Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-276/2022 26.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim hakim Babayeva Hökümə Çingiz qızı Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair tikintiyə icazənin, istismara qəbul edilməsi məlumatlarının dövlət reyestrinə daxil edilməsi, tikinti obyektlərinə verilən koda dair şəhadətnamənin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(118)-1254/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının ləğv edilməsi, iddiaçının Abşeron rayonu, Masazır kəndində xüsusi mülkiyyətində olan 0, 16 ha torpaq sahəsində 685,54 kv.m tikinti altı sahə, 622,99 kv.m ümumi tikinti sahəsi olan anbar binalarına və ofis binasına (qeyri-yaşayış sahəsinə) dair tikinti obyektlərinə verilən koda dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Masazır kəndində xüsusi mülkiyyətində olan 0,16 ha torpaq sahəsində 685,54 kv.m tikinti altı sahə, 622,99 kv.m ümumi tikinti sahəsi olan anbar binaları və ofis binası (qeyri-yaşayış sahəsi) inşa etmişdir. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2019-cu il tarixli 131/1 nömrəli “Tikinti obyektinin istismarına” icazə verilmişdir. İddiaçı inşa etdiyi qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintilərin Dövlət Reyestri tikinti obyektlərinə verilən koda dair Şəhadətnamənin verilməsinə dair ərizəsini cavabdehə təqdim etmiş, cavabdeh 30 dekabr 2020-ci il tarixli, xx/xx-5997 nömrəli məktubu ilə iddiaçıya imtina cavabı vermişdir. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2-1(112)-4412/2021 nömrəli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən obyektin tikintisinə icazə məktub formasında verilmişdir. Həmin tikintiyə icazə ilə bağlı verilən məktub Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016- cı il tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş “Obyektin tikintisinə icazə” formasına uyğun deyildir. Bu səbəbdən də Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 1877-T nömrəli məktub tikinti işlərinin başlanması üçün əsas ola bilməz. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 04 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması” Qaydalarının 4.2-ci bəndinə əsasən tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1 -ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən tikinti obyektinə dair sənəd və məlumatlar Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi üçün hazırki günə qədər Komitəyə təqdim edilməmişdir. Lakin İddiaçı MMC tərəfindən müvafiq sənədlərin Reyestrə daxil edilməsinə dair xx.xx.2020-ci il tarixdə Komitəyə müraciət edilmişdir. Bu səbəbdən də Komitənin xx.xx.2020-ci il tarixli xx/xx-5997 nömrəli məktubu ilə imtina cavabı verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(118)-1254/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim V.Əzizova). Qərardan narazı qalan iddiaçı ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2-1(105)-276/2022 nömrəli qərardadı ilə Abşeron Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, AR Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması” Qaydalarının 4.2-ci bəndinə uyğun olaraq tikinti obyektinə dair sənəd və məlumatlar reyestrə daxil edilməsi üçün tikintiyə icazə verən orqan, yəni Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilməlidir. Abşeron Rayon İH tərəfindən qeyd edilən sənədlər təqdim edilmədiyindən iddiaçıya Tikintilərin Dövlət Reyestri tərəfindən tikinti obyektlərinə verilən koda dair şəhadətnamənin verilməsindən imtina edilmişdir. Buna baxmayaraq əmlak dövlət orqanları tərəfindən istismara qəbul edilmişdir. Əmlak əvvəl yaşayış sahəsi kimi inşa edilməsi üçün yerli icra hakimiyyəti orqanına məlumat verilməklə məlumatlandırma prosedurunu keçmişdir. Buna əsasən Abşeron Rayon İcra Hakimiyyəti tikintiyə icazə olmadan binaları istismara qəbul etmişdir. Cavabdeh təşkilat qeyd edir ki, Abşeron Rayon İH tərəfindən sözügedən obyektin tikintisinə verilmiş icazə məktub formasında verilmişdir. Cavabdeh həmin tikintiyə verilən icazə bağlı məktubu AR NK-in xx.xx.2016-cı il tarixli 495 nömrəli Qərarı ilə təsdiq edilmiş “Obyektin tikintisinə icazə” formasına uyğun hesab etmir. Bu səbəbdən Abşeron Rayon İH tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 1877-T nömrəli məktubunu tikinti işlərinin başlanması üçün əsas hesab etməmişdir. Məhkəmə tikintiyə verilən icazə məktubunun “Obyektin tikintisinə icazə” formasına uyğun olmadığını əsas göstərməklə iddianı təmin etməmişdir. Nəticədə dövlət orqanını səhvinə görə iddiaçının əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasında məhdudiyyətlər yaranır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Həmçinin, iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, İddiaçı MMC-nin Abşeron rayonu, Masazır kəndində xüsusi mülkiyyətində olan 0,16 ha torpaq sahəsində 685,54 kv.m tikinti altı sahə, 622,99 kv.m ümumi tikinti sahəsi olan anbar binalarına və ofis binasına (qeyri-yaşayış sahəsinə) dair tikintiyə icazənin, istismara qəbul edilməsi məlumatlarının dövlət reyestrinə daxil edilməsi, Tikintilərin Dövlət Reyestri tikinti obyektlərinə verilən koda dair şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də nümayəndəi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 04 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması” Qaydaları. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, müvafiq qanunvericilikdə bütün hallarda tikintiyə icazənin məktub şəklində deyil, müvafiq icra hakimiyyəti orqanının müvafiq qərarı (sərəncamı) əsasında verildiyi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, şəhərsalma və tikinti fəaliyyətini tənzimləyən qanunvericilikdə tikintiyə icazənin məktub şəklində verilməsi nəzərdə tutulmadığından cavabdehin imtina cavabı əsaslı hesab edilərək iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırkı işin hallarından görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Abşeron rayon Masazır kəndində yerləşən 0,16 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin torpaq sahəsinə dair DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli, A ******* nömrəli “Torpaq sahəsinin plan və ölçü sənədi” tərtib olunmuş, plan və ölçü sənədində torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd edilmişdir. İş materiallarından görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısı iddiaçıya xx.xx.2017-ci il tarixli, 1877-T saylı məktub ünvanlayaraq, iddiaçının mülkiyyətində olan 0,16 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş üç mərtəbəli fərdi yaşayış evinin (432 kv.m) və qeyri-yaşayış obyektinin (400 kv.m) layihə sənədləri və ərazinin baş plan bölməsi aşağıdakı şərtlər daxilində razılaşdırılmışdır: -tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış eskiz əsasında aparılsın; - tikinti aparılan ərazidə sanitar, yanğın təhlükəsizliyi normalarına və yanaşı yaşama prinsiplərinə riayət olunsun; -tikinti müddətində razılaşdırılmış eskizdən kənarlaşma halları nəzərdə tutularsa, əvvəlcədən müvafiq dəyişikliklər barədə İH Başçısı aparatının memarlıq və tikinti şöbəsinə məlumat verilsin. Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi Təhlil qrupu tərəfindən tərtib edilmiş 20 iyul 2020-ci il tarixli, 1064 nömrəli rəyə əsasən, Abşeron rayon Masazır kəndi ərazisində İddiaçı MMC–yə məxsus binaların təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlilik və dayanıqlılıq tələblərini ödəyir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən Abşeron Rayonu İH-in xx.xx.2017-ci il tarixli, 1877-T saylı məktubuna əsasən, iddiaçı tərəfindən Abşeron rayon Masazır kəndi, Həzi Aslanov küçəsində inşa edilən qeyri-yaşayış obyektina dair 07 sentyabr 2020-ci il tarixli, Ö seriyalı 003926 nömrəli X4 tərtib edilmişdir. İş materiallarından görünür ki, sözügedən qeyri-yaşayış obyektinin eskiz layihəsi "xxxx" MMC tərəfindən tərtib edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 131/1 saylı “Tikinti obyektinin istismarına icazə” sənədindən görünür ki, Abşeron rayon Masazır kəndi ərazisində iddiaçıya məxsus anbar binaları və ofis binasının keyfiyyat zəmanət müddəti 2 il müəyyən edilmiş, tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alaraq 16 iyul 2019-cu il tarixdən obyektin istismarına icazə verilmişdir. İddiaçı Abşeron rayonu, Masazır kəndində mülkiyyətində olan 2 mərtəbəli ofis və 1 mərtəbəli anbar binasının tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş və cavabdehin 30 dekabr 2020-ci il tarixli, xx/xx-5997 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədi AR NK-in xx.xx.2014-cü il tarixli 302 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin istismarına icazənin formaları” nın 1 nömrəli əlavəsinə uyğun tərtib edilməmiş, tikinti obyektinin istismarına icazə sənədində Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd olunmamışdır. Həmin məktubla NK-ın xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət Reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları” nın 3.1.1-ci yarımbəndinin tələblərinə əsasən obyektin tikintisinə icazənin surəti və kənd ərazisinin yerquruluşu planından çıxarış Komitəyə təqdim edildikdən sonra müraciətə baxılacaqdır. Həmçinin qeyd edilmişdir ki, sözügedən Qaydaların 4.2-ci bəndinə uyğun olaraq tikinti obyektinə dair sənəd və məlumatlar reyestrə daxil edilməsi üçün tikintiyə icazə verən orqan, yəni Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilməlidir. Beləliklə, yuxarıda sadalanan sübutların tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, RX seriyalı ******* nömrəli çıxarışa əsasən Abşeron rayon Masazır kəndində yerləşən 0,16 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmışdır. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci il tarixli, 1877-T saylı məktubla sözügedən ünvanda yerləşən üç mərtəbəli fərdi yaşayış evinin (432 kv.m) və qeyri-yaşayış obyektinin (400 kv.m) tikintisinə icazə verilmişdir. Tikiləcək qeyri-yaşayış obyekti ilə bağlı Fövqəladə Hallar Nazirliyi Tikintidə Təlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin, sifarşinin, lahiyəçinin və podratçının nümayəndələrinin imzaları ilə təsdiq edilmiş 07 sentyabr 2020-ci il tarixli, Ö seriyalı 003926 nömrəli X4 verilmişdir. Obyektin inşası başa çatdırıldıqdan sonra Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 131/1 saylı icazəsinə əsasən 685,54 kv.m tikinti altı sahə, 622,99 kv.m ümumi tikinti sahəsi olan anbar binaları və ofis binasının istismarına icazə verilmişdir. Hazırkı mübahisənin predmetini cavabdeh orqanın iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış obyektinə dair tikintiyə icazənin, istismara qəbul edilməsi məlumatlarının dövlət reyestrinə daxil edilməsi, Tikintilərin Dövlət Reyestri tikinti obyektlərinə verilən koda dair şəhadətnamənin verilməsindən imtinası təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 04 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması” Qaydalarının: - 1.4-cü bəndinə əsasən reyestrin aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən büdcə vəsaiti hesabına həyata keçirilir. - 3.1-ci bəndinə əsasən reyestrə daxil edilən məlumatların tərkibi aşağıdakılardır: 3.1.1. tikintiyə icazə verən orqan (qurum) tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, o cümlədən: 3.1.1.1. obyektin tikintisinə icazənin surəti; 3.1.1.2. sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 3.1.1.3. tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması; 3.1.1.4. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; 3.1.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (koordinatlar bu Qaydaların 3.1.1.2-ci yarımbəndində nəzərdə tutulan sənədlərdə göstərilmədiyi hallarda), situasiya planı və təyinatı barədə məlumat; 3.1.1.6. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi. 3.1.2-ci bəndinə əsasən, tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı aşağıdakı məlumatlar istismara icazə verən orqan (qurum) tərəfindən Reyestrə təqdim edilir: 3.1.2.1. tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; 3.1.2.2. tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın (qurumun) vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; 3.1.2.3. tikinti obyektinin istismarına icazə verildiyi tarix və icazənin nömrəsi; 3.1.2.4. tikinti obyektinin istismar təyinatı; 3.1.2.5. tikinti obyektinin əsas texniki göstəriciləri (layihə üzrə və faktiki); 3.1.2.6. Reyestr tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi; 3.1.2.7. tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilməsini və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən X4. 3.1.3. Sökülməsi nəzərdə tutulan tikinti obyektləri barədə məlumat (ünvanı, ümumi sahəsi və həcmi). 3.1.4. Yerli icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Mənzil X2 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik və ya bələdiyyələr tərəfindən ərazi planlaşdırılmasına qoyulan qadağa və məhdudiyyətlərin tətbiqi ilə bağlı sənədlərin surətləri. 3.1.5. Məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin surəti. - 4.2-ci bəndinə əsasən, tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir. Cavabdehin imtina məktubu və iddia ərizəsinə etirazının dəlilləri Abşeron Rayonu İH tərəfindən verilmiş yuxarıda qeyd olunan xx.xx.2017-ci il tarixli, 1877-T saylı məktubun Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 495 nömrəli qərarı ilə təsdiq edilmiş obyektin tikintisinə icazənin formasına uyğun olmaması və NK-in həmin qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət Reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları” nın 4.2-ci bəndinə əsasən tikintiyə icazə verən orqanın müvafiq sənəd və məlumatları Reyestrə təqdim etməli olduğu halda Abşeron rayon İcra Hakimiyyəti tərəfindən deyil, iddiaçı tərəfindən həmin sənəd və məlumatların Komitəyə təqdim edilməsidir. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi şəhərsalma və tikinti fəaliyyətini tənzimləyən qanunvericilikdə tikintiyə icazənin məktub şəklində verilməsi nəzərdə tutulması əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə tərkibi qeyd olunan hüquqi mövqe ilə razılaşmır və Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən obyektin tikintisinə verilmiş icazə məktubunu inzibati akt kimi qiymətləndirir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir: Birincisi, mövcud qanunverciliyin təhlili onu deməyə əsas verir ki, inzibati hüquqi akt inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən aktdır.İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir.Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən,ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən obyektin tikintisinə verilmiş icazə məktubu forma baxımından inzibati akt hesab edilməsə də, məzmun (mahiyyət) etibari ilə inzibati aktdır. İkincisi, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən obyektin tikintisinə verilmiş icazə məktubu ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salır. Digər tərəfdən, qeyd olunmalıdır ki, oxşar mövqe Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü tarixli qərarında da öz əksni tapmışdır. Həmin qərarda X5 üzrə Dövlət Komitəsinin “Yehovanın şahidləri” dini icmasına dini nəşrin idxalının sayına və istifadəsinə məhdudiyyət qoyulması ilə bağlı ünvanladığı məktublar inzibati akt hesab edilmişdir və belə nəticəyə gəlinmişdir ki, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Yəni həmin qərarda “məktublar” forma baxımından inzibati akta xarakterik olmasa da, məzmun etibarı ilə inzibati akt hesab edilmişdir. Bundan başqa, məhkəmə tərkibi hesab edir ki, inzibati aktın qəbul edilməsi zamanı formal (prosessual) pozuntulara yol verilməsi hallarında məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Başqa sözlə, prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Birinci instansiya məhkəməsi işin qeyd olunan xüsusatlarının nəzərə almadan iddia tələbini rədd edərkən haqlı olmamışdır. Bu baxımdan, apelyasiya şikayəti təmin edilmli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(118)-1254/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Abşeron rayonu, Masazır kəndində yerləşən İddiaçı MMC-yə məxsus anbar binaları və ofis binasına (qeyri-yaşayış sahəsinə) dair məlumatlarının Tikintilərin dövlət reyestrinə daxil edilməsi və koda dair şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-276/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-276/2022
26.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver