Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-275/2025 19.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Hüseynli Nailə Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2-1(118)-5179/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçı xx.xx.1995-ci il təvəllüdlüdür. Vətən müharibəsi iştirakçısıdır, mühairbə əlilidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İ-32831, İ-8536, İ-2250, İ- 14086 nömrəli medallara dair vəsiqələrdən görünür ki, İddiaçı “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 10 noyabr 2022-ci il tarixli, M/V seriyalı, 102449 nömrəli Vəsiqədən görünür ki, həmin vəsiqə İddiaçı verilmişdir İş materiallarına əlavə olunmuş İddiaçı məxsus 14 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli “Şəxsi vəsiqə”dən görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarına əlavə olunmuş 10 yanvar 2024-cü il tarixli, 151 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, xəstəliyinin səbəbli əlaqəsi Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi göstərilmişdir. İş materiallarına əlavə olunmuş 6 mart 2024-cü il tarixli, ********** nömrəli arayışdan görünür ki, iddiaçıya 3 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəbi ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Aparatının 3 may 2024-cü il tarixli, 5-6/1-H-146-068/2024 nömrəli məktubundan görünür ki, İddiaçı Gədəbəy rayonundan qeydiyyatdan çıxaraq 2024-cü ildə Sumqayıt şəhərinə qeydiyyata düşmüşdür. Qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülür. Eyni zamanda bildirilmişdir ki, Sumqayıt şəhərində mənzil uçotuna alınmanın əsaslarından biri olan 5 il daimi qeydiyyat müddəti tamam olduqdan sonra vətəndaşlar yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülür. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 3-cü dərəcəli müharibə əlili kimi imtiyazlı əsaslarla mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1995-ci ildə Gədəbəy rayonunun Arıqıran kəndində anadan olmuş, lakin valideynləri ilə 7 yaşından Sumqayıt şəhərinə köçmüş və faktiki yaşadığı Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərən Laçın rayonu F.Cəfərov adına Cicimli kənd orta məktəbində 3-cü sinifdən 11-ci sinfə kimi təhsil almışdır. İddiaçı orta təhsilini başa vurmaqla hərbi xidmətə yollanmış və 44 günlük Vətən müharibəsində hərbçi zabit (gizir rütbəsində) döyüşmüş, döyüşdə fərqləndiyinə görə «Cəsur döyüşçü», «Cəbrayılın azad olunmasına görə», «Füzulinin azad olunmasına görə» medali, “Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunmuşdur. İddiaçı kiçik leytenant, N nömrəli hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün 4-cü tağımın komandiri vəzifəsində xx.xx.2023-cü ildə keçirilmiş lokal tipli antiterror əməliyyatlarında iştirak etmiş və bu əməliyyatlar zamanı Xocalı-Aşağı Yemişanlı istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən düşmən postunda düşmən tərəfindən basdırılmış minaya düşmüş və minanın partlamasından sonra sol sağrı, sol baldır və sol daban nahiyyəsinin zədələnməsi, kəllə-beyin travması ilə nəticələnən xəsarətlər almış, daban sümüyünün açıq yerdəyişmiş sınığına görə aparılmış sol ayağın Şopar oynağı səviyysindən ekzartikulyasiyası, güdülün formalaşması, kəllə beyin travması, baş beynin silkələnməsindən sonrakı vəziyyət diaqnozu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının 10 yanvar 2024-cü il tarixli 151 saylı şəhadətnaməsinə Əsasən “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə hərbi xidmətə məhdud yararlı” hesab olunmuş və TSERA tərəfindən ona 2024-cü il fevral ayının 3-dən Azərbaycan Respublikasının ərazi bütövlüyünün,müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar lll dərəcəli müddətsiz əlillik təyin edilmişdir. İddiaçı ailə həyatı qurmamış və mənzil sahəsinə kəskin ehtiyacı olduğunu qeyd etmiş, bu səbəbdən də cavabdeh orqana müraciət edərək onun müharibə əlili kimi mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında imtina məktubunun dəlillərinə istinad edərək, iddiaçının qeydiyyatda olduğu Gədəbəy rayonundan 2024-cü ildə qeydiyyatdan çıxaraq, qohumuna məxsus Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, Şirvan-Yaşma B/Y- 311 ünvanına 4 aprel 2024-cü il tarixdə qeydiyyata alınmasını bildirmiş, iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının 5 il müddətində Sumqayıt şəhərində qeydiyyatda olunduqdan sonra bu barədə müraciət etməli olduğunu qeyd etmişdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-5179/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı uzun illərdir faktiki olaraq Sumqayıt şəhərində yaşayır, hazırda Sumqayıt şəhəri, Yaşma Bağlar ərazisi, Şirvan-Yaşma B/Y-311 ünvanında qeydiyyatdadır. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İİİ dərəcəli əlilliyi vardır. Əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədardır. Məhkəmə tərəfindən göndərilmiş sorğuya münasibətdə bildirilmişdir ki, iddiaçıya Sumqayıt bələdiyyəsi tərəfindən bələdiyyə ərazisində torpaq sahəsi ayrılırmamışdır (§ 1-10). Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, müharibə veteranıdır və üçüncü dərəcəli əlilliyi vardır. İddiaçı qanunvericiliyin istinad olunan tələblərinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab olunur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti iddia ərizəsinə etirazla uyğun əsaslandırmış və cavabdeh Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-5179/2024 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 5-6/2-346/2025 nömrəli məktubunda işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 4.0 və 4.0.2. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. ........ Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki inzibati iş üzrə iddiaçının iddia tələbi mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. İşin hallarından görünür ki, iddiaçı 2002-ci ildən (7 yaşından) faktiki olaraq Sumqayıt şəhərində yaşayır, 1-ci sinifə ünvan 3 ünvanda müvəqqəti yerləşən ünvan 4 təhsil almş və 2011-ci ildə məktəbin 9-cu sinifini bitirərək ümumi orta təhsil haqqında şəhadətnamə almışdır. Ehtiyatda olan zabitdir və xx.xx.2020-ci il tarixdə başlamış Vətən müharibəsinin iştirakçısıdır. Həmin müharibədə iştrak edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış və yaralanma nəticəsində ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarışdan göründüyü kimi, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz lll dərəcəli əlillik təyin olunmuşdur. İddiaçı ehtiyatda olan zabit və lll qrup Qarabağ müharibəsi əlili kimi ərizə ilə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək mənzil növbəsinə götürülməsini xahiş etmiş, lakin cavabdeh ərizəni təmin etməkdən imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçı Gədəbəy rayonundan qeydiyyatdan çıxaraq Sumqayıt şəhərinə qeydiyyata düşməklə yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmişdir, bununla bağlı o, Sumqayıt şəhərinə qeydiyyata düşdüyü gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilər. Bu səbəbdən vətəndaşın xahişinin təmin edilməsi imkan xaricindədir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Beləliklə, işin hallarından müəyyən olunmuşdur ki, iddiaçı 2002-ci ildən başlayaraq faktiki olaraq Sumqayıt şəhərində yaşayır, orta təhsilini Sumqayıt şəhərində almışdır. Lakin yaşadığı ev sənədsiz olduğuna görə qeydiyyata düşə bilməmiş, hazırda qohumunun evində qeydiyyatdadır. Məhkəmə kollegiyası bu halları iddianın təmin edilməsi üçün yetərli hesab edir və qeyd edir ki, cavabdehin iddiaçının öz hərəkətləri ilə hər hansı niyyətli hərəkətlərə yol verməsi halı öz təsdiqini tapmamışdır. Beləliklə, müəyyən olunur ki, iddiaçının iddia tələbi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1 (Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir) və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.-ci maddələrinin (Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir) dispozisiya şərtləri ilə uzlaşdığından cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtinası qanuni və əsaslı olmamışdır. İşin faktiki hallarına tətbiq olunan hüquq normalarından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2-1(118)-5179/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-275/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-275/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver