Məhkəmə qərarları › İş №2-1(105)-270/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-270/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-270/2022 25.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçılar Gasilov Shakhin və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçılar Gasilov Shakhin və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2-1(118)-106/2021 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçılar Gasilov Shakhin və İddiaçı1 cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, sifarişçisi olduqları və podratçı "xxxx" MMC tərəfindən Abşeron rayonu Masazır kəndində “Yeni Bakı” yaşayış kompleksində inşa edilmiş 2-F saylı binada ümumi sahəsi 38 kv.m, yaşayış sahəsi 18,47 kv.m olan 47 saylı birotaqlı mənzilə dair və 5-A saylı binada ümumi sahəsi 68,69 kv.m və yaşayış sahəsi 33,84 kv.m olan 52 saylı ikiotaqlı mənzilə dair texniki pasportun hazırlanması, Abşeron rayonu Masazır kəndində “Yeni Bakı” yaşayış kompleksində inşa edilmiş 2-F saylı binada ümumi sahəsi 38 kv.m, yaşayış sahəsi 18,47 kv.m olan 47 saylı birotaqlı mənzil üzərində İddiaçı1 və 5-A saylı binada ümumi sahəsi 68,69 kv.m və yaşayış sahəsi 33,84 kv.m olan 52 saylı ikiotaqlı mənzil üzərində Gasilov Shakhinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər.

Birinci instansiya məhkəməsində icraat

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Abşeron rayonu Masazır kəndində inşa ediləcək çoxmənzilli binalarda mənzillərin sifarişçisi olaraq müqavilə əsasında birotaqlı və ikiotaqlı mənzil əldə etmişlər. Binaların tikintisi başa çatdıqdan sonra mənzillər onlara təhvil verilmiş, 2013-cü ildən birotaqlı mənzildə, 2017-ci ildən isə ikiotaqlı mənzildə yaşayırlar. 2019-cu ilin aprel ayında komendantlıq tərəfindən çıxarışların verilməsinə başlandığı bildiriləndən sonra qanunvericilikdə nəzərdə tutulmuş hüquqtəsdiqləyici sənədləri toplayaraq mənzil üzərində hüquqlarının ilkin dövlət qeydiyyatına alınması, çıxarışın verilməsi və texniki pasportun hazırlanması üçün 30.12.2019-cu il tarixdə cavabdehə ərizə ilə müraciət etmişlər. Qanunla nəzərdə tutulan 20 iş günü keçəndən sonra 30 yanvar 2020-cı ildə çıxarış və texniki pasportu almaq üçün cavabdeh orqana müraciət etmişlər. Bu vaxt onlara hazırlanmasını gözlədikləri sənədlər əvəzinə 13.01.2020-ci il tarixində imzalanmış, ancaq göndərilməmiş **********67 saylı cavab məktubu təqdim edilmişdir. Cavabda imtinaya səbəb olaraq sahibi olduqları mənzillərin yerləşdiyi çoxmənzilli binaya 01.04.2019-cu il tarixdə "xxxx" MTK-nın mülkiyyət hüququnun qevdiyyata alınması göstərilir. Cavabdeh maddi hüquq normalarını düzgün tətbiq etmir, bununla da onların konstitusiya ilə qorunan mənzil və mülkiyyət hüquqlarını pozur.

3. Cavabdeh iddia tələbinə etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçıların müraciətinə DƏDRX-nin 4 saylı Ərazi idarəsinə müraciətlərinə verilmiş cavablar imtina kimi qiymətləndirilə bilməz. Belə ki, Abşeron rayonu, Masazır kəndində "xxxx" MTK tərəfindən inşa edilmiş “Yeni ünvan 1 ünvanında yerləşən 52 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar X1 müraciətinə və Abşeron rayonu, Masazır kəndində "xxxx" MTK tərəfindən inşa edilmiş “Yeni ünvan 2 ünvanında yerləşən 47 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar İddiaçı1 müraciətinə 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı, "xxxx" MTK-ya məxsus ünvan 3 ünvanda inşa edilən 5A nömrəli çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüququ 01.04.2019-cu il tarixdə və "xxxx" MTK-ya məxsus ünvan 3 ünvanda inşa edilən 2F nömrəli çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüququnun 06.04.2019-cu il tarixdə qeydiyyata alındığı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq ərizəçilərə bildirilmişdir ki, "xxxx" MTK tərəfindən verilən mənzilə dair hüquqmüəyyənedici sənədlərin əsilləri (kooperativ üzvlərinin ümumi yığıncaq protokoldan çıxarış, maliyyə arayışı, mənzilin planı) idarəyə təqdim ediləcəyi təqdirdə sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq şəkildə baxıla bilər.

4. Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2-1(118)-106/2021 nömrəli qərarı ilə iddiaçılar X1 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı sifarişçisi olduqları və podratçı "xxxx" MMC tərəfindən Abşeron rayonu Masazır kəndində “Yeni Bakı” yaşayış kompleksində inşa edilmiş 2-F saylı binada ümumi sahəsi 38 kv.m, yaşayış sahəsi 18,47 kv.m olan 47 saylı birotaqlı mənzilə dair və 5-A saylı binada ümumi sahəsi 68,69 kv.m və yaşayış sahəsi 33,84 kv.m olan 52 saylı ikiotaqlı mənzilə dair texniki pasportun hazırlanması, Abşeron rayonu Masazır kəndində “Yeni Bakı” yaşayış kompleksində inşa edilmiş 2-F saylı binada ümumi sahəsi 38 kv.m, yaşayış sahəsi 18,47 kv.m olan 47 saylı birotaqlı mənzil üzərində İddiaçı1 və 5-A saylı binada ümumi sahəsi 68,69 kv.m və yaşayış sahəsi 33,84 kv.m olan 52 saylı ikiotaqlı mənzil üzərində X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışların verilməsinə dair müraciətlərinə yenidən baxılması öhdəliyinin cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. (hakim Vəfa Əzizova)

5. Həmin qərardan iddiaçılar apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdirlər.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarının məzmunundan o anlama gəlinir ki, onların mülkiyyət hüquqları pozulmuşdur. Lakin məhkəmə qərarı ilə bu hüquqların müdafiəsini va bərpasını təmin etməyib. Məhkəmə iddianı qismən təmin edərək cavabdehin üzərinə qeyri-müəyyən öhdəlik qoymuşdur ki, bu öhdəliyin icrası iddiaçıların xeyrinə olan inzibati aktın qəbul olunması ilə nəticələnməyəcəkdir. Bu isə mübahisələndirilən qərarın aydın olmamasına, gözlənilən hüquqi nəticələr doğura bilməməsinə dəlalət edir. İşdə olan yaşayış kоmрlеksinin ilkin sifarişçisi və podratçı, mənzil müqaviləsi tərəflərinin hüquq və vəzifələrindən irəli gələn hərəkətləri, kompleksdə binaların tikintisinə vа istismara qəbuluna iсаzənin olmasını təsdiqləyən sübutlar məhkəmə tərəfindən tаm araşdırılıb va düzgün hüquqi qiymətləndirilib. Bu faktiki halın məhkəmə qiymətləndirilməsi ilə tam razılaşırlar. Lаkin məhkəmənin bu araşdırma əsasında gəldiyi hüquqi nəticə ilə razı deyillər. Qərarın nəticə hissəsi onun əsaslandırma hissəsinə, işin faktiki hallarına və araşdırılan sübutların mahiyyətinə uyğun deyil. O cümlədən, cavabdehin üzərinə qoyulan öhdəlik dəqiq müəyyən edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı Gasilov Shakhin (eyni zamanda İddiaçı1 nümayəndəsi) apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

9. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.

Maddə 52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 69. Məhkəmə qərarının forması və məzmunu 69.3. Məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər.

Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat

87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.02.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

13. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiasında bir neçə müstəqil tələb irəli sürmüşdür: 1) sifarişçisi olduqları və podratçı "xxxx" MMC tərəfindən Abşeron rayonu Masazır kəndində “Yeni Bakı” yaşayış kompleksində inşa edilmiş 2-F saylı binada ümumi sahəsi 38 kv.m, yaşayış sahəsi 18,47 kv.m olan 47 saylı birotaqlı mənzilə dair və 5-A saylı binada ümumi sahəsi 68,69 kv.m və yaşayış sahəsi 33,84 kv.m olan 52 saylı ikiotaqlı mənzilə dair texniki pasportun hazırlanması; 2) Abşeron rayonu Masazır kəndində “Yeni Bakı” yaşayış kompleksində inşa edilmiş 2-F saylı binada ümumi sahəsi 38 kv.m, yaşayış sahəsi 18,47 kv.m olan 47 saylı birotaqlı mənzil üzərində İddiaçı1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi; 3) 5-A saylı binada ümumi sahəsi 68,69 kv.m və yaşayış sahəsi 33,84 kv.m olan 52 saylı ikiotaqlı mənzil üzərində X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması.

14. Qərarın əsaslandırma hissəsində birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar Ş.Hasilov və İddiaçı1 mübahisə obyekti olan mənzilləri "xxxx" MMC ilə müqavilələr bağlayaraq əldə etmişlər. Mənzillərin dəyəri tam ödənildikdən sonra mənzillər onlara təhvil verilmişdir. İşin hallarından müəyyən edilir ki, mənzillərin yerləşdiyi yaşayış binaları istismar üçün qəbul edilmişdir, mənzillərin satışı "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanan müqaviləyə əsasən sonuncu MMC tərəfindən həyata keçirilməli olmuşdur. Lakin cavabdeh göstərilən halları nəzərə almayaraq hər dəfə başqa əsaslarla iddiaçılara imtina cavabları vermişdir. Bununla bağlı məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın üzərinə iddiaçıların müraciətinə “İnzibati icraat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri çərçivəsində yenidən baxılması öhdəliyi qoyulmalıdır.

15. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin üzərinə iddiaçıların müraciətinə yenidən baxılması öhdəliyi qoysa da, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsini mümkün etməyən halları göstərməmiş, məhkəmənin hüquqi mövqeyini nədə ifadə etməsini göstərməmiş, bununla bağlı hüquqi əsaslandırma aparmamışdır.

16. İddiaçının tələbinə uyğun qərarın qəbul edilməməsi halları İPM-in 73.3-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin normanı tətbiq edə bilmək üçün isə vacib şərt ondan ibarətdir ki, məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsinin mümkün olmaması halı müəyyən edilmiş olmalıdır. Hazırkı işdə isə məhkəmənin belə bir halı müəyyən etdiyi görünmür.

17. Göründüyü kimi birinci instansiya məhkəməsi mövcud iddia tələbinə dair mahiyyəti üzrə qərar qəbul etməmişdir. İddiaçının yuxarıda qeyd olunan məzmunda mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışların verilməsinə dair müraciətlərinə yenidən baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi olmamışdır.

18. Bundan başqa, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi mənzillərin yerləşdiyi ünvan 3 ünvanında inşa edilən 5A nömrəli çoxmərtəbəli yaşayış binası və ünvan 3 ünvanında inşa edilən 2F nömrəli çoxmərtəbəli yaşayış binası üzərində "xxxx" MMC-nin mülkiyyət hüququ qeydə alınmışdır.

19. Belə olduğu halda qəbul edilmiş və ediləcək məhkəmə qərarlarının həmin hüquqi şəxsin qanunla qorunan maraqlarına toxunması ehtimalı yaranmış olur, lakin işə baxan məhkəmə tərəfindən həmin hüquqi şəxs üçüncü şəxs qismində işə cəlb edilməmişdir.

20. İşə təkrar baxılarkən iddiaçının mübahisələndirdiyi mənzillərin yerləşdiyi yaşayış binasına mülkiyyət hüququ qeydə alınmış "xxxx" MMC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi təmin edilməli, müvafiq sübutlar araşdırılmalı və iddianı mahiyyəti üzrə həll edən qərar qəbul edilməlidir.

21. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2-1(118)-106/2021 nömrəli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar