Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-271/2021 22.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “2020-ci ilin aprel, may, iyun ayları, eləcə də karantin müddəti uzadılacağı təqdirdə növbəti aylar ərzində 190 manat birdəfəlik ödəmənin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair inzibati iş üzrə ərazi aidiyyətinin müəyyənləşdirilməsi məsələsinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin aprel, may, iyun, iyul, avqust ayları, eləcə də karantin müddəti uzadılacağı təqdirdə növbəti aylar ərzində 190 manat birdəfəlik ödəmənin iddiaçıya verilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(112)-6283/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat birdəfəlik ödəmənin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-6283/2020 saylı iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. (hakim Aytən Oruczadə) Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-728/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “2020-ci ilin aprel, may, iyun ayları, eləcə də karantin müddəti uzadılacağı təqdirdə növbəti aylar ərzində 190 manat birdəfəlik ödəmənin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasının məhkəmə aidiyyətinin müəyyən olunması üçün 2- 1(118)-728/2021 saylı iş Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. (hakim Ceyhun Məmmədov) Əsaslandırma hissə Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən hazırkı inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, hazırki işin hallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin aprel, may, iyun, iyul, avqust ayları, eləcə də karantin müddəti uzadılacağı təqdirdə növbəti aylar ərzində 190 manat birdəfəlik ödəmənin iddiaçıya verilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə istinad edərək hazırkı işi ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərmişdir. Qeyd olunan maddədə göstərilir ki, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bakı İnzibati Məhkəməsi qərardadında göstərmişdir ki, iddiaçı hazırki iddia tələbi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onun müraciəti əsasında qəbul edilmiş qərarı (SMS məktubu) mübahisələndirir. Belə halda cavabdeh orqanın imtinası mübahisələndirildiyindən, həmçinin, cavabdehin yurisdiksiyasına Respublikanın bütün rayonları daxil olmaqla, birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğundan, hazırki iş aidiyyəti üzrə baxılması üçün iddiaçının yaşayış yeri üzrə məhkəməyə göndərilməlidir. Sumqayıt İnzibati Məhkəməsi isə hazırki mübahisə üzrə özünü səlahiyyətli saymamış və qərardadında göstərmişdir ki, iddia tələbi üzrə İddiaçı istifadəsində olan mobil nömrəsinə “ona birdəfəlik ödəmə verilməsindən imtina edilməsi” barədə sms göndərilib. İlkin baxışdan həmin sms inzibati akta bənzəsə də, əslində inzibati akt hesab edilə və həmin sms yazının ləğv edilməsinə mübahisələndirmə iddiası kimi baxıla bilməz. İddiaçı ünvanlanan sms yazısı onun üçün hər hansı bir öhdəlik yaratmayıb. Mübahisələndirilən iddia tələbinə artıq qəbul edilmiş və maraqlarına toxunan şəxs üçün hər hansı bir öhdəlik yaratmış inzibati aktın ləğv və ya dəyişdirilməsi aiddir. Ona görə də hesab olunur ki, iddiaçıya göndərilən imtina məktubu mübahisələndirilən iddia kateqoriyasına deyil, öhdəliyin icrası iddiasına aiddir. Belə ki, “Covid-19” xəstəliyi ilə mübarizə sahəsində işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsi haqqında Nazirlər Kabinetinin x xxxxx 2020-ci il tarixli qərarı publik xarakter daşıyır və müəyyən edilmiş kriteriyalara cavab verən işsiz şəxslərə şamil edilir. Hazırki, mübahisə üzrə İddiaçı özünün işsiz şəxslərin kriteriyasına cavab verdiyini, inzibati orqan isə kriteriyaya cavab vermədiyini bildirir. Nəzərə alınmalıdır ki, Nazirlər Kabinetinin x xxxxx 2020-ci il tarixli 127 nömrəli Qərarında inzibati orqan tərəfindən işsizlərə 190 manat birdəfəlik ödəmə veriləcəyi tədqirdə hər hansı inzibati aktın qəbul edilməsi nəzərdə tutulmayıb. ƏƏSMN müvafiq Qərarda qeyd olunmuş kriteriyalara cavab verən şəxslərə 190 manat birdəfəlik ödəməni işsiz şəxslərə verilmiş plastik bank kartına köçürməklə öz vəzifəsini yerinə yetirmiş olur. Bundan başqa məhkəmə onu da qeyd etmişdir ki, işsizlərə 190 manat birdəfəlik ödəmənin həyata keçirilməsi inzibati orqanın vəzifəli şəxsinin subyektiv fikrinə deyil məcburi qüvvəyə malik olan Nazirlər Kabinetinin qərarına əsaslanır. Ona görə də məhkəmə hesab etmişdir ki, İddiaçı iddia tələbi mübahisələndirmə haqqında deyil, öhdəliyin icrası haqqında iddiaya aiddir. İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə görə öhdəliyin icrası haqqında iddia tələblərinə inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə kollegiyası Sumqayıt İnzibati Məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçıya birdəfəlik ödəmə verilməsindən imtina edilməsi barədə sms inzibati akt deyil. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 57.1 və 57.2-ci maddələrinə əsasən, qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir və yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 81.1-ci maddəsinə əsasən, inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Hazırkı iş üzrə birdəfəlik ödəmə verilməsindən imtina edilməsi barədə sms məcburi xarakter daşımır və hər-hansı öhdəlik yaratmır. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan işə cavabdeh orqanın yerləşdiyi ərazi üzrə baxılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş, 2020-ci il yanvarın 1dən qüvvəyə minmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasının 15.12-ci bəndinə əsasən Bakı şəhəri, Yasamal rayonu Bakı İnzibati Məhkəməsinə aid edilmişdir. Azərbaycan Respublikası İPM-in 9.1.3-cü maddəsinə əsasən, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən, məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mövcud inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “2020-ci ilin aprel, may, iyun ayları, eləcə də karantin müddəti uzadılacağı təqdirdə növbəti aylar ərzində 190 manat birdəfəlik ödəmənin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-271/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-271/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver