Məhkəmə qərarları › İş №2-1(105)-274/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-274/2023

14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-274/2023 14.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X2 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının vəkili Vəkil İsgəndər oğlunun, Üçüncü şəxsin nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2-1(118)-1643/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək Quba rayon dövlət notariat kontorunun xx.xx.2005-ci il tarixli, 4-Ə-973 saylı alqı-satqı müqaviləsi əsasında JN-440 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə ona məxsus torpaq sahəsinə dair məlumatların elektron kadastr uçotu bazasında qeydə alınmasını xahiş etmişdir. Cavabdeh 31 mart 2022-ci il tarixli **********91 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, elektron kadastr məlumat bazasında JN-440 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” barədə məlumat aşkar edilməmişdir. Qeyd olunanları nəzərə alaraq torpaq sahəsi üzərində hüquqlarının tanıdılması məqsədilə Quba rayon dövlət notariat kontorunun xx.xx.2005-ci il tarixli, 4-Ə-902 saylı alqı-satqı müqaviləsinin əsli ilə birlikdə cavabdehə müraciət edilməsi məqsədəmüvafiqdir. Bundan sonra iddiaçı yenidən cavabdehə müraciət edərək Quba rayonu, Hacıqayıb kəndində yerləşən JN-440 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” nda qeyd olunan 2.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 04 aprel 2022-ci il tarixli **********81 nömrəli məktubu ilə iddiaçının müraciətinə eyni məzmunlu imtina cavabı verərək qeyd etmişdir ki, ərizəyə əlavə olunmuş JN-440 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ərazi İdarəsi tərəfindən araşdırılmışdır. Qeyd olunan JN-440 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş DTXK-nin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, eyni zamanda ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Qeyd olunan səbəbdən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna dair JN- 440 seriyalı KOD 30313088 saylı Dövlət Aktı əsasında hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Torpağa mülkiyyət hüququna dair JN 0440 KOD 30313088 saylı Dövlət Aktına əsasən iddiaçının mülkiyyətində Quba rayon DNK-nın 07 oktyabr 2005-ci il tarixli, 4-Ə-973 saylı müqaviləsi ilə Quba rayonu, Hacıqaib kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,00 hektar torpaq sahəsi vardır. Torpaq sahəsinin plan və cizgisi müəyyən olunaraq faktiki olaraq ona təhvil verilmişdir. 2005-ci ildən iddiaçı və oğulları qeyd olunan torpaq sahəsini əkib-becərərək orada bağ salmışdırlar. Hamıya məlumdur ki, bağın faktiki sahibləri onlardır. Torpaq sahəsi ilə əlaqədar vergiləri ödəmiş və subsidiya almışdır. Vicdanlı şəkildə əldə etdiyi torpaq sahəsi ilə əlaqədar son 17 il ərzində onlara qarşı hər hansı bir tələb irəli sürülməmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və plan ölçü sənədinin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, cavabdeh tərəfindən onun Konstitusiya ilə təsbit edilmiş mülkiyyət hüquqları pozulmuşdur. Göründüyü kimi iddiaçıya müvafiq vəzifəli şəxslər tərəfindən imzalanaraq təsdiq olunmuş Torpağa mülkiyyət hüququna dair akt verilmiş və torpaq sahəsi də ona təhkim edilmişdir. Ləğv edilmiş və mövcud olan idarələr arasında qeyd olunan akta dair heç bir məlumatın aşkar olunmaması iddiaçının təqsiri deyildir. Dövlət Aktının əsli mövcuddur. Məhkəmələr tərəfindən formalaşdırılmış mövqe ondan ibarətdir ki, daşınmaz əşyaya dair hüququn qeydə alınmasının əsası olan müqavilələr notarial qaydada təsdiqləndiyi üçün onların qorunması notariat orqanının vəzifəsidir. Bu baxımdan, notarial qaydada təsdiqlənmiş əqdin nüsxəsinin saxlanılmamasına görə müqavilə tərəfi məsul tutula bilməz. Özü də belə müqavilə uzun illər əvvəl 2005-ci ildə bağlanmışdırsa, şəxsin həmin müqaviləni saxlamağa heç bir marağı olmamışdır. Həmçinin, qeyd edir ki, ona DT və XK tərəfindən mülkiyyət sənədi verilərkən notarial qaydada təsdiq edilmiş müqaviləni onlara təqdim etmişdir və həmin müqavilə onlarda qalmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı 04 aprel 2022-ci il tarixli imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, JN-440 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” dövlət aktlarının qeydiyyat kitablarında və elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. Bununla əlaqədar torpaq sahəsinin yeri dəqiq məlum deyildir və həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2-1(118)-1643/2022 nömrəli qərardadı ilə X7 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2-1(118)-1643/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim İ.Quliyev). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən üçüncü şəxs kimi işə cəlb edilmiş X1 torpaq sahəsinin pulunu təkrarən onlardan tələb edir. Üçüncü şəxs 17 il ərzində torpaq sahəsinin mülkiyyətçisinin onun olmadığı fikrini nümayiş etdirmişdir. Ola bilər ki, hansısa vəzifəli şəxsin məsuliyyətsiz hərəkəti nəticəsində alqı-satqıdan əvvəl mövcud olmuş sənədlə əlaqədar qanunla müəyyən edilmiş qaydada proses aparılmamış və hazırda iddiaçı həmin hüququndan sui-istifadə edir. Buna baxmayaraq vicdanlı alıcı kimi iddiaçıda mülkiyyət sənədi vardır və bu müddət ərzində də iddiaçı özünü torpaq sahəsinin mülkiyətçisi olduğunu nümayiş etdirmişdir. O mübahisələndirilən torpaq sahəsini Asya adlı qadından almışdır. Asya isə öz növbəsində, torpaq sahəsini İradə adlı qadından almışdır. Torpaq sahəsinin alqı-satqı əməliyyatı Quba Notariat Ofisində rəsmi prosedurlara uyğun həyata keçirilmişdir. Dövlət rüsumu ödənilmiş, ardınca isə onlara torpaq şöbəsinə təqdim etmək üçün rəsmi sənədlər verilmişdir. İddiaçıya torpaq şöbəsinə sənədləri təqdim etdikdən 4 gün sonra Dövlət Aktını götürə biləcəyi bildirilmiş, həmin aktı 2005-ci ildə torpaq şöbəsindən təhvil almışdır. Həmin vaxtdan etibarən torpaq sahəsində bağ salmış, üzərindən 17 il keçdikdən sonra, yuxarıda adı çəkilən İradə adlı qadın torpaq sahəsinin onun olduğunu bildirmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, izahatında əlavə olaraq qeyd etdi ki, X7 hazırda mübahisələndirdikləri torpaq sahəsini 2003-cü ildə Asiya adlı qadına satmış, Asiya isə həmin torpaq sahəsini oğlu X9 adına rəsmiləşdirmiş, bundan sonra 2005-ci ildə ona satmışdır. İddiaçı şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) şikayətin dəlillərini qəbul etməyərək, izahatında bildirdi ki, hazırda mübahisələndirilən torpaq sahəsi üçüncü şəxs, onun övladları və üçüncü şəxsin qaynatasının mülkiyyətinə verilmişdir. Üçüncü şəxsin əri öldükdən sonra açılmış vərəsəliklə bağlı Quba Rayon Məhkəməsi tərəfindən müvafiq qətnamə qəbul edilmiş və bundan sonra torpaq sahəsinin ölçülərində fərq yaranmışdır. Bundan sonra üçüncü şəxs və onun ailə üzvlərinə 2-ci dəfə Dövlət Aktı alınmışdır. Torpaq sahəsi 2 hissədən ibarət olmuşdur. Birinci hissə, yəni torpaq sahəsinin 0.9733 ha hissəsi barəsində mübahisə olmadığından həmin hissədə torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. İkinci hissə isə mübahisəli olmuşdur. Üçüncü şəxs torpaq sahəsini satmamışdır. Üçüncü şəxsin nümayəndəsi (vəkili) şikayətin təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin JN-440 seriyalı KOD 30313088 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” nda qeyd edilən Quba rayonu, Hacıqayıb kəndi ərazisində yerləşən 2.00 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 2005-ci ildən torpaq sahəsinə sahiblik etməsi işin mübahisə olunmayan hallarındandır. Məhkəmə hesab edir ki, müvafiq müqavilənin dövlət arxivinə təhvil verilməməsi öz-özlüyündə həmin müqavilənin etibarsızlığı kimi qəbul edilə bilməz. Həmin müqavilənin etibarlı olub-olmaması isə mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edilərək müəyyən edilə bilər. İddiaçının cavabdeh inzibati orqana müraciəti və müvafiq imtinası olduğu üçün hazırkı iddia mümkün iddia olsa da, bu iddia, ümumilikdə, yaranmış mübahisəni mahiyyəti üzrə həll etmir. Belə ki, iddiaçı ilə üçüncü şəxslər arasında yaranan hüquq münasibətlərinin müəyyən edilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edilməsi istisna edilmir. Lakin hazırkı iddia inzibati orqanın qanunsuz hərəkətindən şikayət kimi verildiyi və iddianın mümkünlük şərtlərinə cavab verdiyi üçün, iddiaya mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə hesab edir ki, inzibati orqanın hərəkətləri tam olaraq qanuni hesab edilməsə də, inzibati orqanın təqdim edilən sənədlər əsasında iddiaçının mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaması qanunvericiliyə və onun səlahiyyətlərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən nəticəyə gələrkən işin hallarını tam araşdırmamışdır. İş materiallarından görünür ki, Quba rayon Dövlət notariat kontorunun 07 oktyabr 2005-ci il tarixli, 4Ə-973 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı satılmış Quba rayonu, Hacıqayıb kəndində yerləşən 2.00 ha torpaq sahəsinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən sonuncunun adına 01 noyabr 2005-cı il tarixli, JN-440 KOD 30313088 qeydiyyat nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Birinci instansiya məhkəməsinin sözügedən torpaq sahəsinin satılmasına dair 07 oktyabr 2005-ci il tarixli, 4Ə-973 reyestr nömrəli notariat işinin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğusuna cavab olaraq Quba regional “ASAN xidmət” Mərkəzinin notariat ofisi 07 iyul 2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, Quba rayon DNK-da 2011-ci ilədək rəsmiləşmiş bütün notariat işləri, eləcə də həmin dövrə məxsus müvafiq reyestr kitablarının notariat ofisində saxlanma müddəti başa çatdığından həmin sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə təhvil verilmişdir. AR Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi məhkəmənin eyniməzmunlu sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubu ilə Quba rayon dövlət notariat ofisində 07 oktyabr 2005-ci il tarixdə 4Ə-973 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə və onun qeydə alındığı reyestr kitabının arxivə təhvil verilmədiyini qeyd etmişdir. İşə olan Quba rayonu Hacıhüseynli bələdiyyəsi tərəfindən verilmiş 16 mart 2022-ci il tarixli, 20 saylı və 19 sentyabr 2022-ci il tarixli, 58 saylı arayışlardan görünür ki, iddiaçı Torpağa Mülkiyyət Hüququna dair JN-0440 KOD 30313088 Dövlət Aktına əsasən 2.00 ha torpaq sahəsini 2005-ci ildən hazırkı vaxtadək əkib-becərməklə ona qulluq edir və onun istifadəsindədir, həmçinin, iddiaçı, torpaq sahəsinin vergi borcunu 2021-ci il daxil olmaqla vaxtı-vaxtında ödəmişdir. Həmçinin, işdən görünür ki, iddiaçının adına tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxivində saxlanılsa da, məhkəmə tərəfindən həmin Aktın verilmə əsası ilə bağlı hallar lazimi qaydada araşdırmamışdır. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən işə təkrar baxılarkən iddiaçının adına JN-440 KOD 30313088 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının tərtib edilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-yə sorğu ilə müraciət edilməlidir. Eyni zamanda, kollegiya qeyd edir ki, iddiaçının müraciəti ilə əlaqədar Quba rayon PŞ-nin TB-nin baş tədqiqatçısı tərəfindən aparılmış araşdırma nəticəsində X7 barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 may 2022-ci il tarixli qərardan görünür ki: - araşdırma zamanı izahatı alınmış X7 qeyd etmişdir ki, əri öldükdən sonra qaynatası tərəfindən ona 2.97 ha torpaq sahəsinin daxilində pay verilmiş, həmin torpaq sahəsinin qaynatasının adına rəsmiləşdirilməsi və Asya adlı qadına satılmasına etiraz etməmiş, əldə olunan puldan ona və övladlarına birgə yaşamaları üçün ev alınacağı şərti ilə razılaşmışdır. Lakin qaynatası vədinə əməl etmədiyi üçün o, məhkəmə qaydasında torpaq sahəsi və evin müəyyən hissəsini tələb etmişdir. Hazırda İddiaçı istifadəsində olan torpaq sahəsi ona məxsusdur. İmaməddin həmin torpaq sahəsini Asya adlı qadından almış və yardımçı tikili tikmişdir. - X8 izahatında qeyd etmişdir ki, o, 2005-ci il tarixdə İddiaçı Quba rayonu Hacıqayıb kəndi ərazisində yerləşən 17-yə yaxın alma ağaclarından ibarət baxımsız meyvə bağını satmışdır. Onlar həmin alqı-satqını notariat kontorunda da rəsmiləşdirmiş, buna görə o, İmaməddindən sonuncuya məxsus Qımılqazma kəndində yerləşən öz evində 8000 manat pul almışdır. Həmin torpaq sahəsini isə alqı-satqıdan təqribən 2 il öncə İradə adlı şəxsdən almış, o zaman torpaq sahəsinin dövlət mülkiyyət aktında mülkiyyətçilər kimi İradənin mərhum əri və onun ailə üzvlərinin adları göstərilmişdir. X16 Şixiyevin faktiki istifadəsində olan və vaxtilə onun satmış olduğu bağ sahəsinin 2 ha hissəsinin ona məxsus olmasını iddia edir. O, torpağı İradənin qaynatası Soltan adlı şəxsdən alarkən həmin müddətdə aralarında ədavət yaranmış, bununla bağlı aralarında məhkəmə prosesləri olmuşdur. İddiaçı apelyasiya şikayətinin dəlillərində və məhkəmə iclasında izahatında bildirmişdir ki, üçüncü şəxs X7 mübahisələndirilən torpaq sahəsini 2003-cü ildə Asiya adlı qadına satmış, Asiya isə həmin torpaq sahəsini oğlu X9 adına rəsmiləşdirmişdir. Bundan sonra Asiya həmin torpaq sahəsini 2005-ci ildə iddiaçıya satmışdır. Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları ilə bağlı ümumiyyətlə araşdırma aparmamış, nə X8, nə də onun oğlu X11 şahid qismində məhkəmə iclasına dəvət edərək dindirməmiş, mübahisələndirilən torpaq sahəsi ilə bağlı A.Ş.Abbasova ilə (yaxud oğlu M. K.Abbasov) üçüncü şəxs X7 arasında alqı-satqı müqaviləsinin bağlanıbbağlanmaması, A.Ş.Abbasova və ya M.K.Abbasovun adına mübahisəsi gedən torpaq sahəsinə dair Dövlət Aktının tərtib edilib-edilməməsi ilə bağlı aidiyyəti üzrə inzibati orqanlara sorğular verməmişdir. Həmçinin, işdən görünür ki, üçüncü şəxslə qaynatası X10 arasında mülki qaydada məhkəmə çəkişməsi olmuş, Quba Rayon Məhkəməsinin 2-52 saylı, 2003-cü il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdeh X5 qarşı yaşayış hüququnun müəyyən edilməsi, evə köçürülmə və torpaq sahəsi tələbinə dair iddiası təmin edilərək JN-302 KOD 30313088 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 2,97 hektar torpaq sahəsinin (o cümlədən, mərhum X6 miras qalmış 0,495 hektar) tərəflər arasında bölünməsi, iddiaçının 3 uşağı ilə birlikdə payının 2,376 ha, cavabdehin payının 0,594 ha müəyyən edilməsi qət edilmişdir. Bundan sonra 2.38 ha torpaq sahəsinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən üçüncü şəxs və ailə üzvlərinin adına 31 iyul 2003-cü il tarixli, JN-434 KOD 30313088 qeydiyyat nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Dövlət Aktına əsasən 434 Z nömrəli planşet üzrə torpaq sahəsi 9733.00 kv.m, 434 nömrəli planşet üzrə 14062.01 kv.m-dir. Həmçinin, işdən görünür ki, Dövlət aktında qeyd edilən planşetlərdən biri, 434 Z nömrəli planşet üzrə 9733.00 kv.m torpaq sahəsi üzərində üçüncü şəxsin və onun ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ dövlət reyestrində qeydə alınaraq xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmiş, 434 nömrəli planşet üzrə 14062.01 kv.m üzərində isə üçüncü şəxsin mülkiyyət hüququ qeydə alınmamışdır. İddiaçının adına tərtib edilmiş JN-440 KOD 30313088 qeydiyyat nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından isə görünür ki, torpaq sahəsi 440 nömrəli planşet üzrə 20022.63 kv.m-dir. Birinci instansiya məhkəməsinin 29 dekabr 2022-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, üçüncü şəxsin nümayəndəsi (vəkili) məhkəmə iclasında izahatında üçüncü şəxsin həyat yoldaşı vəfat etdikdən sonra bağ sahəsinin bölünərək bir hissəsinə çıxarış alındığını, ikinci hissəsinə isə çıxarış alınmadığı və bununla bağlı tərəflərindən Quba Rayon Məhkəməsində iddia qaldırıldığını bildirmişdir. Belə ki, işdən görünür ki, üçüncü şəxs hazırkı iş üzrə iddiaçıya qarşı Quba Rayon Məhkəməsində iddia qaldıraraq JN-434 KOD 30313088 Dövlət Aktına əsasən ona və ailə üzvlərinə məxsus 2 ha torpaq sahəsinin iddiaçının sahibliyindən alınaraq qaytarılması, torpaq sahəsində ölçmə-müayinə keçirilməsinə sonuncu tərəfindən törədilən maneələrin aradan qaldırılması, torpaq sahəsinin tamlığının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi üçüncü şəxs “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyətində olan torpaq sahəsinin iddiaçının istifadəsində olan 2.00 ha (20000 kv m) torpaq sahəsi olduğunu iddia etsə də, işə baxan məhkəmə tərəfindən üçüncü şəxs və ailə üzvlərinin adına tərtib edilmiş JN-434 KOD 30313088 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə iddiaçının adına tərtib edilmiş JN-440 KOD 30313088 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının, o cümlədən iddiaçının naturada istifadə etdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşüb-düşməməsi, eləcə də, iddiaçının naturada istifadə etdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının onun adına tərtib edilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə uyğunluğunun müəyyən edilməsi ilə bağlı mütəxəssis rəyi alınmamışdır. Halbuki, İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Bununla da hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən İPM-in 12-ci maddəsində təsbit olunmuş “İşin hallarının araşdırılması” prinsipinin pozulduğu müəyyən olunur. Qeyd olunmalıdır ki, obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. Kollegiya hesab edir ki, işə təkrar baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin yuxarıda qeyd olunan xüsusatları araşdırılmaqla əldə olunan sübutlar əsasında işə hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2-1(118)-1643/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar