Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-275/2021 16.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu, Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının məzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2-1(118)-349/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 aprel 2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinə qarşı iddia qaldıraraq ünvan 1 ünvanda yerləşən 4 otaqlı mənzilin 3/2 hissəsi mülkiyyət hüququ ilə ona qalan hissə isə istifadə hüququ ilə keçmiş həyat yoldaşına məxsus olduğundan həmin hissənin özəlləşməsinin Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(118)-349/2021 saylı qərardadı ilə X4 üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda qeydiyyatda olduğu və yaşadığı Sumqayıt şəhəri 12-ci mikrorayon, 22 saylı evdə yerləşən 40 saylı mənzil 1990-cı ildə atasının adına özəlləşdirilmişdir. 1989-cu ildə X5 ilə rəsmi nigaha girərək ailə həyatı qurmuşlar. Lakin sonradan ailə münasibətləri pisləşmiş və 1996cı ildə nigahları məhkəmə qaydasında pozulmuşdur. Nigahları pozulduqdan sonra keçmiş həyat yoldaşı 1996-cı ildə evdən çıxıb getmişdir. Sumqayıt şəhər məhkəməsinin 14 mart 1997-ci il tarixli qətnaməsi ilə onun qeydiyyatda olduğu və yaşadığı Sumqayıt şəhər 12-ci mikrorayon, 22 saylı evdə yerləşən 40 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Lakin R.Ağayeva mənzilə köçüb yaşamamış, bu günə kimi də yaşamır və özünün Sumqayıt şəhər 2-ci mikrorayon ərazisində ayrıca mənzili vardır. R.Ağayeva 2003-cü ildə onun atası X7 və qeyrilərinə qarşı Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər 12- ci mikrorayon, 22 saylı evdə yerləşən 40 saylı mənzilə dair 1990-cı ildə aparılmış özəlləşdirilmənin etibarsız hesab edilməsi, onun qızı ilə həmin mənzilə köçürülməsi və mənzilin bölünərək 19 və 15 kv.m. olan otaqların ona verilməsi, adına ayrıca kirayə müqaviləsinin bağlanmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt şəhər məhkəməsinin 27 oktyabr 2003- cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 30 yanvar 2004- cü il tarixli qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin 27 oktyabr 2003- cü il tarixli qətnaməsi ləğv edilərək, Sumqayıt şəhəri 12- ci mikrorayon, 22 saylı evdə yerləşən 40 saylı mənzilin özəlləşdirilməsi barədə 28 iyun 1990- cı il tarixli 20 saylı qərarının ləğv edilməsi, həmin mənzilə X6 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi, X1 uşağı ilə birlikdə Sumqayıt şəhəri, 12- ci mikrorayon 22 saylı evdə yerləşən 40 saylı mənzilin sahəsi 15 kv.m. ayrı girişi olan otağına köçürülməsi, Sumqayıt şəhəri 12- ci mikrorayon 22 saylı evdə yerləşən 40 saylı mənzilin sahəsi 15 kv.m. ayrı girişi olan otağına X2 adına ayrıca mənzil kirayə müqaviləsinin bağlanması Sumqayıt şəhər İcra Hakimiyyətinin 10 saylı Mənzil İstismar sahəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 02 aprel 2004-cü il tarixli qətnaməsi ilə apellyasiya instansiyasının qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən X3 Sumqayıt şəhər 12-ci mikrorayon 22 saylı evdə yerləşən 40 saylı mənzilin 15,0 kv.m. sahəsi olan otağı tutmaq üçün 19 mart 2004- cü il tarixli 90 saylı order verilmişdir. Buna baxmayaraq, R.Ağayeva bu vaxta kimi göstərilən 15,0 kv.m. ayrı girişi olan otağa köçməmiş və otaqla onun hər hansısa bağlılığı yoxdur. X5 20 ildən çoxdur ki, həmin ünvanda yaşamır. Həmin otaq Sumqayıt şəhər İcra Hakimiyyətinin balansındadır. Bununla əlaqədar iddiaçı həmin otağın özəlləşməsi xahişi ilə Sumqayıt şəhər İcra hakimiyyətinə müraciət etsə də onlar məhkəməyə müraciət etməyi məsləhət etmişlər. 25 sentyabr 2017-ci il tarixdə tərtib edilmiş və 10 saylı Mənzil İstismar sahəsi tərəfindən təsdiq edilmiş akta əsasən, Sumqayıt şəhər 12- ci mikrorayon 22 saylı evdə yerləşən 40 saylı mənzildə qeydiyyatda olan X5 1996- cı ildən göstərilən ünvanda yaşamır. Belə olan halda, X5 ilə bağlanmış sahənin sosial kirayə müqaviləsi ləğv edilməlidir. O, dəfələrlə qarşı tərəfə kompensasiya təklif etsə də o bu təklifi rədd edir və 30 000 (otuz min ) manat məbləğində pul tələb edir. O, mülkiyyət sahibi olaraq 4 otaqlı mənzilə sərəncam verə bilmir və onun mülkiyyət hüquqları kobud şəkildə pozulur. Bu səbəbdən hesab edir ki, istifadəsiz qalmış otaq özəlləşməlidir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 22 saylı evin 40 saylı mənzilinin 2/3 hissəsi mülkiyyət hüququ ilə iddiaçıya, qalan hissə isə istifadə hüququ ilə keçmiş həyat yoldaşına məxsus olduğundan həmin hissənin özəlləşməsi Sumqayıt şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə daxil deyildir. Sumqayıt İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(118)-349/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İ.Quliyev) İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək ünvan 3 ünvanında yerləşən 4 otaqlı mənzilin özəlləşməmiş 1 otağın özəlləşməsinin Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayəti müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən, eləcə də gəlməməyinin səbəblərini bildirmədən cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda göstərilənləri nəzərə almaqla kollegiya qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Hazırkı iş üzrə belə sübutların verilməsi müəyyən olunmur. Belə ki, iddia ərizəsindən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon 22 saylı evin 40 saylı mənzilinin sahəsi 15 kv m ayrı girişi olan otağı dövlət mənzil fonduna aid olmaqla 90 saylı orderə əsasən, X3 məxsusdur. İddiaçı tələbində ona heç bir aidiyyəti olmayan, R.Ağayevaya məxsus otağın özəllədirilməsini tələb edir. Halbuki, bu hüquq otağın kirayədarı X3 məxsusdur. Verilmiş iddia digər əsaslarla da mümkünlük tələblərinə cavab vermir (iddiaya cavab verməli orqana qarşı qaldırılmayıb, ilkin müraciət yoxdur və s), lakin kollegiya qeyd edir ki, iddianın digər mümkünlük şərtləri o halda yoxlanıla bilər ki, əgər ilk olaraq iddiaçının iddia qaldırmasında subyektiv hüququnun mövcudluğu müəyyən edilmiş olsun. Hazırkı halda isə iddiaçının subyektiv hüququnun olmaması müəyyən edildiyindən, digər mümkünlük şərtlərini yoxlamağı məqsədəmüvafiq hesab etmir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, kollegiya hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir. Bu əsasla iddianı mümkün saymayan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2-1(118)-349/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-275/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-275/2021
16.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver