Məhkəmə qərarları › İş №2-1(105)-267/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-267/2024

06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-267/2024 06.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun 65 yaşı tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3215/2023 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli yaşa görə əmək pensiyanın təyin edilməsindən imtina olunması haqqında məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 6 saylı DOST Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-cİ il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz əmək kitabçasına, arxiv arayışına və hərbi biletinizin surətinə əsasən sığorta stajınız (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət nəzərə alınmaqla) 19 il 9 ay 5 gün təşkil edir.Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17 il 7 ay 5 gün sığorta stajına uyğun olaraq 16.298,72 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək 1.215,94 manat olmaqla, ümumilikdə 17.514,66 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınız tamam olan tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildiririk ki, xx.xx.2023-cü il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40320 manat, minimum əmək pensiyanın məbləği isə 280 manat müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və hazırda adınıza aktiv VÖEN hesabı (**********) olduğu üçün məşğul şəxs hesab edildiyinizdən sizə yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmayıb. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunveriliciklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun 65 yaşı tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci ildə Naxçıvan MR Babək rayonu, Cəhri kəndində anadan olmuş, əmək fəaliyyətinə başladığı müddətdən halhazırkı vaxtadək olan iş yeri barədə qeydlər əmək kitabçasında qeyd edilmişdir. xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olmuş və 65 yaşı tamam olduqdan sonra xx.xx.2023-cü il tarixdə ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş və ona xx.xx.2023-cü il tarixli, 3-17-l/l-N40401/2023 nömrəli imtina məktubu ilə müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-40401/2023 nömrəli məktubunda tələb olunan sosial sığorta stajı tamamlanmadığından müraciətin müsbət həllinin mümkün olmadığı qeyd olunmuşdur. İddiaçı təqdim etdiyi əmək kitabçası, arxiv arayışı və hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu illər nəzərə alınmaqla) 19 il 9 ay 5 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17 il 7 ay 5 gün sığorta stajına uyğun olaraq 16.298 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək 1215.94 manat olmaqla, ümumilikdə 17514.66 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olan tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilir ki, xx.xx.2023-cü il tarixdən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40320 manat, minimum əmək pensiyasının məbləği isə 280 manat müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və hazırda aktiv vergi ödəyicisi (VÖEN: **********) kimi fəaliyyətdə olduğundan iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməmişdir. Beləliklə, İddiaçı tələb olunan 25 il sosial sığorta stajına və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3215/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 65 yaşının tamam olduğu 03 yanvar 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 13/713 nömrəli arayışına əsasən iddiaçı 1992-2001-ci illər üzrə X7 dəstəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd edilən dövrlər üzrə əməkhaqqları barədə məlumatların olmaması və ya işəgötürən tərəfindən müvafiq illər üçün sosial sığorta haqlarının ödənilməməsi iddiaçının iş stajının hesablanmaması üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, xx.xx.2006-cı ilədək sığorta stajı anlayışı olmayıb və vətəndaşın qulluq illəri onun iş stajı ilə müəyyənləşdirilib. Başqa sözlə desək cavabdeh təşkilat tərəfindən iddiaçının əmək kitabçasında və arxiv arayışında göstərilən məlumatların həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. Beləliklə, işin araşdırılan hallarından görünür ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrləri hesabladıqda ümumilikdə onun 25 ildə çox sosial sığorta staja malik olması müəyyən olunur. Qanunvericiliyin tələbinə əsasən iddiaçının əmək kitabçası və arxiv arayışında qeyd mübahisələndirilən müddətlər hesablanıb sosial sığorta stajına daxil edilməlidir. İddiaçı əmək fəaliyyəti ilə məşğul olduğu müddət 25 ildən çox təşkil edir. Yaş həddinə gəlincə isə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla iddiaçının yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, qanunun tələblərini əsas götürdükdə iddiaçının 65 yaşı xx.xx.2023-cü ildə tamam olmuş olur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək 2 il 2 ay hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1983cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixədək 12 il 8 ay 3 gün əmək fəaliyyəti dövrü, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 13/713 №li arayışına əsasən 1992-1998-ci illər üzrə 2719№-li X7 dəstəsində işlədiyi müddətdə cəmi 35 ay (2 il 11 ay) əmək haqqı aldığı dövr və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən fərdi hesabının sığorta hissəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək qeydə alınmış pensiya kapitalı 2 il 4 ay olmaqla onun ümumi 19 il 11 ay 5 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17 il 7 ay 5 gün sığorta stajına uyğun olaraq 16.298 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək 1215.94 manat olmaqla, ümumilikdə 17514.66 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olan tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 13/713 №-li arayışına əsasən adıçəkilən şəxsin 1992-2001-ci illər üzrə X7 dəstəsində işlədiyi müddətdə əmək haqqı almadığı dövrün (cəmi 35 ay əmək haqqı almışdır) mötəbərliyinə əsaslı şübhə yaranmışdır. Bu səbəbdən qeyd edilən dövrlər üzrə ümumi 6 il 8 ay 11 gün mübahisələndirilən əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq iddiaçının hazırda aktiv VÖEN hesabı olduğu üçün işləyən şəxs hesab edildiyindən ona yaşa görə müavinət təyin edilməsi də qanunvericilik baxımından mümkün olmamışdır. Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normaları düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasının xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət… ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktor anturada və klinik ordinaturada təhsil müddəti; .... Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçının 65 yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il sığorta stajına malik olmaması halına istinad edərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 65 yaşına çatması; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla, onun pensiya yaşına-65 yaş çatması işin mübahisəsiz halıdır. İşin mübahisəli halını məhz iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmaması halı təşkil edir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının 19 il 11 ay 5 gün iş stajına malik olması halını qəbul etmiş, əmək kitabçasında qeyd edilmiş 1992-2001-ci illərə aid dövrlər üzrə əmək haqqı almaması halına istinad edərək, 6 il 8 ay 11 gün olan müddəti sosial sığorta stajına daxil etməmişdir. İş materiallarında olan arxiv arayışının məzmunundan görünür ki, arxiv sənədlərində iddiaçının 2719 №li X8 Dəstəsinə xx.xx.1983-cü il trixli 54/L №li əmrlə “sürücü” qəbul edilməsi, xx.xx.2001-ci il tarixli 09/k №li əmrlə işdən azad olunmasının əmr kitablarında əks olunması, aylar üzrə aldığı əmək haqqı (35 ay) qeyd olunmuşdur. İndiki halda cavabdeh inzibati orqan məhz iddiaçının əmək haqqı almadığı dövrləri sosial sığorta stajının hesablanması zamanı nəzərə almamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən pensiya təyin edilməsi zamanı iş stajı nəzərə alınırdı, iş stajını isə sübut edən əsas sənəd əmək kitabçası hesab olunurdu. Göründüyü kimi həmin qanunvericilik normasında iş stajının müəyyən edilməsinin məhz əmək haqqının ödənilməsi şərtidən asılı edilməsinə dair hər hansı meyar nəzərdə tutulmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının işlədiyi dövrlərə aid əmək haqqı cədvəllərinin tərtib edilməsi, habelə həmin sənədlərin arxivləşdirilməsi məhz işəgötürənin vəzifəsi olmaqla, onun öhdəliyi kimi ortaya çıxmışdır. Bu baxımından işəgötürənin öz səlahiyyətlərini lazimi qaydada icra etməməsi halı iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına əsas hal kimi çıxış etməməlidir. Göründüyü kimi iddiaçıya münasibətdə cavabdehin mübahisələndirdiyi dövrlər barədə qeydlər əmək kitabçasında və arxiv arayışında öz əksini tapmışdır. Cavabdeh tərəfindən isə həmin sənədlərdə əks olunmuş məlumatların mötəbərliliyini şübhə altına alan heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisələndirdiyi həmin dövrlər iddiaçıya münasibətdə sosial sığorta stajına daxil edilməlidir. Bununla da, iddiaçının malik olduğu iş stajının 25 ildən artıq olması halı öz təsdiqini tapmaqla, pensiyanın təyin edilməsi üçün zəruri olan digər şərt də ödənilmiş olur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3215/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar