Məhkəmə qərarları › İş №2-1(105)-270/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-270/2025

14.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-270/2025 14.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əvvəlki dövr üzrə müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5161/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 11 iyul 2005-ci il tarixli, 257 nömrəli Fərmanına əsasən, 1 avqust 2005-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denominasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilirdi. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 15 aprel 2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında“ Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55.000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və 1 aprel 2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, veteran vəsiqəsi 16 yanvar 2024-cü il tarixdə verildiyindən ərizəsində qeyd edilən dövrlər üzrə təqaüdün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 2024-cü ilin yanvar ayında təyin edilmiş 80 manat veteranlıq pulunun əvvəlki, yəni 2021-ci ildən 2024-cü ilədək olan 3 illik dövr üçün hesablanması və hesablanmalı olan 2.860 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müharibə veteranıdır. Döyüşlərdə yaralanıb 3-cü dərəcəli əllilik almışdır. 2016-cı ildən əlilliklə bağlı müavinət ödənilib, 2021-ci il tarixdə əsassız olaraq həmin müavinəti dayandırılmış, məhkəmənin qərarı əsasında iddiası təmin olunmuşdur. Belə olan halda cavabdehin məsuliyyətsizliyi və səhvlərindən ötrü 2021-ci ildən 2024-cü ilədək olan müddət üzrə sosial müavinət ödənilməmişdir. Ödənilməmiş olan 3 illik veteranlar üçün müəyyən edilmiş sosial ödəniş birdəfəlik qaydada verilməlidir. Həmin ödənişin verilməsi üçün müraciət edilsə də, imtina məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçıya 16 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 090832 nömrəli veteran vəsiqəsi verilmişdir. Həmin veteran vəsiqəsi əsasında iddiaçıya 16 yanvar 2024-cü il tarixdən müharibə veteranları üçün nəzərdə tutulan təqaüd ödənilmiş və hazıradək ödənilməkdədir. Qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin təqaüdü almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Veteran vəsiqəsi təqdim olunmamışdan əvvəlki dövr üzrə müavinətlərin Konstitusion prinsiplərin pozulmasına gətirib çıxarır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5161/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya 16 yanvar 2024-cü il tarixdən (veteran vəsiqəsinin verildiyi tarixdən) müharibə veteranları üçün nəzərdə tutulan təqaüd təyin edilmişdir. Cavabdeh tərəfindən ona 12 iyun 2024-cü il tarixli cavab məktubu ilə müharibə veteranı statusunu aldığı tarixdən, yəni 16 yanvar 2024-cü il tarixdən təqaüd təyin edildiyi, əvvəlki 3 il üçün təqaüd ödənilməkdən imtina edildiyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 7 nömrəli əlavəsinin - müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısını 2.33-cü bəndinə görə, müharibə veteranlarına təqaüdün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Vəsiqənin, yəni veteran adını almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə, Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranların təqaüd almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq təqaüdü almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Ona görə də, bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən təqaüdü almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər aylıq müavinətlərlə, 2019-cu ilin aprel ayından isə təqaüdlə əvəz olunmuşdur. Qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin təqaüdü almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında ölkə başçısının 15 aprel 2019-cu il tarixli Fərmanı 1 aprel 2019-cu il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı vəsiqəsi” 8 sentyabr 2023-cü il tarixdə verildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki üç il üçün ödənilməsi qaydası nəzərdə tutulmadığından, hazırkı halda, iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququnu istisna edir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müharibə veteranıdır. Döyüşlərdə yaralanıb 3-cü dərəcəli əllilik almışdır. 2016-cı ildən ona əlilliklə bağlı müavinət ödənilib, həmin əlilliyimlə bağlı müavinət əsassız olaraq 2021-ci il tarixdə dayandırılıb. Əsassız dayandırılmanı mübahisələndirmiş və həmin mübahisə məhkəmə prosesləri get gəl ümumi 2023-cü ilin 2023-cü ilin 11 dekabrında yekunlaşmışdır. Onların 2021-ci il tarixdə əlilliyini dayandırmaqları qanunsuz və əsassız hesab olunmuş, Prezident təqaüdünün ona verilməsi barədə qərar çıxarılmışdır. 2021-ci il tarixdə əsassız olaraq pensiya dayandırılmasa idi, həmin dövrdən 2 il ərzində məhkəmələrdə sürünməz və pensiyanı alardı. Lakin onlar əsassız və haqsız olaraq onu 3 il məhkəmələrdə süründürdülər. Sonda məlum olduki elə səhvi özləri edib. Belə olan halda niyə ödənilməyən 3 illik ödənişdən məhrum olmalıdər. Axı bu onun səhvi deyil, bu İnzibati Orqanın səhvidir. Belə olan halda onların məsuliyyətsizliyi və səhvlərindən ötrü 2021-ci ildən 2024cü ilədək olan müddət üzrə sosial müavinət ödənilmədi. Ödənilməmiş olan 3 illik veteranlar üçün müəyyən edilmiş sosial ödəniş birdəfəlik qaydada verilməlidir. Həmin ödənişin verilməsi üçün müraciət etsədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli imtina məktubu ilə ərizənin icrasından imtina edildi. Sumqayıt İnzibati Məhkəməsi bu halları araşdırmayıb qanunsuz və əsassız qərar qəbul edərək hüquqlarını pozur. Belə ki, 31-ci bənddə qeyd olunur ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Vicdanlılıq prinsipini əsas götürərək onun günahı ucundan deyil, cavabdehin günahı ücbatından verilməyən 3 illik ödənişin verilməsi barədə qərar çıxarılmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 1.0.1 Sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 2. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı:

1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun:

2. Müəyyən edilsin ki, 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; 2.1.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir; 2.2. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən İ qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi verilir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 640 nömrəli Fərmanı:

1. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (İ kitab), maddə 1454) aşağıdakı dəyişikliklər edilsin: ... 1.7. 1.1.7-ci yarımbənd ləğv edilsin; ... “İnzibati icraat haqqında” Azərbaycan Respiblikası Qanunun : Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə hazırki iş üzrə mübahisə predmetini iddiaçıya müharibə veteranı adının verilməsindən əvvəlki dövrə aid müavinətin ödənilməsi ilə bağlı tələb təşkil edir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, veteran vəsiqəsi 16 yanvar 2024-cü il tarixdə verildiyindən ərizəsində qeyd edilən dövrlər üzrə təqaüdün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, qeyd olunan qanunvericilik normalarının təhlilindən görünür ki, artıq xx.xx.2019-cu il tarixdən sonra müharibə veteranı adını və vəsiqəsini almış şəxslərə ödənilməli olan pul vəsaiti təqaüd qismində çıxış etməklə, həmin təqaüdün verilməsi ilə bağlı yaranmış münasibətlər məhz qeyd edilən müvafiq Fərmanın təsiri altına düşməklə, həmin normalara əsasən tənzimlənir. Başqa sözlə, həmin tarixdən sonra bu hüququ əldə etmiş şəxslərin hüqularının müdafiəsi artıq “Sosial müavinətlər haqqında” Azərbyacan Respublikası Qanunun müddəalarının təsiri dairəsinə düşmür. Bu baxımından həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla, əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. İddiaçı indiki halda iddia tələbinin qanuni əsası kimi məhz “Sosial müavinətlər haqqında” Azərbaycan Qanunun müddəalarına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu 1 yanvar 2006-cı ildə qüvvəyə minmişdir. İddiaçıya isə müharibə veteranı statusu 2024-cü il tarixdə verilmişdir. “Sosial müavinətlər haqqında” Qanunun müddəaları bu qanun qüvvəyə mindikdən sonra “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı qüvvəyə minənədək “müharibə veteranı” adı və vəsiqəsi almış şəxslərə şamil oluna bilər. Həmçinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Qanunvericiliyin qeyd olunan normalarının dispozitiv şərtlərindən görünür ki, müharibə veteranı vəsiqəsi təqdim edildiyi andan şəxsin bununla bağlı güzəştlərdən istifadə etmək hüququ yaranır. İndiki halda isə iddiaçıya 2024-cü il tarixdə müvafiq vəsiqə təqdim edilmiş və həmin tarixdən də aylıq təqaüd ödənilməyə başlanılmışdır. Göründüyü kimi, iddiaçıya ödənilən aylıq pul vəsaiti müvafiq Fərmanın tələblərinə əsasən həyata keçirilmiş və onun hüquqi statusu müavinət qismində deyil, məhz təqaüd qismində çıxış etmişdir. Bu baxımından iddiaçının hüququnun yarandığı vaxt qüvvədə olan müvafiq normanın tələbləri tətbiq edilməli olduğu halda, iddiaçı bununla bağlı məhz onun hüquqlarının müdafiəsinin təsiri dairəsinə düşməyən “Sosisal müavinətlər haqqında” Azərbyacan Respublikası Qanunun müddəalarına istinad etməklə, əvvəlki illərin ödənilməsi üçün isə qeyd edilən sosial müavinətlərin tələb edilməsi qanuna uyğun deyildir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilərək, iş üzrə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5161/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar