənzilli yaşayış binaları sakinlərinin ümumi istifadəsində olan ərazidə yerləşdiyindən müsbət rəy verilmədiyini bildirərək artıq yeni obyekt tikməyə niyyətinin və maddi imkanının olmadığını bildirmişdir.
28. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını, habelə oxşar iş olan “Məhərrəmov Azərbaycana qarşı” (5046/07 saylı iş) iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 30 mart 2017-ci il tarixli qərarında ( həmin işdə məhkəmə bu qərara gəlmişdir ki, ərizəçi bir dükandan və onun yerləşdiyi torpaqdan ibarət olan mülkiyyətindən qanunun tələbi pozulmaqla məhrum edilmişdir, nəticədə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu baş vermişdir (bax: Məhərrəmov v. Azərbaycan, № 5046/07, 30 Mart 2017§§ 65-66 və əsaslandırıcı müddəaların 2-ci bəndi) və E.Avşarovanın iddia tələbi üzrə X4 kollegiyasının 2-1(102)-1483/2021 saylı xx.xx.2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe baxımından hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən qeyri-yaşayış obyektinin icra hakimiyyəti tərəfindən sökülməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur və bu hal iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən mülkiyyət hüququnun aşkar pozuntusu kimi qiymətləndirilməlidir.
29. Eyni zamanda, kollegiya cavabdehin xx.xx.2016-cı il tarixli cavab məktubunun məzmununa münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin müddəalarına görə yerli icra hakimiyyəti başçısı müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir (bənd 3.11.1); tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir (bənd 3.11.5).
30. Beləliklə, yerli icra hakimiyyəti orqanlarının vəzifə və səlahiyyətlərini nəzərdə tutan əsasnamədə tikinti norma və qaydalarına riayət olunmadığının aşkar edildiyi təqdirdə, yerli icra hakimiyyəti orqanının başçısının bu barədə ya məhkəməyə, ya da Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etməsı nəzərdə tutulmuşdur. Göründüyü kimi, həmin Əsasnamə ilə yerli icra hakimiyyəti orqanlarına tikinti norma və qaydalarına riayət olunmayan tikililəri sökmək səlahiyyəti verilməmişdir.
31. Hazırki iş üzrə cavabdeh icra hakimiyyəti orqanının iddiaçının mülkiyyətində olan əmlakın sökülməsi ilə bağlı məhkəməyə müraciət etməsi barədə isə iş materiallarında hər hansı məlumat yoxdur. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona dəymiş zərərin ödənilməsini cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
32. İddiaçıya dəymiş zərərin həcminin müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi tətəfindən təyin edilmiş ekspertiza üzrə Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə istinad olunmuşdur. Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1342 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Sumqayıt şəhəri, Sahil küçəsində yerləşmiş, hazırda sökülmüş, iddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış obyektinin hal-hazırkı dəyərinin 23.587,2 (iyirmi yeddi min beş yüz səksən yeddi manat iyirmi qəpik) manat məbləğində vəsait tələb olunur.
33. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı halda məhkəmə vurulmuş zərərin məbləği ilə bağlı ekspert rəyini mötəbər sübut kimi qəbul edərək qeyri-yaşayış obyektinin tikintisi və təmirinə çəkilmiş xərclərin hal-hazırkı dəyərinin 23.587,2 (iyirmi yeddi min beş yüz səksən yeddi manat iyirmi qəpik) manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab edir.
34. Cavabdehin qeyd edilən məbləğin düzgün müəyyən edilməməsi barədə dəlillərinə gəldikdə isə, kollegiya “Məhərrəmov Azərbaycana qarşı” (5046/07 saylı iş) iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin kompensasiyaya dair 9 may 2019-cu il tarixli qərarında əks olunmuş mövqeyə istinad edərək əlavə olaraq qeyd edir ki, cavabdeh həmin məbləğin düzgün müəyyən olunmaması barədə hər-hansı tutarlı dəlil irəli sürməmiş, yaxud alternativ qiymətləndirmə rəyi təqdim etməmişdir. Qeyd edilməlidir ki, vurulmuş ziyanın ödənilməsi zamanı ziyanın müəyyən edilməsi üçün əsas meyarlardan biri kimi inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu qeyri-yaşayış sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır.
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2-1(118)-45/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.