Məhkəmə qərarları › İş №2-1(105)-276/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-276/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-276/2025 20.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-94/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qərarının icra edilməməsi ilə bağlı cavabdeh inzibati orqanın cərimə edilməsinə dair Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(085)-820/2019 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-94/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddiası təmin edilərək ünvan 1ndə mülkiyyətində olan “Avtomotoservis” 3 saylı texniki təmir mənətəqəsinin yerləşdiyi 3600 kv.metr torpaq sahəsinin bazar qiymətinin 14400 manat müəyyən edilərək iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(102)- 1736/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 iyun 2022-ci il tarixli, 2-1(105)-94/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. 23 yanvar 2023-cü il tarixdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı icra olunması üçün cavabdeh inzibati orqana, yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 27 fevral 2023-cü il tarixli, 3-21-3/2-2296/2023 nömrəli məktubundan görünür ki, aparılmış araşdırma nəticəsində X2 istifadəsində olan, özəlləşdirilməsi üçün təqdim olunmuş torpaq sahəsində qanunsuz tikililərin inşa edildiyi və əlavə torpaq sahəsinin zəbt edildiyi müəyyən edilmişdir. Qeyd edilən qanun pozuntuları ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Şabran rayon məhkəməsində iddia qaldırılmışdır. Zəbt olunmuş torpaq sahəsi və lazımi icazələr alınmadan inşa edilmiş qanunsuz tikililərlə bağlı mübahisə üzrə yekun məhkəmə qərarı qəbul edildikdən sonra, həmin torpaq sahəsinin özəlləşdirilməsi məsələsinə baxıla bilər. İddiaçı birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək cavabdeh inzibati orqanın məhkəmə qərarının icra edilməsində süni maneələr yaratdığını bildirmiş və qanunvericiliklə nəzərə tutulmuş qaydada cərimə tətbiq olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan məhkəmə qərarının icra edilməsində süni maneələr yaradaraq 1 ildən artıqdır ki, məhkəmə qərarının icrasından yayınmışdır. Cavabdehin ərizəyə dair etirazının dəlilləri Cavabdehin ərizəyə dair etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(085)-820/2019 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-94/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qərarının icrasını təmin etmədiyi üçün 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindiyindən qərarın icrası yuxarıda adıçəkilən mülki işin nəticələrindən asılı ola bilməz. Daha sonra cavabdeh inzibati orqan qərarın icra olunması üçün zəruri tədbirlər görüldüyünü bildirmişdir, lakin yenə də hər hansı real tədbir görülməmişdir. İddiaçı məhkəmə qərarının icra edilməməsi ilə bağlı müxtəlif instansiyalara şikayətlər edərək qərarın icra edilməsini tələb edir. 16 sentyabr 2024-cü il tarixli məhkəmə iclasında cavabdehin 50000 manatadək məbləğdə cərimə edilməsi məsələsi müzakirə edilmişdir. Lakin yenə də hər hansı müsbət nəticə əldə olunmamışdır. Cavabdeh qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə qərarı qüvvəyə minsə də, onun icrası qanunvericiliyin tələbləri baxımdan mümkün olmamışdır. Belə ki, “Özəlləşdirilən dövlət müəssisə obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 6-1-ci bəndinə əsasən torpaq sahələrinin müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq ünvan 1 ünvanında özəlləşdirilmiş qeyri-yaşayış binasının yerləşdiyi 3600 kv.m torpaq sahəsinin özəlləşdirilməsi və ya satınalma hüququ ilə icarəyə götürülməsi xx.xx.2019-cu il tarixli, **********39 nömrəli bildirişlə iddiaçı X3 və başqalarına (tikilinin digər mülkiyyətçilərinə) təklif edilmiş, daha sonra iddiaçı xx.xx.2019-cu il tarixli məktubla Komitəyə müraciət edərək, qeyd edilən torpaq sahəsinin satış dəyəri barədə məlumat verilməsini xahiş etmiş, Komitənin xx.xx.2019-cu il tarixli, **********75 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab verilərək, daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən qeyd edilən torpaq sahəsinin dəyərinin 36000 manat təşkil etdiyi bildirilmişdir. Lakin iddiaçı Xidmətin bu təklifi ilə razılaşmamışdır. Bundan sonra iddiaçı X4 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında özəlləşdirilmiş qeyri-yaşayış binasının yerləşdiyi 3600.0 kv.m torpaq sahəsinin hər kv.m üçün 100 manat olmaqla ümumilikdə 3600 manat məbləğində qiymətləndirilməklə iddiaçının adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Göründüyü kimi, mülkiyyətçi kimi Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti əsasında müstəqil qiymətləndirici tərəfindən müəyyən edilmiş torpaq sahəsinin real bazar dəyəri (36 000 manat) ilə məhkəmə qərarı ilə torpaq sahəsinin müəyyən edilmiş satış dəyəri (14 400 manat) arasında kəskin vardır. Bu səbəbdən məhkəmə qərarının icrası qanunvericiliyin tələblərinin icrası baxımından mümkün olmamışdır. Göründüyü kimi icra sənədinin icra edilməməsinin səbəbi üzrsüz olmamış, Xidmət tərəfindən həyata keçirilmiş tədbirlər qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olmuşdur. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “C.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli Qərarı “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı Bənd 25. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. Bənd 26. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı 60.1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 60.2. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Maddə 129. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, onların icrası məcburidir və məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ Bənd 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Maddə 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Maddə 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Maddə 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıda göstərilənlərin qeyd edilməsini zəruri hesab edir. Hazırkı iş materialları ilə müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2- 1(105)-94/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddiası təmin edilərək ünvan 1ndə mülkiyyətində olan “Avtomotoservis” 3 saylı texniki təmir mənətəqəsinin yerləşdiyi 3600 kv.metr torpaq sahəsinin bazar qiymətinin 14400 manat müəyyən edilərək iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(102)- 1736/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 iyun 2022-ci il tarixli, 2-1(105)-94/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. 23 yanvar 2023-cü il tarixdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı icra olunması üçün cavabdeh inzibati orqana, yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 27 fevral 2023-cü il tarixli, 3-21-3/2-2296/2023 nömrəli məktubundan görünür ki, aparılmış araşdırma nəticəsində X2 istifadəsində olan, özəlləşdirilməsi üçün təqdim olunmuş torpaq sahəsində qanunsuz tikililərin inşa edildiyi və əlavə torpaq sahəsinin zəbt edildiyi müəyyən edilmişdir. Qeyd edilən qanun pozuntuları ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Şabran rayon məhkəməsində iddia qaldırılmışdır. Zəbt olunmuş torpaq sahəsi və lazımi icazələr alınmadan inşa edilmiş qanunsuz tikililərlə bağlı mübahisə üzrə yekun məhkəmə qərarı qəbul edildikdən sonra, həmin torpaq sahəsinin özəlləşdirilməsi məsələsinə baxıla bilər. İddiaçı birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək cavabdeh inzibati orqanın məhkəmə qərarının icra edilməsində süni maneələr yaratdığını bildirmiş və qanunvericiliklə nəzərə tutulmuş qaydada cərimə tətbiq olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan 03 iyun 2022-ci il tarixdə qəbul edilmiş məhkəmə qərarını əsassız olaraq icra etməmiş və icrasından yayınmışdır ki, belə olan halda da birinci instansiya məhkəməsi tərəfindən onun 500 manat məbləğində cərimə olunması qanuni və əsaslı olmuşdur. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, “mülkiyyətçi kimi Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti əsasında müstəqil qiymətləndirici tərəfindən müəyyən edilmiş torpaq sahəsinin real bazar dəyəri (36 000 manat) ilə məhkəmə qərarı ilə torpaq sahəsinin müəyyən edilmiş satış dəyəri (14 400 manat) arasında kəskin vardır. Bu səbəbdən məhkəmə qərarının icrası qanunvericiliyin tələblərinin icrası baxımından mümkün olmamışdır.” Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. Belə ki, ilk növbədə birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqan qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi səbəbi kimi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Şabran rayon məhkəməsində iddia qaldırıldığını qeyd etmiş, zəbt olunmuş torpaq sahəsi və lazımi icazələr alınmadan inşa edilmiş qanunsuz tikililərlə bağlı mübahisə üzrə yekun məhkəmə qərarı qəbul edildikdən sonra, həmin torpaq sahəsinin özəlləşdirilməsi məsələsinə baxıla biləcəyini bildirmişdir. Lakin hazırda isə birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti verərək yeni bir məhkəmə qərarına zidd dəlilə istinad edir. Qeyd olunan hal öz-özlüyündə cavabdeh inzibati orqan tərəfindən məhkəmə qərarının icrasından boyun qaçırıldığını təsdiqləyir. Əlavə olaraq iş materiallarından da görünür ki, birinci instansiya məhkəməsi tərəfindən dəfələrlə cavabdeh inzibati orqana xəbərdarlıq məktubları göndərilərək məhkəmə qərarının icra edilməsi tələb olunmuş, lakin inzibati orqan tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra edilməməklə yanaşı, bunun səbəbləri barədə hər hansı məlumat və ya sübut məhkəməyə təqdim edilməmişdir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli 10 nömrəli Qərarında əks olunan hüquqi mövqeyə əsasən, “...qanunvericilikdə müəyyənləşdirilmiş ümumi prinsipə görə məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir. Ona görə də, məhkəmələr icranı təmin etməyə yönəlmiş hərəkətlərə başlamadan əvvəl məhkəmə aktının formal-hüquqi baxımdan qanuni qüvvəyə mindiyini dəqiq müəyyən etməlidir. Qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının icrasına yalnız qanunda məhkəmə aktının dərhal (təxirə salınmadan) icrasının nəzərdə tutulduğu hallarda yol verilir. Məhkəmələr nəzərə almalıdırlar ki, yalnız icra edilməli olan nəticələr yaradan, başqa sözlə, icra edilmək keyfiyyətinə malik olan məhkəmə aktları üzrə icra hərəkətləri etmək vəzifələri yaranır. Odur ki, məhkəmələrin icraya dair vəzifələrinin yaranıbyaranmadığına məhkəmə aktının nəticə hissəsində icra ilə bağlı öhdəliklərin təsbit edilibedilməməsindən asılı olaraq qiymət verilməlidir (bənd 5- 7). İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. İPM-in 120.1 ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər... Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər (bənd 25-28)”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “C.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, “... qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfi deyildir ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.” Bununla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarında bildirmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz (Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli Qərarı). Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı” iş üzrə 25 oktyabr 2007-ci il tarixli 31556/03 nömrəli Qərarında isə xatırlatmışdır ki (§55), 6-cı maddənin 1-ci bəndi hər kəsin məhkəmədə və ya məhkəmə funksiyalarını həyata keçirən orqanda mülki hüquq və vəzifələri ilə bağlı iddia qaldırmaq hüququnu təmin edir; beləliklə, həmin bənd “məhkəmə araşdırması” hüququnu təsbit edir; məhkəməyə müraciət etmək imkanına malik olmaq hüququ, yəni mülki məsələlərlə bağlı məhkəmə prosesinə başlamaq hüququ isə həmin hüququn bir aspektini təşkil edir. Lakin iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik qəti qərarın tərəflərdən birinin zərərinə icra olunmamasına icazə versəydi, bu hüquq xəyali hüquq olaraq qalardı. 6-cı maddənin 1-ci bəndində mübahisə tərəflərini məhkəmə qərarlarının icra olunması hüququ ilə təmin edən prosessual təminatların ətraflı təsvir edilməsi ağlabatan olmazdı; 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli qərar). Eyni qərarda Avropa Məhkəməsi göstərmişdir ki (§56), məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş, № 59498/00). Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh inzibati orqana cərimə tətbiq edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(085)-820/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar