Məhkəmə qərarları › İş №2-1(105)-277/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-277/2021

06.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-277/2021 06.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-813/2020 saylı, 03 iyun 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, JN-2718 saylı 30320018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətində olan 2718 saylı sahəsi 17489.54 kv.metrdən, 2718A saylı 19981.25 kv.metrdən ibarət torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2003-cü ildən başlayaraq Quba rayonu, İİ Nügədi kəndi ərazisində vətəndaşların mülkiyyətində olan torpaq sahələrini onlardan alğısatqı vasitəsilə alaraq, orada müxtəlif meyvə ağacları əkmişdir. Həmin illərdə müqavilələri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim etməklə həmin torpaq sahələrinə mülkiyyət hüquqlarını əldə etdiyini təsdiq edən dövlət aktları almışdır. Bundan sonra 2008 və 2011-ci illərdə həmin torpaq aktlarının bir neçəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etməklə həmin sahələrə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar almışdır. Həmin vaxt kredit almaq üçün çıxarışlar lazım olduğundan əlavə xərc çəkməmək üçün bankın girov tələb etdiyi 50 hektar torpaq sahəsinə çıxarış almışdır. 29 yanvar 2020-ci il tarixdə isə eyni massivdə olan və qalan torpaq aktlarını da 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edərək, JN 2718 saylı 30320018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətində olan 2718 saylı sahəsi 17489.54 kv.metrdən, 2718A saylı 19981.25 kv.metrdən ibarət torpaq sahələrinə çıxarışların verilməsini xahiş etmişdir. Lakin həmin idarə 04 fevral 2020ci il tarixli, **********26 saylı məktubla onun təqdim etdiyi Torpağa Mülkiyyət Hüququna dair X1 Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçmədiyi bəhanəsi ilə ona çıxarışların verilməsindən imtina etmişdir. Cavabdeh əsassız və qanunsuz olaraq onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, İddiaçı JN-2718 saylı Torpağa Mülkiyyət Hüququna X2 kitablarda qeydiyyatdan keçməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 29.01.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Ərizəyə 04.02.2019-cu il tarixli **********26 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, JN-2718 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından-qeydiyyatdan keçməmişdir. Göründüyü kimi, iddiaçının 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət məktubunun məzmunu daşınmaz əmlaka dair arxiv məlumatlarının əldə edilməsi ilə bağlıdır və Ərazi İdarəsi tərəfindən cavab məktubu hüquqların dövlət qeydiyyatının aparılmasından imtina olunması barədə deyildir. Sumqayıt İnzibati Məhkəməsinin 03 iyun 2020-ci il tarixli 2-1(118)-813/2020 saylı qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş 18 may 2006-cı il tarixli JN-2718 saylı 30320018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisində yerləşən JN-2718 saylı 30320018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən (cizgidə göstərilən sərhəd daxilində ümumi sahəsi 3.75 ha) 2718 saylı sahəsi 17489.54 m2-dən, 2718A saylı 19981.25 m2-dən ibarət torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və İddiaçı adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. (hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunda apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 sentyabr tarixli 2-1(105)-367/2020 nömrəli qərardadı ilə (sədrlik edən Z.Məmmədov, hakimlər H.Babayeva və T.Məmmədov) Sumqayıt İnzibati Məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-89/2021 saylı,02 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən İ.Hüseynov, hakimlər N.Rəsulbəyova və İ.Şəfiyev) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 sentyabr tarixli, 2-1(105)-367/2020 nömrəli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Qərarda göstərilmişdir ki, işdə iddiaçının cavabdehə hansı məzmunda müraciət etdiyini təsdiq edən inzibati icraat materialından hər hansı çıxarış yoxdur. Tərəflər ərizənin məzmunu barədə fərqli mövqe ifadə etdiklərindən, cavabdehə təqdim olunmuş ərizənin məzmunu - tərəflərin bildirməsindən asılı olmayaraq - məhkəmə tərəfindən bilavasitə yoxlanılmalıdır. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Apelyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-813/2020 saylı, 03 iyun 2020-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı JN-2718 saylı 30320018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətində olan 2718 saylı sahəsi 17489.54 kv.metrdən, 2718A saylı 19981.25 kv.metrdən ibarət torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Hazırki iddia tələbindən də göründüyü kimi qaldırılmış iddia növü öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3.-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İstinad olunan qərarda qeyd edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Lakin işin hallarından iddiaçının hazırki iddia üzrə məhkəməyə müraciət etməmişdən öncə eyni tələbi əks etdirən müvafiq ərizə ilə cavabdehə müraciət etməsi müəyyən olunmur. Belə ki, məhkəmə kollegiyası tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə İddiaçı məhkəməyə müraciət etməmişdən öncə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə etdiyi müraciətin (ərizənin) surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğu verilmiş, həmin sorğuya cavab məktubuna əlavə edilmiş 29.01.2020-ci il tarixli ərizədən görünür ki, iddiaçı cavabdeh inzibati orqana Quba rayonu, İkinci Nügədi kəndində yerləşən torpağın JN-2718 Dövlət Aktının kitablarda qeydiyyatdan keçməsi barədə dövlət reyestrindən arayışın alınması üçün müraciət etmişdir. Göründüyü kimi, iddiaçının mövcud iddianı qaldırmazdan öncə inzibati orqana 29.01.2020-ci il tarixli müraciəti hazırkı iddia tələbi (JN-2718 saylı 30320018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətində olan 2718 saylı sahəsi 17489.54 kv.metrdən, 2718A saylı 19981.25 kv.metrdən ibarət torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) ilə eyni məzmunlu olmamışdır. İşə baxan birinci instansiya məhkəməsi isə göstərilən halı nəzərə almamış, iddianın mümkünlüyünə hüquqi qiymət verməmiş, iddianın mümkünlüyünü yoxlamadan, mahiyyəti üzrə baxıb qərar qəbul etmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçı işə məhkəmədə baxılaraq qərar qəbul edildikdən sonra 12.10.2020-ci il tarixdə ona JN-2718 saylı 30320018 nömrəli dövlət aktına əsasən çıxarışın verilməsini xahiş etmişdir. Lakin mövcud iddianın qaldırılmasına əsas olmuş məhz 29.01.2020-ci il tarixli müraciətə edilmiş imtina isə hazırkı iddia tələbi ilə bağlı olmamışdır. İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-813/2020 saylı, 03 iyun 2020-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı JN-2718 saylı 30320018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətində olan 2718 saylı sahəsi 17489.54 kv.metrdən, 2718A saylı 19981.25 kv.metrdən ibarət torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar