Məhkəmə qərarları › İş №2-1(105)-27/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-27/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-27/2023 07.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Rzayev Məhəmmədəli Əsəd oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə 200.000 (iki yüz min) ABŞ dolları məbləğində və dəymiş mənəvi ziyanın əvəzi olaraq 100.000 (yüz min) manat məbləğində kompensasiyanın cavabdeh tərəfindən ona ödənilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-127/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 15 sentyabr 2014-cü il tarixli, 138 saylı torpaq icarəsi müqaviləsinə əsasən, Sumqayıt bələdiyyəsi Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində ümumi sahəsi 45 kv.m olan torpaq sahəsini kommersiya məqsədilə 24 iyul 2039-cu il tarixədək, 25 yanvar 2018-ci il tarixli, 11 saylı torpaq icarəsi müqaviləsinə əsasən isə Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi sahibkarlıq məqsədilə 18 yanvar 2067-ci il tarixədək İddiaçı icarəsinə vermişdir. RX №1210481 seriyalı hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrdən çıxarışa əsasən, Sumqayıt şəhəri, Çerkassi küçəsindəki 0,12 ha torpaq sahəsi üzərində icarə hüququ xx.xx.2067-ci il tarixədək İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

2. Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2015-ci il tarixli Q-11 saylı məktubuna Memarlıq və Şəhərsalma idarəsində razılaşdırılmış eskiz layihəyə əsasən iddiaçıya məxsus Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən sahədə sahibkarlıq obyektinin tikintisinə etiraz edilməmişdir.

3. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış icarə hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən 0,12 ha torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə tərəfindən inşa edilmiş 1200 kv.metr sahəsi olan tikilinin Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz sökülməsi nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 200000 ABŞ dolları, dəymiş mənəvi ziyanın əvəzi olaraq 100000 manat məbləğində pulun ödənilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir.

4. Cavabdeh 02 dekabr 2019-cu il tarixli məktubla cavab olaraq bildirmişdir ki, Sumqayıt şəhəri, Çerkassi küçəsində olan 0,12 ha torpaq sahəsində Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı söküntü barədə inzibati akt qəbul edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, vətəndaş İddiaçı və Sumqayıt bələdiyyəsi arasında 25 yanvar 2018-ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında 0,12 ha torpaq sahəsi icarə qaydasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 29 yanvar 2018-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən tikintiyə icazə verilməsinin ümumi qaydaları tam təfsilatı ilə öz əksini tapmışdır. Qeyd olunan çıxarışa əsasən həmin müddətdən sonra iddiaçı tərəfindən tikinti niyyəti barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinə hər hansı bir müraciət daxil olmamışdır.

5. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Apellyasiya şurasının 30 dekabr 2019-cu il tarixli 06 nömrəli məktubu ilə cavabdehə bildirilmişdir ki, Sumqayıt şəhəri, Çerkassı küçəsində yerləşən torpaq sahəsindəki yarımtikilinin sökülməsi nəticəsində dəymiş mənəvi və maddi ziyanın ödənilməsi ilə bağlı müraciətiniz şurada araşdırılmşdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Apellyasiya şurasına təqdim olunan sənədlərə əsasən məlum olmuşdur ki, vətəndaş İddiaçı və Sumqayıt bələdiyyəsi arasında xx.xx.2018-ci ildə bağlanmış icarə müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixli ******* nömrəli çıxarış təqdim olunmuşdur. Qeyd olunan müddətdən sonra sözügedən ərazidə tikinti işləri aparılmasına icazə verilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət olunmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə 200.000 ABŞ dolları məbləğində və dəymiş mənəvi ziyanın əvəzi olaraq 100.000 manat məbləğində kompensasiyanın cavabdeh tərəfindən ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən 0,12 ha torpaq sahəsi icarə hüququ əsasında iddiaçının adına qeydə alınmışdır. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 1200 kv.m sahəsi olan tikili inşa etmişdir. Tikilinin inşası üçün iddiaçı və həyat yoldaşı Moskva şəhərində yerləşən mənzillərini 100000 ABŞ dollarına satmışlar, "xxxx" ASC-dən 100000 ABŞ dolları məbləğində külli miqdarda kredit vəsaiti götürmüşlər. Lakin həmin tikili inşasının başa çatmasına az qalmış 2016-cı ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən polis əməkdaşlarının və xüsusi texnikanın cəlb edilməsi ilə qanunsuz sökülmüş, nəticədə ona 200000 ABŞ dolları məbləğində maddi və 100.000 manat məbləğində mənəvi ziyan dəymişdir. İddiaçı ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı dəfələrlə cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli cavab məktubunda ərizəsində qaldırdığı məsələyə aidiyyəti olmayan cavab verilərək müraciəti təmin olunmamışdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurası iddiaçının şikayəti ilə əlaqədar hər hansı bir hərəkət etmədən, şikayətçi qismində iddiaçını şuranın iclasına dəvət edərək dinləmədən, şikayəti üzrə Azərbaycan Respublikasının Konstitusiyasının, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının apellyasiya şuraları haqqında nümunəvi Əsasnamə”nin və digər aidiyyəti qanunvericilik aktlarının tələblərinə uyğun qaydada araşdırma aparmadan Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubunda göstərilənlərlə eyni məzmunda 30 dekabr 2019-cu il tarixli, 06 saylı cavab məktubu ilə guya şikayətə cavab vermiş, bununla da vətəndaş və sahibkar kimi bir sıra hüquqları pozulmuşdur. Beləliklə, cavabdeh qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurduğu maddi və mənəvi zərərin ödənilməsindən imtina etdiyinə görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-127/2021 saylı qərarı ilə (hakim V.E.Əzizova) iddianın rədd edilməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının obyektinin məhz Sumqayıt Şəhər İcra Hakimiyyətinin işçiləri tərəfindən sökülməsi halı iş materialları ilə və məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, söküntünün kim tərəfindən həyata keçirilməsi müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçıya tələb olunan məbləğdə ziyanın vurulması da təsdiq edilmir. Belə ki, iddiaçı göstərilən məbləğdə ziyan çəkməsini təsdiq edən sübut, o cümlədən inşaat materiallarının alınması, ustalara xərc çəkilməsi, abadlıq işlərinə sərf edilmiş vəsait barədə hər hansı bir sənəd təqdim etməmişdir.

11. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, vətəndaş Sumqayıt Şəhər İcra Hakimiyyətinə hər hansı bir müraciət etməmişdir. Lakin Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2015-ci il tarixli Q-11 saylı məktubundan görünür ki, Memarlıq və Şəhərsalma idarəsinin razılaşdırılmış eskiz layihəyə əsasən ona məxsus ərazidə yerləşən sahədə sahibkarlıq obyektinin tikintisinə etiraz edilmir. Bununla da cavabdehin fikrinin əsassız olduğu görünür. Həmçinin, cavabdehin nümayəndəsi qeyd etmişdir ki, tikilinin sökülməsi ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti hər hansı inzibati akt qəbul etməmişdir. Akt qəbul etsə idi belə, ona məxsus obyektin cavabdeh tərəfindən sökülməsi üçün heç bir hüquqi zəmin yaranmır. Fərz edilsə ki, obyekt Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməmişdir. Belə olduğu təqdirdə kim tərəfindən sökülməsi sualı yaranır. Məhkəmə nəzərə almamışdır ki, polis əməkdaşları yalnız dövlət orqanlarının göstərişi ilə söküntüyə nəzarət edir. Əgər söküntü heç bir dövlət orqanının göstərişi ilə həyata keçirilməyibsə, bu halda cinayət işi başlanılmalı idi. Buna görə də ona həm maddi, həm mənəvi ziyan dəyməklə yanaşı, mülkiyyət hüququndan da məhrum olur. Obyektin sökülməsi nəticəsində ona maddi ziyan dəyməklə yanaşı, mənəvi ziyan da dəymiş-onun mənəvi, psixoloji sarsıntılar keçirməyinə səbəb olmuşdur.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-456/2021 nömrəli iş üzrə 15 dekabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: R.Ə.Ağayev və İ.K.Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli 2-1(118)-127/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.

c) kassasiya instansiyası məhkəməsində icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-679/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi Z.Quliyev, hakimlər Nümayəndə və R.Nəbizadə) kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(105)-456/2021 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

17. Qərarda qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən, işin həqiqi hallarının və işdəki sübutların araşdırılmasına səthi və formal yanaşmış, faktiki olaraq birinci instansiya məhkəmsinin apardığı ziddiyyətli araşdırmanın nəticələri ilə kifayətlənmişdir.

18. Belə ki, apellyasiya instansiyası məhkəməsi qərarında yazmışdır ki, “iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən yalnız söküldüyü iddia edilən tikilinin bünövrəsinin qoyulduğu görünür”.

19. Beləliklə, birinci instansiya məhkəməsindən fərqli olaraq (xatırladırıq ki, birinci instansiya məhkəməsi fotoşəkilləri mötəbər sübut kimi qiymətləndirməmişdir), sözügedən fotoşəkilləri mötəbər sübut kimi qəbul edir, sadəcə olaraq hesab edir ki, həmin fotoşəkillərdən iddia edilən tikilinin bünövrəsinin qoyulduğu görünür.

20. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdə olan 17 fotoşəkillərdən ən azı 8 fotoşəkillərdə iki (2) nəfər polis işçisinin və digər bir neçə mülki geyimli şəxslərin fotoları aşkar surətdə görünür, lakin apellyasiya məhkəməsi həmin şəxslərin kimlər olmasını müəyyən etməmiş və onların iddiaçıya məxsus ərazidə nə etmələrini araşdırmamışdır.

21. Həmçinin qeyd edilməlidir ki, işdə olan ən azı beş (5) fotoşəkildə ekskavatorun və yük avtomobillərinin artıq sökülmüş sözügedən ərazidə olması açıq-aydın görünür, lakin apellyasiya instansiyası məhkəməsi həmin texnikanı idarə edən şəxslərin müəyyən edilməsi istiqamətində heç bir araşdırma aparmamış, nəticə etibarı ilə sözügedən texnikanın hansı məqsədlə və kim tərəfindən iddiaçıya məxsus əraziyə göndərilməsi məsələsi yoxlanılmamışdır.

22. Digər tərəfdən tikintilərə nəzarət edən dövlət orqanlarının (Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Bələdiyyəyə iddiaçıya aid tikilinin (karkas və ya yarımçıq tikili olsa belə) kim tərəfindən və hansı əsasla söküldüyünün araşdırılması məqsədi ilə sorğular göndərilməmiş, bu istiqamətdə ümumiyyətlə məhkəmə araşdırılması aparılmamışdır.

23. Halbuki, iddiaçıda "xxxx" MMC tərəfindən hazırlanmış və tikilinin eskiz layihəsi və cavabdehin memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixli Q-11 saylı verilmiş həmin eskiz-lahiyəsinin razılaşdırılması da mövcuddur.

24. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh tərəfindən həmin məsələ üzrə “İnzibati icraat haqqında” Qanuna uyğun şəkildə müvafiq inzibati icraatın aparılıb-aparılmaması da apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

26. Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (...)

Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 58. Sübutların araşdırılması qaydası (...) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası (...) 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya baxışının hədləri

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 679/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(105)-456/2021 saylı qərarı ləğv edildiyindən hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi tam yoxlanılır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. İş materiallarına əlavə edilmiş RX №1210481 seriyalı xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrdən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Çerkassi küçəsindəki 0,12 ha torpaq sahəsi üzərində icarə hüququ 2067-ci il tarixədək İddiaçı adına qeydə alınmışdır.

33. DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd xx.xx.2018-ci il tarixli icarə müqaviləsi əsasında İddiaçı icarəyə verilmiş 0,12 ha torpaq sahəsinə dair tərtib edilmişdir.

34. İddiaçının təqdim etdiyi eskiz layihəsindən görünür ki, həmin layihə 2014-cü ildə İddiaçı məxsus qeyri-yaşayış sahəsinə dair tərtib edilmişdir.

35. Sumayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsinin xx.xx.2015-ci il tarixli Q-11 saylı məktubundan görünür ki, Memarlıq və Şəhərsalma idarəsində razılaşdırılmış eskiz layihəyə əsasən iddiaçıya məxsus Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən sahədə sahibkarlıq obyektinin tikintisinə etiraz edilmir.

36. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Apellyasiya Şurasının 06 saylı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı və Sumqayıt bələdiyyəsi arasında xx.xx.2018-ci ildə bağlanmış icarə müqaviləsinə əsasən İddiaçı DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixli ******* nömrəli çıxarış təqdim olunmuşdur. Qeyd olunan müddətdən sonra sözügedən ərazidə tikinti işlərinin aparılmasına icazə verilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət olunmamışdır.

37. İş üzrə şahid qismində dindirilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 3 saylı inzibati ərazi vahidi üzrə nümayəndəsi X3 ifadəsində bildirmişdir ki, iddia ərizəsində göstərilən obyektin bünövrəsi qoyulmuş, lakin tikintisi tam başa çatmamışdır. Söküntü ilə bağlı iddiaçı tərəflə onun arasında heç bir söhbəti olmamış, icra hakimiyyətindən bununla bağlı hər hansı göstəriş verilməmişdir. Söküntünün kim tərəfindən aparılması ona məlum deyildir. Söküntüdən sonra tikinti materiallarını iddiaçı tərəf özü aparmışdır. Texnikanın kim tərəfindən həmin əraziyə gətirdiyindən xəbəri olmamışdır.

38. Məhkəmənin sorğusuna əsasən "xxxx" KB tərəfindən təqdim edilmş xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.1980-ci il tarixdə anadan olmuş Nümayəndə ilə "xxxx" KB” ASC arasında xx.xx.2015-ci il tarixli, N 16/15SU saylı əsas kredit müqaviləsi, xx.xx.2015-ci il tarixli, N 16-1/15SU saylı və xx.xx.2018-ci il tarixli, N 16-2/15SU saylı əlavə kredit müqavilələri bağlanılmışdır. Nümayəndə qeyd olunan həmin əsas və əlavə kredit müqavilələrində nəzərdə tutulan öhdəliklərinin təminatı qismində X2 (ipotekaqoyan) ilə “Unibank'' KB" ASC arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, N 16İ/15SU saylı ipoteka müqaviləsi və X4 (ipotekaqoyan) ilə “Unibank"' KB” ASC arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, N 16İ1/15SU saylı ipoteka müqaviləsinin 1.1-ci bəndində qeyd olunan əmlaklar çıxış etmişdir.

39. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının obyektinin məhz Sumqayıt Şəhər İcra Hakimiyyətinin işçiləri tərəfindən sökülməsi halı iş materialları ilə və məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, söküntünün kim tərəfindən həyata keçirilməsini müəyyən etmək mümkün olmamışdır.

40. Ali Məhkəmənin iş üzrə qərarındakı göstərişlərə uyğun olaraq məhkəmə kollegiyası araşdırma aparmış, tərəflər arasında yaranmış mübahisə üzrə iddiaçıya aid tikilinin (karkas və ya yarımçıq tikili olsa belə) kim tərəfindən və hansı əsasla söküldüyünün araşdırılması məqsədi ilə sorğular verərək, iddiaçıya aid həmin tikilinin kim tərəfindən və hansı əsasla sökülməsi barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur.

41. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin və Sumqayıt bələdiyyəsinin cavab məktublarında sözügedən tikilinin kim tərəfindən sökülməsi barədə məlumat olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin cavab məktubunda həmçinin qeyd olunmuşdur ki, həmin obyekt qeydiyyata alınmamışdır.

42. Sumqayıt şəhər Polis idarəsinin 08 sentyabr 2022-ci il tarixli, 123-35202-1222 nömrəli məktubunda isə qeyd olunmuşdur ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Sumqayıt şəhəri, Çerkassi küçəsində inşa etdiyi tikilinin sökülməsi barədə Sumqayıt ŞPİ-də hər hansı bir müraciəti qeydə alınmadığından, habelə Azərbaycan Respublikasının daxili işlər orqanları tikintiyə nəzarət edən qurum olmadığı üçün bu barədə tərəflərindən hər hansı bir araşdırma aparılmadığından sorğunu cavablandırmaq mümkün deyildir.

43. Məhkəmə kollegiyası həmçinin, işdə olan 17 ədəd fotoşəkillərdən ən azı 8 ədəd fotoşəkillərdə iki (2) nəfər polis işçisinin və digər bir neçə mülki geyimli şəxslərin fotoları aşkar surətdə görünməsini nəzərə alaraq, həmin şəxslərin kimlər olmasını müəyyən etdilməsi və onların iddiaçıya məxsus ərazidə nə etmələrinin araşdırması məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə sorğu vermiş, fotoşəkillərdəki polis işçilərinin Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları olubolmamasının müəyyən edilməsi, əgər həmin şəxslər Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarıdırsa, onların şahid qismində ifadə vermək üçün məhkəmə iclasında iştiraklarının təmin edilməsi xahiş olunmuşdur.

44. Fotoşəkillərdəki iki nəfər polis işçisinin şəxsiyyəti müəyyən olunmuş və məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə vermişdirlər.

45. X5 ifadəsində bildirmişdir ki, hadisəni və ərazinin hara olmasını dəqiq xatırlamır. Polis orqanı söküntünü həyata keçirmir. Çerkassı küçəsi xidmət etdiyi ərazi olmayıb. Rəhbərliyin tapşırığına əsasən ora kömək məqsədi ilə getmişdir.

46. X6 ifadəsində bildirmişdir ki, hadisəni tam xatırlamır. İş yerindən bildiriblər ki, söküntü var və onlar dərhal həmin əraziyə yaxınlaşmışdırlar. Ərazinin hara olmasını dəqiq xatırlamır.

47. Fotoşəkildə olan ekskavatoru və yük avtomobillərini idarə edən şəxslərin müəyyən edilməsi isə mümkün olmamışdır.

48. Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən zərərin vurulması ilə bağlı iddia ərizəsində qeyd edilən halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, o cümlədən göstərilənlər işin araşdırılmış halları və məhkəmə iclasında tədqiq olunan sübutlarla da müəyyən edilməmişdir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi vurulmuş zərərin ödənilməsi ilə bağlı olduğundan zərərin yetirildiyi və həcminin məbləği sübut edilməlidir. Yəni, zərərin ödənilməsi üçün ziyanın mövcud olması, onun qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması şərtdir. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, vurulmuş ziyanla bağlı cavabdehin təqsirli hərəkətlərinin mövcudluğu sübut edilmədiyindən iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2-1(118)-127/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar