Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-274/2024 09.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-1(118)-4356/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh 17 may 2023-cü il tarixli, 3-21-3-31/2-Ş-0004-8/2023 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sözügedən qeyri-yaşayış binasının qeydiyyata alınması üçün nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər, torpaq sahəsi üzərində hüquqları müəyyən edən sənəd, tikintiyə icazə sənədi, istismara qəbul aktı və ya tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi bələdiyyə tərəfindən xx.xx.2004-cü il tarixli, 138 nömrəli qərarla ayrılsa da, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və AR Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları” nın müddəalarına zidd olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alınmamış və torpaq sahəsinə dair alqı-satqı aktı tərtib olunmamışdır. Bundan əlavə, inventarlaşdırma və ölçmə işlərinin yerinə yetirilməsi ilə əlaqədar idarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka baxış keçirilməsinə şərait yaradılmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində yerləşən 52.2 kv.m torpaq sahəsi üzərində eskiz layihəsinə uyğun olaraq inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Cavabdehin imtina məktubu ilə razılaşmadığına görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək Sumqayıt Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən, Sumqayıt bələdiyyəsinin 20-ci sahə ərazisində Heydər Əliyev prospektində yerləşən 88 kv.m torpaq sahəsinin ona icarəyə verilməsi ilə əlaqədar olaraq, icarə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-1(118)-4356/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İ.Quliyev). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməlidir, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə, məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görünür ki, iddiaçının ilkin tələbi ilə bağlı cavabdeh orqana müraciəti olsa da, o, icarə hüququnun qeydiyyata alınması ilə bağlı dəqiqləşdirilmiş tələblə cavabdeh orqana müraciəti yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Həmin qərardadla razılaşmayan iddiaçı qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın mümkün sayılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İdidaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi dəqiqləşmiş tələblə cavabdeh orqana müraciət edilməməsi əsası ilə iddianı mümkün saymamışdır. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı deyil. Belə ki, İPM-nə əsasən iddiaçı məhkəmə gedişatı zamanı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət edə bilər. Hazırki iddia inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı dəqiqləşmiş tələbində göstərilən məsələ - Sumqayıt Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən Sumqayıt bələdiyyəsinin 20-ci sahə ərazisində Heydər Əliyev prospektində yerləşən 88 kv.m torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqana müraciət etməmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının dəyişdirilmiş iddia tələbi ilə bağlı cavabdeh orqana müraciətin olmaması əsası ilə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə ................., qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, .................. yoxlamalıdırlar. Adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və sairə) də mövcudluğu yoxlanılmalıdır. Yuxarıda istinad olunan normanın tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və iddia həmin şərtlərə riayət edilməklə qaldırılmalıdır. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən öhdəliyin icrası (məcburetmə) haqqında iddialara münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının ilkin olaraq öz tələbi ilə bağlı inzibati orqana müraciət etməsi şərti də ödənilmiş olmalıdır. Bununla əlaqədar həm də nəzərə alınmalıdır ki, şəxsin iddia ilə məhkəməyə müraciət etməsi üçün onun ümumi hüquqi müdafiə marağı, yəni məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı mövcud olmalıdır. Ümumi hüquqi müdafiə marağı konsepsiyasına görə, iddiaçı öz istəyinə daha asan və daha sadə yolla nail olmaq imkanına malik olduğu hallarda, onun məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olmur. Bu mənada, iddiaçının həmin tələblə bağlı əvvəlcə inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etdiyi hallarda da, ümumi hüquqi müdafiə marağı mövcud olmur. Hazırkı işdən görünür ki, iddiaçı Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində yerləşən 52.2 kv.m torpaq sahəsindəki qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətinin icrasından imtina etmiş, bundan sonra iddiaçı həmin tələblə məhkəmədə iddia qaldırmışdır. Daha sonra iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı tələbini dəyişdirərək Sumqayıt Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən bələdiyyənin 20-ci sahə ərazisində Heydər Əliyev prospektində yerləşən 88 kv.m torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İşdə olan Sumqayıt Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 09 nömrəli iclas qərarından görünür ki, bələdiyyənin 20-ci məhəllə ərazisində, Heydər Əliyev prospektində sahibkarlıq məqsədilə 88 kv.m torpaq sahəsinin istifadə etmək məqsədilə icarəyə verilməsi ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır. İnzibati Prosesual Məcəlləsinin 54.1 və 54.2-ci maddəsinə əsasən cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. Normanın tələbindən müəyyən edilir ki, iddianın dəyişdirilməsinə yönəlmiş iradə ifadəsinin reallaşmasını, bu barədə verilmiş ərizənin məhkəmə tərəfindən qəbul edilməsindən asılı etmişdir. Bu qayda onu deməyə əsas verir ki, iddianın dəyişdirilməsi anı, dəyişdirmə haqqında ərizənin məhkəmə tərəfindən qəbul edildiyi an sayılır. İşdən görünür ki, İPM-in 54-cü maddəsinə əsasən dəyişdirilmiş iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. Göründüyü kimi iddiaçının ilkin tələbi qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olsa da, daha sonra dəyişdirilmiş iddia tələbi torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə olmuşdur. Hansı ki, Plenum qərarının yuxarıda qeyd edilən tələblərindən müəyyən edildiyi kimi hazırki halda öhdəliyin icrası haqqında iddia növü üzrə iddia o halda mümkün sayıla bilər ki, iddiaçı tərəfindən əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edildiyi, inzibati orqanın onun müraciətinin təmin olunmasından imtina edildiyi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətinin cavablandırılmadığı müəyyən edilmiş olsun. Lakin, hazırki işdən iddiaçı tərəfindən bu qaydaya riayət edilməsi görünmür. Belə ki, iddiaçı yalnız ilkin tələblə bağlı cavabdeh orqana müraciət etmiş, birinci instansiya məhkəməsində icraat zamanı tələbini dəyişdirsə də, dəyişdirilmiş tələblə - torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınmasına dair cavabdehə müraciət etmədən birbaşa məhkəməyə müraciət etmiş, bununla da iddianın xüsusi mümkünlük şərtini yerinə yetirməmişdir. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən əsasla iddia tələbini mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-1(118)-4356/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-274/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-274/2024
09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver