Məhkəmə qərarları › İş №2-1(105)-272/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-272/2025

14.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-272/2025 14.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və X4 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4140/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 1276 nömrəli attestatın surətindən görünür ki, İddiaçı 1 sentyabr 1978-ci il tarixdə 17 nömrəli Texniki Peşə Məktəbinə daxil olmuş və 17 iyul 1979-cu il tarixdə elektrik qaynaqçısı sənəti üzrə tam kursunu bitirmişdir. НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”in surətindən göünür ki, İddiaçı 23 noyabr 1980-ci il tarixdə həqiqi hərbi xidmətə göndərilmiş, 23 noyabr 1982-ci il tarixdə ehtiyata buraxılmışdır. "xxxx" ASC-nin 14 yanvar 2022-ci il tarixli, GM-SSH-001 nömrəli “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışan dair” arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əl qaynaqçısı vəzifəsində Azsantexmontaj trestinin nəzdində “Santexdetal” zavodunda 30 avqust 1979cu il tarixdən 14 oktyabr 1980-ci il tarixədək (1 il 1 ay 14 gün), 23 noyabr 1980-ci il tarixdən 23 noyabr 1982-ci il tarixədək hərbi xidmətə çağrılmış (2 il), hərbi xidmətdən sonra fəaliyyətini həmin müəssisədə 11 yanvar 1983-cü il tarixdən 27 dekabr 2005-ci il tarixədək əl qaynaqçısı kimi çalışmışdır. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 26 il 00 ay 00 gün (əmək kitabçasına əsasən) təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Metallurgiya istehsalı sahəsində əl qaynaqçısından ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 3.2 bəndinin “a” yarımbəndinə əsasən əl ilə qaynaqçı vəzifəsi ilə müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir və güzəştli şərtlərlə yaşa görə pensiya hesablanması hüququ verilir. Azərbaycan Respublikası DƏK-nin 21 oktyabr 1998-ci il tarixli 1328 saylı sərəncamına əsasən zavod "xxxx" ASC çevrilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 01 fevral 2022-ci il tarixli imtina məktubundan görünür ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq bugünə 50.640 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı hazırda cəmi 19.876,26 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 23 fevral 2023-cü il tarixli imtina məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən ИТ-l ******* nömrəli əmək kitabçasında 30 avqust 1979-cu il - 14 oktyabr 1980-ci il və 11 yanvar 1983-cü il - 27 dekabr 2005-ci il tarixləri arasındakı dövrlər ərzində Azsantexmontaj trestinin nəzdində “Santexdetal” zavodunda elektrik qaynaqçısı, sözügedən müəssisənin 14 yanvar 2022-ci il tarixli GM/SSH-001 nömrəli arayışında isə həmin dövrlər ərzində əl qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı “Santexdetal” zavodunun 21 oktyabr 1998-ci il tarixdən "xxxx" ASC-yə çevrildiyi və həmin tarixdən istehsal fəaliyyətinin olmadığı, sözügedən arayışda qeyd olunan məlumatların əmək kitabçası əsasında tərtib olunduğu müəyyən edilib. Bu fakt "xxxx" ASC-nin 15 fevral 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Bu səbəbdən də ümumi iş stajı 25 ildən az (18 il 10 ay 24 gün (30 avqust 1979-cu il – 14 oktyabr 1980-ci il, 23 noyabr 1980-ci il – 23 noyabr 1982-ci il, 11 yanvar 1983-cü il – 21 oktyabr 1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40.320 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17.503,28 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdehin 4 iyun 2024-cü il tarixli, 3-17-1/2-130519/2024 nömrəli məktubundan görünür ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi - ******* nömrəli əmək kitabçasında 30 avqust 1979-cu il - 14 oktyabr 1980-ci il və 11 yanvar 1983-cü il - 27 dekabr 2005-ci il tarixləri arasındakı dövrlər ərzində Azsantexmontaj trestinin nəzdində “Santexdetal” zavodunda elektrik qaynaqçısı, sözügedən müəssisənin ona dair 14 yanvar 2022-ci il tarixli, GM/SSH001 nömrəli arayışında isə həmin dövrlər ərzində əl qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən adıçəkilən şəxsin iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı “Santexdetal” zavodunun 21 oktyabr 1998-ci il tarixdən "xxxx" ASC-yə çevrildiyi və həmin tarixdən istehsal fəaliyyətinin olmadığı, sözügedən arayışda qeyd olunan məlumatların əmək kitabçası əsasında tərtib olunduğu müəyyən edilib. Bu fakt "xxxx" ASC-nin 15 fevral 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Bu səbəbdən də, onun ümumi iş stajı 18 il 10 ay 24 gün (30 avqust 1979-cu il - 14 oktyabr 1980-ci il, 23 noyabr 1980-ci il - 23 noyabr 1982-ci il, 11 yanvar 1983-cü il - 21 oktyabr 1998-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Eyni zamanda adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40.320 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19.043,57 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "xxxx" ASC-nin 4 iyul 2024-cü il tarixli, GM/SSH-004 nömrəli məktubundan görünür ki, “Santexdetal” zavodu 1998-ci ildə auksion satışı zamanı alınıb və Azərbaycan Respublikasının DƏKnin 21 sentyabr 1998-ci il tarixli, 1328 saylı qərarı ilə "xxxx" X14 Cəmiyyətə çevrilib, 14 oktyabr 1998-ci il tarixli, PK-601 saylı əmrlə X14 Cəmiyyətə X1 təyin edilib və hal-hazırada X8 Cəmiyyətin sədri vəzifəsində çalışır. Qeyd edilir ki, 1998-ci il tarixdən bu günə kimi zavod "xxxx" X14 Cəmiyyəti kimi fəaliyyət göstərir. İddiaçı bu zavodda 30 avqust 1979-cu il tarixdən 27 dekabr 2005-ci il tarixədək ventilasiya sexində sinkli və qara metalların əl elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. Cavabdehin 3 oktyabr 2024-cü il tarixli, 3-17-1/2-239312/2024 nömrəli məktubundan görünür ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixədək 19 il 9 ay 10 gün (1 sentyabr 1978-ci il-17 iyul 1979-cu il (peşə təhsil dövrü), 30 avqust 1979-cu il-14 oktyabr 1980-ci il, 23 noyabr 1980-ci il-23 noyabr 1982-ci il (hərbi xidmət dövrü), 11 yanvar 1983-cü il-21 oktyabr 1998-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 25 oktyabr 2024-cü il tarixli, 3-29-63/2-M-8xx-xx/2024 nömrəli arayşından görünür ki, İddiaçı 1 sentyabr 1978-ci il tarixdə 17 nömrəli X15 Məktəbinin “Əl qaynağı” ixtisasına qəbul olmuş və 25 iyul 1979-cu il tarixdə həmin ixtisası əyani formada bitirmişdir. Onun adına yazılmış 1276 nömrəli attestat təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 6 noyabr 2024-cü il tarixli, 3-48- DA-10F/2-751-2024 nömrəli məktubundan görünür ki, Sumqayıt Santexnik Hissə ASC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyindən, vətəndaş İddiaçı iş stajı barədə məlumatın verilməsi mümkün olmamışdır. "xxxx" ASC-nin 1 noyabr 2024-cü il tarixli, GM/SSH-004 nömrəli məktubundan görünür ki, "xxxx" X14 Cəmiyyəti 1998-ci ildən hal-hazıra kimi fasiləsiz olaraq fəaliyyət göstərir. İddiaçı bu zavodda 30 avqust 1979-cu il tarixdən 27 dekabr 2005-ci il tarixədək davamlı olaraq ventilasiya sexində sinkli və qara metalların əl elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. O dövrə aid olan sənədlər təhvil-təslim olunmadığından tələb edilən sorğunun cavablandırılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 55 yaşının tamam olduğu 15 avqust 2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu 15 avqust 2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1961-cı il tarixdə Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində anadan olmuşdur. Güzəştli şərtlərtlə əmək pensiyasının təyin edilməsinə dair cavabdeh təşkilata etdiyi müraciətə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat İdarəsindən imtina məktubu almışdır. Cavabdeh təşkilatın imtina məktubu qanunsuz və əsassızdır, qanuni həqiqəti əks etdirmir. Belə ki, əmək fəaliyyətinə xx.xx.1979-cu ildən başlamışdır. xx.xx.1979-cu ildən xx.xx.1980-ci il tarixinədək "Santexdetal" zavodunda Azsantexmontaj trestinin nəzdində əl qaynaqçısı vəzifəsində çalımışdır. xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilə qədər hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra fəaliyyətini həmin müəssisədə xx.xx.1983-cü ildən xx.xx.2005-ci il tarixinədək əl qaynaqçısı kimi çalışmışdır. İşlədiyi əl qaynaqçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 3.2-ci bəndinin "a" yarımbəndinə əsasən əl ilə qaynaqçı vəzifəsi ilə müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir və güzəştli şərtlərlə yaşa görə pensiya hesablanması hüququ verilir. Yəni, "Əmək pensiyaları haqqında" Qanunun qüvvəyə mindiyi tarixədək (xx.xx.2006-cı il) mənim ümumi iş stajım 26 ildən artıq olmuşdur və bütün əmək fəaliyyətim əl qaynaqçısı peşəsi ilə əlaqədardır. Ona görə də onun pensiya təyinatına qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunu tətbiq edilməlidir. Yəni cavabdeh təşkilatın pensiya kapitalı ilə bağlı gətirdiyi dəlillər əsassızdır. Çünki əvvəlki Qanunvericilikdə pensiya kapitalı anlayışı mövcud deyil. Əlavə olaraq cavabdeh təşkilat 2-ci imtina məktubunda onun xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan iş stajımı müəssisənin işləməməsi ilə bağlı mülahizələr əsasında qəbul etməmişlər. Bu isə doğru deyil. Çünki müəssisə bu günə qədər fəaliyyət göstərir, müəssisənin çevrilməsi də əmək kitabçasında qeyd olunmuş və əmək fəaliyyətinə xx.xx.2005-ci ilə kimi davam etdirmişdir. Cavabdeh təşkilatın gətirdiyi dəlillər formal mülahizələrdir və heç bir əsası yoxdur. Ona 55 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli səllərlə əmək pensiyası təyin edilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair ərizəsinin dəlilləri Cavabdeh iddia tələbinə qarşı ərizəsində qeyd etmişdir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə emək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmiş, onun müraciəti üzrə inzibati araşdırma aparılmış, araşdırma nəticəsində ümumi sığorta stajnın qanunvericilklə tələb olunan 25 il müddətdən az olması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı müraciəti araşdırılarkən təqdim etdiyi əmək kitabçasının surətinə əsasən ümumi və güzəştli sğorta stajının 18 il 10 ay 24 gün təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçun fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə bu günə 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı hazırda cəmi 17503,28 manat təşkil edir. İddiaçının təqdim etdiyi əmək kitabçasının, hərbi biletin, 14 yanvar 2022-ci il tarixli GM/SSH-001 nömrəli arayışın surətinə əsasən: - 30 avqust 1979-cu il tarixdən 14 oktyabr 1980-ci il tarixədək; - 23 noyabr 1980-ci il tarixdən 23 noyabr 1982-ci il tarixədək; - 11 yanvar 1983-cü il tarixdən 21 oktyabr 1998-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla, ümumi və güzəştli sığorta stajı 18 il 10 ay 24 gün təşkil edir. İddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövləri Azsantexmontaj trestinin nəzdində “Santexdetal” zavodunda işlədiyini iddia etdiyi 21 oktyabr 1998-ci il tarixdən 27 dekabr 2005ci il tarixədək 7 il 2 ay 6 gün ümumi və güzəştli əmək fəaliyyəti dövrlərindən və 1 sentyabr 1978-ci il tarixdən 17 iyul 1979-cu il tarixədək təhsil aldığı dövrdən ibarətdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi ******* nömrəli əmək kitabçasına əsasən, Azsantexmontaj trestinin nəzdində “Santexdetal” zavodunda elektrik qaynaqçısı, sözügedən müəssisənin 14 yanvar 2022-ci il tarixli GM/SSH-001 nömrəli arayışında isə həmin dövrlər ərzində əl qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı əmək kitabçasında qeyd olunan 21 oktyabr 1998-ci il tarixdən 27 dekabr 2005-ci il tarixədək (7 il 2 ay 6 gün) mübahisələndirilən əmək fəaliyyəti dövləri aşağıdakı səbəblərdən sığorta stajına daxil edilməmişdir. İddiaçının sığorta stajı barədə yerində yoxlama aparılmış, 15 fevral 2023-cü il tarixli birgə akt tərtib olunmuşdur. Həmin aktın məzmunu ilə “Santexdetal” zavodunun 21 oktyabr 1998-ci il tarixdən "xxxx" ASC-yə çevrildiyi, həmin tarixdən istehsal fəaliyyətinin olmadığı və arayışda qeyd olunan məlumatların əmək kitabçası əsasında tərtib olunduğu müəyyən edilmişdir. Bununla bağlı qeyd edilir ki, sözügedən akt "xxxx" ASC-nin sədri Eldar Cəfərovun iştirakı ilə aparılmış qarşılıqlı yoxlama zamanı tərtib edilmiş və aktda qeyd olunan məlumatların həqiqiliyi onun tərəfindən təsdiq edilmişdir. Belə ki, iddiaçının 21 oktyabr 1998-ci il tarixdən fəaliyyəti olmadığı bildirilən "xxxx" ASC-də işlədiyini və müəssisədən 14 yanvar 2024-cü il tarixli güzəştli arayış təqdim edərək işlədiyini iddia etməsi əsassız və qanunsuzdur. İddiaçının təhsil aldığı 1 sentyabr 1978-ci il tarixdən 17 iyul 1979-cu il tarixədək (10 ay 17 gün) olan dövrə münasibətdə bildirilir ki, iddiaçı tərəfindən təsdiqedici sənəd olaraq 1276 nömrəli attestatın surəti təqdim edilsə də, attestatın surətində iddiaçının əyani təhsil alması barədə məlumat əks olunmamışdır. Bununla bağlı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tanxli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.4-cü maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1- dək olan dövr üzrə əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən müəyyən edilir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4140/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu 15 avqust 2018-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 21 oktyabr 1998-ci il tarixdən 27 dekabr 2005-ci il tarixədək olan dövr ilə bağlı. "xxxx" ASC tərəfindən təqdim edilmiş arayışlardan müəyyən edilir ki, iddiaçı əl qaynaqçısı vəzifəsində Azsantexmontaj trestinin nəzdində “Santexdetal” zavodunda 30 avqust 1979-cu il tarixdən 14 oktyabr 1980-ci il tarixədək (1 il 1 ay 14 gün), 23 noyabr 1980-ci il tarixdən 23 noyabr 1982-ci il tarixədək hərbi xidmətə çağrılmış (2 il), hərbi xidmətdən sonra fəaliyyətini həmin müəssisədə 11 yanvar 1983-cü il tarixdən 27 dekabr 2005-ci il tarixədək əl qaynaqçısı kimi çalışmışdır. İşlədiyi vəzifə üzrə iş stajı 26 il təşkil edir. 1998-ci il tarixdən bu günə kimi zavod "xxxx" X14 Cəmiyyəti kimi fəaliyyət göstərir. İddiaçı bu zavodda 30 avqust 1979-cu il tarixdən 27 dekabr 2005-ci il tarixədək ventilasiya sexində sinkli və qara metalların əl elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. O dövrə aid olan sənədlər təhvil-təslim olunmadığından tələb edilən sorğunun cavablandırılması mümkün olmamışdır. Eyni zamanda, cavabdeh etirazında bildirir ki, qeyd olunan məlumatlar yalnız əmək kitabçası əsasında tərtib olunmuşdur, bu səbəbdən də həmin məlumatları mötəbərli hesab etmir. Lakin qanunvericiliyin müddəalarına əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsi). Cavabdehin həmin əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinə əsaslı şübhələr olsa belə, tərəfindən mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbirlər görülməmişdir. Odur ki, məhkəmə hazırkı dəlili əsassız hesab edir. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim edilmiş arayışlardan müəyyən edildiyi kimi, “Santexdetal” zavodu 1998-ci ildə "xxxx" X14 Cəmiyyətə çevrilmiş, 1998-ci il tarixdən bu günə kimi zavod "xxxx" X14 Cəmiyyəti kimi fəaliyyət göstərdiyi üçün, bunun əksini isə sübuta yetirə bildmədiklərindən, etirazda qeyd ediln dəlil məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. 1 sentyabr 1978-ci il tarixdən 17 iyul 1979-cu il tarixədək təhsil aldığı dövr ilə bağlı. Məhkəmə tərəfindən iş materialında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı 1 sentyabr 1978-ci il tarixdə 17 nömrəli Texniki Peşə Məktəbinə daxil olmuş və 17 iyul 1979-cu il tarixdə elektrik qaynaqçısı sənəti üzrə tam kursunu bitirmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin arayışı ilə də müəyyən olunur ki, iddiaçı 1 sentyabr 1978-ci il tarixdə 17 nömrəli X15 Məktəbinin “Əl qaynağı” ixtisasına qəbul olmuş və 25 iyul 1979-cu il tarixdə həmin ixtisası əyani formada bitirmişdir. Onun adına yazılmış 1276 nömrəli attestat təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. Eyni zamanda, qanunvericiliyə əsasən Azərbaycan Respublikası ərazisində peşə təhsili müəssisələrində təhsilalma əyani formada həyata keçirilir. Belə ki, hazırkı halda iddiaçının attestatının mötəbərliyi mübahisələndirilmir və Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuşdur. Qeyd edilənlərə əsasən onun qiyabi formada peşə təhsilin alınması qeyri-mümkündür. Bununla da müəyyən olunur ki, cavabdeh orqanın 1 sentyabr 1978-ci il tarixdən 17 iyul 1979-cu il tarixədək təhsil aldığı dövrlər ilə bağlı dəlili də əsassız olmuşdur. Məhkəmə prosesi gedişində sorğuya cavab olaraq “müvafiq məlumatın göndərilməsi haqqında” məktubda iddiaçının ümumi iş stajının 1 yanvar 2006-cı il tarixədək 19 il 9 ay 10 gün təşkil etdiyi bildirilmişdir. Bura daxil edilən dövrlər: - 1 sentyabr 1978-17 iyul 1979-cu il (peşə təhsili dövrü), - 30 avqust 1979-14 oktyabr 1980-ci il; - 23 noyabr 1980-23 noyabr 1982-ci il (hərbi xidmət dövrü); - 11 yanvar 1983-21 oktyabr 1998-ci il. Göründüyü kimi, etirazda qeyd edilən peşə təhsilini əhatə edən dövr ümumi iş stajına daxil edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala müraciət etmiş, xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-36547/2023 nömrəli məktub ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı müraciəti araşdırılarkən təqdim etdiyi əmək kitabçasının surətinə əsasən ümumi və güzəştli sığorta stajının 19 il 9 ay 10 gün təşkil etdiyi, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi ve fərdi hesabının sığorta hissəsində 17503,28 manat pensiya kapitalı təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasının, hərbi biletin, 14.01,2022-ci il tarixli GM/SSH-001 nömrəli arayışın surətinə əsasən mübahisəlendirilən əmək fəaliyyəti dövləri Azsantexmontaj trestinin nəzdində “Santexdetal” zavodunda işlədiyini iddia etdiyi xx.xx.1998-ci il tarixdən xx.xx.2005-cı il tarixədək 7 il 2 ay 6 gün ümumi və güzəştli əmək fəaliyyəti dövrlərindən ibarətdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi ******* nömrəli əmək kitabçasına əsasən Azsantexmontaj trestinin nəzdində “Santexdetal” zavodunda elektrik qaynaqçısı, sözügedən müəssisənin xx.xx.2022-ci il tarixli GM/SSH-001 nömrəli arayışında isə həmin dövrlər ərzində əl qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1998-ci il tarixdən xx.xx.2005-cı il tarixədək (7 il 2 ay 6 gün) mübahisələndirilən əmək fəaliyyəti dövləri xx.xx.2023-cü il tarixli birgə aktın məzmunu ilə “Santexdetal” zavodunun xx.xx.1998-ci il tarixdən “Sumqayıt Santexnik Hissə" ASC-yə çevrildiyi, həmin tarixdən istehsal fəaliyyətinin olmadığı və arayışda qeyd olunan məlumatların əmək kitabçası əsasında tərtib olunduğu müəyyən edildiyindən sığorta stajına daxil edilməmişdir. Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixli güzəştli arayış təqdim edərək "xxxx" ASC-də əl qaynaqçısı işlədiyini iddia etsə də, iddiaçının əmək kitabçasında işlədiyi qeyd olunan vəzifə ilə tərəfindən təqdim edilən arayışda qeyd olunan vəzifə fərqli vəzifələr olsa da, məhkəmə tərəfindən əhəmiyyətli məsələ kimi qiymətləndirilməyərək, buna münasibət bildirilməmişdir. İddiaçının sığorta stajı barədə "xxxx" ASC-də, sədri Eldar Cəfərovun iştirakı ilə aparılmış yoxlama nəticəsində birgə tərtib edilən xx.xx.2023-cü il tarixli aktın məzmunu ilə “Santexdetal” zavodunun xx.xx.1998-ci il tarixdən "xxxx" ASC-yə çevrildiyi, həmin tarixdən istehsal fəaliyyətinin olmadığı və xx.xx.2024-cü il tarixli güzəştli arayışda qeyd olunan məlumatların əmək kitabçası əsasında tərtib olunduğu müəyyən edilmişdir.Aktın məzmununda qeyd olunanların həqiqiliyi onun tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Qeyd olan ziddiyyətlər məhkəməyə məlum olsa da, məhkəmə tərkibi bununla bağlı araşdırmama aparmamış, cavabdeh tərəfindən təqdim edilən bu sübuta hüquqi qiymət verməmiş, xx.xx.2024-cü il tarixli güzəştli arayış əsassız və qanunsuz olduğu halda, mötəbər sübut kimi qiymətləndirmişdir. Əlavə olaraq, məhkəmə iclasında dindirilən şahidlərin ifadələri arasında ziddiyyətli və uyğunsuz hallar olması və məhkəmənin buna münasibət bildirməməsi iddiaçının əleyhinə olan halların araşdırılmaması və onlara hüquqi qiymət verilməməsi həqiqətini sübut edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, xahiş etdi hissəsinə xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə pensiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi kimi əlavə edilməklə, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni nəzərə alaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Vətəndaşaların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 13 Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri ..... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrindəvəbirləşmələrindəolmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti ..... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktorantura da və klinik ordinaturada təhsil müddəti .... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №li Qanununa əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmjin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzfələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il traixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə əsasən sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.2-ci bəndi) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyinedilməsi üçün güzəştli şərtlərləpensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh inzibati orqan tərəfindən imtinası onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi iş stajı 25 ildən az (18 il 10 ay 24 gün (30 avqust 1979-cu il – 14 oktyabr 1980-ci il, 23 noyabr 1980-ci il – 23 noyabr 1982-ci il, 11 yanvar 1983-cü il – 21 oktyabr 1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir,hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40.320 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17.503,28 manat təşkil edir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı siyahı üzrə 57 yaşdan güzəştli şərtlər pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 57 yaşının tamam olması, 2) xx.xx.2006-ci ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması və 3) xx.xx.2006-ci ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1961-cı il təvələddlü olmaqla, 57 yaşı xx.xx.2018-ci il tarixdə tamamlanmışdır. İddiaçı əmək pensiyasının təyin edilməsi ilə bağlı 17 yanvar 2022-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi iş satjı kimi 19 il 9 ay 10 gün malik olduğunu və 12 il 6 ay güzəştli iş stajına malik olduğunu qəbul edir. Həmçinin, kollegiya onu qeyd edir ki, iddiaçının qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına malik olması halı iş materialları (əmək kitabçası, işəgötürən tərəfindən verilmiş arayış və s.) əsasında da öz təsdiqini tapır. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçının qanunla tələb olunan 25 il ümumi iş stajına aid, habelə pensiya kapitalına aid şərtin ödənilmədiyini qeyd edir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.1998-xx.xx.2005-ci il tarixədək “Santexdetal” zavodunda işlədiyi dövrləri mübahisələndirir, əsas kimi həmin zavodun "xxxx" ASC-yə xx.xx.1998-ci ildən çevrildiyi və fəaliyyətinin olmaması və həmin ASC tərəfindən təqdim edilmiş arayışda qeyd olunan məlumatların əmək kitabçası əsasında tərtib edilməsi hallarına istinad etmişdir. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçının xx.xx.1979-cu ildən qeyd edilən zavodda işləməsi, zavodun müvafiq ASC-yə çevrilməsi, habelə iddiaçının xx.xx.2005-ci il tarixdə öz xahişi ilə işdən azad olunması barədə ona məxsus əmək kitabçasında qeydlər öz əksini tapmışdır. İndiki halda isə cavabdeh tərəfindən əmək kitabçasının mötəbərliyini şübhə altına alan heç bir dəlilə istinad edilməmiş, buna dair heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, müvafiq ASC tərəfindən arayış təqdim edilərək, iddiaçının həmin müəssisədə xx.xx.1979-cu ildən xx.xx.2005-ci ilədək əl qaynaqçısı kimi çalışdığı, 26 il ümumi iş stajının olduğu, işlədiyi vəzifənin müvafiq siyahı üzrə güzəştli pensiya hüququna əsas olduğu, habelə zavodun ASC-yə çevrilməsi əsasları qeyd edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, müvafiq ASC-nin arxiv sənədləri dövlət mühafizəsinə təhvil verilmədiyindən, məlumat verilməsi mümkün olmamışdır. Eyni zamanda iş materiallarından görünür ki, "xxxx" X14 Cəmiyyəti tərəfindən iddiaçının xx.xx.1979-cu ildən xx.xx.2005-ci ilədək davamlı olaraq əl elektrik qaynaqçısı peşəsində işlədiyi, o dövrə aid sənədlər onlara təhvil-təslim olunmadığından tələb olunan sənədlərin təqdim edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Göründüyü kimi iddiaçının mübahisələndirilən dövrlərdə (xx.xx.1998-xx.xx.2005) həmin müəssisədə işləməsi halı həm əmək kitabçasında əks olunmuş qeydlər, həm də işəgötürən tərəfindən verilmiş arayış əsasında öz təsdiqini tapır. Hansı ki həmin dövrdə qüvvədə olan qnaunvericilik normasının tələbinə əsasən iş stajını təsdiq edən sənəd qimsində məhz əmək kitabçası çıxış etmişdir. İndiki halda isə əmək kitabçasının mötəbərliyi cavabdeh tərəfindən şübhə altına alan hər hansı dəlil təqdim edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının həmin müəssidə işə qəbul və ya işdən azad olunmasına dair əmrlərin və ya digər sənədlərin hazırda mövcud olmaması halı məhz işəgötürənin öz səlahiyyətlərini lazımi qaydada icra etməməsinin nəticəsində baş vermişdir. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh inzibati orqan işəgötürən tərəfindən təqdim edilmiş arayışın yalnız əmək kitabçası əsasında verilməsi ilə bağlı istinad etdiyi hallar əsassız olmuşdur. Həmçinin, kollegiya onu qeyd edir ki, işin müəyyən edilmiş halları əsasında iddiaçının işlədiyi zavod müvafiq Sərəncam əsasında ASC-yə çevrilmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən bir müəssisənin təşkilatı hüquqi forması dəyişilə bilər və ya başqa müəssisəyə çevrilməklə, yenidən təşkil oluna bilər, bu hal hüquqi şəxsin fəaliyyətinin dayandırılması əsası kimi çıxış etmir. Belə ki, Mülki Məcəllənin 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən qoşulma şəklində yenidən təşkil halı istisna olmaqla, hüquqi şəxs yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır. Göründüyü kimi hüquqi şəxsin başqa müəssisəyə çevrilməsi halı onun fəaliyyətinin dayandırılması kimi deyil, onun yenidən təşkil edilməsi hesab olunur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi xx.xx.1998-xx.xx.2005-ci illərə aid dövrləri ona münasibətdə ümumi iş stajı kimi nəzərə almamaqda haqlı olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin iddiaçıya münasibətdə mübahisələndirmədiyi dövrləri (19 il 9 ay 10 gün) və nəzərə almalı olduğu halda nəzərə almadığı (7 il 2 ay 6 gün) dövrləri hesabladıqda, iddiaçının 25 ildən artıq iş stajına malik olması halı öz təsdiqini tapır. Bununla da, iddiaçıya münasibətdə qanunla tələb olunan azı 25 il iş stajına malik olmasına dair şərt də ödənilmiş olur. Həmçinin, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi digər dəlillə bağlı qeyd edir ki, indiki halda iddiaçının iddia tələbinin əsasını məhz “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsi təşkil edir. Qeyd edilən qanunvericilik normalarının dispozitiv şərtlərinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi, əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına aid şərt nəzərdə tutulmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə də cavabdehin istinad etdiyi arqumenti əsassız olmuşdur. Həmçinin, kollegiya cavabdehin apellyasiya şikayətinin digər hissədə dəlili ilə bağlı onu qeyd edir ki, cavabdeh şikayətin məzmununda iddiaçının işlədiyi peşənin adının əmək kitabçasında elektrik qaynaqçısı kimi qeyd edildiyini, lakin müəssisə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın məzmununda isə əl qaynaqçısı peşəsində işlədiyi qeyd edilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, müəssisənin özünün təqdim etdiyi iyul 2024-cü il və xx.xx.2024-cü il tarixli məktubların məzmununda əl elektrik qaynaqçısı işləməsi halı qeyd edilmişdir. Nəticə etibarilə iddiaçının hansı peşədə işləməsinə dair əmək kitaçasında əks olunmuş məlumatlar ilə işəgötürən tərəfindən verilmiş arayışda əks olunmuş məlumatlar uyğunluq təşkil etmişdir. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan həmin halı inzibati icraat çərçivəsində aydınlaşdırmalı olduğu halda, formal olaraq şikayətin dəlili kimi həmin əsasa istinad etməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya cavabdehin şikayətinin digər dəlili ilə bağlı qeyd edir ki, indiki halda iddiaçının ümumi iş stajına malik olması halı şahid ifadələri əsasında deyil, ona məxsus əmək kitabçası və müəssisə tərəfindən verilmiş arayış əsasında öz təsdiqini tapmışdır. Bu baxımından cavabdehin şahid ifadələri ilə şikayətin dəlili kimi istinad etdiyi hallar əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yaranması üçün qanunla tələb olunan hər üç şərt (yaş həddi, ümumi iş stajı və güzəştli iş satjı) ödənildiyindən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuş, cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, kollegiya onu qeyd edir ki, indiki halda iddiaçının pensiya hüququ xx.xx.2018-ci il tarixdə yaransa da, iddiaçının bu tələblə cavabdeh inzibati orqana ilk müraciəti 17 yanvar 2022-ci il tarixdə olduğundan, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbinə əsasən əmək pensiyasının ödənilməsi məhz 17 yanvar 2019-cu il tarixdən həyata keçirilməlidir. Həmin hal nəzərə alınaraq iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqim edilərək, pensiya məbləğinin məhz 17 yanvar 2019-cu il tarixdən ödənilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, indiki halda iddiaçının pensiya hüququ xx.xx.2018-ci il tarixdə yaransa da, ona pensiya məbləğinin ödənilməsi xx.xx.2019-cu il tarixdən aparılmalı olduğundan, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4140/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiya məbləğinin xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar