Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-274/2021 11.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 4 ay ərzində ona ödənilməli olan 760 manat məbləğində birdəfəlik ödəmənin ödənilməsi tələbinə dair iddiası üzrə inzibati mübahisənin ərazi aidiyyətinin müəyyənləşdirilməsi məsələsinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 4 ay ərzində ona ödənilməli olan 760 manat məbləğində 190 manatlıq birdəfəlik ödəmənin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6313/2020 saylı qərardadı ilə İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə istinad olunaraq inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.(hakim R.Kərimli) Sumqayıt İnzibati Məhkəməsi xx xxxxxx 2021-ci il tarixli 2-1(118)-653/2021 saylı qərardadı ilə hazırki mübahisəyə baxılması üçün özünü səlahiyyətli saymayaraq iş üzrə ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün işin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. (hakim C.Məmmədov) ƏSASLANDİRMA HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən hazırkı inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, Bakı İnzibati Məhkəməsi hazırkı işi ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərərkən, Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə istinad edərək, qərardadda qeyd etmişdir ki, iddia formal olaraq “öhdəliyin icrası haqqında” iddia növünə aid olsa da, mahiyyətinə görə iddiaçı cavabdehin apardığı inzibati icraatın nəticəsi üzrə qəbul etdiyi imtina barədə əlverişsiz inzibati aktını mübahisələndirdiyindən, mübahisəyə “mübahisələndirmə haqqında” iddia kimi baxılmalıdır. Belə olan halda məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati aktı, yəni imtina barədə qərarı qəbul etmiş cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini (Azərbaycan Respublikasının bütün ərazisini) əhatə etdiyindən, inzibati işə İPM-in 8.1.2-cü maddəsinə uyğun olaraq iddiaçının yaşadığı yer üzrə müvafiq inzibati məhkəmədə baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsi hazırkı iddianın növünü düzgün müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən isə öhdəliyin icrası haqqında iddialara baxılır. Mübahisələndirmə barədə iddialar yalnız müvafiq inzibati akta qarşı yönəlməlidir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini tələb edir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Hazırkı halda isə, iddiaçı barəsində inzibati orqan tərəfindən hər hansı inzibati akt qəbul edilməmiş, iddiaçı ona inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin, yəni birdəfəlik ödəmənin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlı iddia irəli sürmüşdür. Belə olan təqdirdə isə hazırkı iddia mübahisələndirmə haqqında deyil, öhdəliyin icrası haqqında iddiadır. İPM-in 8.1-ci maddəsinin tələblərinə görə, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırda irəli sürdüyü iddia öhdəliyin icrası haqqında iddia olduğundan qanunvericilikdə bu növ iddialar cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85-dir. Məhkəmə-Hüquq Şurasının 4 nömrəli, xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə qərarına əsasən Bakı şəhəri Yasamal rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikasının İPM-nin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. AR İPM-in 9.1.3-cü maddəsində qeyd olunub ki, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 9, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “4 ay ərzində ona ödənilməli olan 760 manat məbləğində 190 manat birdəfəlik ödəmənin ödənilməsi” tələbinə dair inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-274/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-274/2021
11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver