Məhkəmə qərarları › İş №2-1(105)-271/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-271/2022

27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-271/2022 27.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “01 yanvar 2021-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2-1(118)-1932/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə Sumqayıt inzibati Məhkəməsinə müraciət edərək 01 yanvar 2021-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat:

2. Sumqayıt İnzibati Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2-1(118)-1932/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

3. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: b) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirdi ki, apelyasiya şikayəti verdikdən sonra cavabdeh tərəfindən ona pensiya təyin edilmişdir. Bu səbəbdən ərizə təqdim edərək, AR İPM-nin 55-ci maddəsinə əsasən iddiadan imtina etdiyini bildirmiş və ərizəsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirdi.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

6. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir.

7. Belə ki, iş materiallarına əlavə edilmiş AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 19 aprel 2022-ci il tarixli, **********7 nömrəli məktubundan və məktuba əlavə edilmiş pensiya təyinatı alt sitemindən çıxarışdan görünür ki, iddiaçıya 01.01.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

8. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Həmin Məcəllənin 15.2-ci maddəsində inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər.

9. Həmin Məcəllənin 55.1-ci maddəsinə görə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır.

10. 55.4-cü maddəsinə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.

11. 55.5-ci maddəsinə müvafiq olaraq, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.

12. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı tələbindən imtina etdiyindən iş üzrə icraata xitam verilməlidir.

NƏTİCƏVİ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 67, 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Sumqayıt İnzibati Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2-1(118)-1932/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar