Məhkəmə qərarları › İş №2-1(105)-268/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-268/2024

06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-268/2024 06.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4381/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Novruz qəsəbəsi ünvanında yerləşən 31 saylı evin 1-ci mənzilinin yerləşdiyi 300 kv.m torpaq sahəsinə görə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4381/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). İddiaçı qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddianın mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə ərizə yazaraq iddia ərizənin geri qaytarılmasını xahiş etmişdir. Sonradan ona məlum olmuşdur ki, verdiyi mübahisə Sumqayıt İnzibati Məhkəməsinə baxılmalıdır. Belə ki, qonşuluğunda yaşayan, yəni Sumqayıt şəhəri, Novruz qəsəbəsi, ev 23, mənzil 2-də yaşayan X7 yerləşdiyi torpaq sahəsinə görə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın alınması üçün Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(118)-382/2021 saylı qərarla X4 iddiası təmin edilmiş, Sumqayıt şəhəri, Novruz qəsəbəsi, 23 saylı evin 2 saylı mənzilinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması qərara alınmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollehiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İnzibati Prosessual Məcəllədə tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi həmin Məcəllənin 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı işdə icraatın davam etdirilməsinə marağın olmaması iddiaçının bilavasitə özünün aktiv davranışından –iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. İndiki halda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə iddia ərizəsinin geri qaytarılması barədə məhkəmənin gəldiyi nəticə məhz iddiaçının özünün təqdim etdiyi ərizəyə əsaslanmışdır. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçının aepllyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar öz təsdiqini tapmamaqla, iş materialları əsasında təkzib olunmuşdur.Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, iddiaçının şikayətinin dəlilləri əsassız olmuşdur. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ə.Orucovun şikayətinə dair xx.xx.2013-cü il tarixli Qərardadı ilə inzibati-iqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericilikdə nəzərdə tutulmamasının, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə müraciət etmək hüququnu istisna etməməsi qərara alınmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hüquqi marağına uyğun olaraq nail olmaq istədiyi məqsədə çatmaq üçün müvafiq iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək imkanına malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPM-in 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticə qanuni olduğundan, apellyasiya şikayətinin dəlilləri məhkəmə qərardadının ləğvi üçün əsas olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4381/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar