Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-273/2021 16.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “JN-295F kod 30406028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ona məxsus torpaq sahəsinə mülkiyyət hüququnun təkrar qeydiyyata alınması, 2005-ci ildə Sincanboyad bələdiyyəsi tərəfindən X4 ayrılmış torpaq sahəsinin kadastr məlumatlarının qeydiyyatı zamanı buraxılmış texniki səhvin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2-1(85)-131/2018 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Şabran (keçmiş Dəvəçi) rayon Sincanboyad bələdiyyəsinin 6 yanvar 2006-cı il tarixli 01 №-li qərarı ilə bələdiyyə tərəfindən 0,10 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçıya satılmışdır. DT və XK-nin Şabran (keçmiş Dəvəçi) rayon şöbəsi tərəfindən verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-295F saylı kod 30406028 saylı şəhadətnamə Dəvəçi rayon Sincanboyad bələdiyyəsinin 6 yanvar 2006-cı il tarixli 01 saylı qərarına əsasən iddiaçıya satılmış torpaq sahəsinə dair tərtib edilmişdir. Şabran (keçmiş Dəvəçi) rayon Sincanboyad bələdiyyəsinin 20 sentyabr 2005-ci il tarixli 24 №-li qərarı ilə bələdiyyə tərəfindən 0,05 ha torpaq sahəsi kommersiya obyektinin tikintisi məqsədi ilə üçüncü şəxsə satılmışdır. İddiaçı 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh 21.08.2013-cü il tarixli imtina bildirişində həmin torpaq sahəsinin digər vətəndaşların mülkiyyətində olan torpaq sahələrinin üzərinə düşməsinə və həmin torpaq sahəsində tikililərin mövcud olmasına, sonrakı imtina cavablarında isə iddiaçının iddia tələbinin məhkəmə tərəfindən mümkün sayılmadığına istinad edərək onun ərizəsinin təmin olunmasından imtina etmişdir. Sonuncu dəfə cavabdeh 16.06.2017-ci il tarixli məktubunda bildirmişdir ki, araşdırma zamanı sözügedən şəhadətnamənin idarənin elektron baza kadastr xəritə materiallarında əks olunmamışdır və göstərilən torpaq sahəsi üzərində digər şəxsin mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçı 28 iyul 2017-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-295F kod 30406028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ona məxsus torpaq sahəsinə mülkiyyət hüququnun təkrar qeydiyyata alınması, 2005-ci ildə Sincanboyad bələdiyyəsi tərəfindən X4 ayrılmış torpaq sahəsinin kadastr məlumatlarının qeydiyyatı zamanı buraxılmış kobud texniki səhvin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi buraxılmış texniki səhv nəticəsində iddiaçıya məxsus torpaq sahəsinə yeni koordinat sistemi üzrə 2011-ci ildə torpaq sahəsinin plan və ölçü sənədi əsasında üçüncü şəxsə 06.09.2011-ci il tarixli çıxarış verilmişdir. Sonuncu iddiaçının torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahəsini 20.09.2005-ci il tarixdə əldə etmişdir, lakin torpaq 2011-ci ildə dövlət reyestrində qeydiyyata alınmışdır. Yeni Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun çəkilməsi zaman, onun torpaq sahəsi yolun mühafizə zolağına düşmüş və bu səbəbdən iddiaçının torpaq sahəsinə dair plan və ölçü sənədi almışdır. İddianın maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3, 9.1.2-ci maddələrinə istinad edilmişdir. İş üzrə təyin edilmiş və Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 4 saylı Abşeron Layihə Tədqiqat İdarəsinin mütəxəssisinin iştirakı ilə keçirilmiş məhkəmətexniki-tikinti ekspertizasının 04 iyun 2018-ci il tarixli 2572 saylı rəyinə əsasən Şabran rayon Sincanboyad bələdiyyəsinin 6 yanvar 2006-cı il tarixli 01 saylı qərarına əsasən iddiaçıya satılmış 0,10 ha torpaq sahəsinin naturada mövcud olduğu və həmin torpaq sahəsinin koordinatları daxilində DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən başqa şəxslərə verilmiş **********48 və **********47 saylı çıxarışların koordinatlarının qeydə alındığı müəyyən edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim Vəfa Əzizova) 2-1(85)-131/2018 saylı, 27 iyul 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb etmək hüququna malikdir. Lakin həmin torpaq sahəsi hal-hazırda hüquqi cəhətdən yüklü olduğundan, yəni başqa şəxslərin hüquqları qeydə alındığından iddiaçının tələbini təmin etmək mümkün deyildir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 735/2018 saylı 20 dekabr 2018-ci il tarixli qərardadı ilə X5 və X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X9 məruzəçi, X11 və X6) 2-1(105)-06/2020 saylı, 10 avqust 2020-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 27 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 294/2021 saylı, 03 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-06/2020 saylı 10 avqust 2020-ci il tarixli qərarının torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən torpaq sahəsinə mülkiyyət hüququnun təkrar qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməsi, bu hissədə işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə zamanı iddia ilə bağlı ekspertiza təyin olunmuşdur. Ekspertizanın rəyinə əsasən mülkiyyət hüququ əsasında ona məxsus torpaq sahəsinin koordinatları daxilində başqa şəxslərə verilmiş çıxarışların koordinatlarının qeydə alındığı müəyyən olunmuşdur. Lakin məhkəmə bu fakta dair inzibati orqanın üzərinə hər hansı bir öhdəlik qoymamış əksinə iddia tələbini rədd etmişdir. Qeyd etmək istəyir ki, onun torpaq sahəsinə olan mülkiyyət hüquqları 2006-cı ildə, X3 isə 2011ci ildə qeydə alınmışdır. Kifayət qədər sübutlar olmasına baxmayaraq hüquqlarının bərpa olunması üçün məhkəmə heç bir əsaslandırma aparmadan yalnız maddələri öz qərarına yazmaqla kifayətlənmişdir. Halbuki, İPM-nin tələblərinə görə qərar məhkəmə tərəfindən tam şəkildə əsaslandırılmalıdır. Bunun nəticəsində necə illərdi pozulmuş mülkiyyət hüququnun bərpası mümkün olmamışdır. Bundan əlavə cavabdehin nümayəndəsi də məhkəmə prosesində etiraf etmişdir ki, mübahisəli torpaq sahəsinin koordinatları onlar tərəfindən düzgün aparılmamışdır. Bu halda iddia tələbi mütləq şəkildə təmin edilməli olduğu halda nədənsə birinci instansiya məhkəməsi iddia tələbinə səhlənkarlıqla və ötəri olaraq yanaşmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən digər şəxslərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-294/2021 saylı 03 fevral 2021-ci il tarixli qərarına əsasən birinci instansiya məhkəməsinin qərarı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən torpaq sahəsinə mülkiyyət hüququnun təkrar qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulması hissəsində araşdırılır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməlidir. İş materiallarında olan Şabran (keçmiş Dəvəçi) rayon Sincanboyad bələdiyyəsinin 06 yanvar 2006-cı il tarixli 01 nömrəli qərarının surətindən görünür ki, bələdiyyə tərəfindən 0,10 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı satılmışdır. İş materiallarında olan JN-295F saylı 30406028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Dəvəçi rayon Sincanboyad bələdiyyəsinin 06 yanvar 2006-cı il tarixli 01 saylı qərarı əsasında Dəvəçi rayon Sincanboyad kəndi ərazisindən 0,10 ha həyətyanı torpaq sahəsi DTXK-nin Dəvəçi rayon şöbəsində 14 may 2006-cı il tarixdə 41 nömrə ilə İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Şabran (keçmiş Dəvəçi) rayon Sincanboyad bələdiyyəsinin 20 sentyabr 2005-ci il tarixli 24 nömrəli qərarından görünür ki, bələdiyyə tərəfindən 0,05 ha torpaq sahəsi kommersiya obyektinin tikintisi məqsədi ilə X1. İş materiallarında olan MA seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, Dəvəçi rayon Sincanboyad kəndində yerləşən 0,0257 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə X3 adına 06 sentyabr 2011-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan MA seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, Dəvəçi rayon Sincanboyad kəndində yerləşən 0,0257 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə X7 adına 06 sentyabr 2011-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin 16 iyun 2017-ci il tarixli məktubundan görünür ki, araşdırma zamanı sözügedən şəhadətnamənin idarənin elektron baza kadastr xəritə materiallarında əks olunmamışdır və göstərilən torpaq sahəsi üzərində digər şəxsin mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 04 iyun 2018-ci il tarixli 2572 saylı ekspert rəyindən görünür ki, Şabran rayon Sincanboyad bələdiyyəsinin 06 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə (JN-295F saylı kod 30406028 seriya saylı 17.08.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) iddiaçıya satılmış 0,10 ha torpaq sahəsinin naturada mövcud olduğu və həmin torpaq sahəsinin koordinatları daxilində DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən başqa şəxslərə verilmiş **********48 və **********47 saylı çıxarışların koordinatlarının qeydə alındığı müəyyən edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2020-ci il tarixli 5437 saylı ekspert rəyindən görünür ki, Dəvəçi rayonu Sincanboyad bələdiyyəsi tərəfindən İddiaçı və X4 ayrılmış torpaq sahəsinin həmin Bələdiyyənin göstərdiyi sxemlərə əsasən üst-üstə düşmədyi, Dəvəçi rayonu Sincanboyad bələdiyyəsi tərəfindən X4 ayrılmış torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışda (X2 əvvəl verilmiş çıxarış və texniki pasporta əsasən və ya hazırki vəziyyətdə X4 və X8 məxsus iş materiallarında göstərilən torpaq sahələrinin ikisi birlikdə) və ona müvafiq verilmiş Texniki Pasportda göstərilən torpaq sahəsi ilə eyniyyət təşkil etmədiyi, eyniyyət təşkil etməyən hissəsi 0,0457 ha təşkil etdiyi, Dəvəçi rayonu Sincanboyard Bələdiyyəsi tərəfindən İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi ilə İddiaçı məxsus JN-295F saylı 30406028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə olan sxemdə göstərilən torpaq sahəsinin üst-üstə düşərək eyniyyət təşkil etdiyi, İddiaçı məxsus JN-295F saylı 30406028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə olan sxemdə göstərilən torpaq sahəsi ilə X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışda (X2 əvvəl verilmiş çıxarış və texniki pasporta əsasən və ya hazırki vəziyyətdə X4 və X8 məxsus iş materiallarında göstərilən torpaq sahələrinin ikisi birlikdə) və ona müvafiq verilmiş Texniki Pasportda göstərilən torpaq sahəsinin üst-üstə düşdüyü, üst-üstə düşən hissə 0.245 ha təşkil etdiyi, Dəvəçi rayonu Sincanboyard Bələdiyyəsi tərəfindən X4 ayrılmış torpaq sahəsi və X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışda (X2 əvvəl verilmiş çıxarış və texniki pasporta əsasən və ya hazırki vəziyyətdə X4 və X8 məxsus iş materiallarında göstərilən torpaq sahələrinin ikisi birlikdə) və ona müvafiq verilmiş Texniki Pasportda göstərilən torpaq sahəsi hazırda onların istifadəsində olan torpaq sahəsi ilə 0.0414 ha hissədə üst-üstə düşdüyü müəyyən olunur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb etmək hüququna malikdir. Lakin həmin torpaq sahəsi hal-hazırda hüquqi cəhətdən yüklü olduğundan, yəni başqa şəxslərin hüquqları qeydə alındığıından iddiaçının tələbini təmin etmək mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 8.0, 8.0.8-ci maddələrinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. İddiaçı tələbində torpağa mülkiyyət hüququna dair şəhadətnamədə göstərilən 0,10 ha torpağa mülkiyyət hüququnun qeydə alınmasını istəmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)- 388/2017 nömrəli, 04 aprel 2017-ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçı eyni tələblə daha öncə də məhkəməyə müraciət etmiş, lakin məhkəməyə müraciət etməzdən əvvəl inzbati orqana müraciət edilməməsi səbəbindən iddia mümkün sayılmamışdır. Hazırki işin hallarından isə görünür ki, Dəvəçi rayon Sincanboyad Bələdiyyəsinin 6 yanvar 2006-cı il tarixli 01 nömrəli qərarına əsasən 0,10 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçıya satılmış və JN-295F saylı 30406028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən torpaq sahəsi DT və XK-nin Dəvəçi rayon şöbəsində 14 may 2006-cı il tarixdə 41 nömrə ilə iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı şəhadətnaməyə əsasən ona məxsus torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinanın əsası kimi araşdırma zamanı sözügedən şəhadətnamənin idarənin elektron baza kadastr xəritə materiallarında əks olunmadığı və göstərilən torpaq sahəsi üzərində digər şəxsin mülkiyyət hüququ qeydə alındığı göstərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxılarkən müvafiq sorğular verilmiş və müəyyən edilmişdir ki, JN-295F KOD 30406028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçməmiş və arvix nüsxəsi aşkar edilməmişdir. Bundan əlavə, Şabran rayonu, Sincanboyad kəndinin elektron baza kadastr xəritə materiallarında JN-295F nömrəli şəhadətnamə qeydə alınmamışdır. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, iddiaçıya mübahisələndirilən torpaq sahəsi Dəvəçi rayonu, Sincanboyad bələdiyyəsinin 06 yanvar 2006-cı il tarixli, 01 saylı qərarı ilə satılmışdır. Qərar əsasında isə dövlət aktı verilmişdir. Həmin qərar isə hazırda qüvvədədir. Torpağa mülkiyyət hüququna dair dövlət aktının 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş qeydiyyat kitablarında öz əksini tapmaması iddiaçının təqsirindən baş verməmişdir. Dövlət aktını baza məlumatlarında və qeydiyyat kitablarında qeydiyyata almaq müvafiq orqanın vəzifəsidir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən torpaq sahəsinə mülkiyyət hüququnun təkrar qeydiyyata alınması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Dəvəçi rayon Sincanboyad Bələdiyyəsinin 20 sentyabr 2005-ci il tarixli 24 nömrəli qərarına əsasən, bələdiyyə tərəfindən 0,05 ha torpaq sahəsi kommersiya obyektinin tikintisi məqsədi ilə üçüncü şəxs F.Z.İsmayılova satılmış və 0,05 ha torpaq sahəsi onun adına 6 sentyabr 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. F.Z.İsmayılov ona məxsus torpaq sahəsinin 0,0257 ha hissəsini digər üçüncü şəxs M.Ə.Ağayevə satmış və M.Ə.Ağayevin adına 6 sentyabr 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə olan sxemdə göstərilən torpaq sahəsi ilə üçüncü şəxs F.Z.İsmayılova daşınmaz əmlakın dövlət reyestr xidməti tərəfindən verilmiş çıxarışda (M.Ə.Ağayevə satılmazdan əvvəl verilmiş çıxarış və texniki pasporta əsasən və ya hazırkı vəziyyətdə F.Z.İsmayılova və M.Ə.Ağayevə məxsus iş materiallarında göstərilən torpaq sahələrinin ikisi birlikdə) və ona müvafiq verilmiş texniki pasportda göstərilən torpaq sahəsinin qismən üst-üstə düşdüyü müəyyən olunur. Həmçinin bələdiyyə qərarları ilə iddiaçıya və üçüncü şəxsə ayrılan torpaq sahələri üst-üstə düşmür, iddiaçıya bələdiyyə qərarı ilə ayrılan torpaq sahəsi ilə ona aid “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən torpaq sahəsi üst-üstə düşür. İddiaçı hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsinin bir hissəsi (0,0414 ha) 2011-ci ildə üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və hüququn qeydə alınması tələb olunan torpaq sahəsi hüquqi cəhətdən qismən yüklüdür. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinin bir hissəsi üzərində üçüncü şəxslərin mülkiyyət hüququ qeydə alındığından və mülkiyyət hüququnun qeydə alınmasına əsas olan sənədlər qüvvədə olduğundan iddia tələbi həmin hissədə təmin edilə bilməz. İddiaçının hüququnun qeydə alınmasını xahiş etdiyi torpaq sahəsinin bir hissəsinin başqa şəxslərin hüquqları ilə yüklü olduğunu nəzərə alan məhkəmə kollegiyası tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu verilmiş və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən C-195, 20.12.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində olan başqa şəxslərin hüquqları ilə yüklü olmayan boş torpaq sahəsinin ölçülərinin nə qədər olması barədə məhkəməyə məlumat verməyi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 09 sentyabr 2021-ci il tarixli, **********54 nömrəli sorğuya cavab məktubuna əlavə edilmiş arayışda göstərilmişdir ki, İddiaçı mülkiyyətində olan başqa şəxslərin hüquqları ilə yüklü olmayan 725 kv.m boş torpaq sahəsi var. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi JN-295F kod 30406028 saylı şəhadətnamə əsasında 0,0725 ha (725 kv.m) torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair hissədə əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)- 131/2018 saylı, 27 iyul 2018-ci il tarixli qərarı qismən - JN-295F kod 30406028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı məxsus 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun təkrar qeydiyyata alınması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilməli, bu hissədə yeni qərar qəbul edilməli və iddia tələbi qismən təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair JN- 295F kod 30406028 saylı şəhadətnamə əsasında İddiaçı başqa şəxslərin hüquqları ilə yüklü olmayan 0,0725 ha (725 kv.m) torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-131/2018 saylı, 27 iyul 2018-ci il tarixli qərarı qismən - JN-295F kod 30406028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı məxsus 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun təkrar qeydiyyata alınması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilsin. Bu hissədə yeni qərar qəbul edilsin və iddia tələbi qismən təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-295F kod 30406028 saylı şəhadətnamə əsasında İddiaçı başqa şəxslərin hüquqları ilə yüklü olmayan 0,0725 ha (725 kv.m) torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-273/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-273/2021
16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver