Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-269/2025 03.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehn nümayəndəsi X1 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-910/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (Könül Həbibova) xx.xx.2024-cü il tarixli 2-1(118)-910/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı əlilliyinin qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 44 X14 müharibəsində iştirak etmişdir və müharibə veteranıdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “Partlayış travması. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Alın nahiyyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı”diaqnozu ilə xəsarət almışdır. Xəsarəti (yaralanmanı, travmanı, kontuziyanı) döyüş tapşırığını yerinə yetirərkən almışdır və “üzvü affektiv pozuntu, tez-tez təkrarlanan depressiv epizodlar, intihar cəhdi ilə F06.3 diaqnozu qoyulmuşdur. Ona qoyulmuş diaqnoz ikinci dərəcə əliliyin alnmasına əsas verdiyi üçün hərbi xidmətdə əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə əlilliyin təyin edilməsindən imtina edilmiş və qoyulmuş diaqnozların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən diaqnozun əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Hesab edir ki, ona əlillik təyin edilməsindən imtina edilməsi tamamilə formal tələblərə əsaslanmışdır. Cavabdeh orqan tərəfindən Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9, Respublika Psixiatriya Xəstəxanası X16, Psixi Sağlamlıq Mərkəzi X16, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş rəylər nəzərə alınmamışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1, 1.2, 2.1, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.2, 33.1, 68.1, 68.2, 73.1-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması.sağ alın nahiyyəsinin kor qəlpə yaralanması. Partlayış travması. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonra vegetativ damar davamsızlığı., Üzvi mənşəli (qapalı kəllə-beyin travması müharibə zamanı) dissosiativ pozuntu. Özünəqəsd cəhdləri. Posttravmatİk stress pozuntusu, Qaraciyərin sağ payının hemangioması funksiyanın pozulmaması ilə Bronxial astma, qarışıq forma. hissəvi nəzarət olunan, remissiya mərhələsində; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə imtina edilmişdir. Bundan əlavə, iddiaçı 17 mart 2023-cü il tarixdə əyani müayinədə olmuş və cavabdeh tərəfindən 3-17-4/3-3-2172/2023 nömrəli 11 aprel 2023-cü il tarixli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, Sumqayıt şəhər sakini xx xxxxx 1992-ci il təvəllüdlü iddiaçının orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçıya 29 dekabr 2022-ci il tarixli 14884 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020-ci il). Keçirilmiş qapalı kəllə-beyin travması. baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlıgı. Sağ alın nahiyəsinin kor qəlpə yaralanmasından (xx.xx.2020-ci il) sonrakı bərkimiş dəri capığı. Sol bazunun dəri çapıqları. Barotravma (xx.xx.2020-ci il). ikitərəfli xroniki nevrit. ikitərəfli davamlı nevrosensor ağıresitmə, pıçıltı nitqini hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə.” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Bronxial astma, qarısıq forma, hissəvi nəzarət olunan, remissiva mərhələsində. 36, 46-cı dişlərin olmaması diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Qaraciyərin sağ payının hemanoioması. funksiyanın pozulmaması ilə. “diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ 5 sentyabr 2022-ci il tarixli 8510 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi emosional labif pozuntu. Posttravmatik stress pozuntusu .” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ 13 sentyabr 2022-ci il - 4 oktyabr 2022-ci il tarixli 10371/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz uÜzvi emosional labil pozuntu. Posttravmatik stress pozuntu.” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ 3 noyabr 2022-ci il tarixli 10520 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (qapalı kəllə-beyin travması müharibəsi zamanı) dissosiativ pozuntu. Özünə qəsd cəhdlərilə.” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ 11 noyabr 2022-ci il - 1 dekabr 2022-ci il tarixli 12777/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli (qapalı kəllə-beyin travması mühanbəsi zamanı) dissosiativ pozuntusu, özünə qəsd cəhdlərilə.” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı boğulmadan, öskürəkdən, halsızlıqdan, zəif eşitmədən, baş ağrısından, başgicəllənmədən, başında olan küydən, əsəbilikdən, gecə yuxusunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Verilən suallara əsəbi, qısa cavab vermiş, zahirən narahat, əhvalının dəyişkən olması, emosional labillik izlənilmiş, bələdliyi bütün növlər üzrə saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional-labil pozuntu, depressiv daxilolmalarla kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlara əsaslanaraq, iddianın mümkünsüz hesab edilməsi xahiş edilmişdir. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarına istinad olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, sırf ekspert rəyində diaqnozun olması səbəbindən əlillik təyin edilməli olduğunu qeyd etmiş, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik əlaməti təyin etməməsi İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddiaçıda xəsarətlər aşkar olunsa da, həmin xəsarət Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun Diaqnoz kimi qəbul edilə bilməz. Ekspert tərəfindən verilmiş rəydə iddiaçının psixi vəziyyəti mütəxəssislər tərəfindən əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etdi və izahatında səhhətində yaranmış xəstəliklərin nəzərə alınaraq apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona əlilliyinin qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı xx.xx.2020-ci il tarixdə döyüşdə aldığı xəsarətlə (partlayış travması) əlaqədar” sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. O cümlədən, iddiaçı ötürülmüş iddia müddətinin bərpa edilməsinə dair məhkəməyə ərizə təqdim edərək bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət edilmişdir. əyani müayinədən keçdikdən sonra nəticəsi barədə ona heç bir məlumat verilməmiş, ona SMS bildirişi göndərilməklə məlumat veriləcəyi bildirilmişdir. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli sms bildiriş ona məxsus olan 070 303 31 10 nömrəli mobil telefonuna gəlməmişdir. Dəfələrlə etdiyi müraciətdən sonra 2023-cü ilin iyun ayının sonunda imtina qərarı rəsmi qaydada ona təqdim edilmiş və əlilliyin təyin olunmasından imtina edildiyi bildirilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət etmişdir. Ərizə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Qeyd olunanları nəzərə alaraq buraxılmış iddia müddətinin bərpa edilməsini xahiş etdi. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(105)- 269/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdeh orqanın ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı xx.xx.2020-ci ildə döyüşdə aldığı xəsarətlərlə (partlayış travması) əlaqədar əlilliyin təyin edilməsindən imtina barədə qərarından məhkəməyə şikayət verilməsi müddəti bərpa edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, ekspert-həkim-psixiatrın iş üzrə verdiyi rəyə dair fikirlərini dinləyərək, iddiaçının iddia tələbininin dəqiqləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli ərizəsini, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyinə görə, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair qərarı dəyişdirilməli, dəqiqləşdirilmiş iddia tələbi təmin edilməli, cavabdehin apellyasiya şikayəti rədd edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Müdafiə Nazirliyi MTE və PAM-nin verdiyi xx.xx.2022-ci il tarixli K/52 nömrəli “canlı şəxsin məhkəmə-tibbi müayinəsi haqqında” Aktdan müəyyən edilir ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı (16 fevral 2022) başın alın nahiyəsinin sağ yarısında bir ədəd çapıq toxuma aşkar edildi. Qeyd edilən xəsarətin saxlanılmış morfoloji xüsusiyyətlərinə görə demək olar ki, bu xəsarət 1-1,5 ilə qədər olan müddət ərzində əmələ gəlmiş yaranın sağalmış izidir, iti kənarlı əşyanın təsirindən törənməyə gəlir, müayinə olunan şəxsin göstərdiyi tarixdə və şəraitdə, 2020-ci ilin noyabr ayında silah mərmisinin partlanması nəticəsində patlayış zərbə dalğasının təsirindən onun avtomobilin salonundan bayıra atılma zamanı salon hissələrinin, o cümlədən ön şüşənin sınmış hissələrinin təsirindən əmələ gələ bilər. Hazırda qüvvədə olan “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 qərarının rəhbərlik üçün elan edilməsi və Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspert komissiyasının keçirilməsi qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi də Azərbaycan Respublikası Müdafiə Nazirinin 14 mart 2008-ci il tarixli 123 №-li əmrinin 7 və 208-ci bəndlərinə uyğun olaraq, yaralanma barədə tibbi sənədlər olmadıqda, məhkəməeksperti yalnız aşkar bədən zədələnmələrinin xarakterini və müddətini təyin edir. Xəstəliklərin, o cümlədən Qapalı kəllə-beyin travması beyin silkələnməsindən sonrakı vəziyyətin diaqnostikası və səbəb əlaqəsinin təyini məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir. Müdafiə Nazirliyinin Baş X6 bölməsinin verdiyi İddiaçı barəsində olan 4172 nömrəli xəstəlik tarixindən çıxarışdan müəyyən edilir ki, N nömrəli hərbi hissənin MAHHXQ əsgəri İddiaçı xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixə kimi Müdafiə Nazirliyinin Baş X6 bölməsində müayinə və müalicə olunub. Ona “Partlayış travması. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı, mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu və vegetativ damar davamsızlığı. Alın nahiyyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Qaraciyərin kiçik ölçülü hesangioması, funeksiyanın pozulmaması ilə. 17-ci dişin xroniki peridonti. 18-ci dişin retensiyası. Hepatosteatoz. Barotravma (xx.xx.2020). Sol təprəfli xroniki koxlear nevrit, sol tərəfli neyrosensor tip ağıreşişmə. Pıçıltı nitqini sol qulaqda 4metr, sağ qulaqda 6 metr məsafədən eşitmə” diaqnozu qoyulmuşdur. “Maddi-texniki təminat bölüyünün avtomobil tağımının yanacaqdolduran baş sürücü MAHHXHQ əsgər İddiaçı davranışı haqqında” 8 may 2022-ci il tarixli aktdan görünür ki, madditexniki təminat bölüyünün avtomobil tağımının yanacaqdolduran baş sürücü MAHHXHQ əsgər İddiaçı döyüş vaxtı aldığı xəsarətdən sonra kəllə-beyin travmasından sonra dəfələrlə Azərbaycan ordusunun baş kliniki hospitalında müalicə almışdır və buna baxmayaraq MAHHXHQ əsgər İddiaçı səhhətində dəyişikliklər olmamışdır və özündə əsəbililik, yuxusuzluq, yaddaş pozğunluğu, aqressivlik və baş ağrılarından əziyyət çəkir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin verdiyi N iyun 2022-ci il tarixli 2280 nömrəli travma haqqında arayışdan görünür ki, mahhxhq əsgər İddiaçı 06 noyabr 2020ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “Partlayış travması. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Alın nahiyyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı.” diaqnozu ilə xəsarət almışdır. Xəsarətin (yaralanmanın, travmanın, kontuziya) döyüş tapşırığını yerinə yetirərkən almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ambulator kitabça”dan 3 oktyabr 2022-ci il tarixli 083025 nömrəli çıxarışlar işə əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X11 xx.xx.2022-ci il tarixli 10520 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Diaqnoz: “Üzvi mənşəli (qapalı kəllə-beyin travması müharibə zamanı) dissosiativ pozuntu F06.5 Özünəqəsd cəhdlərilə” qoyulmuşdur. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının verdiyi 29 dekabr 2022-ci il tarixli 14884 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən İddiaçı diaqnozu: Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (6 noyabr 2020). Keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Sağ alın nahiyəsinin kor qəlpə yaralanmasından (6 noyabr 2020) sonrakı bərkimiş dəri çapıgı. Sol bazunun dəri çapıqları. Barotravma (6 noyabr 2020), iki tərəfli xroniki koxlear nevrit ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pışıltı nitqinin hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə” səbəbi – “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; “Diaqnoz: Bronxial astma, qarışıq forma, hissəvi nəzarət olunan, remissiya mərhələsində. 36,46-cı dişlərin olmaması” səbəbi – “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”, “Diaqnoz: Qaraciyərin sağ payının hemangioması, funksiyanın pozulmaması ilə” səbəbi – “ümumi xəstəlikdir” təsdiq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X16 Həkim Psixiatr Komissiyasının 22 may 2023-cü il tarixli 782 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı öz müraciətinə əsasən Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi affektiv pozuntu, tez-tez təkrarlanan depressiv epizodlar, intihar cəhdi ilə F06.3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı göndərilmiş 27 aprel 2023-cü il tarixli 3-17-4/2-S-9834/2023 nömrəli məktubundan görünür ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müraciətinin əsasında 17 mart 2023-cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnozun əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X16 Həkim Psixiatr Komissiyasının 6 noyabr 2023-cü il tarixli 2087 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı öz müraciətinə əsasən Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, qıcolma tutmaları, intihar cəhdləri ilə F07.0. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 11 aprel 2023-cü il tarixli 3-17-4/3-3-2172/2023 nömrəli qərarından görünür ki, İddiaçı hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional-labil pozuntu, depressiv daxilolmalarla kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X11 16 avqust 2024cü il tarixli, 6598 nömrəli məktubundan görünür ki, 1992-ci il təvəllüdlü İddiaçı 5 sentyabr 2022-ci il tarixdə Sumqayıt Tibb Mərkəzinin göndərişinə əsasən mərkəzə müayinə və müalicə üçün müraciət edib, rəy verilib, təkrar olaraq 3 noyabr 2022-ci il tarixdə müraciət edib. Diaqnoz: üzvi mənşəli (qapalı kəllə-beyin travması müharibə zamanı) dissosiativ pozuntu F06.5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 21 avqust 2024-cü il tarixli 10243 nömrəli məktubundan görünür ki, xx xxxxx 1992-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı 30 iyul 2012-ci il - 31 iyul 2012-ci il tarixdə yuxarıda adı göstərilən xəstəxanada stasionsar müalicə alıb. 25 fevral 2022 - 11 mart 2022; 13 sentyabr 2022 - 4 oktyabr 2022;11 noyabr 2022-ci il - 1 dekabr 2022; 5 iyun 2023-cü il - 30 iyun 2023; 6 noyabr 2023 - 27 noyabr 2023-cü il tarixlərdə yuxarıda adı göstərilən xəstəxananın gündüz stasionarı şöbəsində yarımstasionar rejimli müalicədə olub. Sonuncu dəfə 18 iyul 2024 - 8 avqust 2024-cü il tarixdə xəstəxananın gündüz stasionarı şöbəsində yarımstasionar rejimli müalicədə olub. İş materialında olan sənədlərlə müəyyən edilir ki, iddiaçının məhkəmə-tibbi müayinəsi zamanı (16 fevral 2022) başın alın nahiyəsinin sağ yarısında bir ədəd çapıq toxuma aşkar edildi. Qeyd edilən xəsarətin saxlanılmış morfoloji xüsusiyyətlərinə görə demək olar ki, bu xəsarət 1-1,5 ilə qədər olan müddət ərzində əmələ gəlmiş yaranın sağalmış izidir, iti kənarlı əşyanın təsirindən törənməyə gəlir, müayinə olunan şəxsin göstərdiyi tarixdə və şəraitdə, 2020-ci ilin noyabr ayında silah mərmisinin partlanması nəticəsində patlayış zərbə dalğasının təsirindən onun avtomobilin salonundan bayıra atılma zamanı salon hissələrinin, o cümlədən ön şüşənin sınmış hissələrinin təsirindən əmələ gələ bilər. Maddi-texniki təminat bölüyünün avtomobil tağımının yanacaqdolduran baş sürücü - iddiaçı döyüş vaxtı aldığı xəsarətdən sonra kəllə-beyin travmasından sonra dəfələrlə azərbaycan ordusunun baş kliniki hospitalında müalicə almışdır və buna baxmayaraq iddiaçının səhhətində dəyişikliklər olmamışdır və özündə əsəbililik, yuxusuzluq, yaddaş pozğunluğu, aqressivlik və baş ağrılarından əziyyət çəkir. Xəsarətin 6 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “Partlayış travması. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Alın nahiyyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı.“diaqnozu ilə xəsarət almışdır. Xəsarətin döyüş tapşırığını yerinə yetirərkən almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyin” X11 6 iyun 2024-cü il tarixli 2557 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, SN-nin “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, iddiaçının tibbi sənədlərinə əsasən onun əlillik vəziyyətinin TibbiSosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Sumqayıt Psixiatriya Xəstəxanasın”da tərtib edilmiş 1 fevral 2023-cü il tarixli H00070993LTX saylı (Forma 088) göndərişində qeyd edilmiş “Üzvi dissiosiativ pozuntu, üzvi mənşəli qapalı kəllə-beyin travması (müharibə zamanı) dissiosiativ pozuntu, özünə qəsd cəhdlərilə, istənilən lokalizasiyalı hemangioma, qaraciyərin sağ payının hemangioması, funksiyanın pozulmaması ilə, baş beyin silkələnməsi, partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonra vegetativ damar davamsızlığı, qarışıq astma, bronxial astma, qarışıq forma, hissəvi nəzarət olunan, remissiya mərhələsində, hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması, sağ alın nahiyəsinin çoxqəlpəli yaralanması, posttravmatik stress pozuntusu, posttravmatik stres pozuntusu” diaqnoz ona stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulduğundan onun həmin xəstəliklərdən hazırda əziyyət çəkməsini inkar etmək də olmaz. Qərardadda qeyd olunan sualdakı diaqnoz yuxarıda göstərilən diaqnozla ümumən eynilik təşkil edir. Şəxs əyani müayinədə verilən suallara əsəbi, qısa cavab vermiş, zahirən narahat, əhvalının dəyişkən olması, emosional labillik izlənilmiş, bələdliyi bütün növlər üzrə saxlanılmış, hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional labil pozuntu, depressiv daxilolmalarla” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. İş materiallarında olan tibbi sənədlərdə real xəstəlik vəziyyəti ilə əlaqədar əlavə hər hansı diaqnoz müəyyən edilmədi. Diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”ndakı hər-hansı birini aid etməyə əsas vermədi. İddiaçının sağlamlıq vəziyyətinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə X5” X11 xx.xx.2024-cü il tarixli 2560 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki: İ. Motivləşdirici hissə. İddiaçıda hal-hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəlləbeyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Müdafə Nazirliyi N saylı hərbi hissənin travma haqqında arayışında “Partlayış travması. Keçirilmiş qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi. Alın nahiyyəsinin kor qəlpə yaralanmasından sonraki bərkimiş dəri çapığı” xəsarətini almasının qeyd edilməsi, Azərbaycan Respublikası Müdafə Nazirliyinin baş Klinik Hospitalında ‘‘Partlayış travması. Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı, mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu və vegetativ damar davamsızlığı. Alın nahiyyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Qaraciyərin kiçik ölçülü hemangioması, funksiyanın pozulmaması ilə. 17-ci dişin xroniki peridontiti. 18-ci dişin retensiyası. Hepatosteatoz. Barotravma (6 noyabr 2020) sol tərəfli xroniki koxlear nevrit, sol tərəfli neyrosensor tip ağıreşitmə. Pıçıltı nitqini sol qulaqda 4 m, sağ qulaqda 6 m məsafədən eşitməsi ilə” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”da “Üzvi emosional labil pozuntu. Posttravmatik stress pozuntusu” diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi’də “Üzvi mənşəli (Qapalı kəllə beyin travması müharibə zamanı) dissosiativ pozuntu F06.5. Özünəqəsd cəhdləri ilə” diaqnozu təyin edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası’da “Üzvi mənşəli (Qapalı kəllə beyin , trayması müharibə zamanı) dissosiativ pozuntu F06.5. Özünəqəsd cəhdləri ilə” .diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi”də “Üzvi emosional labil pozuntu F06.6. Posttravmatik stress pözuntusu F43.1”) diaqnozu təyin edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”da “Üzvi affektiv pozuntu, tez-tez təkrarlanan ). İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sualın cavabı: İddiaçıda hal-hazırda üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalarla F07.0 aşkar olunur. 2-ci sualın cavabı: iddiaçının əmək qabiliyyətinin olub-olmamasının mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd olunan əlilliyin təyin edilməsi meyarlarına istinadən dəyərləndirilir. Müayinə zamanı vətəndaşın ardıcıl, məntiqi təfəkkürü, mühakimə və analiz qabiliyyətinin reallığı və şəxsi maraqlarını tam əhatə etməsinə əsasən, əlilliyin qiymətləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edən meyarlarla yanaşı, həyat fəaliyyəti kateqoriyaları da dəyərləndirilir. Əlilliyə əsas verən həyat fəaliyyəti kateqoriyalarından 1. Özünəqulluq bacarığı insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları, 2. Sərbəst hərəkətetmə bacarığı sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı, 3. İstiqamətseçmə bacarığı - ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı, 4. Ünsiyyət bacarığı - məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı, 5. Davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı, 6. Öyrənmə bacarığı - bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı,
7. Əmək fəaliyyəti bacarığı - işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı kimi istiqamətlərdə kənar şəxs nəzarəti və ya qulluğuna ehtiyac yaradan ağırlaşmalar izlənilmir. İstinada əsasən, əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır müalicəyə rezistent simptomlar (yəni situasiyanı mühakimə qabiliyyəti, özünə tənqidin, bütövlüklə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı - mövcud vəziyyət tibbi sənədlərlə təsdiqini tapmır), məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti kimi hallar izlənilmir. Yekun olaraq, müayinə zamanı vətəndaşın ardıcıl, məntiqi təfəkkürü, mühakimə və analiz qabiliyyətinin reallığı və şəxsi maraqlarını tam əhatə etməsinə əsaslanaraq, psixi durumu səbəbilə kənar şəxs nəzarəti və ya qulluğuna əsas verən ağırlaşmalar öz təsdiqini tapmır. 3-cü sualın cavabı: iddiaçıda (F06.3) “Üzvi affektiv pozuntu, tez-tez təkrarlanan depressiv epizodlar, intihar cəhdi ilə”; (F07.0) “Üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxil olmalar, qıcolma tutmaları, intihar cəhdləri ilə” pozuntuları müəyyən edilir. Məhkəmə kollegiyası işin hallarının hər tərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi üçün iş üzrə rəy vermiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X5” X11 ekspert həkim-psixiatrı X7 verdiyi xx.xx.2024-cü il tarixli 2560 nömrəli ekspert rəyinə aydınlıq gətirməsi üçün dəvət edilərək dindirilmişdir. Ekspert həkim-psixiatr Mirzəyeva (Hüseynova) Nərgiz Kazım qızı məhkəmə kollegiyasının iclasında izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X5” X11 verdiyi xx.xx.2024-cü il tarixli 2560 nömrəli ekspert rəyini müdafiə edir. İddiaçı tanıyır və onu məhkəmə qərardadı əsasında müayinə edərək müvafiq ekspert rəyi vermişdir. İddiaçı müharibə iştirakçısıdır, bütün tibbi sənədləri mövcuddur və rəy verilənədək dəfələrlə müayinədən keçmişdir. Xəsarət mövcud olsa da, hər şəxsə üzvi şəxsiyyət pozuntusu diaqnozu qoyulmur. Bunun üçün müəyyən müddət lazımdır. İlk öncə iddiaçıya travma barədə arayışa əsasən affektiv pozuntu diaqnozu qoyulmuşdur ki, bu hal standarta uyğun olmuşdur. Travma alan şəxsdə stress və əhval ruhiyyə dəyişikliyi olur. Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu F06.3 bunu göstərir. Bu diaqnoz qoyulmuş şəxslərdə işıq və səsə qarşı adi insanlardan fərqli olaraq xüsusi həssaslıq müşahidə olunur. Sakit görünə bilər, bu onun təhsili və tərbiyəsi ilə bağlıdır. Şizofreniya xəstələliyinin qüsur halı mövcud deyil ki, qeyri-adekvat hərəkətlər etmiş olsun. Bu insanlarda xarici qıcıqlara qarşı əsəb və ya aqresiyanı özünə və ya kənar şəxslərə xəsarət yetirmək yolu ilə göstərə bilər, məsələn kəsiklərlə, sındırmaqla və dağıtmaqla ola bilər. Sağlam insanda da, bu hallar mövcud ola bilər, amma iddiaçıda olduğu dərəcədə deyil. Suisidal cəhd, yəni özünə qəsd və ya intihar cəhdləri müayinə zamanı iddiaçıda var idi. Əhval ruhiyyənin vaxtaşırı dəyişməsi, bu hal hansısa situasiya ilə dəyişə bilər. Sağlam düşüncə müəyyən qədər özünə yer tapığına görə vəziyyətdən çıxa bilsə də, üzvi şəxsiyyət pozuntusu olan şəxsdə bu vəziyyətdən çıxma asan olmur. İddiaçıda qıcolma tutmaları da var, lakin bu tutmalar üzvi fonda deyil, yalnız funksional tutmalardır. Stress, əsəb, həyəcan keçirdikdə beyin özünümüdafiə reaksiyası göstərir. Bu reaksiya bayılma, qeyri-iradi hərəkətlər, evdən qaçma, başqa əraziyə çıxıb getmə və s. formalarda olur. İddiaçıda bayılmalar mövcud idi. Bu səbəbdən funksional qıcolma tutmaları dissosiativ daxilolmalarla qeyd edilmişdir. İntihara cəhd tibbi sənədlərlə öz əksini tapmışdır. İddiaçıda hazırda “Üzvü mənşəli dissosiativ pozuntusu F06.5” müşahidə olunur. “F.43.1 postravmatik stres pozuntusu da var. Əslində postravmatik stres pozuntusu uzun müddət davam edə bilməz. İlk qoyulan diaqnoz xroniki şəkildə davam edə bilmir. Müharibə iştirakıçılarının əksəriyyətinə bu diaqnoz qoyulur. Postravmatik stres pozuntusundan sonra zamanla stres mühiti kəsilir, vəziyyətdə yaxşılaşma olur, yerini üzvi fona verir. Üzvi fon zamanla yaranır. F06 XBT kodundakı əlamətlər F07 kodunun daxilində mövcuddur. F06.5 zamanla öz yerini F07-yə verir, əlamətlər daha da genişlənir. İddiaçıda özünə qəsd cəhdləri olub. Daimi müşahidə altında olmalıdır. O, ekspert rəyinin meyarlara aid hissəsini tərtib etməmişdir, həmin hissə cavabdehin nümayəndəsi olan ekspertin fikirləridir. O, rəyi tam imzalasa da, həmin hissə onun fikri deyildir. F.06 kodu olan diaqnoz iddiaçıda var. F06 kodu digər diaqnozları, o cümlədən F06.5 kodunu özündə əhatə edir. Ekspertiza zamanı iddiaçıda F06.5, F43.1 diaqnozları da təsdiq edilmişdir. (XBT-10): F06 kodu: Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozğunluqlar Bu rubrikaya, səbəbi baş beynin birincili xəstəliyi, sistem xəstəliyi, baş beynin ikincili xəstəliyi nəticəsində yaranan baş beyin pozğunluğu ilə bağlı olan və ekzogen toksik maddələrin və ya hormonların təsiri, endokrin pozğunluqlar və ya digər somatik xəstəliklər nəticəsində yaranan hallar daxil edilmişdir. F06.3 Əhvalın üzvi mənşəli [affektiv] pozğunluğu. Adətən fəallığın ümumi səviyyəsinin dəyişikliyi, depressiya, hipomaniya, maniya və ya bipolyar, hallarla (bax: F30-F38) müşayiət olunan, əhvalın və ya affektin dəyişikliyi ilə səciyyələnən, üzvi xəstəliyin nəticəsi kimi meydana çıxan pozğunluq. F06.5 Üzvi dissosiativ pozğunluq. Yaddaşın ayrı-ayrı müddətləri arasında vəhdətin, özünü şəxsiyyət kimi dərk etməyin, bədənin müxtəlif hərəkətlərini hiss etməyin və bu hərəkətlərə nəzarətin (F44.–) qismən və ya tam itirilməsi və üzvi patologiyalar nəticəsində əmələ gəlməsi ilə səciyyələnən pozğunluq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndinə əsasən baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular (F06). Üzvi mənşəli şəxsiyyət pozuntusu (F07) əlilliyin təyin edilməsi üçün əsaslardır. “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə əsasən məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olduqda orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla 2 il müddətinə müəyyən edilir. “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1-ci bəndinə əsasən posttravmatik stres pozuntusu (F43.1) əlillik təyin edilməsi üçün əsasdır. Göründüyü kimi məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyi və məhkəmə kollegiyasının iclasında ekspert rəyini aydınlaşdırmaq və tamamlamaq üçün dindirilmiş ekspert-həkim psixiatrın izahatı, işdə olan digər tibbi sənədlərlə bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnoza əsasən tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər iddiaçıda mövcuddur və həmin diaqnozlar iddiaçıya əlillik təyin edilməsinə əsas verir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əlilliyin təyin olunmasından imtina edilməsi, iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halları nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Nəticədə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşdə aldığı xəsarətlərlə (partlayış travması) əlaqədar əlilliyin təyin edilməsindən imtina barədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıda aşkar olunmuş F06; F06.3; F06.5; F07.0; F43.1 pozuntuları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın tələblərinə əsasən ona əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərdir. İddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi təmin edilməli, İddiaçı əlilliyinin qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı xx.xx.2020-ci il tarixdə döyüşdə aldığı xəsarətlə (partlayış travması) əlaqədar” sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulmalıdır. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı: Apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-910/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı əlilliyinin qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı xx.xx.2020-ci il tarixdə döyüşdə aldığı xəsarətlə (partlayış travması) əlaqədar” sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulsun.
Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.