Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-270/2021 21.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Quba rayonu Talabıqışlaq bələdiyyəsinin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Quba rayonu Talabıqışlaq bələdiyyəsinə qarşı İddiaçı MMC-nin barəsində Talabıqışlaq bələdiyyəsinin 15 iyul 2019-cu il tarixdə və 17 iyul 2019cu il tarixdə tərtib etdiyi protokol və protokolların 10 və 11 saylı qərarlarının ləğv edilməsi və əsassız hesablanmış 654.435 manat məbləğində mədən vergisinin silinməsinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli 2-1(118)-106/2020 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC Quba rayonu Talabıqışlaq bələdiyyəsinə qarşı iddia qaldıraraq İddiaçı MMC-nin barəsində Talabıqışlaq bələdiyyəsinin 15 iyul 2019-cu il tarixdə və 17 iyul 2019cu il tarixdə tərtib etdiyi protokol və protokolların 10 və 11 saylı qərarlarının ləğv edilməsi və əsassız hesablanmış 654.435 manat məbləğində mədən vergisinin silinməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Talabıqışlaq Bələdiyyəsinin sədri X3 İddiaçı MMC-yə 18 iyul 2019-cu il tarixli 59 saylı məktubla müraciət edərək 25.06.2019-cu il tarixə guya İddiaçı MMC-nin 654 435.00 manat mədən vergisi borcu yarandığını bildirmişdir. Məktubda 15 iyul 2019-cu il tarixli və 17 iyul 2019-cu il tarixli iclas protokollarına istinad olunaraq İddiaçı MMC-nin Talabıqışlaq bələdiyyəsinə olan mədən vergisi borcu barədə məsələlərə baxıldığı və qərarlar qəbul edildiyi və həmin 10, 11 saylı qərarların MMC-yə göndərildiyini bildirmiş və MMC-nin Talabıqışlaq bələdiyyəsinə olan mədən vergisi borcunu bələdiyyənin “Azərpoçt” Quba filialındakı xüsusi hesabına ödənilməsinin təmin edilməsini xahiş etmişdir. 15 iyul 2019-cu il tarixdə və 17 iyul 2019-cu il tarixdə tərtib edilmiş Protokol və protokolların 10 və 11 saylı Qərarları əsassız və qanunsuzdur. Belə ki, yuxarıda qeyd edilən 15 iyul 2019-cu il tarixli protokolun 10 saylı qərarında Quba rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli 1 (027)- 119/2018 saylı hökmü əsasında təqdim edilmiş sənədlər və materiallar nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, 8 ay müddətində yaranmış 140 000,00 manat mədən vergisinin və həmin vergiyə görə hesablanmış digər vergi borcu ilə birlikdə cəmi 630 000,00 manat məbləğində borcun Vergi Məcəlləsinin 57,1, 59.1, və 59,2-ci maddələrinə uyğun olaraq 2017-ci ilin oktyabr ayından 2018-ci ilin iyun ayınadək 8 ay ərzində MMC tərəfindən bələdiyyə büdcəsinə faiz, maliyyə sanksiyası nəzərə alınmaqla 141 440,00 manat məbləğində mədən vergisi borcunun 10 gün müddətində ödənilməli olduğu bildirilmişdir. Quba rayon məhkəməsinin 05.11.2018-ci il tarixli 1 (027)-119/2018 saylı hökmü X1 barəsindədir. Həmin qərar əsas götürülərək MMC barəsində 2017-ci ilin oktyabr ayından 2018-ci ilin iyun ayınadək 8 ay ərzində mədən vergisi olaraq 141 440,00 manat məbləğində mədən vergisi borcu tələb edilə bilməz. Bundan başqa, qeyd edilən qərarda digər vergi borcu ilə birlikdə cəmi 630 000,00 manat məbləğində borcun olduğundan bəhs edilir. Bu borc nə borcdur və nə zaman yaranıb o barədə qərarda bəhs edilmir. Bundan başqa bələdiyyənin 17 iyul 2019cu il tarixli protokolunun 11 saylı qərarında da eyni qayda olaraq Quba rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli 1 (027)-119/2018 saylı hökmü əsas götürülərək 8 ay müddətində yaranmış 140 000,00 manat mədən vergisinin hesablandığını nəzərə alaraq hesablama aparıldığı təqdirdə MMC-nin son 3 il ərzində (36 ay) 63 000 m3 yəni 1 aya istehsal olunduğu 17500 m3-i (140000\8 ay) 36 aya vurulsa (17500 m3 x36 ay) 63 000 m3 istehsal edildiyi əsas gətirilmiş və nəticədə qalıq borc olaraq 630 000,00, faiz borcu olaraq 22 995,00 manat, maliyyə sanksiyası olaraq 1440 manat, cəmi 654 435,00 manat məbləğində mədən vergisi ödənilməli olduğu bildirilmişdir. Bələdiyyənin bu cür fərziyyə ilə hesab aparması hər hansı bir əsasa, o cümlədən qanunvericiliyə söykənmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il tarixli göstərişi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin “sənədlərin qüvvədə olması müddətinin dayandırılması”na dair 30 oktyabr 2017-ci tarixli 01 l/ü saylı əmrinə əsasən MMC-nin ərazidə fəaliyyət göstərməsi rəsmi olaraq dayandırılmışdır. Cəmiyyətin fəaliyyəti olmadığından, fəaliyyəti rəsmən dayandırıldığı, bələdiyyəyə hər-hansı bir hesabat təqdim edilmədiyi halda, Talabıqışlaq bələdiyyəsinin hansı əsaslarla və meyarlara görə MMC-yə necə üç illik hesabat aparıla və mədən vergisi olaraq 654 435,00 manat hesablana bilər? Qeyd edilənlərdən göründüyü kimi, Talabıqışlaq bələdiyyəsi mənbəyi bəlli olmayan məlumatlara istinad edərək, əsassız yerə hesablanmış həmin məbləğin bələdiyyənin hesabına köçürülmədiyini qeyd etmişdir. Talabıqışlaq bələdiyyəsinin hesablanmış mədən vergisinin qanunvericiliklə hansı qaydada aparılması barədə məlumatının olmamasından xəbər verir. Talabıqışlaq bələdiyyəsinin vergi xidməti orqanı “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq vergi və digər qanunvericilik pozuntuları barədə AKT tərtib etməli olduğu və həmin aktın bir nüsxəsini bələdiyyənin sədrinə (yaxud onun müavininə), digər nüsxəsi isə iddiaçıya təqdim etməli olduğu halda bunları etməmişdir. Bunlar azmış kimi, Talabıqışlaq bələdiyyəsi qanunvericiliyin tələbinə əməl etməyərək əsassız yerə hesablamış olduğu məbləğin əldə olunmasına nail olmaq istəyir. Talabıqışlaq bələdiyyəsinin qeyd edilən qərarından çıxarışda bələdiyyənin hansı statusdan çıxış etməsi və hansı əsasa görə mədən vergisinin hesablanması iddiaçıya aydın olmamışdır. Belə ki, 13 may 2019- cu il tarixli 06 saylı qərarda Talabıqışlaq bələdiyyəsinin vergi xidməti orqanı olduğu qeyd edilməmişdir. Yuxarıda göstərilənlərdən göründüyü kimi, Talabıqışlaq bələdiyyəsi tərəfindən tərtib edilən 15 iyul 2019-cu il tarixli və 17 iyul 2019-cu il tarixli Protokol və protokolların 10 və 11 saylı Qərarları ləğv edilməli və Cəmiyyətdən tələb edilən əsassız yaradılmış 654 435,00 (altı yüz əlli dörd min dörd yüz otuz beş) manat məbləğində mədən vergisi silinməlidir. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, "İddiaçı" MMC Talabıqışlaq bələdiyyəsi ərazisində 2011-ci ilin iyul ayından fəaliyyət göstərir. Dəfələrlə "İddiaçı" MMCnin həm baş İdarəsinə, həm də ərazilərindəki daş-çınqıl karxanasının rəhbərliyinə hər ay üçün torpaq və mədən vergisi verməli olduqları barədə, çaydan götürülmüş hər kub xammal üçün 2015-ci ilin dekabr ayının 31-nə kimi 0,5 manat, 2015-ci ildən hal-hazıra kimi isə çaydan götürülmüş xammalın hər kubuna 1,0 manat mədən vergisi ödəməli olmaları barədə məlumat verilmişdir. Bütün vergi ödəyiciləri kimi "İddiaçı" MMC üçün də vergi hesabat dövrü təqvim ayıdır. Hesabat ayı üçün isə mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-sindən gec olmayaraq ödənilməlidir. Mədən vergisi ödəyicisi, yəni "İddiaçı" MMC vergi bəyannaməsini hər ay hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına, yəni yerli bələdiyyəyə təqdim etməlidir. Mədən vergisi gəlirdən məhdudlaşdırılmayan çıxılmalara aid edilir. Mədən vergisinin hesablanmamasına, vaxtında ödənilməməsinə və bəyannamələrin müəyyən edilmiş vaxtda verilməməsinə görə vergi ödəyiciləri və onların vəzifəli şəxsləri Azərbaycan Respublikası Vergilər Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Mədən vergisinin hesabatını və mədən vergisi üzrə öhdəliyin yaranmaması barədə arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin, yəni bələdiyyə sədrinin (onun müavinin) qərarına əsasən maliyyə sanksiyası tətbiq edilir. Aktivləri barədə məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının, yəni bələdiyyənin qərarına əsasən maliyyə sanksiyası tətbiq edilir. Mədən vergisi Vergi Qanununda müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 %-i miqdarında faiz tutulur. Bunları dəfələrlə "İddiaçı" MMC-nin həm Bakı şəhərində olan rəhbərliyinə, həm də daş karxanasını işlədən rəhbərlərinə yazılı və şifahi qaydada bildirmişlər. "İddiaçı" MMC ərazilərində iyun 2011-ci ildən fəaliyyət göstərir. 12.01.2012-ci il tarixdə bələdiyyə tərəfindən 11 saylı məktubla, 01.02.2012-ci ildə 38 saylı məktubla, 17.04.2012-ci ildə 60 saylı məktubla, 26.06.2014-cü ildə 49/2 saylı məktubla,16.10.2014-cü il tarixdə 70 saylı məktubla, 22.04.2015-ci il tarixdə 8/1 saylı məktubla, 04.02.2016-cı il tarixdə 06 saylı məktubla, 10.05.2016-cı ildə 26 saylı məktubla, 30.06.2017-ci ildə 14 saylı məktubla, 16.08.2017-ci ildə 23 saylı məktubla, 13.11.2017 -ci il tarixdə 29 saylı məktubla, 30.11.2017-ci il tarixdə 33 saylı məktubla, 10 fevral 2018-ci ildə 06 saylı məktubla, 02 may 2019-cu il tarixdə 28 saylı məktubla,18.05.2019-cu il tarixdə 34 saylı məktubla, 14.06.2019-cu il tarixdə 48 saylı məktubla, 18.07.2019-cu il tarixdə 59 saylı məktublarla müraciət olunaraq mədən vergisini ödəməsi və bəyannamələrin verilməsi, bələdiyyə ilə üzləşmə aparılması barədə məlumatlar verilmişdir. Onlardan 2012ci ildən hal-hazıra kimi ümumiyyətlə Talabıqışlaq bələdiyyəsinə vergi barədə hər hansı məlumat verib-verməmələri, bələdiyyəyə mədən vergisi bəyannaməsi təqdim edibetməmələri, bələdiyyə büdcəsinə pul ödəyib-ödəməmələri soruşulmalıdır. Ekspert dəvət olunaraq onların istifadə etdikləri çay sahəsi ölçülməli və onların nə qədər mədən vergisi ödəməli olduqları müəyyən edilməlidir. "İddiaçı" MMC-nin Quba rayon məhkəməsinin 05.11.2018-ci il tarixli 1 (027)119/2018 saylı hökmünü əsassız sayması özü qanunvericiliyə tabe olmamağın bariz nümunəsidir. "İddiaçı" MMC qeyd edir ki, Quba rayon məhkəməsinin 05.11.2018-ci tarixli 1(027)-119/2018 saylı hökmü X2 barəsindədir. X2 "İddiaçı" MMC-nin Quba rayonun Talabaqışlaq bələdiyyəsi ərazisində yerləşən qum-çınqıl karxanasının sahə rəisi işləyir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Sumqayıt İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli 2-1(118)-106/2020 saylı qərarı ilə iddia qismən təmin edilmiş, Quba rayonu Talabıqışlaq bələdiyyəsinin 17 iyul 2019-cu il tarixli 11 saylı qərarı ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir. (hakim İ.Quliyev) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının iddianın rədd olunmuş hissəsində ləğv olunmasını və iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan cavabdeh apelyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə 17 iyul 2019-cu il tarixli protokolunun 11 saylı qərarının qanunsuz olduğu barədə haqlı olaraq qərar qəbul etsə də, 15 iyul 2019-cu il tarixli protokolunun 10 saylı qərarına və əsassız hesablanmış 654 435,00 (altı yüz əlli dörd min dörd yüz otuz beş) manat məbləğində mədən vergisinin silinməsinin Talabıqışlaq Bələdiyyəsinə həvalə edilməsinə münasibətdə ədalətli olmamışdır. Belə ki, məhkəmə işi ətraflı araşdırsaydı, məlum olardı ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il tarixli göstərişi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin “sənədlərin qüvvədə olması müddətinin dayandınlması”-na dair 30 oktyabr 2017-ci tarixli 011\ü saylı əmrinə əsasən MMC-nin ərazidə fəaliyyət göstərməsi rəsmi olaraq dayandırılmışdır. Məhkəmə öz qərarında Cəmiyyətin fəaliyyətinin olub-olmaması ilə bağlı cavabdehin hər- hansı bir sübut təqdim edə bilmədiyini qeyd etsə də, nədənsə ətraflı araşdırma aparmadan bələdiyyənin formal mülahizələrinə əsaslanan, təsdiqini tapmayan irəli sürdüyü əsassız arqumentlərə əsaslanaraq iddia tələbinin əsas mahiyyətini təşkil edən əsassız hesablanmış 654 435,00 (altı yüz əlli dörd min dörd yüz otuz beş) manat məbləğində mədən vergisinin silinməsinin Talabıqışlaq Bələdiyyəsinə həvalə edilməsi hissəsində təmin edilməməsi barədə qərar qəbul etmişdir. Məhkəmə də Talabıqışlaq bələdiyyəsinin etdiyi səhvi təkrarlayaraq işin ədalətli araşdırılmasının tərəfdarı olmamışdır. Belə ki, əgər məhkəmə belə bir təşəbbüslə çıxış etsəydi, onda məlum olardı ki, MMC-nin 30 oktyabr 2017-ci ilə qədər və həmin ildən sonrakı dövrdə həmin daş-çınqıl karxanasında hər-hansı bir fəaliyyəti olmamışdır. Cəmiyyətin fəaliyyətinin olmadığı halda analoji olaraq 22 sentyabr 2017-ci il tarixdə cavabdeh akt və qərar tərtib edərək cəmiyyətdən 3.500 000 manat əmlak və torpaq vergisi tələb edirdi. Bələdiyyə tərəfindən əsassız hesablanmış və tələb edilən 3 500 000 manat əmlak və torpaq vergisi iddiaçının tələbinə əsasən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-21(85)-347/2018 saylı 19 fevral 2018-ci il tarixli qərarı ilə silinmişdir. Qeyd edilən qərar Sumqayıt Apellyasiya Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Lakin bütün bu qeyd olunanlara baxmayaraq, cavabdehlə bundan əvvəl də olan mübahisəyə əsasən məhkəmə qaydasında silinən dövr üzrə cavabdeh yenidən mədən vergisi hesablamışdır. Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Qanunvericiliyin tələbindən də göründüyü kimi, eyni verginin təkrar tələb edilməsinə yol verilmir. Bundan başqa, Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikası Qanununun 6.0.2-ci maddəsinə əsasən bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması) mədən vergisi tutula bilər. Hazırkı halda MMC-nin bələdiyyənin ərazisindən hər- hansı bir məhsul hasil etmədiyi və satış həyata keçirtmədiyi üçün bələdiyyənin göstərdiyi kimi mədən vergisi hesablana bilməz. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanurların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Göründüyü kimi, Talabıqışlaq bələdiyyəsinin vergi xidməti orqanı “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq vergi və digər qanunvericilik pozuntuları barədə AKT tərtib etməli olduğu və həmin aktın bir nüsxəsini bələdiyyənin sədrinə (yaxud onun müavininə), digər nüsxəsini isə iddiaçıya təqdim etməli olduğu halda bunları etməmişdir. Bunlar azmış kimi, Talabıqışlaq bələdiyyəsi qanunvericiliyin tələbinə əməl etməyərək əsassız yerə hesablamış olduğu məbləğin əldə olunmasına nail olmaq istəyir, məhkəmə isə bu məsələlərə hüquqi qiymət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 2.1 .-ci bəndinə əsaslanaraq bələdiyyələrin vergi xidməti orqanı bələdiyyələrin qərarına əsasən bələdiyyələrin icra aparatının strukturunda yaradıldıgını əsas gətirərək kifayətlənmişdir. Halbuki məhkəmə işin ədalətli araşdırılmasının tərəfdarı olsaydı, bələdiyyənin tərkibində belə bir struktur varmı, yoxmu ən azından bu məsələni araşdırardı. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, Talabıqışlaq bələdiyyəsinin qeyd edilən qərarından çıxarışda bələdiyyənin hansı statusdan çıxış etməsi və hansı əsasa görə mədən vergisinin hesablanması iddiaçıya aydın olmamışdır. Belə ki, nə 15 iyul 2019cu il tarixli protokolunun 10 saylı qərarında, nə də 17 iyul 2019-cu il tarixli protokolunun 11 saylı qərannda Talabıqışlaq bələdiyyəsinin vergi xidməti orqanı olduğu qeyd edilməmişdir. Bundan başqa, məhkəmə həmin əsasnamənin 5.1-ci bəndinə istinad edərək qeyd etmişdir ki, bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərin və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. Göründüyü kimi, məhkəmə əsasnamənin qeyd olunan normasını səhv təfsir etmiş və mahiyyət etibarı ilə işi ətraflı araşdırmamışdır. Məhkəmənin məsələyə bu cür yanaşması nəticədə ədalətsiz qərar qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, MMC bələdiyyə mülkiyyətində olan hüquqi şəxs deyil, onun özünün ayrıca bələdiyyə ilə heç bir əlaqəsi olmayan, bələdiyyəyə bağlı olmayan təsisçisi vardır. Bundan başqa “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” əsasnamənin 5.3.-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunlarının konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Əsasnamənin tələbindən də göründüyü kimi, bələdiyyə sədri, onun müavinləri və ya üzvləri tərəfindən qərar qəbul edilməsi və ya hər-hansı akt qəbul edilməsi göstərilməmişdir. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.10.-cu bəndinə əsasən bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərar ləğv edilməli və İddiaçıxxxx“İddiaçı MMC” məhkəməyə 2019-cu ilin may ayında müraciət etmiş, iş üzrə 10-dan çox məhkəmə iclası keçirilmiş, məhkəmə iclasları zamanı iddia mahiyyəti üzrə araşdırılmamış, yalnız sonuncu iclasda tərəflərin fikri dinlənilmiş və qərar qəbul edilmişdir. Bələdiyyənin sədri dəfələrlə məhkəmə iclasında iddiaçının iddia tələbinin əsassız olduğunu, İddiaçı MMC-nin iddiada göstərilənlərin əksinə olaraq 2012-ci ildən 2019-cu ilə kimi fasiləsiz olaraq işlədiklərini qeyd etmişdir. Onların işləmələrinə dair isə sübut olaraq bələdiyyə tərəfindən iddiaçıya qarşı vergi borcunun tələb edilməsi ilə bağlı qərar qəbul edildiyi, lakin hər dəfə məhkəmələr vasitəsilə həmin qərarların ləğv edilməsi göstərilmişdir. Bələdiyyə olaraq İddiaçı MMC-yə bəyannamə verməsi və vergi borclarının ödənilməsi ilə bağlı dəfələrlə məktubla müraciət etmişlər. Həmin sübutları iddiaya etiraza əlavə etmişlər. Həmin sübutlar da onu göstərir ki, İddiaçı MMC 2018-ci ildən əvvəl, 2012-ci ildən fəaliyyət göstərmişdir. Bundan başqa, məhkəmə iclasında bələdiyyə olaraq dəfələrlə məhkəməyə vəsatətlə müraciət edərək bildirmişlər ki, İddiaçı MMC-nin 2018-ci ildən geriyə fəaliyyət göstərməsi ilə bağlı məhkəmə ekspertizası təyin edilsin və İddiaçı MMC-nin elektrik enerjisi istehsalı ilə bağlı müəyyən edilmiş ekspertiza zamanı onun fəaliyyət göstəribgöstərməməsi aşkar oluna bilər. Məhkəmə isə vəsatətlərə baxmamış, iş üzrə ekspertiza keçirməmişdir. Beləliklə, məhkəmə tərəfindən İddiaçı MMC-nin iddiası qismən təmin olunarkən, Quba rayonu Talabıqışlaq bələdiyyəsinin 17 iyul 2019-cu il tarixli, 11 saylı qərarı ləğv edilərkən heç bir sübuta əsaslanmamış, ətraflı araşdırma aparılmamışdır. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının iddianın rədd olunmuş hissəsində ləğv edilməsini, iddianın təmin olunmasını və cavabdehin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin olunmamasını və iddiaçının apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.1, 8.0.2, 8.0.3 və 8.0.4-cü maddələrinə əsasən yerli vergilərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi, fiziki şəxslərdən əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi, bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi aiddir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən yerli vergilərin və ödənişlərin yığılmasına, yerli büdcələrə köçürülməsinə və istifadə olunmasına nəzarət bələdiyyələrin müvafiq komissiyaları, habelə seçkili orqanlarda, bələdiyyə qulluğunda işləməyən, yerli məhəllə komitələrinin və vətəndaşların yığıncaqlarında təklif olunan, bələdiyyə iclasında təsdiq olunan nəzarət komissiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 2.1-ci bəndinə əsasən Bələdiyyələrin vergi xidməti orqanı bələdiyyələrin qərarına əsasən bələdiyyələrin icra aparatının strukturunda yaradılır. Həmin Əsasnamənin 3.1.2-ci bəndinə əsasən yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir. Həmin Əsasnamənin 3.3-cü bəndinə əsasən bələdiyyələrin vergi xidməti orqanı bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdən mənfəət vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin, bələdiyyə ərazisində mehmanxanadan və sanatoriyakurort müəssisələrindən alınan yerli ödənişlərin hesablanmasının və ödənilməsinin düzgünlüyünü araşdırmaq məqsədi ilə dövlət vergi orqanlarının keçirdiyi səyyar vergi yoxlamalarında iştirak edə bilər. Bunun üçün bələdiyyə bu bənddə göstərilən səyyar vergi yoxlamalarında bələdiyyənin vergi xidməti orqanının iştirakı barədə dövlət vergi orqanına müraciət etməlidir. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir (3.1, 3.2). Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Qanunun 8.0 və 8.0.3-cü maddəsinə əsasən yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi yerli vergilərə aiddir. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Həmin Əsasnamənin 5.5-ci bəndinə əsasən ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Həmin Əsasnamənin 5.6-cı bəndinə əsasən bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.7-ci bəndinə əsasən ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Həmin Əsasnamənin 5.8-ci bəndinə əsasən bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Həmin Əsasnamənin 5.10-cu bəndinə əsasən Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.11-ci bəndinə əsasən yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və cavabdehin 17 iyul 2019cu il tarixli, 11 saylı qərarının qanunsuz olmasına, 8 aylıq müddətdən başqa dövrlərdə iddiaçı müəssisənin fəaliyyətinin olması, həmin dövrlərdə də eyni istehal həcminin olması ilə bağlı inzibati orqanın hər hansı bir sübut təqdim edə bilməməsinə, cavabdeh tərəfindən 15 iyul 2019-cu il tarixli 10 saylı qərar ilə həmin dövrlərə görə borc hesablandığı halda, 17 iyul 2019-cu il tarixli 11 saylı qərarla da təkrar həmin dövrlərə görə borc hesablanmasına əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, Quba rayonu Talabıqışlaq bələdiyyəsinin 15 iyul 2019-cu il tarixli 10 saylı qərarı ilə Quba rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli 1 (027)- 119/2018 saylı hökmü əsasında 8 ay müddətində yaranmış 140 000,00 manat mədən vergisinin və həmin vergiyə görə hesablanmış digər vergi borcu ilə birlikdə cəmi 141440.00 manat məbləğində borcun Quba rayonu Talabıqışlaq bələdiyyəsinin “Azərpoçt” Quba filialındakı xüsusi hesabına ödənilməsi üçün İddiaçı MMC-yə 10 gün müddət verilmişdir. Quba rayonu Talabıqışlaq Bələdiyyəsinin 17 iyul 2019-cu il tarixli 11 saylı qərarından isə görünür ki, həmin qərarla Quba rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli 1 (027)- 119/2018 saylı hökmü əsasında 8 ay müddətində yaranmış 140 000,00 manat mədən vergisinin hesablandığını nəzərə alaraq İddiaçı MMC tərəfindən son 3 il ərzində 630 000 kub m. Qum-çınqıl istehsal olunduğu müəyyən olunmuşdur. Həmin qərarla iddiaçıya 654435.00 manat mədən vergisi hesablanmışdır. Göründüyü kimi, bələdiyyənin 17 iyul 2019-cu il tarixli, 11 saylı qərarı ilə iddiaçıya əvvəlki üç il dövr üçün 654.435 manat məbləğində vergi hesablanmışdır. İş materiallarına əlavə edilmiş Quba rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli 1 (027)- 119/2018 saylı hökmündən görünür ki, iddiaçı müəssisənin iş icraçısı Ziyadov Seydməhəmməd məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə 140.000 kub m çınqılın istehsalı və təbiətə ziyan vurması ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilmiş və məhkəmə istintaqı zamanı mütəxəssis rəyi ilə müəyyən edilmiş 924.000 manat (140.000 kub.m× 6.6 manat) məbləğində ziyan tam ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh 15 iyul 2019-cu il tarixli qərarı qəbul edərkən həmin hökmə istinad etmişdir. Hökmlə iddiaçı tərəfindən təbiətə ziyan vurulma faktı sübut olunmuş və iddiaçı tərəfindən həmin məbləğ ödənilmişdir. Kollegiya qeyd edir ki, həmin məbləğ üçün hesablanmış mədən vergisi də iddiaçı tərəfindən ödənilməlidir. Bu səbəbdən cavabdehin 15 iyul 2019-cu il tarixli, 10 saylı qərarı əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. İddiaçı iddia edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il tarixli göstərişi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin “sənədlərin qüvvədə olması müddətinin dayandınlması”-na dair 30 oktyabr 2017-ci tarixli 011\ü saylı əmrinə əsasən MMC-nin ərazidə fəaliyyət göstərməsi rəsmi olaraq dayandırılmışdır. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmır. Belə ki, istinad olunan hökmlə müəyyən olunmuşdur ki, MMC-nin ərazidə fəaliyyət göstərməsi rəsmi olaraq dayandırılsa da, o qanunsuz olaraq fəaliyyətini davam etdirmiş və sənədlərin qüvvədən düşmə əmri verildikdən sonra 8 ay fəaliyyət göstərmiş və MMC-nin emal sahəsində 140 000 kub m həcmində təmizlənmiş çınqıl aşkar edilmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlili isə ondan ibarətdir ki, İddiaçı MMC 2012-ci ildən 2019-cu ilə kimi fasiləsiz olaraq işləmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı müəssisə həmin dövrlərdə müəssisənin fəaliyyətinin olmadığını bildirmişdir. Lakin inzibati orqan tərəfindən həmin halların araşdırıldığı, müəssisənin fəaliyyətinin olub-olmaması, iddiaçının vergi öhdəliyi ilə bağlı hər hansı bir yoxlama keçirildiyi müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, bələdiyyə üç illik dövrə görə vergi hesablayarkən Quba rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli 1 (027)-119/2018 saylı hökmünü əsas götürmüş, həmin hökmlə müəyyən olunmuş 8 ay müddətində yaranmış 140000.00 manat mədən vergisinin hesablandığını nəzərə alaraq hesablama aparmışdır. Lakin Quba rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli 1 (027)-119/2018 saylı hökmü ilə müəyyən edilmiş 8 aylıq müddətdən başqa dövrlərdə də müəssisənin fəaliyyətinin olması, həmin dövrlərdə də eyni istehal həcminin olması ilə bağlı inzibati orqan hər hansı bir sübut təqdim edə bilməmişdir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Ümumiyyətlə kollegiya 17.07.2019-cu il tarixli qərarda ifadə olunmuş son 3 il anlayışını qeyri-müəyyən hesab edir. Əgər son 3 il qeyd olunmaqla bələdiyyə tərəfindən 17.07.2016-17.07.2019-cu illər nəzərdə tutulursa, qeyd olunmalıdır ki, həmin 17.07.2019cu il tarixli qərarla bələdiyyə 15 iyul 2019-cu il tarixli 10 saylı qərarı ilə hesabladığı vergini təkrar hesablamışdır. Belə ki, bələdiyyənin 15 iyul 2019-cu il 10 saylı qərarında Quba rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli 1 (027)-119/2018 saylı hökmü əsas götürülmüş, həmin hökmlə müəyyən olunmuş 8 ay müddətində yaranmış 140000.00 manat mədən vergisi hesablanmışdır. Həmin hökmdə vergi öhdəliyinin müəyyən olunduğu dövr 2017-ci ilin oktyabr ayından 2018-ci ilin iyin ayınadək olan dövrü əhatə edir. Kollegiya qeyd edir ki, cavabdeh bələdiyyə 15 iyul 2019-cu il tarixli 10 saylı qərarı ilə həmin dövrlərə görə borc hesabladığı halda, 17 iyul 2019-cu il tarixli 11 saylı qərarı ilə təkrar həmin dövrlərə görə borc hesablamışdır. Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Göründüyü kimi, vergi qanunvericiliyinə əsasən eyni verginin təkrar tələb edilməsinə yol verilmir. Bundan başqa, cavabdehin 17 iyul 2019-cu il tarixli qərarında hesablamanı son 3 il- 17.07.2016-17.07.2019-cu illərə görə aparması nəzərə alınsa, bundan əvvəl də cavabdeh tərəfindən mədən vergisinə və digər vergilərə görə iddiaçıya vergi məbləği hesablanmış və iddiaçı bələdiyyənin həmin qərarının ləğv edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Belə ki, İddiaçı MMC cavabdeh Quba rayon Talabıqışlaq Bələdiyyəsinə qarşı iddiaçı barəsində cavabdehin 22 sentyabr 2017-ci il tarixli aktının, 22 sentyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi və əsassız hesablanmış 3.500.000 manat məbləğində əmlak, torpaq və mədən vergisinin silinməsinin cavabdehə həvalə edilməsinə dair iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-347/2018 saylı 19 fevral 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin müvafiq qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Beləliklə, sözügedən məhkəmə qərarı ilə cavabdeh tərəfindən iddiaçıya 2017-ci ilin sentyabr ayında hesablanmış vergi məbləğinə hüquqi qiymət verilərək cavabdehin qərarının ləğv edilməli olması qərara alınsa da, cavabdeh yenidən eyni dövrə görə iddiaçıya vergi borcu hesablamışdır. Bundan başqa, müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, həmin vergilərin və ödənişlərin alınması ilə bağlı qaydalar “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.3, 5.5, 5.6, 5.7 və 5.8-ci bəndlərində öz əksini tapmışdır. Kollegiya qeyd edir ki, məhkəmə tədqiqatı zamanı cavabdeh tərəfindən 17.07.2019-cu il tarixli qərar qəbul olunan zaman mübahisə predmeti olan vergilərin və ödənişlərin iddiaçıdan tələb olunması ilə bağlı qeyd edilən normalarda göstərilən qaydalara riayət edilməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göstərilən Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçı və cavabdehin apelyasiya şikayətləri təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin və cavabdeh Quba rayonu Talabıqışlaq bələdiyyəsinin apelyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli 2-1(118)-106/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-270/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-270/2021
21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver