Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-277/2022 27.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bahadur oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı Bahadur oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(118)-1372/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Bahadur oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xızı Rayon İcra Hakimiyyəti başçısının Xızı qəsəbəsi üzrə icra nümayəndəliyinin 05 avqust 1996-cı il tarixli, 25-10 nömrəli sərəncamından çıxarışa əsasən iddiaçıya fərdi evin tikintisi məqsədilə Xızı şəhəri ərazisindən ayrılmış 0.20 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Xızı qəsəbəsi üzrə icra nümayəndəliyinin 05 avqust 1996-cı il tarixli 25-10 nömrəli sərəncamına əsasən iddiaçıya Xızı şəhəri ərazisindən fərdi ev tikintisi üçün 0,20 ha torpaq sahəsi ayrılmışdır, həmin torpaq sahəsi hazıradək onun istifadəsindədir. Lakin hər hansı texniki səhvə görə “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə” ayrılmış torpaq sahəsinin ümumi sahəsi 0,12 ha kimi qeyd edilmişdir. O, toplanmış sənədlərlə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmiş, 06 aprel 2021-ci il tarixli bildirişdə qeyd olunmuşdur ki, JN-138 A nömrəli, xx.xx.2001-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə” əsasən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəli **********09-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə qeydiyyata alınmışdır. Elə bu səbəbdən də, ərizənin icrası mümkün deyildir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Bahadur oğlunun müraciəti ilə əlaqədar 28 sentyabr 2001-ci il tarixli JN-138A nömrəli “Torpağa mülkiyyətə verilməsinə dair şəhadətnaməyə” əsasən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ********** qeydiyyat nömrəsi **********09- 10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı müəyyən edilmişdir. Şəhadətnamədə torpaq sahəsinin ölçüləri 0.12 ha göstərildiyindən onun müraciətinin təmin olunmasından imtina edilmişdir Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(118)-1372/2021 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilərək, İddiaçı Bahadur oğlunun Xızı Rayon İcra Hakimiyyəti başçısının Xızı qəsəbəsi üzrə icra nümayəndəliyinin 05 avqust 1996-cı il tarixli, 25-10 №li sərəncamına əsasən iddiaçıya fərdi evin tikintisi məqsədilə Xızı şəhəri ərazisindən ayrılmış 0.20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, JN-138A nömrəli, xx.xx.2001-ci il tarixli “Torpağa mülkiyyətə verilməsinə dair şəhadətnaməyə” əsasən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəli **********09-10301 reyestr nömrəsi ilə dövlət reyestrdən çıxarış ilə qeydiyyata alınmışdır. Təqdim edilmiş Xızı Rayon İcra Hakimiyyəti başçısının Xızı qəsəbəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş sərəncam mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, nə Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 18 oktyabr tarixli, 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə”də (qüvvədən düşüb), nə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də (qüvvədən düşüb), nə də hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də qəsəbə nümayəndəliyinin torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı səlahiyyətləri qeyd edilməmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, müvafiq torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı Bahadur oğlu apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157. Mülkiyyətin müdafiəsi Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.(...) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (...) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Torpaq islahatının məqsədi və vəzifələri Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Maddə 20. İslahatı aparan orqanlar Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 22. Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan MuxtarRespublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Xızı şəhəri ərazisində yerləşən 0.20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçı tələbinin əsası kimi Xızı qəsəbəsi üzrə İcra hakimiyyəti nümayəndəliyinin 05 avqust 1996-cı il tarixli 25-10 nömrəli sərəncamına istinad etmişdir. Həmin sərəncamdan görünür ki, Xızı rayon XDS icraiyyə komitəsinin 24 iyul 1991-ci il tarixli 102 nömrəli qərarını rəhbər tutaraq Xızı qəsəbə sakini İddiaçı Bahadur oğluna fərdi yaşayış evinin tikilməsi üçün 0,20 torpaq sahəsi ayrılmışdır. Xızı rayon XDS İcraiyyə Komitəsinin 24 iyul 1991-ci il tarixli 102 nömrəli qərarından görünür ki, yeni yaşayış məntəqəsinin salınması üçün Xızı yardımçı təsərrüfatından 70,0 hektar torpaq sahəsi ayrılmışdır. Xızı bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından görünür ki, həmin sənəd İddiaçı Bahadur oğluna ayrılmış 0,20 ha torpaq sahəsinə dair tərtib edilmişdir. Cavabdeh isə imtinasında göstərmişdir ki, JN-138A nömrəli, 28 sentyabr 2001-ci il tarixli “Torpağa mülkiyyətə verilməsinə dair şəhadətnaməyə” əsasən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəli **********09-10301 reyestr nömrəsi ilə dövlət reyestrdən çıxarış ilə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara əsasən torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. İş materiallarından görünür ki, iddiaçının mülkiyyətinə Xızı rayonu Aqrar İslahat Komissiyasının 10 mart 1998-ci il tarixli 14 saylı qərarı əsasında 0.12 ha torpaq sahəsi verilmişdir. İddiaçı isə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən JN- 138A KOD 30601007 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə deyil, ona 0,20 ha torpaq sahəsinin ayrılması barədə Xızı qəsəbə icra hakimiyyəti nümayəndəliyinin 25-10 nömrəli, 05 avqust 1996-cı il tarixli sərəncamına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 16 iyul 1996-cı il tarixdə qəbul edilmiş torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən, vəzifələrindən biri mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsi olan “Torpaq islahatı haqqında” Qanuna əsasən rayon və yerli aqrar islahat komissiyaları və Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası tərəfindən torpaq islahatı aparılmış, o cümlədən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə ünvanlanmış xx.xx.2005-ci il tarixli ərizədən görünür ki, iddiaçı ona Xızı rayon icra hakimiyyətinin Xızı qəsəbə icra nümayəndəliyinin 05 avqust 1996-cı il tarixli, 25-10 nömrəli sərəncamı ilə Xızı qəsəbəsində fərdi mənzil tikintisi məqsədilə 0,20 ha torpaq sahəsinin ayrıldığını, lakin Xızı qəsəbəsində həyətyanı torpaq sahəsinin inventarizasiyası zamanı texniki səhv olaraq onun adına 0,20 ha əvəzinə 0,12 ha həyətyanı torpaq sahəsinin göstərildiyini və ona 0,20 ha torpaq sahəsi üçün lazimi sənəd verilməsi məqsədilə aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, aqrar islahat zamanı iddiaçının mülkiyyətinə 0.20 ha deyil, 0.12 ha torpaq sahəsi verilmişdir. İddiaçıya 0.12 ha torpaq sahəsinin və müvafiq olaraq da həmin torpaq sahəsinə dair JN-138A KOD 30601007 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin verilməsinə əsas olmuş Xızı rayon Aqrar İslahat Komissiyasının 10 mart 1998-ci il tarixli 14 saylı qərarı inzibati akt olmaqla onun sonradan dəyişdirilməsi və ləğv edilməsi iş materialları ilə müəyyən edilmir və iddiaçı da bu hala istinad etməmişdir. Halbuki, iddiaçının ona istifadəsində olan ölçüdə deyil, 0.12 ha torpaq sahəsinin ayrılmasına dair həmin qərarı “Torpaq islahatı haqqında” Qanunun 22-ci maddəsinə əsasən mübahisələndirmək imkanı olmuşdur. Qeyd edilən qərar qüvvədə olduğu müddətdə isə həmin qərar əsasında müvafiq torpaq sahəsinə dair verilmiş JN- 138A KOD 30601007 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4-cü maddəsinə əsasən öz hüquqi qüvvəsini saxlamaqla, həmin Qanunun 8.0.5-ci maddəsinə uyğun olaraq məhz həmin şəhadətnamədə göstərilən ölçüdə torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi çıxış edir. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də onun yönəldiyi fiziki və hüquqi şəxslərin və suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar qəbul olunarkən həmin tələblər nəzərə alınmalıdır. DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən JN-138A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə və 824 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi üzərində 27 oktyabr 2015-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını və qanunvericiliyin istinad edilən normalarını nəzərə almayaraq Xızı Rayon İcra Hakimiyyəti başçısının Xızı qəsəbəsi üzrə icra nümayəndəliyinin 05 avqust 1996-cı il tarixli 25-10 №-li sərəncamına əsasən 0.20 ha torpaq sahəsinin iddiaçının adına hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair qərar qəbul etmiş, bu zaman şəhadətnamədə göstərilən ölçüdən artıq olan torpaq sahəsi hissəsini və iddiaçının 0,12 ha həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının artıq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını nəzərə almamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(118)-1372/2021 nömrəli qərarı ləğv edilsin və və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Bahadur oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Xızı qəsəbə İcra Hakimiyyəti nümayəndəliyinin 05 avqust 1996-cı il tarixli, 25-10 nömrəli sərəncamına əsasən iddiaçıya fərdi evin tikintisi məqsədilə Xızı şəhəri ərazisindən ayrılmış 0.20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.