Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-269/2023 12.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı Məmmədov Zahid Tahir oğlu və X2 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili X3, Cavabehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan X1rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 2- 1(118)-36/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,055522 ha yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinə dair DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən A seriyalı 354469 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ərizə ilə müraciət edərək ona məxsus 0,055522 ha torpaq sahəsi cavabdeh tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində yolun tikintisi altına düşdüyündən həmin torpaq sahəsinə görə ona kompensasiya ödənilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli M-3/16-1328 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, müraciətdə qeyd edilən məsələnin dəqiqləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilmiş, müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində layihə işlənilən zaman İddiaçı tərəfindən təqdim edilmiş 20 aprel 2009-cu il tarixli, **********06 nömrəli dövlət reyestrindən çıxarış və JN-3600 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” na əsasən ümumilikdə, 4515.00 kv.m torpaq sahəsinin 2659.78 kv.m hissəsi yolun tikintisi altına düşür. Göstərilənlərdən əlavə torpaq sahəsi yolun tikinti altına düşmür. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən xx.xx.2019-cu il tarixli, **********32 reyestr nömrəli, 0.055522 ha ölçülü torpaq sahəsinə görə hər 100 kv.metr üçün 3500 manat olmaqla, 19433 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus 0.055522 ha torpaq sahəsinin yerləşdiyi ərazidə cavabdeh tərəfindən yol çəkilişi həyata keçirilmiş və Poğruz Qurbanovun mülkiyyətində olan torpaq sahəsi həmin yolun altında qalmışdır. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin koordinatları müəyyən edilmiş və İdarənin **********91 saylı, 03 oktyabr 2019-cu il tarixli məktubu ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşdüyü bildirilmişdir. Torpaq sahəsinə görə kompensasiyanın hesablanaraq ödənilməsi barədə cavabdehə müraciət etmiş, lakin müraciətlərinə heç bir cavab verilməmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilən torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə edilməmişdir. Cavabdeh tərəfindən 2015-2016-ci illərdə həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində iddiaçıya məxsus “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı" na əsasən 4515.00 kv.m torpaq sahəsinin 2659.78 kv.m hissəsi yolun tikintisi altına düşmüş və bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən sözügedən layihə çərçivəsində hazırlanmış kadastr planında qeydə alınmış və dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablanmışdır. Əmlakın alqı-satqısı zamanı qiymətləndirmə prosesi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin tövsiyələri əsasında qiymətləndirmə sahəsində ixtisaslaşmış "xxxx" MMC tərəfindən ekspertiza aparılmış və iddiaçıya məxsus əmlak müvafiq qaydada mövcud qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməklə daşınmaz əmlakın 2016-ci ildə olan bazar dəyəri 20% əlavə edilməklə, ümumilikdə 79793 manat 40 qəpik dəyərində kompensasiya müəyyən edilmiş və həmin vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" ASC-nin “Rabitə Filialına” iddiaçının adına köçürülmüş və onun tərəfindən alınmışdır. Daha sonra iddiaçı qalan torpaq sahəsinin 0.055522 ha hissəsinə çıxarış əldə etmişdir. Beləliklə, iddiaçının iddiada qeyd olunan qalan torpaq sahəsinin avtomobil yolun tikintisi altına düşməməsi səbəbindən ƏMDK tərəfindən bu torpaq üçün kompensasiya hesablanmamış, Maliyyə Nazirliyi tərəfindən aidiyyəti üzrə vəsait ayrılmamişdir. Lakin, qalan torpaq 0.55522 ha sahəsinin yeri iddiaçı tərəfindən müəyyən edilə bilmədiyindən cavabdehə müraciət etmişdir ki, onun həmin torpaq sahəsi də yolun tikinti altına düşmüş və ona görə kompensasiyanın ödənilməsini xahiş etmişdir. İddiaçının müraciəti əsasında “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində onun torpaq sahəsinin tikinti altına düşüb-düşməməsini dəqiqləşdirmək məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilmişdir. Alınmış cavabda göstərilmişdir ki, cavabdeh tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində layihə işlənilən zaman İddiaçı məxsus “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” na əsasən 4515.00 kv.m torpaq sahəsinin 2658.78 kv.m hissəsi yolun tikintisi altına düşmüşdür. Vətəndaşa məxsus əlavə torpaq sahəsi yolun tikinti altına düşmür. Cavabdehin iddiada göstərilən torpaq sahəsinə müdaxiləsi və hamin sahədə tikinti işlərin aparılması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamışdır. Halbuki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 2-1(118)-36/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən İddiaçı məxsus xx.xx.2019-cu il tarixli, **********32 reyestr nömrə ilə dövlət qeydiyyatına alınmış 0.055522 ha ölçülü torpaq sahəsinə görə dövlət etiyacları üçün geri alınma əsası ilə (kompensasiya iddiaçıya məxsus “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı" na əsasən 4515.00 kv.m. torpaq sahəsinin 2659.78 kv.m. hissəsinə görə hesablanmış və ödənilmiş kompensasiaya uyğun hesablanmalı və ödənilməlidir) kompensasiya hesablanması və İddiaçı ödənilməsi öhdəliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulmuşdur (hakim İ.Quliyev). Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin koordinatları müəyyən edilmiş və İdərənin **********91 saylı, 03 oktyabr 2019-cu il tarixli məktubu ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşdüyü bildirilmişdir. Bununla bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5971 saylı, 31 mart 2022-ci il tarixli ekspert rəyində tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: Elektron kadastr məlumat bazasına əsasən DƏDRX tərəfindən İddiaçı verilmiş xx.xx.2019-cu il tarixli, **********32 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.055522 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsinin mərkəz hissəsində tikinti altına düşür. İş materiallarında görünür ki, eyni qurum, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mübahisə olunan ərazinin yolun tikinti altına düşüb-düşməməsiylə bağlı iki ziddiyyətli olan rəy verilib və belə ziddiyyətlər olan zaman məhkəmə ziddiyyətlərin aradan qaldırılması üçün heç bir tədbir görməmiş, torpağın naturada və elektron koordinatlarının üst-üstə düşüb-düşməməsi müəyyənləşdirilməmiş və araşdırma aparılmamış, bununla bağlı ziddiyyətlər aradan qaldırılmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi qeyd edilən hallara əhəmiyyət verməmiş, iş materiallarında olan natamam sübutları mötəbər sübut kimi qəbul etməklə iddianı təmin etməklə kifayətlənmişdir və bununla qanunvericiliyin müvafiq normalarının tələbləri də yerinə yetirilməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirdi ki, iddiaçının mülkiyyətində olmuş 4515.00 kv.m. torpaq sahəsinin 2659.78 kv.m hissəsi cavabdeh tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində tikinti altına düşdüyündən həmin hissəyə münasibətdə iddiaçıya kompensasiya ödənilmiş, torpaq sahəsinin yerdə qalan hissəsi hazırda mübahisələndirilən 0,055522 ha hissə istisna olmaqla, satılmışdır. İddiaçının vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ OLUNAN HÜQUQ: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89. İnzibati orqanların məsuliyyəti Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157. Mülkiyyətin müdafiəsi (-). 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-). 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-). 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. (-). 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1.1. Alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). Maddə 7. Alınmanın təsirinə məruz qalan şəxs Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən edilmiş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və mərhumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdirlər. Maddə 23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə 54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. 55.2. Bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyaya əlavə 1 saylı protokol. Maddə 1. Mülkiyyət hüququ. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Hazırda apellyasiya baxışının hədlərini iddianın qismən təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki iş üzrə iddia qismən təmin olunsa da, iddiaçı qərardan apellyasiya şikayəti verməmiş, iddianın təmin edilməyən hissələrini mübahisələndirməmişdir. Qərardan yalnız cavabdeh apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən hissələri üzrə yoxlamışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə qərarı onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus 0,055522 ha torpaq sahəsinin Bilgəh- Sumqayıt yolunun tikintisi altına düşüb-düşməməsi ilə bağlı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5971 saylı, 31 mart 2022-ci il tarixli ekspert rəyi ilə həmin torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarının Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsinin mərkəz hissəsində tikinti altına düşdüyü müəyyən edilmişdir. Bu isə həmin torpaq sahəsi ilə bağlı müvafiq kompensasiyanın ödənilməsi əsasını yaradır. İddiaçı hazırda torpaq sahəsinin hər 100 kv.metr hissəsi üçün 3500 manat olmaqla, 19433 manat məbləğində kompensasiyanın ödənilməsini tələb edir. Lakin, məhkəmə tərəfindən müvafiq sorğular verilmiş, həmin ərazidəki torpaq sahələri ilə bağlı fərqli qiymətlərə alqı-satqılar aparıldığı müəyyən edilmişdir. Eyni zamanda, iddiaçının mülkiyyətində olan və hazırda mübahisə predmeti olan torpaq sahəsinin bir hissəsi ilə bağlı cavabdeh tərəfindən müvafiq kompensasiya hesablanmış və bu kompensasiya iddiaçı tərəfindən qəbul edilmişdir. Məhkəmə hesab edir ki, hazırda mübahisə predmeti olan torpaq sahəsi də eyni əsaslarla qiymətləndirilərək müvafiq kompensasiya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Hər şeydən öncə qeyd olunmalıdır, hazırki işin hallarından görünür ki, mübahisə predmeti iddiaçıya məxsus torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar hesablanmalı olan kompensasiyanın ödənilməsi barədədir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Avropa İnsan haqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıda qeyd olunan normaların məzmununa görə mülkiyyət hüququ onun əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər və belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanı nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Cavabdeh imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində DƏDRX-nin müvafiq məktubuna istinad edərək iddiaçıya məxsus 0,055522 ha torpaq sahəsinin cavabdeh tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində tikinti altına düşmədiyini bildirərək həmin torpaq sahəsinə münasibətdə iddiaçıya kompensasiya ödənilməsinin mümkün olmadığını qeyd etmişdir. Göründüyü kimi cavabdehin yeganə dəlili torpaq sahəsinin sözügedən layihə çərçivəsində yolun tikinti altına düşməməsidir. Məhkəmə kollegiyası cavabdehin dəlili ilə bağlı qeyd edir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən cavabdeh inzibati orqana ünvanlanmış 25 iyun 2019-cu il tarixli məktubda qeyd edilir ki, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində layihə işlənilən zaman vətəndaş İddiaçı tərəfinən təqdim edilmiş xx.xx.2009-cu il tarixli, **********06 nömrəli dövlət reyestrindən çıxarışa və JN-3600 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən ümumilikdə, 4515.00 kv.m torpaq sahəsinin 2659.78 kv.m hissəsi yolun tikintisi altına düşmüş və bununla bağlı layihə çərçivəsində 71 və 72 nömrəli kadastr planından çıxarışlar işçi qaydada aidiyyəti üzrə "xxxx" ASC-nə təhvil verilmişdir. Vətəndaşa məxsus torpaq sahəsindən yuxarıda göstərilənlərdən əlavə torpaq sahəsi yolun tikintisi altına düşmür. İş materiallarında olan DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan isə qeyd edilir ki, İddiaçı mülkiyyətində olan xx.xx.2019-cu il tarixli, **********32 reyestr nömrəli, 0,055522 ha torpaq sahəsinin plan-ölçüdəki koordinatlara əsasən GPS mövqetəyinetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Sənəd üzrə torpaq sahəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində yolun tikinti altına düşür. Göründüyü kimi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən cavabdehə ünvanlanmış 25 iyun 2019-cu il tarixli məktubda torpaq sahəsinin “Bilgəh- Sumqayıt avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində yolun tikintisi altına düşmədiyi, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda isə əksinə torpaq sahəsinin yolun tikinti altına düşdüyü qeyd edilmişdir. Qeyd edilən ziddiyətə aydınlıq gətirilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya məxsus 0,055522 ha torpaq sahəsinin Bilgəh-Sumqayıt yolunun tikintisi altına düşüb-düşməməsi ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 31 mart 2022-ci il tarixli, 10/5971 nömrəli rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq mütəxəssis rəyinə əsasən elektron kadastr məlumat bazasına əsasən DƏDRX tərəfindən İddiaçı verilmiş xx.xx.2019-cu il tarixli, **********32 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.055522 ha torpaq sahəsinin plan və ölçüşünün döngə nöqtələrinin koordinatları Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsinin mərkəz hissəsində tikinti altına düşür. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin tabeliyində olan "xxxx" MMC-nin Bakı Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində ekspert rəyində qeyd olunanlar göstərilmiş, əlavə olaraq rəyin qeyd hissəsində DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunda göstərilən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcud olduğu, kameral şəraitdə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən iş araşdırılarkən ləğv edilmiş DTXK tərəfindən verilmiş Dövlət Aktı köhnə koordinat sistemində olduğundan Dövlət Aktları əsasında verilmiş ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqların qeydə alındığı göstərilmişdir. Rəyə əlavə edilmiş mübahisəli torpaq sahəsinin orto-foto xəritəsindən də görünür ki, iddiaçının mülkiyyətində olan 0,055522 ha torpaq sahəsi həm Bilgəh-Sumqayıt avtomobil yolunun mühafizə zolağı, həm də yolun tikintisi altına düşür. Beləliklə, birinci instansiya məhkəməsində icraat zamanı toplanmış sübutların tədqiqi nəticəsində iddiaçıya məxsus 0,055522 ha torpaq sahəsinin məhz Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşməsi tam sübuta yetirilmişdir. Yəni, iddiaçı 0,055522 ha torpaq sahəsindən məhrum edilmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin sözügedən dəlili əsassızdır. Göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (“Bilgəh-Sumqayıt” avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. Qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. İddiaçıya ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı kollegiya qeyd edir ki, işin hallarından görünür ki, iddiaçının mülkiyyətində olmuş 4515.00 kv.m. torpaq sahəsinin ümumi sahələri 57.04 kv.m, 310.6 kv.m və 2292.14 kv.m, cəmi 2659.78 kv.m olan hissəsi Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşdüyündən həmin torpaq sahəsinə münasibətdə cavabdeh orqan tərəfindən iddiaçıya dəyən ziyana görə (1 kv.m üçün bazar qiymətinə 20 faiz əlavə də daxil 30 manat olmaqla), ümumilikdə, 79793,4 manat pul ödənilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli ödəniş qəbzlərinə əsasən, 09 fevral 2016-cı il tarixdə İddiaçı ******************** nömrəli bank hesabına 1711.2 manat (min yeddi yüz on bir), 9318 manat (doqquz min üç yüz on səkkiz), 68764.2 manat (altmış səkkiz min yeddiz yüz altmış dörd) ümumilikdə 79793.4 manat (yetmiş doqquz min yeddi yüz doxsan üç) pul ödənilmişdir. Cavabdeh də iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçıya məxsus 4515.00 kv.m torpaq sahəsinin 2659.78 kv.m hissəsinin yolun tikintisi altına düşdüyünü və bununla əlaqədar dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablandığı, kompensasiya məbləğinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli fərmanına əsasən 20 % əlavə edilməklə, 79793.4 manat dəyərində müəyyən edildiyi və hesablanmış 79793.4 manat məbləğində kompensasiyanın iddiaçının bank hesabına köçürüldüyünü qeyd etmişdir. Hazırda isə iddiaçı həmin torpaq hissəsinin 0,055522 ha hissəsinin yolun tikinti altına düşməsi ilə əlaqədar kompensasiyanın ödənilməsini tələb edir. Göründüyü kimi yuxarıda qeyd edilən 2659.78 kv.m və hazırda mübahisələndirilən 0,055522 ha torpaq sahələrinin iddiaçının mülkiyyətində olmuş 4515.00 kv.m. torpaq sahəsinin hüdudları daxilində yerləşməsi, habelə, 2659.78 kv.m torpaq sahəsi yolun tikintisi altına düşdüyündən ona münasibətdə cavabdeh tərəfindən iddiaçıya 1 kv.m üçün 30 manat məbləğində kompensasiya ödənilməsi tərəflər arasında mübahisələndirilmir. İddiaçı iddia tələbində torpaq sahəsinin hər 100 kv.m hissəsi üçün 3500 manat məbləğində kompensasiyanın ödənilməsini tələb etsə də, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək iddiaçıya ödənilməli olan kompensasiya məbləğinin ona əvvəllər yolun tikintisi altına düşmüş torpaq sahəsinə görə hesablanmış və ödənilmiş kompensasiyaya uyğun ödənilməsi (1 kv.m üçün 30 manat) qənaətinə gəlmiş, iddiaçı isə məhkəmənin həmin qərarı ilə razılaşaraq qərardan apellyasiya şikayəti verməmişdir. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında tikinti altına düşən torpaq sahəsinin hər kv.m-nə görə ödənilməli olan məbləğlə (1 kv.m üçün 30 manat) bağlı mübahisə olmadığından “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun əlavə araşdırma aparılmasına ehtiyac yoxdur. Beləliklə, kollegiya belə nəticəyə gəlir ki, iddiaçıya məxsus 4515.00 kv.m torpaq sahəsinin 2659.78 kv.m hissəsinə görə 2016-cı ildə cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsinin 1 sotu üçün 3000 manat ümumilikdə, 79793.4 manat məbləğində kompensasiya ödənildiyindən, hazırda 0,055522 ha torpaq sahəsi də layihə çərçivəsində yolun tikintisi altına düşdüyündən həmin hissəyə münasibətdə də iddiaçıya eyni qaydada, 16656,6 manat (555,22 kv.m x 30 =16656,6) məbləğində kompensasiya ödənilməlidir. Birinci instansiya məhkəməsi isə həmin hissədə iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlsə də, iddiaçıya ödənilməli olan kompensasiyanın konkret məbləğini müəyyən etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində dəyişdirilməli, iddiaçıya mülkiyyətində olan 0.055522 ha torpaq sahəsinin tikinti altına düşməsi ilə əlaqədar ümumilikdə, 16656,6 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 2-1(118)-36/2022 nömrəli qərarı iddianın təmin edilən hissəsində dəyişdirilsin. İddiaçı mülkiyyətində olan 0.055522 ha torpaq sahəsinin tikinti altına düşməsi ilə əlaqədar ümumilikdə, 16656,6 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-269/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-269/2023
12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver