Məhkəmə qərarları › İş №2-1(105)-269/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-269/2022

31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-269/2022 31.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X19 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Peyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsinin Bədəlova (Həmzəyeva) Çərkəzxanım Əliqulu qızına məxsus olması barədə arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2-1(118)-128/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının təqdim etdiyi ünvan 6 saylı fərdi yaşayış evinə dair 1988-ci ilin fevral ayında tərtib edilmiş texniki pasportda həmin evin mülkiyyətçisi kimi X4 göstərilmişdir. İddiaçı Əli X1r.

2. Ç.Bədəlova 15.04.2010-cu il tarixdə vəfat etmişdir.

3. Bakı Apelllyasiya Məhkəməsinin 2(103)-4335/2021 saylı 13.07.2021-ci il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi təmin edilərək Abşeron rayonu Fatmayi kəndi Timiryazyev küçəsində yerləşən 50 saylı evə dair 1988-ci ildə verilmiş 318 inventar nömrəli texniki pasportun Bədəlova (Həmzəyevə) X10 məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilmişdir.

4. İddiaçının vəkili və nümayəndəsi Cavabdehnə 15.11.2019-cu il tarixdə müraciət edərək ünvan 1 ünvanında yerləşən mərhum X3 məxsus 50 nömrəli fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

5. Cavabdehin 23.01.2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı ünvan 4 ünvanında yerləşən mərhum X3 məxsus 50 nömrəli fərdi yaşayış evi üzərində daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılmadığı müəyyən edilmişdir. Bundan başqa, 318 inventar nömrəli texniki pasportda göstərilən hüquq sahibinin ad və soyadında müraciət üzrə əlavə edilmiş sənədlərdə göstərilən ad və soyadı ilə kəskin fərq olduğu aşkar edilmişdir. Belə ki, 318 inventar nömrəli texniki pasportda hüquq sahibi X11 göstərilməsinə baxmayaraq müraciət üzrə əlavə edilmiş sənədlərdə “Bədəlova (Həmzəyeva) X13” kimi qeyd edildiyi aşkar edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, müayinə zamanı müraciət üzrə əlavə edilmiş 318 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin mövcud olmadığı və B tikilisinin yaşayışa yararsız (istifadəsiz) olduğu aşkar edilmişdir. Həmçinin, müraciətə baxış keçirilmiş ərazidə yerləşən 0,1578 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər əlavə edilməmişdir. O cümlədən əlavə olunmuş sənədlərdə eyniləşdirmə aparılması üçün müvafiq məlumatlar (torpaq sahəsinin koordinatları, şərti istinad sxemi və ya qonşuluqlar) göstərilməmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 0,1578 ha torpaq sahəsinin ilkin qeydiyyatının Bədəlova (Həmzəyeva) X8 adına aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən 50 nömrəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi iddiaçının mərhum anası Bədəlova (Həmzəyevə) X10 məxsus olmuşdur. Sözügedən torpaq sahəsi iddiaçının ailəsinə məxsus, dədə-baba torpağı olmuşdur. Həmin torpaq sahəsində tikilmiş ev isə texniki pasportdan da göründüyü kimi 1918-ci ildən mövcud olmuşdur. İddiaçının mərhum anası 1988-ci ildə evə dair texniki pasport almış və texniki pasport 318 inventar nömrə ilə qeydiyyatdan keçmişdir. Lakin torpaq sahəsinə dair heç bir sənəd qalmamışdır. İddiaçı sözügedən torpaq sahəsi üzərində yaşayış evi ilə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etsə də, bundan imtina edilmişdir. İmtinaya səbəb kimi isə ünvan 4 ünvanında yerləşən 50 nömrəli fərdi yaşayış evi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılınadığı,fərdi yaşayış evinin yerləşdiyi 0.1578 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlərin olmadığı, eyni zamanda 318 inventar nömrəli texniki pasportda hüquq sahibinin X9 kimi qeyd edildiyi göstərilmişdir. Evin qeydiyyatdan keçməsi üçün mərhum iddiaçı anası müraciət etdikdə, 1988-ci ildə ona sənəd olaraq 318 inventar nömrəli texniki pasport verilmiş və həmin pasport qeydiyyata alınmamışdır ki, bunun da məsuliyyəti texniki pasportu verən orqana aid olmalıdır. Eyni zamanda 4 saylı Abşeron ərazi idarəsi hüquqların dövlət qeydiyyatına alınması uçun texniki pasportu nəzərə almamış, lakin həmin texniki pasporta əsaslanıb adların düz gəlmədiyini də bəhanə etmişdir. Halbuki, təqdim edilən sənədlərdən də görünür kı, ev Bədəlova (Həmzəyevə) X10 məxsusdur və texniki pasportda qeydin düzgün aparılmaması yenə də texniki paspoıtu verən orqanın səhvidir. Beləliklə, sözügedən texniki pasport da bir daha sübut edir ki, ünvan 5 ünvanında yerləşən 50 nömrəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi iddiaçının mərhum anası Bədəlova (Həmzəyevə) X10 məxsus olmuş, fərdi yaşayış evinin yerləşdiyi 0.1578 ha torpaq sahəsi isə illərdir istifadələrindədir. İddia ərizəsində Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına istinad edilməklə göstərilir ki, həmin Fərmana əsasən texniki pasport hüquqların qeydiyyata alınması üçün əsasdır.

8. Daha sonra iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 6 ünvanda yerləşən 0.1278 ha torpaq sahəsinin Bədəlova (Həmzəyeva) Çərkəzxanım Əliqulu qızına məxsus olması barədə arayış verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

9. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı müraciəti ilə bağlı fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün fərdi yaşayış evinə və torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əsillərinin təqdim edilməyi təklif edilmişdir. İddia ərizəsində qeyd edilən və bu barədə Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinə edilmiş müraciətə cavab məktubu inzibati aktın qəbulundan imtina kimi qiymətləndirilə bilməz. Etirazda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9, 11, 2.1, 23-cü maddələrinə, habelə “İnzibati icraat haqqında” Qanuna istinad edilməklə iddianın mümkün sayılmaması hqqında qərardad qəbul edilməsi xahiş edilmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

10. Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2-1(118)- 128/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin iddiaçının mərhum anasına məxsus olması barədə arayışın verilməsindən imtina əsassızdır. Qərarda göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1-ci və 1.11-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiyası və qitmətləndirilməsinə aid pasportlar daşınmaz əmlak üzərində hüquqqları təsdiq edən sənədlərə aid edilmşdir. Məhkəmə qeyd etmişdir ki, mərhum Ç.Bədəlovaya 1988-ci ilin fevral ayında verilmiş texniki pasport Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyi Abşeron İdarələrarası Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmişdir. Cavadeh inzibati orqan imtina bildirişində sözügedın evin dağıdıldığını bildirsə də, bunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan başqa qeyd olunmalıdır ki, iddia tələbi evə dair deyil, evin altında yerlışən 1278 kv m torpaq sahəsinə dair verilmişdir.

12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən mərhum X3 məxsus 50 nömrəli fərdi yaşayış evi üzərində daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılmadığı müəyyən edilmişdir. Bundan başqa, 318 inventar nömrəli texniki pasportda göstərilən hüquq sahibinin ad və soyadında müraciət üzrə əlavə edilmiş sənədlərdə göstərilən ad və soyadı ilə kəskin fərq olduğu aşkar edilmişdir. Belə ki, 318 inventar nömrəli texniki pasportda hüquq sahibi X11 göstərilməsinə baxmayaraq müraciət üzrə əlavə edilmiş sənədlərdə “Bədəlova (Həmzəyeva) X13” kimi qeyd edildiyi aşkar edilmişdir. Müayinə zamanı müraciət üzrə əlavə edilmiş 318 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin mövcud olmadığı və B tikilisinin yaşayışa yararsız (istifadəsiz) olduğu aşkar edilmişdir. Həmçinin, baxış keçirilmiş ərazidə yerləşən 0,1578 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər əlavə edilməmişdir. O cümlədən əlavə olunmuş sənədlərdə eyniləşdirmə aparılması üçün müvafiq məlumatlar (torpaq sahəsinin koordinatları, şərti istinad sxemi və ya qonşuluqlar) göstərilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 saylı Fərmanı:

1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” :

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda).

19. İnzibati icraat haqqında qanun Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

20. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.02.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin olunmamalıdır.

23. Belə ki, hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının mərhum anasının fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası təşkil edir.

24. Digər dəlillərlə yanaşı cavadehin imtinasının, habelə etirazının və apellyasiya şikayətinin əsas dəlillərindən biri ondan ibarət olmuşdur ki, ünvan 4 ünvanında yerləşən mərhum X3 məxsus 50 nömrəli fərdi yaşayış evi üzərində daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılmadığı müəyyən edilmişdir. Bundan əlavə müayinə zamanı müraciət üzrə əlavə edilmiş 318 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin mövcud olmadığı və B tikilisinin yaşayışa yararsız (istifadəsiz) olduğu aşkar edilmişdir.

25. İddianı təmin edən birinci instansiya məhkəməsi bu qərarın 18-ci bəndində göstırilən Fərmana istinad etməklə təqdim olunmuş müvafiq fərdi yaşayış evinə dair 1988ci ildə verilmiş 318 inventar nömrəli texniki pasportu iddiaçının mərhum anasının daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi qəbul edərək göstərmişdir ki, həmin texniki pasport Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyi Abşeron İdarələrarası Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmişdir. Bundan əlavə, cavadeh inzibati orqan imtina bildirişində sözügedın evin dağıdıldığını bildirsə də, bunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

26. İşin yuxarıda qeyd edilən hallarından görünür ki, birinci instansiya məhkəməsi cavabdehin imtinasının ünvan 4 ünvanında yerləşən mərhum X3 məxsus 50 nömrəli fərdi yaşayış evi üzərində daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılmadığının müəyyən edilməsinə dair hissəsinə münasibət bildirməmiş, imtinanın həmin dəlilini iş materialları və yuxarıda istinad edilən qanunvericilik normalarının məzmunu baxımından qiymətləndirməmişdir.

27. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş siyahıda daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd növü kimi iki növ “pasport” fərqlənidirlmişdir:

1. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar (siyahının 1.11-ci bəndi)

2. Üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) (siyahının 2.4-cü bəndi)

28. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarına surəti (o cümlədən cavabdeh inzibati orqan tərəfindən arxivdə saxlanılan nüsxəsinin surəti) əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş əslinə baxış keçirilmiş iddiaçının mərhum anasına məxsus ünvan 4 ünvanında yerləşən 50 nömrəli fərdi yaşayış evi dair 318 nömrəli “texniki pasport” Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyi Abşeron İdarələrarası Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilsə də, həmin sənəd yuxarıda istinad edilən “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport” deyil, müvafiq siyahının 2.4-cü bəndində nəzərdə tutulmuş “texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport”dur. İstinad edilən Fərmanın 2.4-cü bəndinə əsasən isə həmin texniki pasport yalnız o halda həyətyanı torpaq sahəsinə münasibətdə daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd növü kimi çıxış edə bilər ki, texniki pasportda göstərilən yaşayış evinin üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış olsun.

29. Hazırkı işdə isə ünvan 4 ünvanında yerləşən 50 nömrəli fərdi yaşayış evi üzərində iddiaçının mərhum anasının mülkiyyət hüquqlarının qeydiyyata alınmaması cavabdehin imtinasının əsas dəlili olmaqla yanaşı işin mübahisəsiz halıdır.

30. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının təqdim etdiyi texniki pasport “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”-nın 1.11-ci bəndində nəzərdə tutulan torpaq sahəsi üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olmadığından, habelə ünvan 4 ünvanında yerləşən 50 nömrəli fərdi yaşayış evi üzərində iddiaçının mərhum anasının mülkiyyət hüquqları qeydiyyata alınmadığından cavabdeh inzibati orqan tərəfindən həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası qanuna zidd olmamışdır. Belə ki, iddiaçının torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir.

31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən işin halları tam araşdırılmamış, iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır.

33. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2-1(118)-128/2021 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmamalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2-1(118)-128/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin olunmasın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar