Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-277/2024 09.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı "torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın, plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2-1(118)-244/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Quba rayon Digah-Xucbala bələdiyyəsinə qarşı pul tələbinə dair iddiası Quba Rayon Məhkəməsinin tərəfindən verilmiş 12 aprel 2017-ci il tarixli, 2(027)- 1275/2017 nömrəli qətnaməsi ilə təmin edilmiş, cavabdeh Digah-Xucbala bələdiyyəsindən 21.500 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindiyindən məhkəmə tərəfindən 15 may 2017-ci il tarixdə icra vərəqəsi verilmişdir. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən 04 iyul 2017-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilərək, borclu Digah-Xucbala bələdiyyəsinə 10 gün müddətində icranın könüllü təmin edilməsi təklif edilmişdir. Daha sonra Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru icra sənədi üzrə borclunun əmlakının üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmiş, Quba Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(027)-1156/2018 nömrəli qərardadına əsasən təqdimat təmin edilərək, məhkəmənin 2(027)-1275/2017 nömrəli icra sənədi üzrə icranı təmin etmək məqsədi ilə Quba rayonu, Digah-Xucbala bələdiyyəsinə məxsus 26 ha ehtiyat (BEF) fondu torpaqlarından 2,0 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Quba Rayon Məhkəməsinin 2(027)-1275/2017 nömrəli icra sənədi və Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, 195908/17-06 nöməli sifariş məktubu əsasında Digah-Xucbala bələdiyyəsinin ehtiyat fondu torpaqlarından 2,0 ha torpaq sahəsi hərraca çıxarılmış və İddiaçı həmin hərracda iştirak etmişdir. “X4” MMC tərəfindən keçirilən “Hərracın yekunları barədə” 12 aprel 2019-cu il tarixli, 75 nömrəli protokola əsasən İddiaçı hərracın qalibi olmuş, ona Digah-Xucbala bələdiyyəsinə məxsus 2,0 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair onunla müvafiq təşkilat arasında “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 12 aprel 2019-cu il tarixli müqavilə bağlanmışdır. İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, Quba rayonu, Digah kəndi ərazisində yerləşən 2,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın, plan və ölçü sənədinin verilməsini xahiş etmişdir. İnzibati orqan 04 aprel 2002-ci il tarixli, **********80 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, 2,0 ha torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Qeyd edilən torpaq sahələri alqı-satqı predmeti deyildir. Torpaq Məcəlləsinin 33.4-cü maddəsinə əsasən ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. Verilən imtina ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli, 75 nömrəli protokola əsasən Quba rayonu, Digah kəndi ərazisində yerləşən 2,0 hektar torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə bələdiyyədən 21.500 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Quba rayon İcra və probasiya şöbəsinə göndərilmiş və icra sənədi üzrə icra işi açılaraq, borcun ödənilməsi üçün müvafiq tədbirlər görülmüşdür. Bələdiyyə borcunu könüllü olaraq icra etmədiyi üçün məhkəmənin qərardadına əsasən ona məxsus olan 2 hektar torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Həmin torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada hərraca çıxarılmış və o, həmin hərracda iştirak etmişdir. Hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli, 75 saylı protokola əsasən o, hərracın qalibi olmuş və torpaq sahəsi 15.000 manata iddiaçıya satılmışdır. Bununla əlaqədar hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilə imzalanmışdır. İddiaçı qanunla nəzərdə tutulmuş bütün prosesləri vicdanlı şəkildə yerinə yetirərək, qanunvericiliklə nəzərdə tutulmuş hərrac prosesində iştirak etmiş və qalib elan edilmişdir. Bundan sonra o, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.2-ci maddəsinə əsasən hərracla satın aldığı həmin torpaq sahəsinin adına mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2-1(118)-244/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim C.Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi tərəfindən verilmiş 3-21-3-60/2-619/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan torpaq sahəsi elektron məlumat bazasında olan məlumatlara əsasən bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olmaqla əkin torpaq sahəsidir və yararlılıq dərəcəsi (bonitet balı) 68-dir. Belə olan halda cavabdehin üzərinə hər hansı bir öhdəliyin qoyulması qanunvericiliyə əsasən mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 33.4-cü maddəsinə əsasən ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. Həmin Məcəllənin 56.3-cü maddəsinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Lakin, iddiaçı tərəfindən tədqim edilən sübutlar ilə mübahisə predmetinə dair Torpaq Məcəlləsinin bu maddəsində nəzərdə tutulmuş hər hansı əsas müəyyən edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən mütəxəssis rəyinin alınmasına iddiaçının müsbət yanaşmadığını bildirmişdir. Bununla bağlı, qeyd edir ki, iş üzrə məhkəmə tərəfindən mütəxəssis rəyinin alınmasına heç kim maneə olmamışdır. Mütəxəssis istənilən zaman rəyini yaza, araşdırma apara bilərdi. O, heç bir zaman mütəxəssis rəyinin alınmasından imtina etməmişdir. Bundan başqa, məhkəmə iddianı rədd edərkən cavabdehin etirazına əsaslanmış, hərracla aldığı torpaq sahəsinin bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olmaqla, əkin torpaq sahəsi olduğundan, onun alqı-satqı predmeti olmamasına istinad etmişdir. Hesab edir ki, məhkəmə bu hissədə qanunun tətbiqində səhvə yol vermişdir. Ona görə ki, o, torpaq sahəsini hərrac yolu ilə satın almışdır. Əgər torpaq sahəsinə çıxarış verilməsi mümkün deyildirsə, həmin torpaq sahəsi hərraca çıxarıla bilməzdi. Bundan başqa, nə qədər ki, hərracın nəticələrinə dair yekun protokol ləğv edilməmişdir, torpaq sahəsinin alqı-satqısı barədə müqavilə qüvvədədir, ona çıxarış verilməsindən imtina olunması qanunsuzdur. İşə baxan məhkəmənin istinad etdiyi qanunlar imperativ deyil, dispozitiv normalardır. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56.3-cü maddəsində “verilə bilər” qeyd edilmiş, “verilməlidir” qeyd edilməmişdir. Həmçinin, sahəvi qanun olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsində bələdiyyələrin ehtiyat fondunun kənd təsərrülatı təyinatlı torpaqları yalnız məqsədi təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir qeyd edilmişdir. Yəni hər iki qanunda bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatlı təyinatlı torpaqlarının icarədən başqa digər halları qadağan edən norma yoxdur. Beləliklə nə qədər ki, hərracın yekunları ilə bağlı protokol və alqı-satqı müqaviləsi qüvvədədir, ona həmin torpaq sahəsinə dair çıxarışın verilməsindən hər hansı bir formada imtina edilməsi qanun pozuntusu olmaqla, onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin dəlillərini qəbul etməyərək imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi
1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.
2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir.
3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir.
4. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. ... Maddə 33. Ehtiyat fondu torpaqları
1. Ehtiyat fondu torpaqları dövlət və bələdiyyə ehtiyat torpaqlarından ibarətdir.
2. Dövlət ehtiyat fondu torpaqlarına bələdiyyələrin, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilməmiş dövlət torpaqları daxildir. ...
3. Bələdiyyələrin ehtiyat fondu torpaqlarına bu Məcəllənin 47-ci maddəsinin 5-ci bəndi ilə müəyyən olunmuş torpaqlar aid edilir. ...
5. Ehtiyat fondu torpaqlarının istifadəsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir. Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ
1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları
1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. ... Maddə 96. Torpağın bazar qiymətinin formalaşmasının əsasları ...
3. Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, bələdiyyələr tərəfindən müəyyən edilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin Quba rayonu, Digah kəndi ərazisində yerləşən sözügedən 2,0 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi torpaq qanunvericiliyin tələbləri baxımından bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarının yalnız icarəyə verilə biləcəyini nəzərə alaraq, cavabdehin imtinasını əsaslı sayaraq iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir: İşdən görünür ki, Quba rayonu, Digah-Xucbala bələdiyyəsindən hazırkı iş üzrə iddiaçının xeyrinə 21.500 manat məbləğində pulun alınması barədə Quba Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 aprel 2017-ci il tarixli, 2(027)-1275/2017 nömrəli qətnaməsinin icrasını təmin etmək məqsədilə məhkəmənin qərardadı ilə cavabdeh bələdiyyənin ehtiyat fondu torpaqlarından 2,0 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuş, daha sonra həmin torpaq sahəsi icra və probasiya şöbəsinin sifariş məktubu əsasənda hərraca çıxarılmış və hərrac nəticəsində iddiaçıya satılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq təsbit edilmişdir. Həmin əsaslardan biri də, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokoldur (Qanunun 8.0.2-cü maddəsi). İddiaçı da tələbinin əsası kimi “X4” MMC tərəfindən keçirilən “Hərracın yekunları barədə” 12 aprel 2019-cu il tarixli, 75 nömrəli protokola istinad edərək mübahisəli 2,0 ha torpaq sahəsini hərrac vasitəsilə əldə etdiyini bildirir. Bununla bağlı, kollegiya qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestr məlumatlarından görünür ki, bələdiyyənin ehtiyat fondunun torpaq sahəsi hərraca çıxarılan zaman həmin sahə üzərində Digah-Xucbala bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd edildiyi kimi, Azərbaycan Respublikasının mülki qanunvericiliyində əqd əsasında əldə edilən daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının yaranması anları fərqli müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: “Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir”. Mülkiyyətçi öz əmlakını satmaq, icarəyə vermək, girov qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə qərar qəbul edə bilər. Əmlak üzərində sərəncam verərkən mülkiyyətçi konkret şəxslə (məsələn, əmlakı alanla, girov götürənlə və s.) hüquqi münasibətə girir. Bununla belə, sərəncam hüququnun həyata keçirilməsi mülki münasibətlərin digər subyektlərinin maraqlarına toxuna bilər. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Daşınmaz əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılması barədə məlumatlar dövlət reyestrində qeydiyyata alınır. Təsadüfi deyildir ki, daşınmaz əmlakla bağlı əqdlərin təsdiqlənməsi səlahiyyətlərini həyata keçirən notariat orqanlarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda notariusların üzərinə belə əmlakı özgəninkiləşdirən şəxslərin sərəncam hüququna malik olmasının yoxlanılması ilə bağlı bir sıra vəzifələr qoyulur. Belə ki, notariuslar daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən onların özgəninkiləşdirən və ya girov qoyan şəxsə məxsus olmasını yoxlayırlar. Notarius özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı tələb edir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli qərardadında göstərilmişdir ki, ipoteka predmeti olmayan əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması proseduru Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun müvafiq müddəaları ilə tənzimlənir. Mülki Məcəllənin 415-ci maddəsi hərracın keçirilməsinin ümumi qaydasını müəyyən edir. “İcra haqqında” Qanunun 61-ci maddəsində hərracların hazırlanması və keçirilməsi qaydaları təsbit edilmişdir. 61.2-ci maddəyə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Qanunun 61.3 və 61.3.3-cü maddələrinin tələbinə görə daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair sənədlərin sifarişə əlavə edilən sənədlərə aid edilmişdir. Daşınmaz əmlak barəsində sərəncam vermək hüququnun yalnız dövlət reyestrində qeydiyyata alındıqdan sonra yarandığını göstərən Mülki Məcəllənin 146.2-ci maddəsini və Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı hüquqi mövqeyini, eləcə də, Ali Məhkəmənin qərardadında göstərilənləri nəzərə alaraq, kollegiya qeyd edir ki, hazırkı iş üzrə də iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun əqd - hərracın nəticələrinə dair yekun protokol əsasında yarandığını iddia edir. Məhkəmə kollegiyası Mülki Məcəllənin yuxarıda istinad edilən 144-cü maddəsində və Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarında daşınmaz əmlak barəsində sərəncam verilməsinə dair notariat qaydasında müqavilələrin yalnız bu əmlak üzərində mülkiyyət hüququnun reyestrdə qeydə alındıqdan sonra təsdiq edilə biləcəyinə dair qanunvericinin müəyyən etdiyi məcburi qaydanın daşınmaz əmlakın hərraca çıxarılması və onun yekununda qəbul edilən hərracın nəticələrinə dair yekun protokola da aid edildiyini bildirir. Belə ki, qanunvericinin ümumi iradəsinə görə daşınmaz əmlak barəsində sərəncam vermək üçün mütləq bu əmlak üzərində mülkiyyət hüququ reyestrdə qeydə alınmış olmalıdır. Belə ki, daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Kollegiya, eyni zamanda, qeyd edir ki, hazırkı işin halları ilə oxşar mübahisəyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (***) 2-1(102)-2167/2023 nömrəli qərarından görünür ki, həmin iş üzrə də məhkəmə hökmünə əsasən (hazırkı iş üzrə də məhkəmə qərardadına əsasən daşınmaz əmlak üzərinə həbs qoyulmuşdur) iş üzrə iddiaçılara vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün tutma müvafiq daşınmaz əmlaklara yönəldilmiş, daha sonra həmin əmlaklar harrac vasitəsilə iddiaçılar tərəfindən əldə edilmişdir. Apellyasiya instansiya məhkəməsi keçirilmiş həmin hərracın nəticələrinə dair yekun protokolları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2-cü maddəsinin tələbi baxımından iddiaçıların daşınmaz əmlaklar üzərində hüquqlarının reyestrdə qeydiyyatı üçün əsas hesab edərək iddianı təmin etmiş, kassasiya instansiya məhkəməsi isə apellyasiya instansiyasının mövqeyi ilə razılaşmayaraq, işi yenidən baxılması üçün həmin məhkəməyə geri göndərmiş və bunun əsasları olaraq qeyd etmişdir ki, “hərracın nəticəsində əldə edilmiş tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, yaxud ən azından şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun inşa edilmiş fərdi yaşayış evi və ya qeyri-yaşayış sahəsi deyil. Hər bir halda, bunun əksini təsdiq edən sənəd və ya sənədlər işdə yoxdur”. Eyni zamanda, kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 16-cı bəndinin tələblərindən də aydın olur ki, hətta bələdiyyə tərəfindən torpaq sahəsinin hərrac və ya müsabiqəyə çıxarılması üçün həmin sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun reyestrdə qeydə alınması tələb olunur. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsini əldə etdiyi hərrac qanunvericiliyin tələbinə zidd olaraq bələdiyyənin mülkiyyət hüququ qeydə alınmadan həyata keçirilmişdir. Bundan əlavə, işdən görünür ki, cavabdehin iddiaçının müraciətindən icrasından o əsasla imtina etmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aiddir və qanunvericiliyin tələbinə əsasən bu kateqoriyadan olan torpaqlar yalnız icarəyə verilə bilər. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndinə müvafiq olaraq, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Həmin Məcəllənin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Məcəllənin 82-ci maddəsinə görə isə torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. Eyni zamanda, həmin Məcəllənin 110-cu maddəsində göstərilir ki, bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət Məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-619/2023 nömrəli məktubundan görünür ki, mübahisəsi gedən torpaq sahəsi elektron məlumat bazasında olan məlumatlara əsasən bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olmaqla əkin torpaq sahəsidir və yararlılıq dərəcəsi (bonitet balı) 68-dir. Torpaq Məcəlləsinin 9.2 və 12-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların kateqoriyalarından biri də kənd təsərrüfatı təyinatlı torpaqlardır və kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2000-ci il tarixli, 230 nömrəli qərarına əsasən, kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının bu qərara əlavə edilmiş "Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları" cədvəli təsdiq edilmişdir. Həmin cədvələ əsasən, Şabran-Xaçmaz kadastr qiymət rayonu üzrə bonitet şkalası 80—61 olan torpaq sahələri ikinci keyfiyyət qrupuna daxil olmaqla kənd təsərrüfatına yararlı torpaq sahələri hesab edilir. Göründüyü kimi, məhkəmənin qərardadı ilə üzərinə həbs qoyulan və hərrac nəticəsində iddiaçıya satılan torpaq sahəsinin bonitet balı 68 olmaqla, ikinci keyfiyyət qrupuna daxil olan kənd təsərrüfatına yararlı torpaq sahəsidir. Halbuki, Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Eyni zamanda, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun: - 6.3-cü maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. - 7.1, 7.1.1 və 7.1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar, həmçinin, kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar xüsusi mülkiyyətə verilə bilər. - 47-ci maddənin 3-cü hissəsinə görə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. İstinad olunan normalara əsasən müəyyən olunur ki, kənd təsərrüfatı təyinatlı torpaqlar keyfiyyətlilik baxımından yararlı, az yararlı və yararsız dərəcələrinə bölünür. Növ müxtəlifliyi – istifadə məqsədi baxımından bu kateqoriyada əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar fərqləndirilir. Əkin torpaqlarına münasibətdə yalnız az yararlı və yararsız kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü yolveriləndir. Kənd təsərrüfatına yararlı torpaq sahəsinin mülkiyyətə verilməsi isə yolverilməzdir. Digər tərəfdən, Torpaq Məcəlləsinin 13-cü maddəsinin 3-cü bəndinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi onların müvafiq icra hakimiyyəti orqanının qərarı ilə Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada bir kateqoriyadan digər kateqoriyaya keçirildikdən sonra mümkündür. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli, 176 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı” nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. İstinad olunan normalardan görünür ki, bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarının başqa məqsədlər üçün istifadəsi yalnız Nazirlər Kabinetinin qərarı ilə kateqoriyası dəyişdirildikdən sonra mümkündür. Belə prosedur həyata keçirilmədən isə həmin kateqoriyadan olan torpaq sahəsi yalnız məqsədli təyinatı üzrə yalnız icarəyə verilə bilər. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- 1500/2023, 2-1(102)-1489/2022 nömrəli qərarlarında da məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, kənd təsərrüfatı təyinatına yararlı torpaq sahəsi xüsusi mülkiyyətə verilə bilməz. Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin vəzifələrinə aid edilmişdir. Lakin, işdən görünür ki, Digah-Xucbala bələdiyyəsi qanunvericiliklə onun üzərinə qoyulmuş bu vəzifəni yerinə yetirməyərək, Quba rayon icra və probasiya şöbəsinə ünvanlanmış 30 oktyabr 2018-ci il tarixli, 046 nömrəli məktubu ilə təyinatına görə kənd təsərrüfatına yararlı bələdiyyənin ehtiyat fondu torpaqlarından 2,0 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasına etiraz etmədiyini bildirmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki: ...... torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.” Qeyd edilənləri və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda iddiaçının üzərində hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi xüsusi mülkiyyətə verilməsi qanunvericiliklə qadağan edilən bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpağıdır. Belə olan halda, bu hal həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina üçün əsas ola bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmiş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2-1(118)-244/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.