Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-275/2023 24.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim X8, hakimlər X və X4 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba şəhəri, 28-ci kvartalda yerləşən mağaza binasına vərəsəliyin rəsmiləşdirilməsi üçün mülkiyyət hüquqlarının mərhum X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 05 mart 2022-ci il tarixli 2-1(118)- 585/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1996-cı il tarixli, 35 saylı sərəncamı ilə Quba şəhəri, 28-ci kvartalda, 24 kv.metr torpaq sahəsində yerləşən yarımçıq tikilmiş mağaza binası X5 adına rəsmiləşdirilmişdir.
2. Quba rayon Dövlət Notariat Kontorunda 19 fevral 1998-ci ildə 3-m-58 reyestr nömrəsi ilə təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən İddiaçı mərhum həyat yoldaşı X7, X3 ona məxsus, Quba şəhəri, 28-ci kvartalda, 24 kv.metr torpaq sahəsində yerləşən yarımçıq mağaza tikintisini almışdır.
3. Daha sonra iddiaçının həyat yoldaşı X7 tikintini tam başa çatdırmaqla, mağaza binası tikmişdir.
4. İddiaçının həyat yoldaşı X7 xx.xx.2013-cü ildə vəfat etmişdir.
5. Bundan sonra iddiaçının vərəsəliyi rəsmiləşdirmək üçün mağaza binasını mərhumun adına Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı və müvafiq texniki sənədləri almaq üçün mağaza binasının mülkiyyət sənədlərinin verilməsi üçün bütün müvafiq sənədlərin əsl nüsxələrini əlavə etməklə, xx.xx.2021-ci ildə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin xx.xx.2021-ci il tarixli, **********54 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə imtina məktubu ilə ona mülkiyyət sənədlərinin verilməsindən imtina olunmuşdur.
6. İmtinanın səbəbi kimi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin tam olmaması göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayon Dövlət Notariat Kontorunda 19 fevral 1998-ci ildə 3-m-58 reyestr nömrəsi ilə təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən Quba şəhəri, 28-ci kvartalda yerləşən ümumi sahəsi 52.80 kv.m olan qeyri-yaşayış binasına X2 hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Dövlət Notariat Kontorunda 19 fevral 1998-ci ildə 3-m-58 reyestr nömrəsi ilə təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən həyat yoldaşı X1 Elşad Yusif oğlundan ona məxsus, Quba şəhəri, 28-ci kvartalda, 24 kv.metr torpaq sahəsində yerləşən yarımçıq mağaza tikintisini almışdır. Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1996-cı il tarixli, 35 saylı sərəncamı ilə göstərilən torpaq sahəsində yarımçıq tikilmiş mağaza binası X5 adına rəsmiləşdirilmişdir. Sonradan həyat yoldaşı X7 tikintini tam başa çatdırmaqla, mağaza binası tikmişdir. Həyat yoldaşı X7 xx.xx.2013-cü ildə vəfat etmişdir. Hal-hazırda iddiaçının vərəsəliyi rəsmiləşdirmək üçün mağaza binasına mərhumun adına Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı və müvafiq texniki sənədləri almaq istəyir. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq, göstərilən mağaza binasının mülkiyyət sənədlərinin verilməsi üçün bütün müvafiq sənədlərin əsl nüsxələrini əlavə etməklə, xx.xx.2021-ci ildə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin xx.xx.2021-ci il tarixli, **********54 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə imtina məktubu ilə ona mülkiyyət sənədlərinin verilməsindən imtina olunmuşdur. Məktubda imtinanın səbəbi kimi guya torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin tam olmaması göstərilmişdir. Məktubda göstərilir ki, guya Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyəti olmamışdır. Bələdiyyələr formalaşana qədər torpaq sahələri icra nümayəndəlikləri tərəfindən verilirdi. Məktubda həmçinin xx.xx.2013-cü ildə qüvvəyə minmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsaslanmaqla bildirilir ki, Məcəllə qüvvəyə mindikdən sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün tələb olunan sənədlər təqdim olunmamışdır. Lakin, göstərilən mağaza binası yarımçıq tikilmiş vəziyyətdə 1998-ci ildə alınıb və dərhal da tikintisi başa çatdırılmaqla, həmin vaxtdan istifadəsindədir. Haqqında söhbət gedən yarımçıq mağaza binası 1998-ci ildə alınmışdır, həmin dövrdə torpaq sahələri icra nümayəndəlikləri tərəfindən verilirdi, torpaq sahəsinin verilməsi üçün tələb olunan bütün sənədlər tərtib olunmuş və torpaq sahəsinin verilməsi üçün həmin dövrün qanunvericiliyinin bütün tələblərinə və prosedur qaydalarına əməl olunmuşdur. Mağazanın yarımçıq tikilisi və onun yerləşdiyi torpaq sahəsi qanun əsasında həyat yoldaşı tərəfindən alınmaqla, o, mağazanın tikintisini başa çatdırmışdır. Həmçinin, göstərilən torpaq sahəsinin yerləşməsi, həmçinin orada tikilmiş mağazanın yerləşməsi və quruluşu digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmır və bunlar iddia ərizəsinə əlavə etdiyi sənədlərlə təsdiq olunur. Göstərilənlər əsas verir ki, hal-hazırda haqqında söhbət gedən mağazaya mülkiyyət hüquqlarını təsdiq edən sənədlər verilməlidir. Hesab edir ki, imtina qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir
9. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilərək bildirmişdir ki, iddiaçı Quba şəhəri 28-ci məhəllədə yerləşən qeyri-yaşayış binası üzərində mərhum həyat yoldaşı X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixdə daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2021-ci il tarixli **********54 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Müraciətinizlə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizənizə əlavə olunmuş Quba rayon Dövlət notariat konturunun xx.xx.1998- ci il tarixli, 3-M-58 reyestr nömrəli alğı-satqı müqaviləsində qeyd olunmuş 25 kv.metr torpaq sahəsi Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1996-ci il tarixli 35 saylı sərəncamı əsasında ayrılmışdır. Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyəti yoxdur. Əlavə olaraq qeyd edirlər ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, ərizənizdə qeyd olunan qeyri-yaşayış binasına dair Quba Rayon İcra Hakimiyyəti başçısının tikintiyə icazə verilməsi barədə qərarı, memarlıq şöbəsi tərəfindən təsdiqlənmiş layihə və tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyriyaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin stismarına icazə hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Qeyd olunan səbəblərdən Quba şəhəri, 28-ci məhəllədə yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Həmçinin, vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir, həmin daşınmaz əmlakın digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. İddia ərizəsində göstərilən qeyriyaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Bununla bağlı icraatda olan iş üzrə Quba Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Sumqayıt İnzibati Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 2-1(118)-585/2022 nömrəli qərarı ilə Quba rayon Dövlət Notariat Kontorunda 19 fevral 1998-ci ildə 3-m-58 reyestr nömrəsi ilə təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən Quba şəhəri, 28-ci kvartalda yerləşən ümumi sahəsi 52.80 m2 olan qeyri-yaşayış binasına X2 mülkiyyət hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Ceyhun Məmmədov).
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia tələbi qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı olmuşdur. Həmin qeyri-yaşayış sahəsinin altında olan torpaq sahəsinin səlahiyyəti olmayan qurum tərəfindən ayrılması barədə gətirilən arqument əhəmiyyətsizdir. Nəzərə alınmalıdır ki, həmin qeyri-yaşayış sahəsinin altında olan torpaq sahənin mülkiyyətçisinin gələcəkdə qeyri-yaşayış sahəsinin mülkiyyətçisindən torpaq haqqını və ya tikilinin sökülməsini tələb etmək hüququ var. Ona görə də inzibati orqanın bu səpkidə gətirdiyi arqumentə əsaslanmaq düzgün deyil. Bundan başqa məhkəmə tərəfindən Quba Rayon İcra Hakimiyyətindən Quba rayonu 28-ci kvartalında yerləşən ümumi sahəsi 52.80 kv.m olan mağazanın Quba şəhərin memarlıq üslubuna, xarici görünüşünə zidd olub-olması, o cümlədən istismarına hər hansı bir maneənin olub-olmaması haqqında məlumat tələb edilmiş və verilmiş cavabdan məlum olmuşdur ki, mövcud tikili şəhərin memarlıq üslubuna və xarici görünüşünə xələl gətirmir. 12 Cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tikinti obyektinin istismarına icazədə nəzərdə tutulan məlumatlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 103-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 101.4-cü maddəsinə əsasən tikinti obyektinin istismarına icazənin vahid forması Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Tikinti obyektinin istismarına icazənin vahid forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 302 nömrəli qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsinin məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir, həmin daşınmaz əmlakın digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsində göstərilir ki, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarım və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsində göstərilir ki, torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Göründüyü kimi, bu norma da şəhərsalma və tikinti normalarını və qaydalarının tələblərinin gözlənilməsi şərti ilə torpaq sahəsində binalar və qurğuların ucaldılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. X7 inşa edilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququna malik deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsində daşınmaz əmlaka mülkiyyət hüququnun yaranma anı göstərilmişdir. Həmin hüquq onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 16 avqust 2022-ci il tarixli 2-1(105)-419/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 05 mart 2022-ci il tarixli 2-1(118)-585/2022 nömrəli qərarı ləğv edilmiş və və iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba şəhəri, 28-ci kvartalda yerləşən mağaza binasına vərəsəliyin rəsmiləşdirilməsi üçün mülkiyyət hüquqlarının mərhum X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilmişdir (hakimlər F.Məmmədov – sədrlik edən və məruzəçi, H.Babayeva və Z.Məmmədov).
Kassasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini və təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2022-ci il tarixli 2-1(102)-2197/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 avqust 2022-ci il tarixli, 2- 1(105)-419/2022 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər Z.Quliyev – məruzəçi, R.Nəbizadə və S.Kərimov).
17. Ali Məhkəmə qərarında göstərmişdir ki, məlum olduğu kimi İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba şəhəri, 28-ci kvartalda yerləşən mağaza binasına vərəsəliyin rəsmiləşdirilməsi üçün mülkiyyət hüquqlarının mərhum X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək göstərmişdir ki, Quba rayon Dövlət Notariat Kontorunda 19 fevral 1998-ci ildə 3-m58 reyestr nömrəsi ilə təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən Quba şəhəri, 28-ci kvartalda yerləşən ümumi sahəsi 52.80 kv.m olan qeyri-yaşayış binasına X2 hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə İddiaçı iddia tələbi ondan ibarətdir ki, sözügedən qeyri-yaşayış binasına iddiaçının mərhum əri olmuş X2 adına hüquqlarının dövlət qeydiyyatı haqqında danışmaz əmlakın dövlət reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ölmüş şəxsin adına yuxarıda göstərilmiş çıxarışın və texniki pasportun verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır, bunun başqa proseduru müəyyən edilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının,bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin ( Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1 -ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1 -ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3)
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimat.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarı
1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır.
21. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür.
22. Birinci instansiya məhkəməsi isə iddianın mümkünlüyünə hüquqi qiymət vermədən tələbə mahiyyəti üzrə baxmışdır.
23. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayon Dövlət Notariat Kontorunda 19 fevral 1998-ci ildə 3-m58 reyestr nömrəsi ilə təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən Quba şəhəri, 28-ci kvartalda yerləşən ümumi sahəsi 52.80 kv.m olan qeyri-yaşayış binasına mərhum əri olmuş X2 adına hüquqlarının dövlət qeydiyyatı haqqında danışmaz əmlakın dövlət reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Halbuki, ölmüş şəxsin adına yuxarıda göstərilmiş çıxarışın və texniki pasportun verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır, bunun başqa proseduru müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın müvafiq bəndlərinin tələblərini, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələbini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq iddiaçıya xx.xx.2023-cü il tarixdə iş üzrə aydın olmayan iddia tələbinin dəqiqləşdirilməsini təklif etmişdir. İşdə olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, həmin məktub xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən şəxsən qəbul edilmişdir. Lakin indiyədək iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəmənin təklifinə münasibət bildirməmişdir. Hazırki vəziyyətdə iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermir.
24. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir.
25. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.
26. Həmçinin, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.
27. Birinci instansiya məhkəməsi isə iddianın mümkünlüyünə hüquqi qiymət vermədən tələbə mahiyyəti üzrə baxmışdır. Halbuki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermir.
28. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 mart 2022-ci il tarixli 2-1(118)-585/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba şəhəri, 28-ci kvartalda yerləşən mağaza binasına vərəsəliyin rəsmiləşdirilməsi üçün mülkiyyət hüquqlarının mərhum X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.